Tural Vəliyev: İqtisadi inkişafın stabil və davamlı olmağı üçün demokratiyanin bərqarar olması, müxtəlif dayaq institutlaın yaranması cox vacibdir
Bloqumuzun "5 sual - 5 cavab" rubrikası davam edir. Qeyd etdiyimiz kimi bu rubrikanın məqsədi Azərbaycan gəncliyinin müxtəlif simaları ilə bərabər cəmiyyətin indiki vəziyyəti və bu vəziyyətdən çıxış yollarını müzakirə etməkdir. Üçüncü qonağımız “Azad Düşüncələr” Assosiasiyasının qurucu rəhbəri Tural Vəliyevdir.
- Özünüzü təqdim edin
Mən 7 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşam. 1998-ci ildə orta təhsilimi Bakıda bitirdikdən sonra Şimali Kipr Doğu Akdəniz Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində bakalavr dərəcəsinə yiyələnmişəm. Hal-hazırda İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetində İnkişafın Menecmenti (Development Management) üzrə magistr dərəcəsində oxuyuram.
Bu günə qədər isə, 2002-2003 illərində ABŞ, Vaşinqtonda yerləşən Keyto Institutunda (Cato İnstitute) 1 il təcrübə qazanmış, 2004-cü ildən BP şirkətinin Azərbaycandakı bütün ictimai sərmayələr proqramlarının qrup rəhbəri kimi işləmişəm. BP-dəki işimdən əlavə, Free Minds Association (FMA) “Azad Düşüncələr” Assosiasiyası’nın (ADA) qurucu rəhbəri olmuşam. FMA-nin ən fəal üzvlərilə bərabər Azərbaycanda liberal (libertarian) dəyərləri müdafiə edən, fərdi azadlıq, özəl mülkiyyət hüquqları və qanunun aliliyi çərçivəsində məhdud hökumət (limited government) və azad cəmiyyəti təbliğ edən lahiyələr həyata keçirmişəm. 2007-ci ildə Londonda yerləşən “Stokholm NETWORK” təşkilatı FMA-ni yeni bazar iqtisadiyyatı ölkələrində fəaliyyət göstərən ən yaxşı qurum adına layiq görmüşdür. Bundan əlavə, Azadlıq Çirağı saytını http://www.azadliqciragi.org/ uğurla Azərbaycan dilli oxuyucularımıza çatdırmğı davam etdirirəm.
Hər zaman fərqli olmağı və fərqli düşünməkdən qorxmamağı xoşlamışam. Fərqliliyin hər insana səciyyəvi xüsusiyyət olduğunu sadə Azərbaycan vətəndaşına izah etməyi və bunun ictimai, siyasi ve social bazda təmin edilməsi üçün mücadilə aparmağı sevmişəm.
- Bir vətəndaş kimi cəmiyyətə necə fayda verirsiniz?
Bir dəfə, möhkəm ateist olan Bertran Russelldən soruşublar ki, dünyasını dəyişdikdən sonra Allahı görsən, Russel, nə edərsən? Russelin cavabı belə olmuşdur, “Mənim ona bircə sualım olar. Ey Allahü-təala, sən niyə öz mövcudluğunla bağlı mənə belə az sübut vermisən?” Azərbaycandakı vəziyyət nə bəndəyə, nə də Allaha xoş gedən vəziyyətdir. Bir cox insan, Russelin sualını dəyişdirib soruşa bilərki, görəsən niyə Allahü-təala ölkəmizdəki vəziyyətə göz yumur. Bu düşüncənin dini tərəfini danışmaq mənim həddim deyil, çünki dini savadım o qədər də çox deyil. Amma bir fakt ortadadır: ətrafımızda gördüyümüz problemlər bizim problemlərimizdir. Başqalarının nə düşünməsindən və necə hərəkət etməsindən asılı olmayaraq bir vətəndaş olaraq, onları aradan qaldırmaq bizim hamımızın məsuliyyətimizdir. Buna görə də, mənim üçün vətəndaş anlayışı əsas olaraq məsuliyyət (responsibility) deməkdir.
