"Media forum” saytının oxucularının suallarını AN Gənclər Şəbəkəsinin təsisçilərindən olan Emin Milli cavablandırır.
http://www.mediaforum.az/articles.php?lang=az&page=05&article_id=20090519061919023
Emin Milli 1979-cu il oktyabrın 14-də Bakıda doğulub. Paytaxtın 251 saylı orta məktəbini bitirib. Ailəlidir. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olub. Almaniyada 6 aylıq proqramda iştirak etdiyindən BDU-nu bir il gec - 2000-ci ildə bitirib. 1999-2000-ci illərdə Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator işləyib. 2001-2002-ci illərdə Almaniyada oxuyub. 2002-ci ildən 2004-cü ilə qədər Fridrix Ebert Fondunun Azərbaycanda rəhbəri olub. 2005-ci ildən ictimai fəaliyyətlə məşğuldur. AN Sosial Şəbəkəsinin yaradıcılarından biridir.
Elnur Eltürk (Hüseynov), 25 yaş, tarixçi, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı Strateji Araşdırmalar Mərkəzi: Bu gün Azərbaycan müxalifətində gənclərin önə çıxması üçün şərait varmı?
Cavab: Məncə, şəraiti gənclər, yeni nəsil özü yaratmalıdır. Hökumətdən, müxalifətdən, yaşlı nəsildən gözləməməliyik ki, bizə şərait yaratsınlar. Biz özümüz bu şəraiti yaratmalıyıq.
Mübariz S.Əzimli, Stokholm, İsveç: Salam, Emin bəy! Həmişə azadlıqda! Sizin kimi gənclərimizi həbs edə bilərlər, amma azadlıqdan məhrum edə bilməzlər. Çünki AZADLIQ sizin düşüncə tərzinizdir. Ümidimiz siz gənclərədir. Siz özünüz necə, fəaliyyətinizdən razısınızmı?
Cavab: Tam razılıq tam xoşbəxtlik kimi dəliliyə bərabər olardı. Normal insan özündən tam razı qala bilməz. İnsan həmişə öz üzərində işləməlidir. Mən də çalışıram öz üzərimdə işləyim.
Səadət, yazar: Hörmətli Emin. Son illərin güclü depressiyasından sonra sizin kimi gəncləri görmək ölkənin gələcəyinə ümid işığı yandırır. Razılaşarsınız ki, bu gün ümumilikdə gənclik passivdir. 1980-ci illərdə biz universitet tələbələri tam fərqli idik. Yaxın zamanda gənclik hərəkatının dirçəlməsi üçün nələr etmək olar?
Cavab: Passiv sözü ilə mən bir az razı deyiləm. Mənə elə gəlir, hazırda ümumi iqtisadi, siyasi vəziyyət elədir ki, gənclər küll halında aktivlik göstərə bilmir. Nəyə görə 1960-70-ci illərdə Sovet İttifaqında gənclər fəal ola bilmədilər, 1980-cı illərdə isə bu proses baş verdi? Çünki şərait məhz 80-ci illərdə yarandı. Hər cəmiyyətin, dövlətin inkişafının məntiqi var.
Hazırda elə bir şərait yaranıb ki, fikrimcə, yalnız kiçik qruplar, fərdlər aktivlik göstərəcək və bunu davam etdirəcək. Amma o mərhələdə ki, pis idarə olunan indiki sistem tənəzzülə uğramağa başlayacaq, onda bu proses kütləviləşəcək.
Rail Səfiyev, Bakı Dövlət Universiteti, beynəlxalq münasibətlər fakültəsi: Salam, Emin. Səni yenə Azərbaycanda eşitməkdən çox şadam. Sənə böyük inam və hörmətimi izhar etmək istəyirəm.
