Cəmiyyətimiz fərqlənən insanları sevmir

Nigar Fətəli: Bizə yeni ali təhsil müəssisələri lazımdır, yeni kitablar, incəsənətin inkişafı üçün yeni stimul, düzgün və kamil insanlar lazımdır ki, bizim uşaqlarımıza elm və həyatı öyrətsinlər

Bloqumuzun "5 sual - 5 cavab" rubrikası davam edir. Qeyd etdiyimiz kimi bu rubrikanın məqsədi Azərbaycan gəncliyinin müxtəlif simaları ilə bərabər cəmiyyətin indiki vəziyyəti və bu vəziyyətdən çıxış yollarını müzakirə etməkdir. Növbəti qonağımız CinemAN layihəsinin koordinatoru Nigar Fətəlidir.

- Özünüzü təqdim edin.

Adım Nigar Fətəliyeva (Fətəli). 15 May 1986-cı il tarixində Bakı şəhərində anadan olmuşam. 160 nömrəli məktəbini bitirib, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə Kinorejissorluq fakültəsinə qəbul olunmuşam. İki filmin çəkilişlərində iştirak etmişəm və iki il Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda PR menecer vəzifəsində çalışmışam. 2008-ci ilin dekabr ayından etibarən işsizəm, hal-hazırda bir neçə layihə ilə məşğulam - CinemAN layihəsinin koordinatoruyam, İnternews layihələrinin birinin iştirakçısıyam, diplom işim üzərində işləyirəm və s.

Teistəm, liberal feministəm, tərsəm, səyahəti, həyatı, insanları sevirəm, incəsənət (əsasən kino) həvəskarıyam, azadlıqsevənəm, tolerant olmağa çalışıram.

- Bir vətəndaş kimi cəmiyyətə necə fayda verirsiniz?

Yaxşı sualdır. Vətəndaş yalnız hər hansı bir ölkənin vətəndaşlığını daşıyan insan deyil, o, həmin ölkənin qanunlarına hörmət edir, tarixini və mədəniyyətini bilir, haqsızlıqlara və qanunsuzluqlara yol vermir, özünə və cəmiyyətə faydalı olmağa çalışır.

İnsanda vətəndaş şüurunun olması çox vacibdir, biz başa düşməliyik ki, gələcək bizim bu gün etdiklərimizdir, nəvə və nəticələrimiz bu gün əkdiklərimizi gələcəkdə biçəcəklər.

Əsl vətəndaş olub-olmamağımı bilmirəm, yalnız onu deyə bilərəm ki, olmağa çalışıram.Bildiyiniz kimi, artıq bir neçə aydır ki, biz hər həftə gənclər üçün pulsuz kino nümayişlərini, və kinematoqraf mövzusunda mühazirələr təşkil edirik, onlara kino anlayışını öyrətməyə çalışırıq. Bu yaxınlarda bizdə yeni bir ideya yaranıb ə mən ümid edirəm ki, bu layihə, yazmağı bacaran və öz reallığını cəmiyyətə göstərmək istəyən gənclər üçün bir stimul olacaq.

Mənim üçün CinemAN yalnız həftəlik kino seansları deyil, o həmçinin insanların düşüncələrinə, zövqlərinə, qəlblərinə təsir etməlidir. Axı kino yalnız əyləncə deyil – mənəvi qidadır.

- Cəmiyyətimiz haqqında nə düşünürsünüz?

Əsas problemlərimiz gözümüzün qabağındadır, onları hər kəs görür, biri deyir, o birisi isə susur. Çünki reallıqdan qaçmağa öyrəşmişik artıq.

Cəmiyyətimizin əksəriyyəti kitab oxumur, yanlış stereotiplər və maddi nemətlərlə yaşayır, inanmır, mübarizə aparmır, maraqlanmır.

Öz şəxsi mövqeyi (dəbdə olan yox) olan fərdlər azdı. Dahilər ondan da nadir.

