Showing posts with label 5 sual. Show all posts
Showing posts with label 5 sual. Show all posts

Cəmiyyətimiz fərqlənən insanları sevmir

Nigar Fətəli: Bizə yeni ali təhsil müəssisələri lazımdır, yeni kitablar, incəsənətin inkişafı üçün yeni stimul, düzgün və kamil insanlar lazımdır ki, bizim uşaqlarımıza elm və həyatı öyrətsinlər

Bloqumuzun "5 sual - 5 cavab" rubrikası davam edir. Qeyd etdiyimiz kimi bu rubrikanın məqsədi Azərbaycan gəncliyinin müxtəlif simaları ilə bərabər cəmiyyətin indiki vəziyyəti və bu vəziyyətdən çıxış yollarını müzakirə etməkdir. Növbəti qonağımız CinemAN layihəsinin koordinatoru Nigar Fətəlidir.

- Özünüzü təqdim edin.

Adım Nigar Fətəliyeva (Fətəli). 15 May 1986-cı il tarixində Bakı şəhərində anadan olmuşam. 160 nömrəli məktəbini bitirib, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə Kinorejissorluq fakültəsinə qəbul olunmuşam. İki filmin çəkilişlərində iştirak etmişəm və iki il Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda PR menecer vəzifəsində çalışmışam. 2008-ci ilin dekabr ayından etibarən işsizəm, hal-hazırda bir neçə layihə ilə məşğulam - CinemAN layihəsinin koordinatoruyam, İnternews layihələrinin birinin iştirakçısıyam, diplom işim üzərində işləyirəm və s.

Teistəm, liberal feministəm, tərsəm, səyahəti, həyatı, insanları sevirəm, incəsənət (əsasən kino) həvəskarıyam, azadlıqsevənəm, tolerant olmağa çalışıram.

- Bir vətəndaş kimi cəmiyyətə necə fayda verirsiniz?

Yaxşı sualdır. Vətəndaş yalnız hər hansı bir ölkənin vətəndaşlığını daşıyan insan deyil, o, həmin ölkənin qanunlarına hörmət edir, tarixini və mədəniyyətini bilir, haqsızlıqlara və qanunsuzluqlara yol vermir, özünə və cəmiyyətə faydalı olmağa çalışır.

İnsanda vətəndaş şüurunun olması çox vacibdir, biz başa düşməliyik ki, gələcək bizim bu gün etdiklərimizdir, nəvə və nəticələrimiz bu gün əkdiklərimizi gələcəkdə biçəcəklər.

Əsl vətəndaş olub-olmamağımı bilmirəm, yalnız onu deyə bilərəm ki, olmağa çalışıram.Bildiyiniz kimi, artıq bir neçə aydır ki, biz hər həftə gənclər üçün pulsuz kino nümayişlərini, və kinematoqraf mövzusunda mühazirələr təşkil edirik, onlara kino anlayışını öyrətməyə çalışırıq. Bu yaxınlarda bizdə yeni bir ideya yaranıb ə mən ümid edirəm ki, bu layihə, yazmağı bacaran və öz reallığını cəmiyyətə göstərmək istəyən gənclər üçün bir stimul olacaq.

Mənim üçün CinemAN yalnız həftəlik kino seansları deyil, o həmçinin insanların düşüncələrinə, zövqlərinə, qəlblərinə təsir etməlidir. Axı kino yalnız əyləncə deyil – mənəvi qidadır.

- Cəmiyyətimiz haqqında nə düşünürsünüz?

Əsas problemlərimiz gözümüzün qabağındadır, onları hər kəs görür, biri deyir, o birisi isə susur. Çünki reallıqdan qaçmağa öyrəşmişik artıq.

Cəmiyyətimizin əksəriyyəti kitab oxumur, yanlış stereotiplər və maddi nemətlərlə yaşayır, inanmır, mübarizə aparmır, maraqlanmır.

Öz şəxsi mövqeyi (dəbdə olan yox) olan fərdlər azdı. Dahilər ondan da nadir.

Camaatdan fərqlənən insanları sevmirik, mübahisə etməyi, qeybət qırmağı xoşlayırıq. Lakin, axırıncı xüsusiyyət, yəqin ki, bütün kiçik icmalara məxsusdur. Bizdə xalqı birləşdirə bilən milli ideya yoxdur, hətta din və dil də bizi ayırırlar.

