“Elə bil, “X-box”-dan “Atari”-yə keçmisən”. Bu sözləri yeni ofisinə köçəndən sonra Ağ Evinin yeni sözçüsü Bil Börtən demişdir. Öz nəslinin təmsilçilərinə yaxşı tanış olan kompüter oyunu analogiyasından istifadə edərək, prezident Obamanın komandasının üzvü yeni iş yerindəki “daş dövründən” qalmış avadanlıqla olan narazılığını belə ifadə etmişdir.
Yeni sözçü ilk növbədə Ağ Evin yararsız telefon xətləri, köhnəlmiş kompüter avadanlığı və proqramları, həmçinin kənar elektron poçt ünvanları və internetdəki ictimai şəbəkə (social networking) vebsaytlarına çıxışı qadağan edən təhlükəsizlik qaydalarından narazı idi.
Axı ictimai şəbəkə xidməti nə deməkdir? “Veb 2.0” törəməsi olan “Vikipedia” internet ensiklopediyasına əsasən, ictimai şəbəkə xidməti birgə marağı olan və birgə fəaliyətə qoşulan və ya qoşulmaq marağında olan insanları birləşdirən İnternet qrupları quran bir xidmətdir.
İctimai şəbəkə xidmətlərinin əksəriyyəti İnternetdə yerləşir və istifadəçilərə təmas yaratmaq üçün müxtəlif imkanlar təklif edir. Beləliklə, bu xidmət növü ünsiyyət və məlumat mübadiləsi üçün qısa müddətdə geniş populyarlıq qazanmış yeni yollar açır. Təkcə bu rəqəmlərə nəzər yetirin. Dünyada İnternet istifadəçilərinin təxmini sayı 1,5 milyarda çatırsa, onlardan 250 milyon insan MySpace, 175 milyon istifadəçi isə Facebook kimi ictimai şəbəkə xidmətlərinin avanqardı olan vebsaytların üzvləridir.
İctimai şəbəkələr insanları nisbətən ucuz qiymətə birləşdirir, bu isə əsasən fərdi sahibkarlar və kiçik şirkətlər üçün əlaqə bazalarını genişləndirmək üçün çox sərfəli ola bilər. Bu xidmətlər həm də məhsul və xidmət satan şirkətlər üçün müştərilərlə münasibətlərin idarəedilməsi aləti kimi, eyni zamanda reklam yerləşdirmək üçün platforma kimi də tez-tez istifadə olunur. Bir çox şirkətin dünya miqyasında fəaliyyət göstərdiyini nəzərə alaraq, bu şəbəkələr yer kürəsinin istənilən nöqtəsində qərar tutmuş insanları asanlıqla birləşdirməyə qadirdir.
İctimai şəbəkə vebsaytlarının bu çoxluğundan bir sayt öz peşəkarlığı və məqsədinə görə seçilir. Bu, “Linked In” vebsaytıdır, onun missiyası müxtəlıf sahələrin peşəkarlarını birləşdirməkdir və hal-hazırda bu xidmətin 35 milyon qeydiyyatdan keçmiş üzvü var, və istifadəçilərin sayına görə o bir çoxunun tanıdığı və 30 milyon üzvü olan “Odnoklassniki” vesaytından irəlidədir.
“Linked In” saytının məramı qeydiyyatdan keçmiş istifadəçilərə biznesdə tanıdığı və inandığı insanların və onlarla əlaqə üçün məlumatın siyahısını saxlanmasını təmin etməkdir. “Linked In” siyahıdakı insanları əlaqələr adlandırır. İstifadəçilər istədikləri insanı (fərq etməz bu insan şəbəkə daxilində ya kanarındadır) əlaqə olmağa dəvət edə bilərlər. Bu əlaqələr siyahısından müxtəlifcür istifadə oluna bilər:
- İstifadəçinin şəbəkəsi daxilində kiminsə tövsiyyə etdiyi insanlara, iş yerlərinə və biznes imkanlarına çıxış
- Şirkətlər vakansiyalar haqqında məlumat yerləşdirə bilər və potensial namizədlər axtara bilər
- Iş axtaranlar işə götürən menecerin tərcümei-halını oxuyaraq onları bir-birilə əlaqələndirə biləcək ümumi tanışları tapa bilər
“Linked In” xidmətinin yaradıcısı Reyd Hofmanın sözlərinə görə, vebsaytın özəlliklərindən biri “məhdudlaşdırılmış əhatə” prinsipidir. Bu yanaşmaya əsasən şəbəkə daxilində istənilən istifadəçi ilə ünsiyyətə girmək üçün ya əvvəlcədən mövcud əlaqə, ya da ümumi tanış olan bir kəsin müdaxiləsi zəruridir. Bu, istifadəçilər arasında qarşılıqlı inamın yaradılmasına qulluq edir.
Bəs Azərbaycanda “Linked In” necə istifadə olunur? Şəbəkənin üzvü olduğumdan mən “əlaqələrimin” arasında kiçik bir sorğu apardım. Köhnə tanışım, BP əməkdaşı Elçin Haqverdiyev hesab edir ki, “Linked In” ona mövcud əlaqələr vasitəsilə yeni insanlarla əlaqə qurmağa kömək edir. “Bakı kimi böyük şəhərdə əlaqələr nəinki vacib, hətta əvəzolunmazdır. İnsanları biri-birindən ayıran daimi tıxacları və uzun məsafələri dəf edən “Linked In” ünsiyyət şəbəkəsini artırır,” Elçin əlavə edir.