Camaatdan fərqlənən insanları sevmirik, mübahisə etməyi, qeybət qırmağı xoşlayırıq. Lakin, axırıncı xüsusiyyət, yəqin ki, bütün kiçik icmalara məxsusdur. Bizdə xalqı birləşdirə bilən milli ideya yoxdur, hətta din və dil də bizi ayırırlar.

Şüursuz cəmiyyətin müvafiq problemləri olur: korrupsiya, monopoliya, qanunsuzluq, ədalətsizlik. Bunların qarşısını almağa çalışan kiçik qruplar olsa da, xalqın əksəriyyəti bu həyat tərzinə çoxdan alışıb.

Lakin, bütün bunlara baxmayaraq, camaatın arasında hərdən istedadlı, ağıllı və perspektiv insanlar tapılır. Gənclər artıq daha şüurlu və fəaldılar, universitetlərə, rayonlara gedirlər, insanları maarifləndirməyə çalışırlar, maraqlı layihələr üzərində işləyirlər. Bu, şəxsən məni çox sevindirir. Bu cür insanlar az olsa da, ətrafdakıları da dəyişdirməyə çalışırlar, gələcəyi qururlar.

Xalqımıza inanıram. Bilirəm ki, biz daha yaxşı yaşaya bilərik, daha ağıllı, müdrik, şüurlu və tolerant ola bilərik. Biz sadəcə olaraq boyüməliyik, cəmiyyətimiz balaca uşağa bənzəyir. Gözlərimizi açıb, gəzməyi öyrənməliyik.

- Müsbət dəyişikliklər istiqamətində gənclərin rolu nədən ibarət olduğunu hesab edirsiniz?

Gənclik – cəmiyyətin ən güclü təbəqəsidir. Gənclik hər bir toplumun sabahkı günüdür. Bizim gələcəyimizdə siz bu gün nə görürsüz? Bəli, məni də bu məsələ çox narahat edir.

Yaxınlarda bir qızla danışırdım, mənə şikayətləndi ki, valideynlərin onun ərə getməyini istəyir, (qızın 24 yaşı var) amma özü guya istəmirdi. Mən ona məsləhət gördüm ki, ətrafdakıların dediklərinə qulaq asmasın, təhsilini davam etdirsin, səyahət etsin və maraqlı insanlarla tanış olsun. Ondan belə cavab aldım: “Nə danışırsan, səyahətə yalnız ərimlə gedə bilərəm, qadının reputasiyasını korlamaq çox asandır”. Buna nə deyəsən? Amma bunun kimilər çoxdur.

Bəs, şəhərdə gəzən nə qədər gənc oğlan var ki, düşündüyü sadəcə 1-cisi biznes yaradıb varlanmaq, 2-cisi bakirə qız tapım evlənməkdir.

Mən insanlarla ünsiyyətdə olmağı çox sevirəm və mənim dostlarımın arasında gəncliyimizin bir çox təbəqələrinin nümayəndələri var. Ona görə də mən cəmiyyətdəki mövcud vəziyyətlə bağlı geniş təsəvvürə malikəm.

Bizim gəncliyimizi qərb toplumlarındakı mövcud olan gəncliklə müqayisə etmək çətindir. Ən azından coğrafi və tarixi amillərə görə. Onların heç biri müharibədən sonrakı post-sovet zəmanəsində böyümüyüb və valideynləri özlərinə “axı kimə inanaq?” sualını verməyiblər. Əslində bunların hamısının bizə təsiri olub. Qərbin gənci olduqca nikbin və ətrafı ilə maraqlanandır, səbirsizliklə yetkinlik yaşını gözləyir ki, yuvasından azad olsun, köçsün, həyatını qursun və özünü tapsın. O, bəzən kütbeyindir, bəzən məqsədyönlüdür, bəzən dahidir. Bir neçə xarici dil bilir. Bizim gənclər isə, bir çox hallarda valideynlərin himayəsindədir, müstəqil deyil, aqqresivdir və elmə maraqları yoxdur. Onlar yetkinliyin erkən yaşlarından ailə yaradır və bir qayda olaraq Azərbaycandan xaricdəki həyata görmür.