Şüursuz cəmiyyətin müvafiq problemləri olur: korrupsiya, monopoliya, qanunsuzluq, ədalətsizlik. Bunların qarşısını almağa çalışan kiçik qruplar olsa da, xalqın əksəriyyəti bu həyat tərzinə çoxdan alışıb.

Lakin, bütün bunlara baxmayaraq, camaatın arasında hərdən istedadlı, ağıllı və perspektiv insanlar tapılır. Gənclər artıq daha şüurlu və fəaldılar, universitetlərə, rayonlara gedirlər, insanları maarifləndirməyə çalışırlar, maraqlı layihələr üzərində işləyirlər. Bu, şəxsən məni çox sevindirir. Bu cür insanlar az olsa da, ətrafdakıları da dəyişdirməyə çalışırlar, gələcəyi qururlar.

Xalqımıza inanıram. Bilirəm ki, biz daha yaxşı yaşaya bilərik, daha ağıllı, müdrik, şüurlu və tolerant ola bilərik. Biz sadəcə olaraq boyüməliyik, cəmiyyətimiz balaca uşağa bənzəyir. Gözlərimizi açıb, gəzməyi öyrənməliyik.

- Müsbət dəyişikliklər istiqamətində gənclərin rolu nədən ibarət olduğunu hesab edirsiniz?

Gənclik – cəmiyyətin ən güclü təbəqəsidir. Gənclik hər bir toplumun sabahkı günüdür. Bizim gələcəyimizdə siz bu gün nə görürsüz? Bəli, məni də bu məsələ çox narahat edir.

Yaxınlarda bir qızla danışırdım, mənə şikayətləndi ki, valideynlərin onun ərə getməyini istəyir, (qızın 24 yaşı var) amma özü guya istəmirdi. Mən ona məsləhət gördüm ki, ətrafdakıların dediklərinə qulaq asmasın, təhsilini davam etdirsin, səyahət etsin və maraqlı insanlarla tanış olsun. Ondan belə cavab aldım: “Nə danışırsan, səyahətə yalnız ərimlə gedə bilərəm, qadının reputasiyasını korlamaq çox asandır”. Buna nə deyəsən? Amma bunun kimilər çoxdur.

Bəs, şəhərdə gəzən nə qədər gənc oğlan var ki, düşündüyü sadəcə 1-cisi biznes yaradıb varlanmaq, 2-cisi bakirə qız tapım evlənməkdir.

Mən insanlarla ünsiyyətdə olmağı çox sevirəm və mənim dostlarımın arasında gəncliyimizin bir çox təbəqələrinin nümayəndələri var. Ona görə də mən cəmiyyətdəki mövcud vəziyyətlə bağlı geniş təsəvvürə malikəm.

Bizim gəncliyimizi qərb toplumlarındakı mövcud olan gəncliklə müqayisə etmək çətindir. Ən azından coğrafi və tarixi amillərə görə. Onların heç biri müharibədən sonrakı post-sovet zəmanəsində böyümüyüb və valideynləri özlərinə “axı kimə inanaq?” sualını verməyiblər. Əslində bunların hamısının bizə təsiri olub. Qərbin gənci olduqca nikbin və ətrafı ilə maraqlanandır, səbirsizliklə yetkinlik yaşını gözləyir ki, yuvasından azad olsun, köçsün, həyatını qursun və özünü tapsın. O, bəzən kütbeyindir, bəzən məqsədyönlüdür, bəzən dahidir. Bir neçə xarici dil bilir. Bizim gənclər isə, bir çox hallarda valideynlərin himayəsindədir, müstəqil deyil, aqqresivdir və elmə maraqları yoxdur. Onlar yetkinliyin erkən yaşlarından ailə yaradır və bir qayda olaraq Azərbaycandan xaricdəki həyata görmür.

Şəxsən mən, gələcəyimizin ümidini sizin və sizin ətrafınızda olan gənclərin simasında görürəm. Yəni OL! Dalğa, AN Şəbəkəsi və ölkə üzrə səpələnmiş potensialı aşkar olunmamış gənclərdə.

Həm də mən xaricdə təhsil almış və ya təhsil alan gənclərə inanıram. Çünki onlar, korrupsiya və rüşvətxorluğa uğramamış təhsil sisteminin yetirmələri olduğundan başqa beynəlxalq və həyat təcrübəsi əldə edilər ki, bu da onların şəxsiyyət kimi formalaşmasında bir nömrəli amil olur. Bu tip uşaqların sayının artması sevindirici haldır.

Gənclərimizə təhsil almaq, həyat təcrübəsi toplamaq və özünü tapmaq üçün mümkün olan bütün vasitələrdən istifadə etməsini tövsiyə edərdim. Qalanı özü düzələcək.

- Yaxın 10 il ərzində dövlətimiz üçün hansı prioritetlər müəyyən edərdiniz?

Əfsuslar olsun ki, dövlət quruculuğunda bütün amillər o qədər biri-birinə bağlıdır ki, hər hansının daha vacib olmasını demək olmaq. Əgər vəziyyəti düzəltmək imkanımız olsa hər şeydən eyni vaxtda başlamaq lazım olacaq – təhsil, səhiyyə və iqtisadiyyat.

İlk növbədə təhsilimizin əsas problemi olan korrupsiyanın qarşısının alınması üçün kəskin tədbirlər görmək lazımdır. Bunun üçün müəllimlərimizin əmək haqqını yüksəltmək, bəzilərini həbs etmək, bəzilərini isə pedaqoji fəaliyyətdən uzaqlaşdırmaq lazımdır.

İqtisadiyyatı qaldırmaq lazımdır, dünyada ən tez inkişaf edən və ən stabil iqtisadi artımı olan ölkə haqqındakı nağılları unutmaq lazımdır. İqtisadiyyatımızın 90%-dən çoxu neft və neft məhsullarının ixracı üzərində qurulub. İqtisadiyyatı şəffaflaşdırmaq lazımdır, azad bazar lazımdır, həmkarlar ittifaqlarını gücləndirmək, ölkəmizdə inanılmaz səviyyəyə çatmış inhisarçılıqla (hətta kibrit, şpris və s. belə kimi mallar monopoliyadadır) mübarizə aparmaq lazımdır. Asfalt yollar inanılmaz qiymətə tikilir (Avropa standartlarından 10 dəfə baha), gömrük qurumlarında dərəbəyilikdir, incəsənət haqqında ümumiyyətlə söhbət etmək istəməzdim. Amma, yox, danışmalıyam. Siz bizim universiteti [İncəsənət Uni.] görmüşsünüz? Bir ora baş çəkib vəziyyətə baxın, rejissura fakültəsinin 4-cü kurs tələbələri üçün praktika bilirsiniz nədir? “Azərbaycanfilm” kinostudiyasındakı çəkilişlərə getmək, qıraqda durub qeydlər aparmaq və nəticədə dəftəri kuratora göstərmək, vəssalam. Heç film çəkmək və inkişaf etmək haqqında danışmağa dəyməz, orada yalnız korrupsiya və mənəvi özbaşınalıq. Bu – bizim incəsənətimizin gələcəyidir. Bu bir faciədir.

Bizə yeni ali təhsil müəssisələri lazımdır, yeni kitablar, incəsənətin inkişafı üçün yeni stimul, düzgün və kamil insanlar lazımdır ki, bizim uşaqlarımıza elm və həyatı öyrətsinlər.

Və nəhayət olaraq hökümətlə cəmiyyətin münasibəti – ÜNSİYYƏT üzərində qurulmalıdır. Birbaşa ünsiyyət, media vasitəsi ilə ünsiyyət? Müxbirlərin dəstələrnən həbs olunması zaman, və azadlıqda qalanlarının “saray xəbərləri” və Ermənistan məsələlərinin işıqlandırdığı halda hansı ünsiyyətdən danışa bilərik? Bunların peşəkarlığını biz tam şəkildə 30 aprel və 10 mayda gördük.

Xarici siyasətə gəldikdə isə burda da vəziyyət qənaətbəxş deyil. Bizim hakimiyyət bu sferada görünməmiş uğurlar haqqında bəhs edir, deyirlər ki, bütün dünya bizim haqqımızda danışır. Doğrudan da danışır, 2003 və 2005-də mitinqlərin dağıdılmasından, neftdən və onun kimlərin ciblərinə axdığından, türmələrdə oturmuş jurnalistlərdən.

Biz qorxuruq ki, hər hansı daxili skandalı ölkədən xaricə çıxarsaq bizə güləcəklər. Başa düşmürük ki, orta statistik Avropalı xəbərlərdə referendumun nəticələrini görəndə onsuz da gülür, 88% lehinə? Hansı demokratiyadan danışa bilərik burada?

Və nəhayət ki, bizim əsas problemimiz – 15 ildir dondurulmuş Ermənistanla münaqişə. Bu məsələyə ehtiyatlı yanaşmaq lazımdır. Bu konflikt dünən başlamayıb və sabah sona çatsa belə, birisi gün mütləq yenidən başlayacaq. Çünki xalqlarımızın arasında tarixi anlaşılmazlıqlar, toqquşmalar və saysız-hesabsız soyqırımlar var. Bu məsələnin “bu günlük” həlli lazımsızdır, problemin kökünə baxmaq lazımdır. Bəlkə də bütünlüklə Cənubi Qafqazın tarixini yenidən yazmaq lazımdır. Yenidən yazmasaq da, hər halda ortaq məxrəcə gəlmək lazımdır. Bu çox utopik səslənir, amma məncə bu Qafqazda sülhün bərqərar olunmasının yeganə yoludur. Bunu etməsək bütün konfliktlər yenidən başlayacaq.

Hakimiyyət üçün yaxın 10 ilə prioritet kimi... vicdanı görürəm. Vicdan çox vacibdir.

Bundan öncəki qonaqların müsahibəsinə buradan baxa bilərsiniz.

Bizim yaşam keyfiyyət səviyyəmiz ÜDM ilə deyil, bizim azadlığımızla ölçülməlidir

Tural Vəliyev: İqtisadi inkişafın stabil və davamlı olmağı üçün demokratiyanin bərqarar olması, müxtəlif dayaq institutlaın yaranması cox vacibdir

Bloqumuzun "5 sual - 5 cavab" rubrikası davam edir. Qeyd etdiyimiz kimi bu rubrikanın məqsədi Azərbaycan gəncliyinin müxtəlif simaları ilə bərabər cəmiyyətin indiki vəziyyəti və bu vəziyyətdən çıxış yollarını müzakirə etməkdir. Üçüncü qonağımız “Azad Düşüncələr” Assosiasiyasının qurucu rəhbəri Tural Vəliyevdir.

- Özünüzü təqdim edin

Mən 7 sentyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşam. 1998-ci ildə orta təhsilimi Bakıda bitirdikdən sonra Şimali Kipr Doğu Akdəniz Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində bakalavr dərəcəsinə yiyələnmişəm. Hal-hazırda İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetində İnkişafın Menecmenti (Development Management) üzrə magistr dərəcəsində oxuyuram.

Bu günə qədər isə, 2002-2003 illərində ABŞ, Vaşinqtonda yerləşən Keyto Institutunda (Cato İnstitute) 1 il təcrübə qazanmış, 2004-cü ildən BP şirkətinin Azərbaycandakı bütün ictimai sərmayələr proqramlarının qrup rəhbəri kimi işləmişəm. BP-dəki işimdən əlavə, Free Minds Association (FMA) “Azad Düşüncələr” Assosiasiyası’nın (ADA) qurucu rəhbəri olmuşam. FMA-nin ən fəal üzvlərilə bərabər Azərbaycanda liberal (libertarian) dəyərləri müdafiə edən, fərdi azadlıq, özəl mülkiyyət hüquqları və qanunun aliliyi çərçivəsində məhdud hökumət (limited government) və azad cəmiyyəti təbliğ edən lahiyələr həyata keçirmişəm. 2007-ci ildə Londonda yerləşən “Stokholm NETWORK” təşkilatı FMA-ni yeni bazar iqtisadiyyatı ölkələrində fəaliyyət göstərən ən yaxşı qurum adına layiq görmüşdür. Bundan əlavə, Azadlıq Çirağı saytını http://www.azadliqciragi.org/ uğurla Azərbaycan dilli oxuyucularımıza çatdırmğı davam etdirirəm.

Hər zaman fərqli olmağı və fərqli düşünməkdən qorxmamağı xoşlamışam. Fərqliliyin hər insana səciyyəvi xüsusiyyət olduğunu sadə Azərbaycan vətəndaşına izah etməyi və bunun ictimai, siyasi ve social bazda təmin edilməsi üçün mücadilə aparmağı sevmişəm.

- Bir vətəndaş kimi cəmiyyətə necə fayda verirsiniz?

Bir dəfə, möhkəm ateist olan Bertran Russelldən soruşublar ki, dünyasını dəyişdikdən sonra Allahı görsən, Russel, nə edərsən? Russelin cavabı belə olmuşdur, “Mənim ona bircə sualım olar. Ey Allahü-təala, sən niyə öz mövcudluğunla bağlı mənə belə az sübut vermisən?” Azərbaycandakı vəziyyət nə bəndəyə, nə də Allaha xoş gedən vəziyyətdir. Bir cox insan, Russelin sualını dəyişdirib soruşa bilərki, görəsən niyə Allahü-təala ölkəmizdəki vəziyyətə göz yumur. Bu düşüncənin dini tərəfini danışmaq mənim həddim deyil, çünki dini savadım o qədər də çox deyil. Amma bir fakt ortadadır: ətrafımızda gördüyümüz problemlər bizim problemlərimizdir. Başqalarının nə düşünməsindən və necə hərəkət etməsindən asılı olmayaraq bir vətəndaş olaraq, onları aradan qaldırmaq bizim hamımızın məsuliyyətimizdir. Buna görə də, mənim üçün vətəndaş anlayışı əsas olaraq məsuliyyət (responsibility) deməkdir.

Məncə kiminsə nə etməsi yox, nə üçün etməsi cox vacibdir. İndiyə qədər etdiklərimi də bu müstəvidən baxsam, bəlkə də elə hamısı cox əhəmiyyətlidir, çünkü bir insan, öz vətəndaş məsuliyyətini dərk edib, cəhd göstərirsə, bu artıq onun produktivliyini, cəmiyyət üçün olan indiki və ya gələcək potensialına işarət edir. Bunlara misal olaraq, FMA çərçivəsində məni ən çox sevindirən, gənclərimizin xaricə gedib təcrübə qazanmağlarında kömək etməyim, liberal ideaları davamlə şəkildə Azadlıq Çırağında yaya bilməyim olmuşdur. Bundan əlavə, bir neçə klassik liberal siyasi-iqtisadi ədəbiyyatın tərcümə edib, çapı və yayılmasında uğurlu olmağım məni çox sevindirir. Təbii, bunların hamısını BP-dəki işimdən ayrı tuturam, çünkü orda da BTC boyunca olan Azərbaycan kəndləri üçün cox əhəmiyyətlli layihələr həyata keçirmişəm.

Amma indiyə qədər etmək istədiyim, amma, edə bilmədiyim çox şey var. Bəziləri qəribə səslənə bilər, amma azadlığı təmin və təqdim edən bir çox fiklərim olub. Məsələn, Azərbaycanda anti-construction movement (anti-tikinti hərəkatı) yaratmaq, seks muzeyi açmaq, Bakıda Azadlıq turu keçirmək kimi müxtəlif idealar. Əminəm ki, gələcəkdə bunların bir çoxunu həyata keçirə biləcəm.

- Cəmiyyətimiz haqqında nə düşünürsünüz?

Azərbaycan cəmiyyətində hal-hazırda problemli xüsusiyyətlər çoxdur. Bu xüsusiyyətlərin bəziləri artıq köhnələrək adət-ənənəyə çevrilib, bəziləri isə xalqımızın beyninizə yedizdirilməklə, günü-gündən sistematik şəkildə “implantasiya” olunurlar. Amma bu gün ən böyük problem insanlarımızın vətəndaşlıq erroziyasına uğramalarıdır. Məncə bu ən fundamental məsələdir. İnsanlarımızın, inkişaf üçün məsuliyyət tələb olunduğunu və məsuliyyətin də azadlıq üzərində qurulduğunu başa düşməyinin vaxtı gəlib. Təbii hökümət bunda maraqlı deyil. Əgər bir gənc, bu gün, azad və şəffaf təhsildən məhrum edilirsə, bir vətəndaş öz istədiyi kimi siyasi seçim etməkdən çəkinirsə və ya bir iş adamı öz əmlak hüquqlarından məhrum edilirsə, bu insanlar təkcə sağlam və azad həyat tərzindən yox, həmçinin vətəndaş olaraq öz məsuliyyətlərini dərk etməklərindən məhrum olunurlar. Amma problem ondadır ki, Azərbaycan xalqı bunları düşünməkdən imtina etməyə başlayıb. İnsanlarımız, ya hedonistik həyat seçimlərində davam edib, öz mikro-dünyalarında yaşayır, ya da pessimizmə qapılaraq, pis günün ömrü az olar prinsipiylə öz həyatlarını ela “pis gündə” də davam elətdirirlər.

Əgər cəmiyyət olaraq inkişaf eləmək istəyiriksə, yaxşı geyinən, yaxşı yeyib-içib və əylənən vassallar yığını deyil, səsinin sayıldığı və səsini tələb etdiyi, bunun üçün hər gün özünün məsuliyyətini dərk etdiyi xalq olmalıyıq. Bu yolda ən əsas məqam ictimai institulara verilməlidir. Bildiyimiz kimi, institutlar cəmiyyətin qarşılıqlı əlaqələrini formalaşdıran formal və qeyri-formal məcburiyyətlərdir, bir növü, oyun qaydalarıdır. Təəssüflər olsun ki, bu gün Azərbaycanda ki, oyun qaydaları rüşvət, yalan, korrupsiya, regionçuluq kimi reqressiv prinsiplər üzərində qurulub. Bunları dəyişdirmək bizim borcumuzdur, çünkü bu prinsiplər cəmiyyət tərəfindən artıq norm olaraq qəbul edilərsə, sonra onları de-legitimləşdirmək çox çətin olacaq. Əslində hər gün bizim inkişafımızın əleyhinə işləyir, çünki bu institutları yaradıb inkişaf etmək bir günün işi deyil və artıq cəmiyyət olaraq gecikirik.

- Müsbət dəyişikliklər istiqamətində gənclərin rolu nədən ibarət olduğunu hesab edirsiniz?

Məncə danışdığımız dəyişiklikləri əldə etmək üçün gənclərin rolu cox böyükdür. Hər bir cəmiyyətdə, gənclər sosial dəyişiliyin əsas damarı olublar, çünki adətən ən az gündəlik öhdəliyi olan və bəlkə də gələcəyə ən çox optimist elə gənclər olur elə. Bunun üçün, düşünürəm ki, gənclərimiz aktiv olmalıdırlar, fərqli olmaqdan, kiməsə “mən səninlə razı deyiləm” deməkdən çəkinməməlidirlər. Proqressiv cəmiyyətlər, həmişə fərqliliyin gətirdiyi üstunluklərlə inkişaf ediblər. Buna görə də, mən gənclərimizdə böyük potensial görurəm.

Çox istərdim ki gənclərimiz maariflənsinlər. Qoy savadlanmaqla, elm və intellektlə mücadilə etməyi seçsin gənclərimiz. Bir çox stereotiplərin, şişirdilmiş problemlərin aradan qaldırılması üçün həqiqətən də savadlı insanlara ehtiyac var.

Bundan əlavə, gənclərlə söhbət etdiyimdə, onlarda bir qorxu hissi olduğunu, özünə inam olmadığını görmuşəm. Məncə bunun əsas səbəbi azad cəmiyyətdə yaşamamağlarıdır. Gənclərimizi sərbəst görmək istərdim. Əgər biz bu gun nəisə dəyişdirə bilməsək, sabah gələcək nəsillərdə bu gün bizim yaşadığımız problemləri dəyişdirə bilməyəcəklər. Ona görə sərbəst olaq və heç vaxt azad düşünməkdən çəkinməyək.

- Yaxın 10 il ərzində dövlətimiz üçün hansı prioritetlər müəyyən edərdiniz?

Təəsüf ki, hökümətimiz inkişaf dedikdə ancaq ümumi daxili məhsulun artımından, neçə dənə körpu tikilibsə onun sayından və ya naməlum iş yerlərinin açılmasından danışırlar. Neftdən gələn sərvətin nə qədər xərcləməsi qədər necə xərclənməsi də çox vacibdir. Aristotelin dediyi kimi, var-dövlət əldə etmək istənilən əsas uğur deyil, o, başqa uğurları əldə edilməsi üçün olan vacib kiçik bir vasitədir. Buna görə də, müxtəlif sahələrə dövlətimiz xüsusi fikir verilməlidir, nəinki neftdən gələn pulun miqdarına.

Vacib sahələrdən biri təhsildir, çünkü təhsillə biz təkcə elm deyil, həmçinin vacib dəyərləri də aşılayırıq. Fikrimcə, təhsil sistemi ozəllişdirilməli, insanlara daha çox seçim imkanları yaradılmalıdır. Tələbələr müəllimin dediyini yazmaqda deyil, sinifdə sərbəst şəkildə müzakirə aparmağı, bir-birilə elmi dialoq aparmağı öyrənməlidirlər.

Bu gün, heç bir tələbə banklardan oxumaq üçün kredit götürə bilmir və bu qədər imkanlara baxmayaraq, müasir təhsil metodları (internet, e-kitabxana, video-konfrans) hələ də təhsil ocaqlarımıza gəlməyib. Tələbələrin bir çoxunun normal kitabxanaya və dünya ədəbiyyatına çıxışı yoxdur. Tələbə və şagirdlər üçün təhsil elm öyrənmək üçün deyil, diplom almaq üçün bir ritual və ya prosedur halına gəlib. Müəllimlərin iqtisadi problemlər, gündəlik çörək pulu qazanmaq üçün dəridən-qabıqdan çıxmaqları, onları elmi araşdırmalardan və innovasiyadan uzaqlaşdırıb. Bu problemlər aradan qaldırılmazsa, təhsilimizdə daha da kəskin problemlərlə qarşılaşa bilərik.

İqtisadiyyatımıza gəldikdə isə yəqinki diversifikasiya və qeyri-neft sektorunun inkişafının vacibliyini bir daha vurğulamaqa burda ehtiyac yoxdur. Əsas məsələ, yenə də institutisonal məsələdir. İndiyə qədər dünyada heç bir ölkə, qanun aliliyi olmadan, əmlak hüquqlarına əməl edilmədən uzun müddətli şəkildə stabil inkişaf etməyib. İqtisadi inkişafın stabil və davamlı olmağı üçün demokratiyanin bərqarar olması, müxtəlif dayaq institutlaın yaranması cox vacibdir. Bu da iqtisadi inkişafın təkcə maaşların çoxalması, həyat standartlarının yaxşılaşması deyil, əsas olaraq insanlar üçüb qeyri-maddi imkanlar yaradılması və onların azad iqtisadi seçim hüququ təmin olmasının vacibliyini göstərir. Bir sozlə, inkişaf azadlıq deməkdir. Bizim yaşam keyfiyyət səviyyəmiz ÜDM ilə deyil, bizim azadlığımızla ölçülməlidir. Həqiqi iqtisadi inkişaf azadlığa zidd ola bilməz. Əksinə, bu tam olaraq onun özündə və inkişafında vacib olan bir instrumental faktordur.

Son olaraq vurğulamaq istədiyim məqam budur - inkişafın əldə edilməsi üçün yeganə formula yoxdur. Hər xalq öz inkişaf və öz azadlıq yolunu seçir və burada hər ölkənin öz lokal institutları müxtəlif cür təsir edirlər. Amma bilinən fakt demokratiyanin həmişə cəmiyyət üçün daha vacib institutlar yaratmasıdır. İnkişaf azadlıqların gətirdiyi imkanlarla baş verir, əgər bizdə elementar azadlıqlar yoxdursa, hər hansı bir inkişafdan danışmaq üçün hələ çoz tezdir.

Bundan öncəki qonaqların müsahibəsinə buradan baxa bilərsiniz.