Məncə kiminsə nə etməsi yox, nə üçün etməsi cox vacibdir. İndiyə qədər etdiklərimi də bu müstəvidən baxsam, bəlkə də elə hamısı cox əhəmiyyətlidir, çünkü bir insan, öz vətəndaş məsuliyyətini dərk edib, cəhd göstərirsə, bu artıq onun produktivliyini, cəmiyyət üçün olan indiki və ya gələcək potensialına işarət edir. Bunlara misal olaraq, FMA çərçivəsində məni ən çox sevindirən, gənclərimizin xaricə gedib təcrübə qazanmağlarında kömək etməyim, liberal ideaları davamlə şəkildə Azadlıq Çırağında yaya bilməyim olmuşdur. Bundan əlavə, bir neçə klassik liberal siyasi-iqtisadi ədəbiyyatın tərcümə edib, çapı və yayılmasında uğurlu olmağım məni çox sevindirir. Təbii, bunların hamısını BP-dəki işimdən ayrı tuturam, çünkü orda da BTC boyunca olan Azərbaycan kəndləri üçün cox əhəmiyyətlli layihələr həyata keçirmişəm.
Amma indiyə qədər etmək istədiyim, amma, edə bilmədiyim çox şey var. Bəziləri qəribə səslənə bilər, amma azadlığı təmin və təqdim edən bir çox fiklərim olub. Məsələn, Azərbaycanda anti-construction movement (anti-tikinti hərəkatı) yaratmaq, seks muzeyi açmaq, Bakıda Azadlıq turu keçirmək kimi müxtəlif idealar. Əminəm ki, gələcəkdə bunların bir çoxunu həyata keçirə biləcəm.
- Cəmiyyətimiz haqqında nə düşünürsünüz?
Azərbaycan cəmiyyətində hal-hazırda problemli xüsusiyyətlər çoxdur. Bu xüsusiyyətlərin bəziləri artıq köhnələrək adət-ənənəyə çevrilib, bəziləri isə xalqımızın beyninizə yedizdirilməklə, günü-gündən sistematik şəkildə “implantasiya” olunurlar. Amma bu gün ən böyük problem insanlarımızın vətəndaşlıq erroziyasına uğramalarıdır. Məncə bu ən fundamental məsələdir. İnsanlarımızın, inkişaf üçün məsuliyyət tələb olunduğunu və məsuliyyətin də azadlıq üzərində qurulduğunu başa düşməyinin vaxtı gəlib. Təbii hökümət bunda maraqlı deyil. Əgər bir gənc, bu gün, azad və şəffaf təhsildən məhrum edilirsə, bir vətəndaş öz istədiyi kimi siyasi seçim etməkdən çəkinirsə və ya bir iş adamı öz əmlak hüquqlarından məhrum edilirsə, bu insanlar təkcə sağlam və azad həyat tərzindən yox, həmçinin vətəndaş olaraq öz məsuliyyətlərini dərk etməklərindən məhrum olunurlar. Amma problem ondadır ki, Azərbaycan xalqı bunları düşünməkdən imtina etməyə başlayıb. İnsanlarımız, ya hedonistik həyat seçimlərində davam edib, öz mikro-dünyalarında yaşayır, ya da pessimizmə qapılaraq, pis günün ömrü az olar prinsipiylə öz həyatlarını ela “pis gündə” də davam elətdirirlər.
Əgər cəmiyyət olaraq inkişaf eləmək istəyiriksə, yaxşı geyinən, yaxşı yeyib-içib və əylənən vassallar yığını deyil, səsinin sayıldığı və səsini tələb etdiyi, bunun üçün hər gün özünün məsuliyyətini dərk etdiyi xalq olmalıyıq. Bu yolda ən əsas məqam ictimai institulara verilməlidir. Bildiyimiz kimi, institutlar cəmiyyətin qarşılıqlı əlaqələrini formalaşdıran formal və qeyri-formal məcburiyyətlərdir, bir növü, oyun qaydalarıdır. Təəssüflər olsun ki, bu gün Azərbaycanda ki, oyun qaydaları rüşvət, yalan, korrupsiya, regionçuluq kimi reqressiv prinsiplər üzərində qurulub. Bunları dəyişdirmək bizim borcumuzdur, çünkü bu prinsiplər cəmiyyət tərəfindən artıq norm olaraq qəbul edilərsə, sonra onları de-legitimləşdirmək çox çətin olacaq. Əslində hər gün bizim inkişafımızın əleyhinə işləyir, çünki bu institutları yaradıb inkişaf etmək bir günün işi deyil və artıq cəmiyyət olaraq gecikirik.