Emin, son zamanlar Azərbaycanda islahatlar aparıldığı iqtidar mətbuatında çox işıqlandırılır. Buna gənclərlə bağlı siyasət, FASE, AN, OL, “Dalğa” kimi gənclərin ictimai həyatda fəallıq göstərmələri də aid edilir. Əlbəttə, iqtidar əsasən FASE və “İrəli”ni önə çəkir, amma əsil plüralist cəmiyyətdə hər bir ictimai aktivlik müsbət haldır, hansı mövqedən olmasından asılı olmayaraq. Mənim düşüncəmcə, müəyyən bir vaxtda yuxarılar gənclərin belə fəallığından ehtiyatlanmırdılar və buna müsbət baxırdılar.
Bəs sonra nə oldu? Niyə bu cür fəaliyyətlərdən hakim dairələrin çəkinməsi və onlara əks davranış başladı? Sənin müşahidələrin necədir? Sənin fikrincə, prezident özü bu məsələdə hansı fikirdədir?
Sənin müşahidələrin mənim üçün maraqlı olar.
Cavab: Prezidentin fikrini bilmirəm, çünki bu barədə onunla söhbət etməmişəm. Hakimiyyətin özünü də bir nəfərə bağlama olmaz. Onun içində də müəyyən qruplar var. Bu qrupların qorxduqlarından biri də gənclərdir. Tarix boyu yalnız yeni nəsil dəyişikliklərə gətirir. Hardasa müəyyən yaş həddindən sonra, ailə qurduqda, karyera haqda düşündükdə insanlar daha az qurbana hazır olurlar. Başlayırlar daha çox mövcud reallıqlara uyğunlaşmağa. Hakim dairələrdə də başa düşürlər ki, gənc, hansısa gənclər qrupu gələcəkdə böyük bir hərəkata çevrilə bilər. Ona görə gənclərdən ehtiyatlanırlar və ehtiyatlanmaqda haqlıdırlar.
Tariyel: Azərbaycanda gənclərin hansı təşkilatları, neçə təşkilat var? Bu barədə məlumat verərdiniz. Gənclər təşkilatları bir-biriləri ilə əməkdaşlıq edirmi? Zəhmət olmasa onu da deyə bilərsinizmi hansı təşkilatları hökumət yaradıb, hansı təşkilatlar isə xarici qrantla işləyir?
Cavab: Bu suala cavab vermək çətindir. Azərbaycanda bir neçə maraqlı təşkilat var. İlk növbədə OL və “İrəli”ni qeyd etmək olar. Bundan başqa, AEGEE təşkilatı var, qeyri-siyasi təşkilatdır. FASE var. O da siyasətdən uzaqdır. Siyasi təşkilata qoşulmaq istəməyənlər bu quruma üz tuta bilərlər. FASE Avropada Azərbaycan gəncləriylə işləyir. “İrəli” isə açıq şəkildə prezidenti dəstəkləyən bir gənclər təşkilatıdır. Müsavat, Xalq Cəbhəsi partiyalarının və başqa müxalif partiyaların gənclər təşkilatları var ki, onlar da müxalifəti təmsil edirlər.
Müəllim, Bakı: Atalar və oğullar problemi, nəsillər arasında düşüncə fərqləri əbədi problemdir. Bu baxımdan maraqlıdır: yaşlı və orta nəslin davranışında nələr xoşunuza gəlir, nələr yox?
Cavab: Nəsillər arasında ziddiyyət fəlsəfi problemdir. Hazırda da bu problem var. Gənc və orta yaşlı insanların düşüncələri dəyişikliklərə daha açıqdır. Əvvəl mən cəmiyyət üzvlərini yaşlı və gənc nəslə bölürdüm. Amma gənc nəslin içində qoca düşüncəli insanlar da var. Yəni gənc nəsil deyəndə orta yaşlı və qoca insanları da nəzərdə tutmaq olar. Bir şərtlə ki, həmin insanların fikirləri azad olsun.
Qəribə adam, Bakı: Salam, Emin bəy. Xahiş edirəm mənim qəribə suallarıma cavab verin.
1. “Media forum”da sizi AN Sosial Şəbəkəsinin yaradıcılarından biri kimi təqdim ediblər. İnternetdə də sizin vəzifəniz müxtəlif cür adlandırılır: ya gənclər şəbəkəsinin, ya tələbə forumunun rəhbəri kimi və s. Bu sosial şəbəkə nədir? O necə işləyir? Sizin rolunuz bu şəbəkədə necədir?
