Bakını tərk etdiyim xeyli vaxt oldu, amma, sizlərə bir məktub belə yazmadım. Fikirləşdim ki, bu günahımı düzəldim. Bilən bilmir, bilməyənlər üçün deyim ki, hal-hazırda vətəndən uzaqda olmağımın səbəbi Hollandiyanın Utrext şəhərində təhsil almağımdır.
Keçək mətləbə. Utrext maraqlı şəhərdir. Dəyişikliklər şəhəridir. Universitetim Wilhelmina parkının yanındadır. Parkı buraların məşhur kraliçası Wilhelminanın şərəfinə düzəltmişdilər. Bizim parklardan fərqli olaraq burada 4 əsas element var: Yaşıl ot, ağaclar, göl və içində üzən ördəklər və qu quşları… Bir də xudmanı balaca bir kafe var. Gözəldir.
Utrext tarixdə kilsə şəhəri kimi, flamanların dini mərkəzi kimi tanınıb. İndi də təhsil mərkəzi kimi tanınır. Məşhur Utrext müqaviləsi imzalanan zalda indi PhD tələbələrin diplomları təqdim edilir.
Hollandiya çox rəngli ölkədir. Amsterdam da daxil olmaqla, Roterdamnan başqa bütün şəhərlər kanal və onun ətrafında tikilən balaca, bir-birinə dayanmış rəngbərəng evlər və kiçik kanallarla doludur. Roterdam ikinci dünya müharibəsində dağıdıldığına görə mərkəzi göydələnlər və müasir binalarla doludur. Holland şəhərlərində şəhər ərazisi daxilində mərkəzi kilisədən böyük bina tikilə bilməz. Ümumiyyətlə nə Utrextdə, nə də Amsterdamda şəhər daxilində hündür bina yoxdur, amma şəhərdən kənarda Philips, Shell, Gillette, Heineken kimi məşhur şirkətlərin ofisləri yerləşir.
Utrextdə həyat gecə 12-dən sonra başlayır. Havanın buna təsiri az olur. Axşamlar şəhərə düşəndə içkili sevgililəri, kofeşoplarda (bu “ot” satilan yerlərdi) hallanmış mərakeşli və türk gəncləri, kanalın ətrafındakı balaca 3-4 masalı kafelərdə oturub, pivələyən holland kişilərini görmək səciyyəvidir. Burada pivə həyatın bir parçasıdır (ələxsus mənim həyatımın). Düzdür, dərslər çox olanda az içirəm, amma ilk fürsət düşən kimi qaçıram otağımdan 20 metr şimalda yerləşən kollecimizin barına (20 metr az deyil, onu geri qayıtmağı fikirləşin siz. Hələ qapım elektron açılır, kartı qırmızı işığın üstünə tutana kimi 15 dəqiqə itirirəm hərdən). Heyif ki təkcə axşamlar açılır.
Burada pivə çox vacib elementdir. Məsələn bir dəfə polis bölməsinə gedirdim, yolda mitinqlə rastlaşdım. Soruşdum bu nədir, dedilər barlardan biri Grolç pivəsinin qiymətini qaldırıb, sonra o birisilər də qaldıracaqlar, bes biz neyniyəcəyik… Barda 300 ml. pivə 2-3 avro arası olur. Şəhərdə marketdən 5 litrini 12 avroya almaq olar. Şəhərdənkənar marketdən 8 avroya falan, amma o boyda yolu getməyə həvəs yoxdur.
Hollandlar çox dinamik və “direct” (bizim dildə buna ən yaxın söz “sifəti qırmızı,” ya da “qırmızı adam”dir). Məsələn, əgər bir hollandın səndən, və ya hansısa xüsusiyyətindən xoşu gəlmirsə sənin mövqeyindən asılı olmayaraq bunu yerindəcə hamının yanında gözünün içinə baxa-baxa deyəcək. Adam ölür yerə girir.
