Elə bir vaxt gələ bilər ki, ... bizlərdən hər birimiz
azlıqda qala bilər. Belə bir məqam üçün
özümüzü də, başqalarını da hazırlamalıyıq.
Azadlığımızın Hüdudları
Müstəqillik qazandığımız son 12 ildə İnsan haqları ən populyar mövzu olub. Düzdür, Sovet Konstitusiyasında da insan haqları, söz, siyasi baxış, din azadlığı təsbit olunmuşdu, lakin bununla yanaşı, antisovet və antikommunist təbliğatı da qadağan edilirdi. Nəticədə bu azadlıqlardan heç nə qalmırdı.
İnsan haqları 1988-ci ildən - Xalq Cəbhəsinin proqramı yaranandan sonra yenidən geniş müzakirə edilməyə başladı. Həmin sənəddə insanın haqları bəşəriyyətin əsas dəyəri, onun qorunması isə dövlətin başlıca vəzifəsi kimi qiymətləndirilirdi. Xüsusi qeyd edim ki, proqramda bu hüquqlar heç nə ilə məhdudlaşdırılmırdı, azadlıq haqqında gen-bol danışılır, məsuliyyət haqqında isə heç nə deyilmirdi.
Ancaq AXC özü hakimiyyətə gəlib reallıqla qarşılaşdıqdan sonra bu hüdudsuz azadlıq tədricən gödəlməyə başladı. Düzdür siyasi partiyalar açıq fəaliyyət göstərmək hüququ, hökuməti tənqid etmək imkanı qazandılar. Lakin aşağıdakı suallar yaranmağa başladı: müharibə aparan ölkədə ordudan açıq yazmaq olarmı? iqtidarın icazəsi olmadan mitinq keçirmək olarmı? prezidenti mətbuatda söymək olarmı? ölkədə İslam Respublikasını yaratmağa çağırışa icazə vermək olarmı? Bəs hüdudları necə müəyyən etməli: insan hara qədər söz deməkdə azaddır? Axı bəzən insanlar mətbəxdə söhbət edərkən prezidentin ölkədə diktatura rejimi yaratdığını, dövlətin sərvətlərini taladığını deyir, onda həmin insanların fikrini qanuni hakimiyyətin devrilməsinə çağırış kimi yozmaq olarmı?
Tarix göstərir ki, özünüifadə azadlığının hüdudları problemi İngiltərə, Amerika, Fransa, hətta İslam inqilabından sonra da olub.
Əziz seminar iştirakçıları, bir anlığa özünüzü həmin gənc respublikaların rəhbərinin yerində təsəvvür edin və elə qanunlar qəbul etməyə çalışın ki, azadlığı da təmin etsin, dövlətin əsaslarını da sarsıtmasın. Onda görəcəksiniz ki, bu məsələ çox çətindir.
***
Gəlin, tarixə nəzər salaq. Bəşəriyyət tarixində insan haqları uğrunda mübarizəyə dair çoxlu fakt göstərmək olar. Lakin bu prinsip yalnız 18-ci əsrdə Amerika (1776) və Fransa (1789) inqilablarının gedişində qanunla dəqiqləşdirildi.
Bu mənəvi və hüquqi prinsip ondan ibarət idi ki, insanlar cinsindən, millətindən, dinindən və sosial mənşəyindən asılı olmayaraq azad doğulurlar: onlar anadangəlmə yaşamaq, azadlıq və təhlükəsizlik məsələsində bərabərhüquqludurlar. Bu hüququ ona dövlət vermir, insan özü dünyaya gələndən həmin hüquqları qazanır, sadəcə ona görə ki, o insandır. Dövlət bu haqları məhdudlaşdıra bilməz, əksinə, dövlətin əsas vəzifəsi həmin haqları qorumaqdır.