2. Hərdən sizin “Alma”dakı yazılarınızı oxuyuram. Vaşinqtonda kafedə, deyəsən, qapının cəftəsini açmaq üçün tələb olunan qeyri-məntiqi düşüncə ilə bağlı bir yazınız yadımda qalıb. Sonralar neçə dəfə cəhd etdimsə, bircə yazınızı belə oxuya bilmədim, maraqsız göründü. Elə bil Amerikada oturub Azərbaycana heç dəxli olmayan məsələlərə toxunursunuz. Sizə elə gəlmirmi ki, vətəndən kənarda çox vaxt keçirirsiniz? Kənarda ola-ola burada yaşayanlara necə yaşamaq barəsində məsləhət vermək düzgündürmü?
Cavab: 2005-ci ildə biz şəbəkəmizi yaratdıq. Bu, sosial şəbəkədir. Şəbəkənin adından da göründüyü kimi, burda hər hansı siyasi mövqe ortalığa qoyulmur. Şəbəkə üzvlərinin hər biri istədiyi siyasi mövqedən çıxış edə bilər. Qurumu yaratmaqda məqsəd xaricdə oxuyub qayıdan azərbaycanlıları, ölkəmizdə oxuyan tələbələri və xaricdə yaşayan həmvətənlərimizi bir araya gətirmək, onların arasında ünsiyyət vasitələri və ünsiyyət məkanı yaratmaqdır.
Şəbəkəni yaratdığımız vaxt ilk olaraq hər həftə mühazirələr təşkil etdik. Mühazirələrdə gəncləri bir araya gətirib bir sıra məsələləri müzakirə edirdik. Sonra başladıq Avropada forumlar keçirməyə, Azərbaycanın rayonlarına getməyə. Bundan başqa, internet vasitəsilə də gəncləri bir araya gətiririk. İnternetdə onlar özlərinə həmfikir tapır, ideyalar irəli sürürlər. Ən əsası isə gənclər arasında yeni sosial-siyasi mədəniyyət formalaşır.
Bilmirəm sual verən qəribə adamın mənim haqqımda nə dərəcə məlumatı var. Bildirmək istəyirəm ki, iki il Almaniyada oxumuşam, xaricdə konfranslara gedirəm, tez-tez dünyanın bir çox ölkəsində oluram. Əsas yaşayış yerim Bakıdadır.
İstəyirəm qeyd edim ki, ermənilərin intellektual, iqtisadi, sosial kapitalının 95 faizi xaricdədir və bu onları gücləndirir. Azərbaycanda isə bu proses təzə başlayıb. Son 15-20 ildə azərbaycanlılar xarici ölkələrə yayılıblar. Hələ ki, proses gedir, çevrələr yaranır. Azərbaycan hökuməti xaricdə yaşayan azərbaycanlıları bir nəfərə, bir ideyaya tabe etdirməyə çalışır. Bu, cəfəng bir şeydir, mümkün deyil. Biz alternativ təşkilatın olmasını və o təşkilatın həmvətənlərimizin Azərbaycanı xaricdə layiqincə təmsil etməsinə yardım göstərməsini istəyirik.
Səidə: Emin bəy, indiki gənclərin telefonlara bu qədər aludə olması onların ictimai fəallığına mənfi təsir edirmi?
Cavab: İnternet və telefon informasiya ötürülməsini sürətləndirir. Amma baxır ondan nə üçün istifadə edirsən. Çox istərdim gənclər internetdən, telefondan yaxşı məqsədlə yararlansınlar. Məsələn, gənclər bundan hansısa əhəmiyyətli bir materialı dostlar arasında yaymaq, yaxud başqa aksiyalar keçirmək üçün istifadə edə bilərlər.
Xəyal Kazımzadə: Gənclik ömrün bahar çağıdır deyirlər. Sizcə, hazırda Azərbaycan gəncliyi hansı fəsli yaşayır?
