Azərbaycan milli ideologiyası

Çox maraqlı xalqıq. Özümü tanımağa başladığım dövrdən indiyədək ölkəmiz, millətimiz, düşmənlərimiz haqqında yaranan patriotik söhbətlətin demək olar ki, hər birində eyni cümləni eşidirəm: “Bizim milli ideologiyamız olmalıdır”.

Ay həzarat, 20 ildir eyni şey haqqında birinci dəfə deyildiyi tək danışmaqdan yorulmamışıqmı? Nə qədər olar axı bu milli ideologiyanı axtarmaq? Bu milli ideologiya ya olur, ya da olmur da...

Səmimi hisslərlə alışıb-yanan vətənpərvər qardaşlarıma bir şad xəbər vermək istəyirəm. Bizdə nəinki milli ideologiya var, bizdə həmin milli ideologiyadan çoxdur e, çox...

Görünür 11 iqlim qurşağından 8-nə (bəzi mənbələrə görə 9-na) sahib olmağımız bu ərazidə yaşayan insanların mövqe və həyat anlayışlarına ciddi şəkildə təsir edib. Bu da öz növbəsində çoxnövlü milli ideologiyanın formalaşmasına təsir edib.

Uzun sürən həyat fəaliyyəti və yaradıcığı zamanında mən azərbaycanlıların daha çox hansı milli ideologiyaya üstünlük verməsini araşdırmağa cəhd etdim. Böyük əzab-əziyyətli axtarışlardan sonra mən belə qənaətə gəldim ki, azərbaycanlılar sadalayacağım hər bir ideoloji cərəyana eyni dərəcədə hörmət edirlər. Bu səbəbdən digərlərinin xətrinə dəyməmək üçün mən bu ideoloji cərəyanların hər biri haqqında bir-iki cümlə yazmaq istərdim.

Rüşvətxorluq bir milli ideologiya kimi
Bu cərəyan digərlərindən güclü maliyyə bazasına sahib olması ilə fərqlənir. Azərbaycanın demək olar ki, hər bir küncündə, bucağında, tinində, kabinetində, əməliyyat masasında, sinif partasında, və s. məkanları əhatə edən cərəyanın ən möhkəm sütünu insanların şüurunda bir hörmət nişanəsi olması ilə özünü formalaşdırıb. Rüşvət ideologiyası insanı dünyaya gəlməsi ilə, haqq dünyasına səfərə düşənə qədər onu addım-addım izləyir. Bu cərəyanın həm güclü, həm zəif cəhətlətində biri ondan ibarətdir ki, insanlar çox rahat bu ideologiyanı qəbul edə və eyni rahatlıqla bu ideologiyadan uzaqlaşa bilərlər.

"Pofiqizm" bir milli ideologiya kimi
Sözün kökü “по фиг” rus söz birləşməsindən əmələ gəlmişdir və azərbaycan dilinə “fiqimə ki” kimi tərcümə edilir. Bu insanlar ətraflarında baş verən proseslərə biganə mövqeləri ilə seçilirlər. Bu cərəyan milli xippi hərəkatının bir növü olmaqla, getdikcə daha çox insanın öz qanadları altında birləşdirməkdədir. Bu cərəyanın ən tanınmış sloqanı “Millət üçün ağlayan göz kor olar”dır.

Pafos bir milli ideologiya kimi
Bu ideoloji cərəyan nisbətən yeni cərəyandır. Yuxarıda sadaladığım iki cərəyandan fərqli olaraq bu cərəyan xaricdən, daha dəqiq desək Türkiyədən gəlmişdir. Bu ideologiya sahibləri öz nümayəndələrinin uğurları haqda həddən artıq şişirtməklə, digərlərinin üzərində öz üstünlüyünü gözə soxmaq məqsədi daşıyır. Ölkəmizdə 90-cı illərin əvvəllərində inkişaf istiqaməti götürən bu cərəyan son 15 il ərzində 3 əsas ideoloji etapı keçmişdir. Bu etapları aşağıdakı kimi müəyyən etmək olar:

  • Biz Avropaya diz çökdürdük – Qalatasarayın UEFA kubokunun qalibi olmasından sonra səslənən şüar
  • Dünya türkə futbol oynamağı öyrətməklə yanlışlıq etdiyini anlayır – Türkiyə futbol yığmasının 2002 dünya çempionatının yarımfinalına çıxdığı zaman səslənən fikir
  • və ən əsası “Sonunu düşünən kahraman olamaz” – Azərbaycan və Türkiyə ictimaiyyətinin siyasi şüurunu formalaşdıran bir kult filmi olan “Kurtlar Vadisi”ndən cümlə.

