8 mart - qadın hüquqları uğrunda mübarizə günü

1977-ci ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş qətnaməyə əsasən 8 Mart “Qadın Hüquqları uğrunda Mübarizə Günü” olaraq dünyanın əksər ölkələrində rəsmi bayram günü kimi geniş qeyd olunmağa başlandı. Azərbaycan xanımı da hər il martın 8-də “Bu gün bizim gününüzdür” devizi altında bəzi əlavə üstünlüklərdən istifadə edə bilir, hədiyyələr və çoxlu təbrik ismarıcları alırlar. Cəmiyyətimizdə bu günün qeyd olunma tərzində bəyənmədiyim ən başlıca məqam 8 Martın daha çox romantik bir gün olaraq təqdim edilməsi, bu günün sadəcə bir xanım kaprizi kimi dəyərləndirilməsidir. Əslində qadınların dünyanın müxtəlif ölkələrində öz pozulmuş hüquqlarının bərpası uğrunda apardıqları mübarizələrin nəticəsi olaraq qeyd olunan bir günün bəsit bir sabun operasının romantik əhval-ruhiyyəsi ilə qeyd olunmasıyla heç cür razılaşa bilmirəm.

Azərbaycan qadınının dilində bir deyim var: “Kaş kişi doğulaydım, bax ondaaa…” Mənə həmişə qəribə gələn bu “bax onda…” hissəsidir. Bioloji-fiziki fərqləri kənara qoysaq, qadın və kişi arasındakı kəskin fərqin nədən ibarət olduğunu tapmaqda çətinlik çəkirəm. Görəsən insan kişi doğularaq nə kimi üstünlük əldə edir? Məgər kişilər kişi olduqları üçün qadınlardan daha ağıllı, mənəvi cəhətdən daha güclü, gözəl, daha sağlam və enerjili olurlarmı? Məgər hansısa kişinin qazandığı uğur, əldə etdikləri onun şəxsiyyətini təsdiq edən sənədində “cinsi” bölməsinin qarşısında yazılan “kişi” sözüyləmi bağlıdır? Məqsədim eqoistcəsinə feminist mövqeyindən çıxış edərək heç də kişiləri aşağılamaq, onları qara fonda təsvir etməkdən ibarət deyil. Sadəcə xanımlarımızı özlərinin ətrafında yaratdıqları “zəif qadın” adlı kompleks dairəsindən xilas olmağa səsləməyə çalışıram.

Həmişə belə düşüncədə olmuşam ki, həyatda bacarıqsız insan yoxdur. Bütün insanlar istedadlı, bacarıqlı və enerjilidir. Sadəcə, bu fərqli bacarıq və enerjini tətbiq edə biləcəyimiz sahəni düzgün seçib, istəyə doğru inamla və iradəli şəkildə addımlamaq lazımdır. Yəni həyatı NƏ kimi yaşamalı sualının cavabını özümüz üçün şüuraltı şəkildə əslində uşaqlıqdan müəyyənləşdiririk. Bu zaman hansı cinsin nümayəndəsi olmağın heç bir əhəmiyyəti yoxdur. Çünki yazıçılıq, rəssamlıq, musiqiçi, mühəndis, iqtisadçı və s. istedadı inkişaf etdirib professional uğur qazanmaqla yanaşı, eyni zamanda cəmiyyətin maariflənməsinə, daha işıqlı bir nəslin yetişməsinə bu sahələr vasitəsilə öz töhfəni vermək üçün qadın və yaxud kişi olmaq əsla şərt deyildir.

