Ağlaşma kultu

Ağlamaq qadın üçün təsəlli, kişi üçün rüsvayçılıqdı. (Napoleon)

İnanmıram ki, dunyada elə bir insan tapılar ki, ağlamaqdan həzz alsın. Belə insan olsa da, bu yəgin ki, psixiki çatışmazlıqdan irəli gələr. Hər bir insan, həyatda qəmli, kədərli məqamların az olmasını istəyir. İnsanlar çalışırlar ki, sevinc dolu dəqiqələri sayını artırsınlar. Çünki, kədərli anlar insanı düşüncəsini zəbt edərək, normal düşünməyə, qərar verməyə, planlar qurmağa, nailiyyətlər əldə etməyə mane olur. Ağlayan insan elə ağlaya-ağlaya da yaşayacaq, amma, problemlərin sayına ciddiliyinə baxmayaraq gülümsəməyi bacaran insanlar həmişə inamlı gələcəyə uğurla addımlacaqlar.

Uşaqlığımdan hafizəmdə bir hadisə qalıb. Bir əzazil müəllimimiz var idi. Görünür cavanlığında əzildiyindən və təhqir ediləndə susduğundan yaşlı dövründə ürəyində yığılan bütün bu acı hissləri uşaqlara boşaldaraq sakitləşirdi. Sanki bu insanın işi öyrətmək deyildi. Əksinə şagirdlərin səhv etməsini gözləyirdi. Təbii ki, 6-cı sinif şagirdi kamil bir insan olmadığından hər hansı bir yanlışlığa yol verməsi normal hal idi. Lakin, bu normal hadisə müəllimin sayəsində bir tamaşaya çevrilirdi. Bütün sinfin önündə şagirdi ayağa qaldırır, müəllim masasından ayağa qalxmadan sakit tonda yavaş-yavaş “tənqid”ə başlayardı. Uzun və “tərbiyəvi” sözlərininin intonasiyası getdikcə daha ucadan eşidilirdi. Sonda isə ümümiyyətlə qışqırtıya çevrilirdi. Bu vəziyyət “tənqid” olunan şagirdi ağlamaq həddinə çıxardırdı... Çox az şagird belə təzyiqə dözə bilirdi. Amma bir şey dəqiq idi – sinifdə olan digər uşaqların heç biri “tənqid” olunanın yerində olmaq istməzdilər... İçi mən qarışıq.


Bir dəfə dərsdə qələmi itirdiyimdən yoxlama işini karandaşla yazmalı oldum. Bu həmin müəllimə “ləzzət” eləmədi və öz tərbiyə sessiyasını mənə dinlətmətə başladı. Heç bir ciddi səhv etmədiyimə əmin olduğumdan içimdən bir səs mənə müəllimin üzünə baxaraq gülümsəməyi dedi. Belə də etdim. Müəllim danışır, mən isə onun gözlərinə baxıb gülümsəyirdim. “Tərbiyəsiz. Buna bir bax! Mən buna bir Quran söz deyirəm, bu da mənim üzümə baxıb gülür. Çıx bayıra!” deyərək, müəllim əsəblərini gizlədə bilmədi. Çünki gözləmədiyi bir reaksiyanı gördü qarşısında. Bilmirəm mən sinif otağından çıxandan sonra nə baş verdi, amma, həmin gündən sonra bu fən zamanı otaqda hökm sürən gərginlik aradan qalxmışdı. Bircə gülümsəmə ilə...

Bu mənim üçün bir həyat dərsi oldu. Anladım ki, səni qorxutmaq, təhqir etmək, alçaltmaq istəyən şəxsin gözlərinə baxıb gülümsəmək qədər sadə və effektiv cavab yoxdur. “Axmağa verilə biləcək ən yaxşı cavab gülümsəməkdir” deyə bir məsəl var. Amma nədənsə bu məsələ çox az adam riayət edir.