Çoxlu velosiped sürürlər. Burada velosiped sürə bilməyən kişi sayılmır. Maşının ola biler, amma bu kifayet deyil. Gərək işlənmiş, 70 avroya falan bir velosiped alasan. Təzəsi həm bahadır, həm də qısaömürlü. Çox tez oğurlanacaq. Eyni zamanda bu millət çox “easy going” (rahat geden) millətdir. Yəni burada “please”, “thank you” kimi ifadələr tez-tez işlədilmir. Nə istiyirsən elə. “Təpəsinə vur əlindən al”
Hollandiya sosial rifah dövlətidir. Burada vergi 48%-dir. Onun 18%-i falan ümumi xərclərə, 30%i isə sosial yardıma ayrılır. Çox adam bundan şikayət edir. Elə buna gorə de ilk baxışda maaşlar çox yüksək görünür, amma kağızda…
Burada çoxlu imiqrant var. Ölkənin 16%-i imiqrantdır. Çoxu türk və mərakeşlidir (türklər merakeşlilərə Fas deyirlər, bilmirəm nə üçün). Bu o deməkdir ki gecə saat 4-də bardan çıxıb açıq dükan tapıb dönər və ayran yeyə bilərsən. Buranın dönəri də bizimkindən fərqlidir, çörəyin içinə xeyli ət qoyurlar. Həm də sənə münasib qiymət oxuyurlar, məsələn 5-6 avroya normal yeyə bilərsən.
Oxuduğum yerin adı “University College Utrecht”dir. Utrext Universitetinin tərkibinə daxildir. Burada təhsil sistemi tipik Holland universitetlərindən fərqlidir. Çünki bura Liberal və Sosial elmlər Kolleci adlanır, və burada oxuyanda yalnız bir istiqametdə yox, eyni zamanda bir neçə istiqamətdə oxuyursan. Bu da çox maraqlı edir burada oxumağı. Dərslərdə ki, başqa bir aləm. Məsələn “Models of Democracy” dərsində professor (italiyalıdir) iki saatlıq dərsin bir saatını uşaqlarla mübahisə edir. Digər dərslərimiz də həmçinin, çox maraqlıdır. Ümumiyyətlə bu ölkədə təhsilə böyük maraq var. Amma holland tələbələri üçün burada oxumaq daha sərfəlidir. AB vətəndaşı üçün təhsil haqqı 1500-2000 avro olduğu halda, xaricilər üçün 5000-8000 arası dəyişir.
Tamam unutmuşdum. Buranın sürətli qatarları var, məsələn Utrextdən Parisə Bakıdan Tiflisə olan yol qədər var ən azı, amma onu qatarla 3 saata getmək olur. 100 avroya gediş-gəliş bilet almaq olar.
Nəisə… Bir sozlə, Utrext yaşamalı və oxumalı yerdir.
Nicat Qarayev
Utrextdən məktub
Labels: teesuratlar
Subscribe to:
Post Comments (Atom)
7 comments:
Aşağıdakı cümlələrindən görünür yumor hissini itirməmisən :)
- Bizim parklardan fərqli olaraq burada 4 əsas element var: Yaşıl ot, ağaclar, qol və içində üzən ördəklər və qu quşları…
- Yəni burada “please”, “thank you” kimi ifadələr tez-tez işlədilmir. Nə istiyirsən elə. “Təpəsinə vur əlindən al”
- Türklər merakeşlilərə Fas deyirlər, bilmirəm nə üçün
- Buranın dönəri də bizimkindən fərqlidir, çörəyin içinə xeyli ət qoyurlar.
Nicat, yaxşı yazmısan )))
semimi, sade ve maragli:)thnx Niju:)
Esasen de o pive medeniyyetini Bakida teskil elemek lazimdir.
Cox acinacagli bir veziyyet yaranibki hele de Hollandiyadan yazilan yazinin 50%i piveden gedir, Gillette ve Philips 1% ni teskil edir.
Netice: Biz her yerde bizik, Alman demire baxib bundan hasni keyfiyyetde motor duzeldeceyini dusunur, biz ise onu en qisa muddetde kilogramla satmaq barede dusunuruk.
Hollandin inkisafina baxib piveden behs etmeyimiz kimi bir seydi bu
Eslinde bir dene QHT qurmaq olar bu pive benzeri ciddi meselelerin helli ucun:)
Ceyhun, niyə bələ düşünürsən? Kim bilir, bəlkə də bu xalqların pivə kimi sərvətləri var deyə qabağı gedirlər. Pivə onların milli sərvətləridir. Bizim isə başqa milli sərvətimiz var - neft. Sadəcə hollandların sərvətindən xalq dada bilir, amma bizim sərvətimizdən xalq dadammır :)
ceyhun
sadece daha meqsedli ve ciddi islerle mesgul olmagla neyese nail olmag olar, 100 il oncede avropaya oxumaga gedenler haqqinda da C.Memmedquluzade, E.Haqverdiyev ve digerleri cox yazdilar, ama o vaxt hami qulaqardina vurdu, netice ortadadir, 100 il onceki veziyetdeyik, ister neft isterse inkisaf barede.
Post a Comment