Yaltaqlıq bir milli ideologiya kimi
Bu ideologiyanın nümayəndələrini adi vaxtda çöldə, axşam vaxtı evdə, qonaqlıq və qohum-əqraba yığıncağı vaxtı məclisdə müəyyən etmək demək olar ki, mümkün deyil. Bu ideologiya sahibləri adıçəkilən ideoloji maskanı işin qapısını açan zaman geyinirlər. Rəisin otağına daxil olunan zaman həmin cərəyanın təsiri xüsusi olaraq parıldamaqda olur. Bu cərəyan nümayəndələrini “ifşa” edə bilən yeganə vasitə televiziya kamerasıdır. Hər hansı vəzifəli şəxsin hər hansı bir idarəyə daxil olması ilə bu səhnəni əbədiləşdirmək funksiyasını həyata keçirən AZTV-nin səyyar kameraları bu cərəyan sahiblərinin necə olduqlarını dəfələrlə nümayiş etdirmişdir. Bu insanların özünəməxsus duruş, gülümsəmə, dinləmə və alqışlama bacarıqları var. Onlar səmimi və sidq ürəklə inanırlar ki, məhz bu cür duruş, gülümsəmə, dinləmə və alqışlama onları karyera pilləkanları ilə özünə əmin şəkildə irəliləməyə yardımçı olacaqdır.

Bakılılıq (Бакинец) bir milli ideologiya kimi
Bu cərəyan nümayəndələrinin sayı çox sürətli şəkildə azalmaqdadır. Buna səbəb 80-ci illərin sonunda və 90-cı illərin əvvəlində baş verən dəyişikliklər nəticəsində çoxlu sayda ideoloji düşmənlərin – “çuşka”ların Bakı şəhərini zəbt etməsi idi. Bakılı ideologiyasının sadiq nümayəndələri bu ağrıya dözə bilməyib şəhəri tərk etməkdən başqa seçim görməmişlər. Hal-hazırda onları tək-tük hallarda müxtəlif qlamur restoran və kafelərdə, caz konsertlərdə görmək mümkündür.

“Xaricilər nə deyər” milli ideologiya kimi
Bu ideologiya da 90-cı illərin əvvəllərindən müxtəlif xarici təhsil proqramlarının Azərbaycanda fəaliyyəti ilə bərabər başlanmasını qeyd etsələr də, geniş şəkildə 2000-ci illərdə vüsət almışdır. Bu ideologiyanın nümayəndələri hesab edirlər ki, xarici ölkələrə səfər zamanı hər bir azərbaycanlı özü ilə bərabər çaxır, xalça və dolma aparmalı, Azərbaycanın müsbət imicini dünyanın hər bir nöqtəsində təbliğ etməlidirlər. Bu insanlar müxalifəti tanımır. Onlar üçün müxalifətçi obrazını Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirən bir məxluq sayır və müxalifətçilərin ölkədən yerli dibli yox olmasını arzulayır. Bu insanların əsas fəaliyyət istiqaməti dünyanın ən sanballı şəhərlərində Azərbaycan muğamını, dolmasını, plovunu, paxlavasını təbliğ edən tədbirləri həyata keçirmək və səfirliklər qarşısında Ermənistanı pisləyən sloqanlarla etiraz etməkdir.