- Müsbət dəyişikliklər istiqamətində gənclərin rolu nədən ibarət olduğunu hesab edirsiniz?
Məncə danışdığımız dəyişiklikləri əldə etmək üçün gənclərin rolu cox böyükdür. Hər bir cəmiyyətdə, gənclər sosial dəyişiliyin əsas damarı olublar, çünki adətən ən az gündəlik öhdəliyi olan və bəlkə də gələcəyə ən çox optimist elə gənclər olur elə. Bunun üçün, düşünürəm ki, gənclərimiz aktiv olmalıdırlar, fərqli olmaqdan, kiməsə “mən səninlə razı deyiləm” deməkdən çəkinməməlidirlər. Proqressiv cəmiyyətlər, həmişə fərqliliyin gətirdiyi üstunluklərlə inkişaf ediblər. Buna görə də, mən gənclərimizdə böyük potensial görurəm.
Çox istərdim ki gənclərimiz maariflənsinlər. Qoy savadlanmaqla, elm və intellektlə mücadilə etməyi seçsin gənclərimiz. Bir çox stereotiplərin, şişirdilmiş problemlərin aradan qaldırılması üçün həqiqətən də savadlı insanlara ehtiyac var.
Bundan əlavə, gənclərlə söhbət etdiyimdə, onlarda bir qorxu hissi olduğunu, özünə inam olmadığını görmuşəm. Məncə bunun əsas səbəbi azad cəmiyyətdə yaşamamağlarıdır. Gənclərimizi sərbəst görmək istərdim. Əgər biz bu gun nəisə dəyişdirə bilməsək, sabah gələcək nəsillərdə bu gün bizim yaşadığımız problemləri dəyişdirə bilməyəcəklər. Ona görə sərbəst olaq və heç vaxt azad düşünməkdən çəkinməyək.
- Yaxın 10 il ərzində dövlətimiz üçün hansı prioritetlər müəyyən edərdiniz?
Təəsüf ki, hökümətimiz inkişaf dedikdə ancaq ümumi daxili məhsulun artımından, neçə dənə körpu tikilibsə onun sayından və ya naməlum iş yerlərinin açılmasından danışırlar. Neftdən gələn sərvətin nə qədər xərcləməsi qədər necə xərclənməsi də çox vacibdir. Aristotelin dediyi kimi, var-dövlət əldə etmək istənilən əsas uğur deyil, o, başqa uğurları əldə edilməsi üçün olan vacib kiçik bir vasitədir. Buna görə də, müxtəlif sahələrə dövlətimiz xüsusi fikir verilməlidir, nəinki neftdən gələn pulun miqdarına.
Vacib sahələrdən biri təhsildir, çünkü təhsillə biz təkcə elm deyil, həmçinin vacib dəyərləri də aşılayırıq. Fikrimcə, təhsil sistemi ozəllişdirilməli, insanlara daha çox seçim imkanları yaradılmalıdır. Tələbələr müəllimin dediyini yazmaqda deyil, sinifdə sərbəst şəkildə müzakirə aparmağı, bir-birilə elmi dialoq aparmağı öyrənməlidirlər.
Bu gün, heç bir tələbə banklardan oxumaq üçün kredit götürə bilmir və bu qədər imkanlara baxmayaraq, müasir təhsil metodları (internet, e-kitabxana, video-konfrans) hələ də təhsil ocaqlarımıza gəlməyib. Tələbələrin bir çoxunun normal kitabxanaya və dünya ədəbiyyatına çıxışı yoxdur. Tələbə və şagirdlər üçün təhsil elm öyrənmək üçün deyil, diplom almaq üçün bir ritual və ya prosedur halına gəlib. Müəllimlərin iqtisadi problemlər, gündəlik çörək pulu qazanmaq üçün dəridən-qabıqdan çıxmaqları, onları elmi araşdırmalardan və innovasiyadan uzaqlaşdırıb. Bu problemlər aradan qaldırılmazsa, təhsilimizdə daha da kəskin problemlərlə qarşılaşa bilərik.