Bu yazını məhz bu gün – Xocalıda baş verən hadisələrin 17-ci il dönümü yazmaq qərarına gəldim. Əksər insanlar “20 yanvar, 26 fevral tarixlərində necə gülümsəmək olar?” sualını verə bilərlər. İlk baxışa çox məntiqli sual kimi səslənir. Amma, bu suala mənim və həmfikirkərimin bir cavabını verəcəm.

Məgər 20 yanvar günü şəhid olan həmvətələrimiz bizim növbəti illər ərzində ağlamağımız üçün ölümə gedirdilər? Təbii ki yox! Onlar azadlıq şəhidləridir və buna görə də onlara xüsusi diqqət yetirilməlidir. Onlar öz övladlarının, bacı və qardaşlarının gələcəkdə gülümsəyərək yaşamaqları üçün ölümə gedirdilər. Bəs biz nə edirik? Hər il ağlayırıq. Balaca uşaqlar kimi ağlayırıq...

Eyni məsələ qismən də olsa 26 fevral tarixinə aiddir. Lakin burada vəziyyət daha mürəkkəbdir. Mən anlayıram ki, bu çox həssas məsələdir. Ona görə bu barədə bir fikir söyləmək istəməzdim. Hər halda yuxarıda yazılanlardan 26 fevral haqqında da bir nəticə çıxartmaq mümkündür.

Bizlər, faciələri çox kultlaşdırmışıq. Bu kultlaşdırma davam etsə, ağlaşma psixologiyası bizdən sonra gələn nəsillərə ötürürüləcək. Onlar isə bu ağlaşma düşüncəsilə öz növbəsində qələbələr haqda düşünmək belə bacarmayacaqlar.

Təxmin edirəm ki, bu mövzunu hələ çox uzatmaq olar. Lakin mən bu məqamda yazını bitirmək, bu mövzu haqqında növbəti yazılar üçün zəmin yaratmaq istəyirəm. Ümid edirəm ki, ökəmizdə olan ideoloji problemlər haqda düşünən gənclər bu mövzunun davamını edəcəklər...

Vüqar Salamlı

3 comments:

Anonymous said...

raziyam!

Anonymous said...

Bəzi məsələlərdə razılaşıram. Ağlamaq, özəlliklə də ifrat həddə melanxolik əhval-ruhiyyə ilə daimi və şiddətli hal kimi, xəstəlik olaraq görülə bilər.
Ancaq ağlamaq və ümumiyyətlə ağlaşmaq sadəcə fərdi - psixoloji özəllik kimi deyil, həm də sosial-psixoloji, içtimai təcrübə, ritualtək də anlaşıla bilər.
Unutmayaq ki, ağlamaq və ya ağlaşamaq bəzən içimizdə toplanan gərginliyin azad edilməsi, boşaldılması yoludu və bu tamamən normaldı.
Bir pastor kimi təcrübəmdən və təhsilimdən bilirəm ki, ağlayaraq və hüzn çəkərək ifadə olunması gərəkən hisslərin, halın bu şəkildə ifadə edilməməsi şəxsdə, onun ətrafındakı adamlarda problemlərə yol aça bilər.
Şəhidlərə və Xocalıya gəlincə, onları məncə ağlamaq lazımdı ancaq qədərində. Biz axı onları itirmişik - bu itki özü də sosial-siyasi tariximiz üçün önəmli olan ikti məhz bu şəkildə ifadə edilə bilər.
Çox uzatdım...uğurlar...yaxşı bloqdu.

Ay Məsihi

Humay said...

Chox hessas meseleye toxunmusan Vugar..Praga yazi ve yaxud gurculerde 9 Aprel matem gunu deyil..mence bu insanlari shehid etmekle qehreman yox, yaziq, mezlum kimi gosteririk..hem de bu gunlerin mexaniki shekilde qebul olunmasina yol achir. Mektebde oxuyanda her il 20 yanvar movzusunda insha kimi, meselen her il yay tetilinden qayidanda "men tetilimi nece kechirdim" inshasi kimi..Bu sular daha dibden ve daha ince ince axmalidi..Hetta qem monopoliyasinin da dovletin mueyyenleshdirmesi qorxuludur..