“Başqasının işinə burnunu soxmaq” milli ideologiya kimi
Azərbaycanda bu cərəyanın meydana gəlməsinin dəqiq tarixi bilinməsədə, onun tarixinin qədim olduğu heç kimdə şübhə oyatmır. Bu cərəyan nümayəndələri arasında ən çox işlədilən sözlər bunlardır: “Ay qız, sənə soyuq deyil?”, “Bunlar evdən çıxanda ataları bir söz demir?”, “Adamın gərək bəxti olar”, “Biz də cavan olmuşuq, amma, belə qələt eləməmişik” . Son zamanlar paytaxtda bankomatların sayı artıqca, pul çıxardığınız zaman bu ideoloji axın nümayəndələrinin nəfəsini arxadan hiss edə bilərsiniz..

Bu siyahını daha da uzatmaq mümkündür. Məsələn biz “Qonşudan ayıbdır”, “Mənlik deyil”, “Söküb dağıdanlar” və s. bu tipli diqqətə layiq ideologiyalar haqqında danışa bilərik.

MƏSƏLƏNİN CİDDİ TƏRƏFİ

Zarafat bir qırağa, fikrimcə milli ideologiya haqqında bu qədər düşünməyə ehtiyac yoxdur. Sağlam, əxlaqlı, məsuliyyətli vətəndaş hər yerdə eynidir və bu insanların birlikdə ortaya qoyduqları milli ideologiya heç də milli-mənəvi dəyərlərlə, mentalitetlə uyğunlaşdırılmalı deyil. Onun əsasında ədalət və haqq uğrunda mübarizə durmalıdır.

Bir neçə il əvvəl tədbirlərimizin birində politoloq Rasim Musabəyov Azərbaycanda vahid milli ideologiyanın nə üçün olmadığını sual verən bir gəncə belə bir cavab verdi: “Siz milli ideologiyanı nə üçün axtarırsınız? Sizin milli ideologiyanız konstitusiya olmalıdır”. Görəsən, həmin zaman bu sözü deyən politoloq konstitusiyamızın dəyişdirilicəyini bilsəydi necə cavab verərdi?

Vüqar Salamlı

12 comments:

Esmira Mammadova said...

Maraqlıdır və Azərbaycanda olan reallığı əla əks etdirən bir mövqedir :)

Zarafat etməsək belə şeylərnən, uzanıb ölməliyik. Gəlin lağa qoyaq belə ideologiyanı. Bəstir sistemin altına əyilmək.

Anonymous said...

Vuqar sisirtmisen, Ne menada?
Dediklerinde heqiqet var, amma bu qeder laga qoymaq yerine nese ciddi birsey yazsaydin deyerdim he, ciddi yeni-meseleye qarsi oz movqeyin-fikirlerin, senin ideologiyan ve s.

P.S. Goresen xalqini ve milletini (dovletini demirem)tepeden dirnaga tenqid edib kinaye ile gulen muasir genclerimiz herseye kenardan baxib gulmek evezine nese edib ve onunla gundeme gelecek gunlerini goreceyim gunler cox uzaq gelecekdedir?
Esmira xanim deyesen elimizden gelen ancaq zarafat etmekdir, ideologiyanida sisteme dirediniz,bravo.

Nijat said...

Namelum:),

Vuqar dissertasiya mudafiye elemir ve ya elmi meqale yazmir. Vuqar ureyinnen kecheni yazib oz etrafi ve oz etrafinda olmayanlarla bolushur o qeder.

Voo, "fiqime ki" nedi ay Voo:D

Ali Resh said...

Eslinde milli ideologiya 20ilyox 100den coxdur ki seslenir ele cumhuriyyet dovrunde de. Hec ne elde ede bilmemishik. Mencemilli ideologiya dovletle vetendash arasinda munasibetdir. Dovlet ne qeder oz vetendashina yaxshi xidmet elese onun menafeyini qorusa o qeder de guclu milli ideologiya olar. vetendash dovletini, dovletinin venetdashlarini da o qeder yuksek tutar

Anonymous said...

Anonim bey, sistem neynesin eee, yaziq sistem... xalqin dushunce terzi beledi de...bax bizi kim mecbur edir sistemden qorxmaga! o ki qaldi ne ise elemeye, siz AZTVye, ATVye, ANSe qarshi ne ise ede bilersiz? mumkundu eee nelerse elemek, amma ishlerin raskrutkasi yoxdu :)bele real ishler gormek isteyirsinizse, buyurun, memnuniyyetle sizden ders alib, tetbiq ederik.
P.S. derdlerimizi yazmayaq, bolushmeyek, muzakire etmeyek!!! here ozu uchun ayri-ayriliqda ne ise ish gorsun, cemiyyeti duzeltsin, meishet ve ev cherchivesinde! bes muzakire edib, umumfikre gelmeden cemiyyet seviyyesinde ne etmek olar?!!!

Hormetle,
Sabina

Ruslan Asadov said...

Ela yazidir. Subyektiv fikirler gozel chatdirilib.

Ruslan Asadov said...

Pafos meselesi dilimizin felsefi dil olmamasindan ve edebiyyatimizdan ireli gelir. Uzun muddet imperiyalarin terkibinde yashadighimizdan dilimizi ishletmemishik neticede dilimiz informativliyini ve konkretliyini itiribdir. Dilimiz konkret olmadighindan, fikirlerin ifadesi uzun cumleler ve etrafli izah teleb etdiyinden danisharken pafosa meylli olurug. Dilimizin felsefe dili olmamasi, insanlarin azad olmamalari da (yaltaglig, tabechilik, yaziglig, zarimag, kompleksler ve s) dilin pafoslu olmasina getirmishdir. Turkiyeynen serhedler baghli olanda da dilimizde Semed Vurgunun ve diger onun-bunun havasini chalan shairlerin timsalinda pafos vardi.

Vüqar Salamlı said...

Ruslanın postundan onun hansı ideologiya nümayəndəsi olduğunu anlaya bilərsiniz ;)

Ruslan, təbii ki, SUBYEKTİVdir. Mən heç obyektivliyə iddia etmirəm. Bu ölkədə obyektivlik əksəriyyətin fikridirsə, mən həmişə subyektiv olacam.

Ruslan Asadov said...

pis bir shey kimi qebul etme oghlan :). Lap Turkiyede kemalistler dunyanin her yerinden tehluke gozledikleri kimi, sen de menden ancag negativ commentler gozleyirsen. Eksine, yaxshi bir shey kimi yazmisham bunu. Ozumuzun movzudan kenar yazishmamizi burda etmeye ehtiyac yoxdur, cvbin olsa emailime yaz.
Menim uchun her shey subyektivdir.

Vüqar Salamlı said...

Əşi... boş şeydir. Olur hərdən bir. Sən yaxşısı bakının meşələrini yandırılması ilə bağlı xəbəri oxu. Bax o dəhşətdir.

OL! Azerbaijan Youth Movement said...

Erkin mellimin sozu olmasin, Insan subyektdir ve buna gore de insanin gorduyu butun ishler ve etdiyi butun hereketler, soylediyi butun fikirler "by defenition" subyektivdir.

Anonymous said...

Dushunurem bu her kesin daxilinde olan bir sheydir. Ne oldugundan asili olmayaraq. Ve her kes daxilinde bir shexsi fikir formalashdirsa ve onu daxilinde de saxlasa,ozune aid etse,ozu deyishse total cemiyyetin ekseriyyetinin kim ve nece oldugu yonumde deyishiklik olar. Bu da realliq olar.Yaxshi ve ya pis,ama realliq olar. Eger millet ATV-ni ustun tutursa demek biz ferqliyik ve azliq teshkil edirik. Demeli bextimiz bu imish. Demeli bu olke onlarin yox,bizim yerimiz deyil. Ideologiyani deyishmek mumkun deyil.Insan bu ideologiyani gozunu achandan beri goturur. Maksimum tesir ede bileceyimiz insanlarda,ushag ve ya aile uzvlerimizde onu deyishe bilerik.Ama bu ne qeder dogrudur? Bes shexsi fikir? Mence her kesin ozunun dunyani nece gorduyunden formalashmali bir anlayishdir.
Here hech olmasa bashqalarinin yox,oz prinsiplerine cavab verse,emel etse mence dogru(real) ideologiya formalashmasi mumkun olar.