“Söyüşün söz azadlığında rolu” mövzusunda interaktiv mühazirə

Martın 6-da OL! Azərbaycan Gənclər Hərəkatı özünün növbəti interaktiv mühazirəsini keçirdi. Mühazirə “Söyüşün söz azadlığında rolu” mövzusunda keçirildi. Diplomat Hotelde baş tutan mühazirənin qonaqları şairlər Rasim Qaraca və Səlim Babullaoğlu və eləcə də yazıçı publisist Əli Əkbər oldular. 2 saata yaxın davam edən mühazirədə 60-a yaxın tələbə, müxtəlif gənclər təşkilatlarını təmsil edən və həmçinin müstəqil gənclər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan OL! Hərəkatının üzvü Ruslan Əsədov Qərbdə gənclərin ictimai həyatda insanlar arasında çox rahat şəkildə söyüşlərdən istifadə etdiyini söylədi və mühazirəçilərin buna münasibətini soruşdu. Şair Rasim Qaraca ictimai tədbirlərdə söyüşdən istifadəyə mənfi münasibətinin olduğunu desə də insanın özünü maksimum ifadə etməsinə tərəfdar olduğunu və bu zaman da söyüşlərdən istifadə etməsinə normal yanaşdığını söylədi. Öz yaradıcılığından misal göstərən Rasim bəy bir neçə il öncə dilimizdə olan müxtəlif arqo sözlərlə və söyüşlərlə zəngin olan atalar sözü və deyimləri ehtiva edən “Türkün məsəli” kitabını nəşr etdiyini və bu kitabın elmi məqsədlərlə istifadə edilə bilməsi ilə yanaşı dilimizdə olan bu atalar sözü və deyimləri yaşatmaq və ədəbiyyatda istifadə edilməsinin əsas məqsədi olduğunu söylədi: “Çünki bunların dilimizdən tədricən yoxa çıxması təhlükəsi var”. O həmçinin cəmiyyətin seksual inqilabı yaşamadan heç bir nəaliyyətə çata bilməyəcəyini əlavə etdi.

Əli Əkbər söyüşün söz azadlığında rolunun onun üçün üçün heç bir məna kesb etmədiyini söylədi: “Tutaq ki, mən bu tədbirdə 5 saat çıxış edə bilərəm, söyüş istifadə etmərəm. Ancaq dostlar arsında bir məclisdə məsələn stoldan yıxılsam ya başım dəysə orda “Lənət olsun” yox hər hansı söyüş istifadə edərəm”. O əsasən söyüşün ədəbiyyatdakı rolundan danışmaq istədiyini vurğuladı. Bu mərhələnin Avropa, rus və türk ədəbiyyatında və incəsənətində artıq keçildiyini vurğulayan Əli Əkbər Azərbaycan ədəbiyyatında da özünün “Götenin röyası” eksperimenti ilə həmçinin Alataron jurnalı və AYO-nun bu streotipi sındırmağa başladığını söylədi.

Səlim Babulloğlu isə ədəbiyyatda ümumiyyətlə söyüşə yer olmadığı fikrini mühazirə iştirakçılarıın diqqətinə çatdırdı: “Dostlar, yaxın insanlar arasında söyüşə qarşı deyiləm. Lakin qadınların yanında da söyüş söymək qeyri-etik bir hərəkətdir”. Səlim bəy “əgər zülm görürsənsə söyüş söyə bilərsən” prinsipini müdafiə etdiyini desə də söyüşün pis vərdiş olduğunu qəbul etdiyini də qeyd etdi.

Daha sonra mühazirəçilər leksiya iştirakçılarının suallarını cavablandırdılar. Gənclərdən birinin Azərbaycan cəmiyyətinin nəyə görə söyüşə bu qədər həssas olmasına baxmayaraq hüquqlarının pozulmasına, bu qədər əzab əziyyətə və alçaldımağa dözdüyünü soruşdu. Səlim Babullaoğlu belə ümumiləşdirməyə qarşı olduğununu, şəxsən özünün isə söyüşə qarşı həssas olmaqla yanaşı, hüquqlarının müdafiəsində də çox fəal olduğunu qeyd etdi və bütün sferalara və instansiyalarda həmişə özünü tam şəkildə müdafiə etdiyini bəyan etdi. Əli Əkbər suala cavabında əslində bu mühazirədə özünü belə sərbəst apara bildiyini, hər hansı məmur və ya polis işçisiylə qarşılaşdıqda isə özünü tamamən itirdiyini və müdafiə edə bilmədiyini söylədi: “Çünki mən onların dilindən anlamıram ona görə də acizəm”. Söyüşə gəldikdə isə istər “Götenin röyası” istərsə də son romanı olan “Artuş və Zaura” görə çox söyüş və hədə qorxu eşitdiyini lakin artıq bunlara fikir vermədiyini söylədi. Rasim Qaraca isə söyüşün cəmiyyətimizdə həssas bir məsələ olmaqla yanaşı bizim ən zəif yerlərimizdən biri olduğunu qəbul etdiyini bildirdi. O əslində söyüşün də digər sözlər kimi hərflərdən və hecalardan ibarət sözlər olduğunu və heç bir xüsusi məna kəsb etmədiyini qəbul etməyin vacib olduğunu bildirdi. Səlim Babullaoğlu isə əlavə etdi ki, həm də ölkədə qanunlar yaxşı işləməlidir ki, söyüş söyənlər və buna qarşı təpki göstərənlərə qarşı münasibətlər qanuna müvafiq tənzimlənə bilsin.

Bundan sonra təxminən 1 saata yaxın mühazirəçilər digər mühazirə iştirakçılarının da müxtəlif suallarını cavablandırdıqdan sonra mühazirə başa çatdı.

No comments: