O həmin gün adəti üzrə gec yatacaqdı. Sevgilisinə son dəfə “sevirəm” deyib, gözünü yumaraq həyatı haqda fikirləşməyə başladı. “Sabah tezdən durub imtahana getməliyəm. Cəmi bir aya universiteti bitirirəm. Dörd illik əziyyət bitəcək, əsgərliyə gedəcəm…Sonra isə azad bir insan kimi həyatımı Pərvinimlə qurmağa başlayacam. İstəyirəm etdiyim işdə mükəmməl olum, hamı məni tanısın, məşhur olum. Hə! Mən məşhur olacam!” fikirli ilə yuxuya getdi.
Səhərisi gün saat təxminən 10:00.
Ayazın oxuduğu Dövlət Neft Akademiyası qan içində. Və o… O artıq aramızda deyil. Bütün gecəni sevgilisi ilə öz gələcəyi haqda fikirləşən insan artıq yoxdur…
Sevgi filmlərinə çox baxmışıq. Elə bir insan yoxdur ki, bu filmlərin sonunda sevgililərin ayrılıq, ölüm səhnəsində kövrəlib ağlamasın. Lakin beş dəqiqə də keçmir ki, hamı xatırlayır ki, bu sadəcə bir film idi. Ölüm isə ssenarinin bir hissəsi.
Heyif ki, bu dəfə gördüklərimiz bir film deyildi... Heyif ki, bu dəfə hər şey real həyatda baş verdi... Heyif ki, aprelin 30-u belə bir faciəvi həyat filminin müşahidəçisi olduq.
Onlarla ailənin həyatı bu filmə çəkildi. Həmin gün Pərvin Ayazsız, valideyn övladsız, bacı qardaşsız qaldı. O gün bütün gəncliyin ruhu ağladı. O gün Azərbaycan gəncinin ürəyinə qanlı hərflərlə “matəm” yazıldı…
Ayaz məşhur oldu. Rəhmətə gedənlər içində ən çox çəkilən adlardan biri - Ayaz… Lakin bunumu istəyirdi o? Əminəm ki, bu cür məşhurluqdansa, heç adının tanınmamasını belə istəyərdi.
Ən dəhşətlisi isə odur ki, 10-15 il sonra bu yaddaşlardan silinəcək. Bəlkə də artıq beş ildən sonra bu hadisə unudulacaq. Əgər hadisə baş verəndən bir ay belə keçməmiş “gül bayramı” qeyd ediriksə, deməli mütləq unudulacaq…Və yaxud artıq unudulur…
Doğrudanmı Azərbaycan gənci bu qədər biganə və gücsüzdür? Bəlkə birliyimizi göstərməyin əsl vaxtıdır? Hər birimiz başımızı aşağı salıb ancaq öz problemlərimizə qapılıb, təki bugünü “yola verim” deyərək öz həyatımızı “yaşamağa” çalışmağımızla hara varacaqımızı düşünürük? “Əşi öldülər getdilər” deyən insanlar hər birimizin onların yerində ola biləcəyimizi düşünmürlərmi?
Hadisənin nə qədər ağır və ciddi olduğunu başa düşməmiz üçün mütləqdirmi bizim yaxınlarımızın başına gələydi bu iş? Axi ADNA-da baş verənlərin qurbanları günahsız gənclər olub. BİZİM GƏNCLƏR…Deməli hadisə bilavasitə bizə təsir edir.
Amerikanın Azərbaycandakı səfiri Anne Derse-ün bir müsahibəsində çox gözəl bir fikir səslənmişdi. “ Biz (Amerika) və Avropa ölkələri demokratiyanı qutuya qoyub Azərbaycana təqdim edə bilmərik”. Edə bilməzlər ey Demokratiya istəyən Azərbaycan gənci… O Azərbaycan gənci ki, bütün dünyanın “terrora yox!” dediyi bir halda, mitinglərdə “terrora yox” sözünə görə susduruldu.
Belə bir halda hansı demokratiyaya ümid edirik biz? Nə vaxta kimi başımızı aşağı salıb bugünümüzlə yaşayaraq, “gül bayramında” ölkəyə küllü-miqdarda gətirilən güllərə tamaşa edərək demokratiyanın nə olduğunu yalnız filmlərdə görəcəyik?..
Qorxulusu isə odur ki, bu gədişlə cavan uşaqların tökdüyü qan, anaların tökdüyü göz yaşı, dayanmadan nəşr olunan yazılar, çağırışlar, mitinqlər… bir gün bunlar hamısı unudulacaq, və bu gedişlə Azərbaycan gəncini heç vaxt həmrəy olmağa qoymayacaqlar.
Şəms Həsənova,
11-ci sinif şagirdi, FLEX məzunu
Updates from the land of fire[d] "reforms"
4 years ago
No comments:
Post a Comment