Mənim digər tanışım, Beynəlxalq Maliyyə Korporasiyasında çalışan Cavid Məmmədov bir ildən artıqdir ki “Linked İn”-in üzvüdür və hesab edir ki, bu şəbəkə xalis biznesdir. “Nəticə etibarilə, sən öz tərcümei-halını İnternetdə yerləşdirmək imkanı qazanırsan. Bu isə peşəkar şəbəkəni artırmaq üçün gözəl alətdir,” Cavid deyir. “Vebsaytın potensialı nəhəngdir, ondan nə qədər yararlanmaq isə istifadəçinin özündən asılıdır. Mənə gəldikdə, buna nə qədər çox “sərmayə” qoymuşam, o qədər çox “qazanc” əldə etmışəm”.
AAA-nın (ABŞ Məzunları asosiasiyasının) təşkil etdiyi “Yeni Media və Köhnə Medianın ölümü” leksiyasında da iştirak etdikdə lektor Emin Hüseynzadədən Linked İn haqqında soruşdum. Emin Hüseynzadə, KİV-in inkişafı ilə məşğul olan “The Transitions Online” təşkilatının Qafqaz regionu üzrə layihə direktoru, hesab edir ki, “LinkedIn” bir konsaltinq şəbəkəsidir ki, öz xidmətlərinə görə tədricən ödəniş almağa başlayacaq. “Bu vebsayt təkcə iş axtarışında deyil, həm də dünya səviyyəli peşəkarların rəy və məsləhətini əldə etmək üçün nadir bir resursdur”
Dünyanın 20 ən populyar ictimai şəbəkə xidmətləri
(Global Alexa Page vebsaytının hesablamalarına əsasən)
Ad | Fəaliyyət növü və əsas məqsəd | Üzvlərin sayı | |
1. | MySpace | Ümumi ünsiyyət | 253,000,000 |
2. | Ümumi ünsiyyət | 175,000,000 | |
3. | Windows Live Spaces | Bloqlar (əvvəllər MSN Spaces adlandırılıb) | 120,000,000 |
4. | Habbo | Əsasən yeniyetmələr üçün ünsiyyət | 117,000,000 |
5. | Friendster | Ümumi ünsiyyət. Cənub-şərq Asiya ölkələrində xüsusilə populyardır | 90,000,000 |
6. | hi5 | Ümumi ünsiyyət. Xüsusilə Anqola, Portuqaliya, Kipr, Rumıniya, Tailand, Mərkəzi Afrika və Latın Amerikasında populyardır | 80,000,000 |
7. | Tagged.com | Ümumi ünsiyyət | 70,000,000 |
8. | Orkut | Sahibi Google şirkətidir. Xüsusilə Braziliya, Paraqvay, Hindistan, Pakistan və Estoniyada populyardır | 67,000,000 |
9. | Flixster | Kinofilmlərə həsr olunub | 63,000,000 |
10. | Reunion.com | Qohum-əqrəbə əlaqə saxlamaq və köhnə dost-tanışı axtarıb tapmaq | 51,000,000 |
11. | Classmates.com | Məktəb, kollec, iş və qoşunlar | 50,000,000 |
12. | Bebo | Ümumi ünsiyyət | 40,000,000 |
13. | Netlog | Ümumi ünsiyyət. Xüsusilə Avropada və Kanadanın Kvebek əyalətində populyardır. Əvvəllər Facebox və Redbox adları ilə tanınıb | 36,000,000 |
14. | Ümumi ünsiyyət amma əsasən biznes ünsiyyəti | 35,000,000 | |
15. | Odnoklassniki.ru | Ümumi ünsiyyət. Xüsusilə Rusiyada və keçmiş Sovet respublikarında populyardır | 30,000,000 |
16. | V Kontakte | Rusiyanın ictimai şəbəkəsi | 27,500,000 |
17. | Xanga | Bloqlar | 27,000,000 |
18. | imeem | Musiqi, video, foto, bloqlar | 24,000,000 |
19. | Skyrock | Fransız dilli aləmin ictimai şəbəkəsi | 22,000,000 |
20. | Last.fm | Musiqi | 21,000,000 |
Veb 2.0 nədir?
“Veb 2.0” termini qlobal veb texnologiyaları və veb dizayndan istifadədə dəyişən meylləri təsvir edir. Bu meyllər vebdə yaradıcılığı və ünsiyyəti artırmaq və məlumat mübadiləsini, əməkdaşlığı və funksionallığı inkişaf etdirmək məqsədini daşıyır. “Veb 2.0” konsepsiyası ictimai şəbəkə vebsaytları, video mübadiləsi vebsaytları, viki saytları, bloqlar, və ictimai “bukmark” sistemləri daxil olmaqla veb mədəniyyətinin daşıyıcısı olan bir sıra icmaların və xidmətlərinin yaranmasına gətirib çıxarmışdır.
Adnan Hacızadə
3 comments:
Adnan, Youtube'un adının bu 20-likdə olmaması məni xeyli təəccübləndirdi. Məgər Youtube social network sayılmır?
Yeri gəlmişkən, Youtube və Facebook haqqında da belə yazı hazırlasan çox maraqlı olardı.
Vüqar
Bəli, YouTube social network sayılmır. YouTube video sharing veb sehifesi sayilir. Ve ya video blogging.
facebook haqqinda daha ne demeli olar?
Post a Comment