Ən başlıcası ətrafımıza süni şəkildə çəkilmiş mentalitet, dini qadağa, abır-həya kimi dairəvi hasarı yıxmağa olan istəkdir. Yetər ki. Bu istək olsun.Yetər ki, öz gücünə inanasan. Bundan sonra addımlayacağın yol qarşına çıxa biləcək çətinliklər səni sadəcə hər dəfə daha güclü edəcək. Bu zaman nə qədər özünəməxsus, nə qədər gözəl və enerjili, nə qədər lazımlı və güclü olduğunu bir daha dərk edə bilərsən. Çünki daha çox savadlanmaq, daha çoxu görməyə, öyrənməyə can atmaq kimi keyfiyyətlər xanımlığa özəllik qazandırmaqla yanaşı, həm də cəmiyyətimizin inkişafı üçün bu gün ehtiyacında olduqlarımız sırasındadır. Yalnız savadlı, əminlik hissi güclü olan xanım bu sözün bütün mənalarında SAĞLAM ÖVLAD yetişdirə bilər. Düşüncəsini qara çadraya bürüyüb gizlədən, həmişə şərtsiz tabe olmaq və mütləq qorxu instinkti əslində hər bir insanın özü özünün ətrafinda yaratdığı mənfi bir çərçivədir. Mənsə, Azərbaycan xanımını belə çərçivələri qıran, düşüncələrdəki çadraları kənara atan, mütilikdən xilas olmaq üçün mübarizə aparan biri kimi görmək istəyirəm. Onu yeniliklərə doğru inamla addımlayan, özü qərar verməyi bacaran, düşdüyü çətin vəziyyətdən çıxış yolunu ağlamaqda deyil, düşünməkdə görən, öz hüquqlarını bilən, özünü və ətrafını dəyişməyi bacaran biri kimi görmək istəyirəm. İstəyirəm ki, yaşadığım cəmiyyətdə gənc qızlar banal arzulardan qurtulsun, onların istəkləri də, geyimləri də, seçimləri də bir birindən fərqlənsin, özünəməxsusluqlarından utanmasınlar, yetkinlik yaşına çatmamış ailə həyatı qurmağa can ataraq bunun həyatlarında yeni, daha maraqlı bir səhifə olacağı kimi dar çərçivəli fikirdən azad olsunlar. Bunun resepti isə istəyiniz, cəsarətiniz və iradənizdir, əziz xanımlar!

Fiziki və mənəvi sərhədləri aşmadıqca, dünya görüşümüzü, təhsilimizi gücləndirmədikcə, maneələrlə mübarizədən mümkün qədər yan qaçaraq haqsızlığa, zorakılığa tabe olduqca cəhalətin dumanı daha da qalınlaşaraq bir nəsildən o birinə ötürülən mütilik ruhunu gücləndirəcək. Haqsızlığa boyun əymək, qorxunun hökm sürdüyü bir cəmiyyət isə işıqlı qata çıxa bilmir, o həmişə qaranlıq qatda qalır. Belə cəmiyyətdə inkişaf ən yaxşı halda maddiyyatla ölçüyə gələ bilər. Bu üzdən də xanımlarımızın boynuna düşən məsuliyyət - cəmiyyəti istiqamətləndirmək vəzifəsi qaçılmazdır. Təbii ki, xoşbəxtliyə can atmaq, sevmək, ətrafdakılar tərəfindən sevilmək kimi doğal hüquqlarımız da var. Lakin yalnız mətbəxdə deyil, işlədiyimiz, təhsil aldığımız sahələrdə də yeniliklər etmək, təşəbbüskar olmaq, özünü ətrafını müdafiə etmək, dəyişmək və dəyişdirməyə çalışaraq aktivlik göstərmək, müstıqil düçünmək, fikir formalaşdırmaq və bu fikri ifadə etmək də hər birimizin hüququdur.

Bu hüquqlardan yetərincə istifadə edərək, hər bir cəmiyyətin inkişafı üçün azad və güclü qadın rolunu nə qədər böyük olduğunu əməllərinizlə göstərərək 8 Martın – “Beynəlxalq Qadınlar Günü”nün qürurunu yalnız romantikayla deyil, cəmiyyətdə tutduğunuz ləyaqətli mövqeyinizlə möhkəm və müstəqil dayanmaqla duymağınızı arzulayıram sizə, əziz həmcinslərim!

Gününüz mübarək OLsun!

Pərvanə Persiani

1 comment:

Anonymous said...

Persik yasha!