İnsan haqlarının bu cür yozumu elmdə şərti olaraq “fransız konsepsiyası” adlanır. Həmin dövr nə Amerika, nə də Fransa konstitusiyasında insan haqlarının məhdudlaşdırılmasının zəruriliyilə bağlı bir söz də tapa bilməzsiniz. Bu da aydındır. Çünki azadlıq uğrunda vuruşan adam, onun məhdudlaşdırılması barədə düşünməyə meylli deyil.
Həmin vaxtlar Fransa inqilabı və “hüdudsuz azadlıq”la bağlı Fransa konsepsiyası Avropada diqqətlə öyrənilirdi. Bu konsepsiyaya qarşı nəinki köhnə feodal ideoloqları, həmçinin İngiltərənin məşhur liberalları çıxış edirdi. Belə ki, məşhur ingilis filosofu “ liberalizmin atası” sayılan Ceremi Bentam (Jeremy Bentham) (1748-1832) fransalıların insan haqları konsepsiyası ilə kökündən razılaşmırdı: “İnsanın anadangəlmə və cəmiyyətdən azad heç bir hüququ yoxdur. Real həyatda cəmiyyət insana nə qədər azadlıq verirsə, insan ancaq o qədər azad ola bilər” - Bentam deyirdi[1].
Həmin tarixi diskussiyalardan artıq 200 il keçib. Bəli, bu gün insan haqları ilə bağlı “fransız” konsepsiyası dünyanın idealına çevrilib, fəqət demokratik ölkələrin hüquqi praktikasında “ingilis” konsepsiyası qalib gəlib. Həmin konsepsiyaya görə, real həyatda insan ancaq ona cəmiyyətin və dövlətin verdiyi hüquqa malikdir.
Bu mənada BMT-nin İnsan Haqları üzrə Ümumi Bəyannaməsinə baxaq. Bəyannamədə insanın iyirmi səkkiz anadangəlmə və ayrılmaz hüququ təsbit olunur və yalnız 29-cu maddədə tələb olunur ki, insan cəmiyyətlə hesablaşmalıdır, çünki yalnız cəmiyyətdə insanın inkişafı və hüquqlarının reallaşması mümkündür... Bu kimi müddəa İnsan haqları üzrə Avropa konvensiyasında da özünə yer tapıb.
Bu gün hətta demokratik ölkələrin qanunvericiliyində insan haqlarının məhdudlaşdırılması ilə bağlı belə bir maddə var: “insanın .......................... hüququ var, lakin bu hüquq mənəviyyat, ictimai asayiş, cəmiyyətin rifahı, milli təhlükəsizlik naminə məhdudlaşdırıla bilər.”
Bəs onda insan haqlarından nə qaldı? Axı, Azərbaycan reallığına baxanda, görürük ki, 29-cu “ingilis” maddəsi, demək olar ki, hər hansı azadlığın məhdudlaşdırılmasını qanuniləşdirə bilər.
Mitinq eləmək istəyirsiniz? – olmaz, çünki bu, ictimai qayda-qanuna təhlükə yarada bilər. Prezidenti söymək istəyirsiniz? – olmaz, çünki bu, milli əxlaqımıza ziddir. Allaha istədiyiniz kimi dua etmək istəyirsiniz? – olmaz, çünki bu, milli birliyə təhlükə yarada bilər və s. və i.
Və bütün bu “olmazlar” qanuni görünür! Bütün bunlar təkcə ölkəmizin yox, həm də istənilən demokratik ölkənin qanunlarında dəqiq yazılıb.
Deməli, bizim hüquqlarımız ictimai qayda-qanuna, əxlaqa, təhlükəsizliyə ziddirsə, məhdudlaşdırıla bilər. Əgər biz hüquqlarımızın müdafiəsi üçün, deyək ki, Amerika təcrübəsindən misal gətirsək, onda bizim məhkəmə deyəcək: Amerikada icazə verilən şeylərə, Azərbaycanda icazə verilməyə də bilər, axı biz başqa-başqa cəmiyyətlərdə yaşayırıq. Amerikalıların öz, azərbaycanlıların öz, türkmənlərin isə, deyək ki, tam başqa cəmiyyətləri var. Bu “düzgün” sözə nə etiraz eliyəsən?..
***
Dünyada bu problemin həllini ilk dəfə 1919-cu ildə ABŞ Ali Məhkəməsinin hakimi Oliver Vendel Holms təklif edib. Həmin zamana kimi ABŞ-da özünüifadə azadlığı ilə bağlı vəziyyət belə idi. Bayaq xatırlatdığım kimi, ABŞ Konstitusiyası özünüifadə azadlığına heç bir məhdudiyyət qoymurdu. Lakin Amerika məhkəmələri bu sahədə ayrı-ayrı ştatlarda, yaxud Konqresdə qəbul edilmiş qanunlara əsaslanırdılar. Həmin qanunlarda “ingiliscəsinə” ictimai qayda-qanun, mənəviyyat və dövlət təhlükəsizliyi və s. naminə məhdudiyyətlər nəzərdə tutulurdu. Bu gün bunu təsəvvür etmək çətindir, lakin XX əsrin əvvəllərində adamları, misal üçün, antimüharibə təbliğatına, hökuməti, yaxud Konstitusiyanı tənqid etdiyinə görə məhkəməyə çəkirdilər.
Antimüharibə vərəqələri yaymaq üstündə günahlandırılan rusiyalı mühacir Abrams və onun üç silahdaşının Ali Məhkəmədə işinə baxılarkən Holms ümumi mövqe ilə razılaşmayıb. Holms deyib ki, o bu vərəqələrdən milli təhlükəsizliyə açıq və gerçək (clear and present) - dərhal həyata keçə biləcək təhlükə görmür. Holms bəyan edib ki, heç bir ideya və fikir dövlət tərəfindən təqib oluna bilməz və ziyanlı fikirlərə qarşı ən gözəl vasitə başqa fikirlərin irəli sürülməsindən ibarətdir.
Əlbəttə, – Holms davam edib, – bu fikir mübadiləsi diskussiyalar üçün imkan olana qədər mümkündür, yəni biz əmin olmalıyıq ki, antihökümət çağırışları dərhal ictimai iğtişaşa, yaxud qanuni hakimiyyətin devrilməsinə səbəb olmayacaq.
Holmsun bu nəzəriyyəsi “azad ideya bazarı” adı alıb, sonradan inkişaf etdirilib və əvvəlcə ABŞ-da, müharibədən sonra isə Avropada tətbiq edilib.
Gördüyünüz kimi, Holms insan haqları ilə bağlı “ingilis” konsepsiyasına əsaslanaraq özünüifadə azadlığının sərhədləri problemini aradan qaldıra bilib. Beləliklə, BMT-nin İnsan haqları Ümumi Bəyannaməsinin 29-cu “ingilis maddəsi” probleminin həlli üsulu tapılıb və hazırda demokratik ölkələrdə uğurla istifadə olunur.
Əgər bizim məhkəmələr O.Holmsın “azad ideya bazar”ına əsaslansalar, onda dinc mitinqlər keçirmək, hökumətin əleyhinə tənqidlər, hətta təhqirlər söyləmək hüququmuzu məhdudlaşdırmaq mümkün olmayacaq. Hətta aydın görünsə ki, hər hansı ideyanın yayılması ictimai təhlükə yaradır, lakin o, cəmiyyət üçün açıq və gerçək təhlükə törətmir, yəni, əgər cəmiyyətin həmin ideyanı yayanı inandırmaq üçün diskussiya açmağa, yaxud kompromis mövqe formalaşdırmağa imkanı varsa, onda həmin baxışların yayılmasının qarşısını almaq olmaz...
ETİQAD AZADLIĞI VƏ AZAD İDEYA BAZARI HAQQINDA
Etiqad azadlığını hər hansı dinin həqiqiliyi, yaxud dini islahatlar problemlərilə tez-tez qarışıq salırlar. Əslində isə bu problem: a) dindar adamın və cəmiyyətin arasında olan mənəvi problemləri; b) dindar adamla dövlət arasında olan hüquqi problemləri əhatə edir.
Din azadlığı problemlərinə qeyri-ənənəvi sektalar, missionerlər, dindar adamın hüquqi imtiyazları, dini icmaların fəaliyyətinin maliyyə tərəflərilə bağlı problemlər, eləcə də “dinin siyasi məqsədlərlə istifadəsi” məsələsi aiddir.
Bu gün cəmiyyətimizi əsasən iki dini problem narahat edir. Bunlar qeyri-ənənəvi sektalar və onların yayıcıları olan missionerlər, eləcə də “siyasi islam”, yəni dünyanın heç bir yerində indiyə qədər həll edilə bilməyən “dinin siyasi məqsədlərlə istifadəsi” problemidir.
***
Qısaca olaraq sektalar və missionerlər barədə. Biz hamımız insan haqları barədə çoxsaylı beynəlxalq sənədlərdən xəbərdarıq. Bu sənədlərdə daim təkrar olunur ki, hər bir şəxs özünə din, əqidə, yaşam tərzi seçməkdə azaddır və hər bir adam dövlət sərhədlərindən asılı olmayaraq informasiya almaq və yaymaq hüququna malikdir. Bu müddəalar bizim Konstitusiyada da var. Bütün bunlara baxmayaraq mən ehtimal edə bilərəm ki, seminar iştirakçıları arasında yeni sektalardan zəhləsi gedən adamlar da var və onlar hesab edirlər ki, həmin sektalar milli birliyimizə ziyan vura bilər. Lakin özünü demokrat adlandıran insanın borcudur ki, emosiyalarını cilovlaya bilsin və bu problemə ağılla yanaşsın.
Soruşmaq gərəkdir ki, nəyə görə İslam missionerləri artıq 7 milyondan çox müsəlmanın yaşadığı ABŞ-da azad şəkildə məscidlər tikə bilir, lakin amerikalı missionerlərə müsəlman ölkəsində öz etiqadlarını yaymağa imkan verilməməlidir?
Sizin sektalara münasibətiniz pisdir? Ancaq Britaniya Ensiklopediyasını açsanız görərsiniz ki, orada yazılıb: “Şiələr – İslamda xüsusi sektalar qrupudur” (Shi'ites - a distinct collection of sects in İslam). Bizdə “Yehovanın şahidləri” təqib olunduğu kimi, Səudiyyə Ərəbistanında da şiələr təqib edilir. Əlavə edim ki, sektalar adətən heç kimin məşğul olmaq istəmədiyi aciz və miskin adamlarla məşğul olur...
Bu gün bu məsələdə siz çoxluq təşkil edirsiniz. Amma inanın, elə bir vaxt gələ bilər ki, ... bizlərdən hər birimiz azlıqda qala bilər. Belə bir məqam üçün özümüzü də, başqalarını da hazırlamalıyıq.
O ki qaldı milli birlik probleminə, bu başqa və böyük bir mövzudur, burada təkcə onu deyə bilərəm ki, bu gün biz bunu qəbul etməli və hətta sevinməliyik ki, cəmiyyətimiz yeni inkişaf mərhələsinə qədəm qoyur və bundan sonra bizim vahid bir həqiqətimiz, etiqadımız, vahid sevimli mahnımız və s. olmayacaq. Demokratik xalqı yalnız bir ideya birləşdirir: “bütün insanlar azad doğulur və onların qanun qarşısında hüquqları bərabərdir”.
İctimai həyatın müxtəlif formalarından qorxmayın. Müxtəliflik (plüralizm) informasiyanı doğurur. Bu gün müxtəliflik sabitsizliyin amili sayılmır, o, uğurlu inkişafımızın amilidir.