Şəxsən mən, gələcəyimizin ümidini sizin və sizin ətrafınızda olan gənclərin simasında görürəm. Yəni OL! Dalğa, AN Şəbəkəsi və ölkə üzrə səpələnmiş potensialı aşkar olunmamış gənclərdə.

Həm də mən xaricdə təhsil almış və ya təhsil alan gənclərə inanıram. Çünki onlar, korrupsiya və rüşvətxorluğa uğramamış təhsil sisteminin yetirmələri olduğundan başqa beynəlxalq və həyat təcrübəsi əldə edilər ki, bu da onların şəxsiyyət kimi formalaşmasında bir nömrəli amil olur. Bu tip uşaqların sayının artması sevindirici haldır.

Gənclərimizə təhsil almaq, həyat təcrübəsi toplamaq və özünü tapmaq üçün mümkün olan bütün vasitələrdən istifadə etməsini tövsiyə edərdim. Qalanı özü düzələcək.

- Yaxın 10 il ərzində dövlətimiz üçün hansı prioritetlər müəyyən edərdiniz?

Əfsuslar olsun ki, dövlət quruculuğunda bütün amillər o qədər biri-birinə bağlıdır ki, hər hansının daha vacib olmasını demək olmaq. Əgər vəziyyəti düzəltmək imkanımız olsa hər şeydən eyni vaxtda başlamaq lazım olacaq – təhsil, səhiyyə və iqtisadiyyat.

İlk növbədə təhsilimizin əsas problemi olan korrupsiyanın qarşısının alınması üçün kəskin tədbirlər görmək lazımdır. Bunun üçün müəllimlərimizin əmək haqqını yüksəltmək, bəzilərini həbs etmək, bəzilərini isə pedaqoji fəaliyyətdən uzaqlaşdırmaq lazımdır.

İqtisadiyyatı qaldırmaq lazımdır, dünyada ən tez inkişaf edən və ən stabil iqtisadi artımı olan ölkə haqqındakı nağılları unutmaq lazımdır. İqtisadiyyatımızın 90%-dən çoxu neft və neft məhsullarının ixracı üzərində qurulub. İqtisadiyyatı şəffaflaşdırmaq lazımdır, azad bazar lazımdır, həmkarlar ittifaqlarını gücləndirmək, ölkəmizdə inanılmaz səviyyəyə çatmış inhisarçılıqla (hətta kibrit, şpris və s. belə kimi mallar monopoliyadadır) mübarizə aparmaq lazımdır. Asfalt yollar inanılmaz qiymətə tikilir (Avropa standartlarından 10 dəfə baha), gömrük qurumlarında dərəbəyilikdir, incəsənət haqqında ümumiyyətlə söhbət etmək istəməzdim. Amma, yox, danışmalıyam. Siz bizim universiteti [İncəsənət Uni.] görmüşsünüz? Bir ora baş çəkib vəziyyətə baxın, rejissura fakültəsinin 4-cü kurs tələbələri üçün praktika bilirsiniz nədir? “Azərbaycanfilm” kinostudiyasındakı çəkilişlərə getmək, qıraqda durub qeydlər aparmaq və nəticədə dəftəri kuratora göstərmək, vəssalam. Heç film çəkmək və inkişaf etmək haqqında danışmağa dəyməz, orada yalnız korrupsiya və mənəvi özbaşınalıq. Bu – bizim incəsənətimizin gələcəyidir. Bu bir faciədir.

Bizə yeni ali təhsil müəssisələri lazımdır, yeni kitablar, incəsənətin inkişafı üçün yeni stimul, düzgün və kamil insanlar lazımdır ki, bizim uşaqlarımıza elm və həyatı öyrətsinlər.