İqtisadiyyatımıza gəldikdə isə yəqinki diversifikasiya və qeyri-neft sektorunun inkişafının vacibliyini bir daha vurğulamaqa burda ehtiyac yoxdur. Əsas məsələ, yenə də institutisonal məsələdir. İndiyə qədər dünyada heç bir ölkə, qanun aliliyi olmadan, əmlak hüquqlarına əməl edilmədən uzun müddətli şəkildə stabil inkişaf etməyib. İqtisadi inkişafın stabil və davamlı olmağı üçün demokratiyanin bərqarar olması, müxtəlif dayaq institutlaın yaranması cox vacibdir. Bu da iqtisadi inkişafın təkcə maaşların çoxalması, həyat standartlarının yaxşılaşması deyil, əsas olaraq insanlar üçüb qeyri-maddi imkanlar yaradılması və onların azad iqtisadi seçim hüququ təmin olmasının vacibliyini göstərir. Bir sozlə, inkişaf azadlıq deməkdir. Bizim yaşam keyfiyyət səviyyəmiz ÜDM ilə deyil, bizim azadlığımızla ölçülməlidir. Həqiqi iqtisadi inkişaf azadlığa zidd ola bilməz. Əksinə, bu tam olaraq onun özündə və inkişafında vacib olan bir instrumental faktordur.
Son olaraq vurğulamaq istədiyim məqam budur - inkişafın əldə edilməsi üçün yeganə formula yoxdur. Hər xalq öz inkişaf və öz azadlıq yolunu seçir və burada hər ölkənin öz lokal institutları müxtəlif cür təsir edirlər. Amma bilinən fakt demokratiyanin həmişə cəmiyyət üçün daha vacib institutlar yaratmasıdır. İnkişaf azadlıqların gətirdiyi imkanlarla baş verir, əgər bizdə elementar azadlıqlar yoxdursa, hər hansı bir inkişafdan danışmaq üçün hələ çoz tezdir.
Bundan öncəki qonaqların müsahibəsinə buradan baxa bilərsiniz.
Bizim yaşam keyfiyyət səviyyəmiz ÜDM ilə deyil, bizim azadlığımızla ölçülməlidir
Subscribe to:
Post Comments (Atom)
3 comments:
Tural, bes ac garnina azadliq olur?
Adnan salam! :)
Eslinde menim bele tezisim yoxdur reportajda. menim esas arqument getirdiyim, heqiqi inkisafin iqtisadi indikatorlarla bitmediyi ve bunun ucun azadliqa ve institutlara ehtiyacimiz oldugudur.
Amma sualina gelende, beli Adnan, ola biler. Cunku eger ac, amma azadsana, acliqin dashini atmaq ucun calisaqsan ve buna da mutleq halda suni manelerle qarsilasmadan iqtisadi-siyasi azad olkelerde nail ola bilersen.
Acliq sebeb deyil, neticedir, yeni Zimbabve kimi olkeler azad oldugu ucun deyil, azad olmadigi ucun acdir bu gun.
Hər halda ikisi arasında çox ciddi korrelasiya var ama bu xəmir çox su aparar. Ölkədə problem çoxdur ama əsası insanların bacarıqları ilə bağlı olandır. Yuxarıda ən yaxşı siyasətlər, planlar hazırlansa da əgər aşağı səviyyədə onu icra edən qurumlarda imkan və bacarıqlar yoxdursa onda nəticə tam alınmayacaq.
Mən tövsiyyə eləyirəm ki, Tural LSE`dən məzun olduqdan sonra gəlsin ya dövlətdə yada bu problemin həlli üçün çalışan bir QHT`də çalışsın ;)
Post a Comment