***
Siyasi İslam haqqında. Burada vəziyyət bir qədər qəlizdir. Hər halda dünyanın heç bir yerində bu problem həll olunmayıb. Məlum olduğu kimi, İslam başqa dinlərdən onunla fərqlənir ki, insanın mənəvi dünyasına daxil olmaqla yanaşı, müsəlmanları Quran və Sünnədə yazılmış siyasi və hüquqi normalara əməl etməyə çağırır. Aydındır ki, istənilən mömin müsəlman İslam dövlətinin qurulması barədə fikirləşməyə bilməz.
İslamın yaranması dövrünün istənilən tədqiqatçısı təsdiq edər ki, Quranda əks olunmuş siyasi və hüquqi normalar öz dövrü üçün əxlaq, insan haqları və sosial ədalət sahəsində olduqca mütərəqqi addım olub.
İslamın elan etdiyi bu cür normalar, məsələn, “allahdan başqa, heç kimə səcdə etmə; öldürmə; oğurlama; yalan danışma; zinakarlıq eləmə, imkansıza əl tut, haqsızlıqlarla vuruş,...” kimi əxlaqi normalar indidə öz aktuallığını itirməyib və ümumbəşəri xarakter daşıyır.
O ki qaldı İslamın hüquqi normalarına, burada vəziyyət acınacaqlıdır. Ötən 15 əsr ərzində dünya ədalətli cəmiyyət quruculuğunda çox irəli gedib, lakin İslamın siyasi və hüquqi sistemi sayılan Şəriət orta əsrlər səviyyəsində qalıb.
Liberal-demokratik və islam dövlətinin hüquq sistemlərinin əsas prinsiplərinə nəzər salaq:
Liberal qanunvericilik | İslam qanunvericiliyi (Şəriət) |
Bütün İnsanlar azad doğulur və onların qanun qarşısında hüquqları bərabərdir | -Kişilərin hüququ qadınların hüququndan çoxdur; - Müsəlmanlar müsəlman olmayanlardan daha artıq hüquqa malikdir; - Qurana və Bibliyaya tapınanların hüququ, bütpərəstlərin hüququndan artıqdır; -Köləlik qadağan deyil; |
Hər hansı ayrı-seçkilik qadağandır. | Cinsi, dini və sosial əlamətlər baxımından ayrı-seçkilik mövcuddur. |
On beş əsr bundan əvvəl İslamın elan etdiyi mənəvi normalara bu gün əməl etmək olarmı? Şübhəsiz ki, olar!
Lakin Azərbaycan Respublikasının liberal hüquqi sistemini Şəriət prinsiplərilə əvəz etmək olarmı? Əlbəttdə ki, yox! Çünki cədvəldən də göründüyü kimi, indiki Konstitusiyamızla müqayisədə Şəriət geriyə doğru, insanın ayrı-seçkiliyinə doğru böyük addımdır.
Faktiki olaraq, İslam dövləti quruculuğunun (hüquqi sistemin Şəriət prinsipləri əsasında qurulması) təbliği qadınların, qeyri-müsəlmanların, dindar olmayanların diskriminasiyasıdır. Bu isə insan haqları üzrə beynəlxalq sazişlərə, eləcə də Konstitusiyaya daban-dabana ziddir.
***
İndi isə ictimai sahədə tez-tez təkrar olunan formulaya baxaq: “din siyasətdən ayrılmalıdır”, yaxud “İslamdan siyasi məqsədlər üçün istifadə etmək olmaz”? Qeyd edim ki, hələ əsrin əvvəlində Məmməd Əmin Rəsulzadə də bu məsələyə də toxunmuşdur: “İnsan məscidə girəndə siyasəti yaddan çıxarmalıdır”.