Daha bir sualım isə gənc liderlərin olmaması ilə bağlıdır. Necə fikirləşirsiniz, bu gün minləri arxasınca apara bilən belə bir istedad yoxdur, yoxsa onun ortaya çıxmasına imkan verilmir?
Sonuncu sualım: Sizcə, Neft Akademiyasında baş verən qanlı olayın baiskarı – Fərdanın şəxsiyyəti arxasında dayanan, onun faciəvi dramı nədir?
Cavab: Məncə, Azərbaycan gəncliyi hələ ki qış fəslini yaşayır.
Demək çətindir ki, 5 ildən, 10 ildən sonra Azərbaycanda kimlər lider olacaq. Lider heç nədən asılı olmayaraq öz məqsədi uğrunda mübarizə aparan insandır. Hazırda belə liderlər yetişməkdədir, mən buna inanıram.
Neft Akademiyasında baş verən olay böyük bir faciədir. Bu hadisəni terror kimi qiymətləndirirəm. Amma istəməzdim hər hansı versiyalar irəli sürəm.
Vüsal Həsənov: Salam. Mənim iki sualım var.
1. Gül bayramına etiraz aksiyası nəyə görə mayın 10-da keçirildi? Əgər mayın 8 və ya 9-da keçirilsəydi, daha səmərəli olmazdımı?
2. Müxalifətin yaratdığı bir çox internet saytında Heydər Əliyev haqqında ona yaraşmayan, təhqiramiz sözlər yazılır. Sizcə, belə sözlərin yazılması doğrudurmu? Cavablarınıza görə əvvəlcədən təşəkkür edirəm.
Cavab: Bakıya mayın əvvəli gəldim və axıra qədər anlamırdım nə baş verib. Müxtəlif insanlarla görüşdüm, söhbətlər etdim, məlumatları oxudum. Aydın oldu ki, çox pis vəziyyət yaranıb. Hökumət sadə bir addım atmalı və azı bir gün matəm etməli idi. Tələbələr də bunu tələb edridi. Yenə də hökumət məsələyə məsuliyyətsiz yanaşdı. Mayın 10-da Gül bayramı təşkil olundu ki, gənclər öz hirslərini, etiraz və qəzəblərini bildirsinlər.
Bizə məlumatlar çatmışdı ki, mayın 10-da gənclər, müxtəlif qruplar zorakılıq haqda düşünürlər. Məsuliyyəti üzərimizdə hiss edərək cəmiyyətə təsir göstərə biləcək adamlarla, qrup rəhbərləriylə məsləhətləşdik. Qərara gəldik ki, mayın 8-də Qeyri-Zorakılıq Forum keçirək. Forumda Müsavat, Xalq Cəbhəsi partiyalarının, “Dalğa” Hərəkatının və digər gənclər qurumlarının nümayəndələri iştirak etdilər. Məhz forumdan qeyri-zorakılıq mesajları yayıldı. Mayın 10-da Gül bayramına, ölkədə matəm elan olunmamasına etiraz edən gənclər dinc, qeyr-zorakı aksiya keçirdilər.
İstər müxalifət lideri olsun, istərsə də iqtidar, heç kimin təhqir olunmasının tərəfdarı deyiləm. Siyasətçinin gördüyü işləri, ideyaları təhlil etmək lazımdır. Belə bir deyim var: “Böyük insanlar ideyaları, kiçik insanlar isə şəxsiyyəti tənqid edirlər”.
“Hakim dairələrdə başa düşürlər ki, hansısa gənclər qrupu gələcəkdə böyük bir hərəkata çevrilə bilər”
Labels: gencler
Subscribe to:
Post Comments (Atom)
1 comment:
Fealiyyetin ve dushuncelerin ile bagli melumatlari bolushduyun uchun teshekkurler Emin.
Biz genjleri hal hazirda guclu ve beraber saxlayan en muhum quvve-inamdir. Inanaq ki, Azerbaycan gencleri gish feslinden bahar fesline yavash olsada kechid alajagdir. Like Confucius said "It does not matter how slowly you go so long as you do not stop."
Derin hormetle,
Fatima Hasanova
Post a Comment