Və nəhayət olaraq hökümətlə cəmiyyətin münasibəti – ÜNSİYYƏT üzərində qurulmalıdır. Birbaşa ünsiyyət, media vasitəsi ilə ünsiyyət? Müxbirlərin dəstələrnən həbs olunması zaman, və azadlıqda qalanlarının “saray xəbərləri” və Ermənistan məsələlərinin işıqlandırdığı halda hansı ünsiyyətdən danışa bilərik? Bunların peşəkarlığını biz tam şəkildə 30 aprel və 10 mayda gördük.

Xarici siyasətə gəldikdə isə burda da vəziyyət qənaətbəxş deyil. Bizim hakimiyyət bu sferada görünməmiş uğurlar haqqında bəhs edir, deyirlər ki, bütün dünya bizim haqqımızda danışır. Doğrudan da danışır, 2003 və 2005-də mitinqlərin dağıdılmasından, neftdən və onun kimlərin ciblərinə axdığından, türmələrdə oturmuş jurnalistlərdən.

Biz qorxuruq ki, hər hansı daxili skandalı ölkədən xaricə çıxarsaq bizə güləcəklər. Başa düşmürük ki, orta statistik Avropalı xəbərlərdə referendumun nəticələrini görəndə onsuz da gülür, 88% lehinə? Hansı demokratiyadan danışa bilərik burada?

Və nəhayət ki, bizim əsas problemimiz – 15 ildir dondurulmuş Ermənistanla münaqişə. Bu məsələyə ehtiyatlı yanaşmaq lazımdır. Bu konflikt dünən başlamayıb və sabah sona çatsa belə, birisi gün mütləq yenidən başlayacaq. Çünki xalqlarımızın arasında tarixi anlaşılmazlıqlar, toqquşmalar və saysız-hesabsız soyqırımlar var. Bu məsələnin “bu günlük” həlli lazımsızdır, problemin kökünə baxmaq lazımdır. Bəlkə də bütünlüklə Cənubi Qafqazın tarixini yenidən yazmaq lazımdır. Yenidən yazmasaq da, hər halda ortaq məxrəcə gəlmək lazımdır. Bu çox utopik səslənir, amma məncə bu Qafqazda sülhün bərqərar olunmasının yeganə yoludur. Bunu etməsək bütün konfliktlər yenidən başlayacaq.

Hakimiyyət üçün yaxın 10 ilə prioritet kimi... vicdanı görürəm. Vicdan çox vacibdir.

Bundan öncəki qonaqların müsahibəsinə buradan baxa bilərsiniz.

6 comments:

Anonymous said...

vicdan ve vicdan ezabi-teessuf ki, hal hazirda ne biri ne digeri movcud deyildir. vicdan ozu de inslanlar garshisinda-vetendashlar garshisind olan mesuliyyetdir. Her shey ilk novbede menevi derlerin guclendmesinden ireli gelir. Halaldir Nigar!

Fatima Hasanova

Arzu Geybulla said...

Nigar, halaldir!

Unknown said...

Gələcəyin Rəbiyyət Aslanovası.

Anonymous said...

Nigar bu məqaləni oxuyannan sonra bir azda olsa Azerbaycanın gələcəyinə ümidim yarandı... cünki əfsuslar olsun mənim etrəfımda olan gənclərin dəyərləri maddi maragdadır ... seni bir bashga yöndən tanıdım və cox şadam ki həmfikrimi tapdım nəhayət ki:)
Mia Badaloffa

Fatalin said...

Chox sag olun, dostlar.
Bir olaq.

viagra online said...

ortaq məxrəcə gəlmək lazımdır. Bu çox utopik səslənir, amma məncə bu Qafqazda sülhün bərqərar olunmasının yeganə yoludur. Bunu etməsək bütün konfliktlər yenidən başlayacaq.