Bu ifadə nə deməkdir? Burada o nəzərdə tutulur ki, din xadimi öz dualarında siyasətə toxunmamalıdır? Yaxud məsciddə olan dindarlar siyasət haqqında heç nə danışmamalıdır?
Bəs biz hansı qanuna əsasən bu cür qadağalar qoymalıyıq? Belə bir qanun yoxdur! İnsan məsciddə də azad şəkildə öz fikrini bildirmək hüququna malikdir. Kimsə axunda və məscidə gələnlərə tövsiyyə edir ki, ancaq mənəvi mövzuda söhbət etsinlər. Məsələn: həqiqət və yalan; vicdan və satqınlıq və s. Məsciddə Qarabağ problemini müzakirə etmək olarmı? Məsciddə hansısa siyasətçinin vicdansız olması, seçki öncəsi verdiyi vədləri yerinə yetirməməsinə dair söhbətlər ola bilərmi? Bəs hakimiyyətdə olan prezidentin apardığı kursu tərifləmək olarmı? (İnanıram ki, əgər M.Ə.Rəsulzadədən soruşulsaydı ki, məsciddə müsavatçılığı təbliğ etmək olarmı? O, bu məsələyə çox da etiraz etməzdi.)
Məsciddə, partiya tribunasından, yaxud TV ekranlarından edilən yalnız o çıxışlar Konstitusiyamıza ziddir ki, orada hər hansı ayrı-seçkilik, zorakılıq, qadınlarla kişilər, dindarlarla, dindar olmayanlar arasında bərabərsizlik və s. təbliğ olunsun. Və aydındır ki, Azərbaycanda Şəriət dövləti qurmaq ideyasını müdafiə edən çağırışlar qəbul etdiyimiz prinsipə (bütün insanlar azad və bərabərhüquqlu doğulur) ziddir.
Beləliklə, əmin olduq ki, biz dini siyasətdən ayıra bilmirik. “Dünyada hər şey siyasətdir”. “İslamdan siyasi məqsədlər üçün istifadə etmək olmaz” formulası isə çox dumanlıdır. Demokratik prinsiplər dünyamızın gözəlləşdirilməsi və ədalətsizliklə mübarizə naminə islamın mənəvi dəyərlərindən istifadəni qadağan etmir. Demokrat müsəlmanların vəzifəsi isə islamın yüksək dini dəyərlərini onun köhnə hüquqi normalarından ayıra bilən islahatlar keçirməkdir. Qərbin demokratik ölkələrində dindarlar artıq bu dini islahat yolunu keçiblər...
Ancaq belə ehtimal edək ki, hansısa bir məsciddə dindarlar danışırlar ki, onların nicatı islam dövlətinin qurulmasındadır. Biz həmin baxışların tərəfdarlarını dərhal həbs etməli, məscidi o saat bağlamalıyıqmı?
Tələsməyin, axı onlar bizim vətəndaşlarımızdır. Onların arasında bizim yaxınlarımız, qohumlarımız ola bilər. Həmin hadisəyə O.Holmsın “azad ideya bazarı” prinsipini tətbiq etməyə çalışın. Əgər Konstitusiyamıza açıq və gerçək (dərhal baş verə biləcək) təhlükə yoxdursa, onda həmin insanları açıq müzakirələr vasitəsilə öz fikirlərindən daşındırmaq üçün vaxtımız var. İnsanları baxışlarına görə təqib etmək cəmiyyətimiz üçün pis ənənə ola bilər, axı bizim hər birimiz də nə zamansa azlıqda qala bilərik.
------
[1] İlk dəfə olaraq Bentam bu ideyanı irəli sürüb və iddia edirdi ki, insan haqları və azadlığı insanın və cəmiyyətin inkişafı üçün zəruri komponentdir. Bentama görə, insan anadan olduğuna görə yox, cəmiyyətə xeyirli olduğuna görə həmin hüquq və azadlıqlara malik olmalıdır.)
Hikmət Hacızadə
No comments:
Post a Comment