Savadlı və azad ruha malik olan cəmiyyəti manipulyasiya etmək çətindir

Təbib Hüseynov: Müasir dövrdə ən çox uğur qazanan cəmiyyətlər məhz o cəmiyyətlərdir ki, onlar çətinliklə üzləşəndə “xilaskar” lider axtarışına düşmürlər, bir araya gəlib demokratik müzakirə və konsensus quruculuğu ilə problemlərin həllinə çalışırlar

Bloqumuzun "5 sual - 5 cavab" rubrikası davam edir. Qeyd etdiyimiz kimi bu rubrikanın məqsədi Azərbaycan gəncliyinin müxtəlif simaları ilə bərabər cəmiyyətin indiki vəziyyəti və bu vəziyyətdən çıxış yollarını müzakirə etməkdir. İkinci qonağı Beynəlxalq Böhran Qrupunun (İnternational Crisis Group) Cənubi Qafqaz üzrə təhlilçisi Təbib Hüseynovdur.

- Özünüzü təqdim edin

Mən 29 may 1980-ci ildə Şuşa şəhərində anadan olmuşam. 1992-ci ildə Şuşanın işğalından sonra orta təhsilimi Bakıda davam etdirmiş və məktəbi bitirdikdən sonra 1997-ci ildə Dövlət İdarəçilik Akademiyasına (o zamanlar, Politologiya İnstitutu) beynəlxalq münasibətlər ixtisasına daxil olmuşam. 2002-ci ildə İdarəçilik Akademiyasını bitirdikdən sonra Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetinə daxil olmuş və 2003-cü ildə bu universiteti Beynəlxalq Münasibətlər və Avropaşünaslıq ixtisası və magist dərəcəsi ilə bitirmişəm.

Hazırda Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) adlı araşdırma mərkəzinin (think-tank) Azərbaycan və Cənubi Qafqaz üzrə təhlilçisiyəm. Əsas fəaliyyət istiqamətim Azərbaycanda və regionda baş verən prosesləri, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuları araşdıraraq siyasi təhlil istiqamətli hesabatların və brifinqlərin hazırlanmasıdır. İndiki şəraitdə özüm siyasətdən uzaq durmağa çalışsam da, siyasi prosesləri, xüsusilə də beynəlxalq siyasəti izləmək və təhlil etməyi həmişə xoşlamışam. Bu baxımdan hesab edirəm ki, mən maraq dairəmlə peşəkar fəaliyyətimi uzlaşdırmaqla həyatımda kiçik uğur əldə etmişəm.

- Bir vətəndaş kimi cəmiyyətə necə fayda verirsiniz?

Deyirlər “öz həyatı boyunca hər bir kişi ağac əkməli, ev qurmalı və oğul böyütməlidir”. Mənim fikrimcə, bütün insanlara aid edilən bu köhnə deyim “yaxşı vətəndaş” necə olmalıdır sualına cavabı özündə tam əks etdirir: biz ətraf mühitimizə, dolayısı ilə bir-birimizə, qayğı ilə yanaşmalıyıq; biz həyatımız boyunca yaradıcı fəaliyyətlə məşğul olmalıyıq; və nəhayət, biz çalışmalıyıq ki, gələcək nəsillərimiz bizdən həm maddi, həm mənəvi cəhətdən daha üstün inkişaf pilləsində olsunlar.

Özüm haqqımda danışmaq o qədər asan olmasa da, mən hesab edirəm ki, mən həm öz peşəkar fəaliyyətimlə, həm də şəxsi həyatımla Vətənimə xidmət edir, onun rifahı və inkişafı üçün çalışıram. Peşəkar fəaliyyətim çərçivəsində mən çalışdığım təşkilatın hesabatlarının obyektiv və Azərbaycanın inkişafına yardım etməsi üçün əlimdən gələni etməyə çalışıram, tez-tez müxtəlif beynəlxalq tədbirlərdə iştirak edirəm, ara-sıra beynəlxalq mətbuatda Azərbaycanla bağlı yazılarım nəşr olunur.

Arada-bir müxtəlif mövzularda mühazirələr keçirirəm. Məsələn, bu yaxınlarda Diplomatik Akademiyada təhsil alan gənc diplomatlar üçün xalq diplomatiyasının əhəmiyyəti ilə bağlı seminar keçirmişdim. Seminar zamanı iştirakçılardan kimsə mənə cavab verdi ki, “siyasət çirkin işdir”. Mən bütün gücümlə həmkarımı inandırmağa çalışdım ki, siyasət çirkin iş olmaya da bilər, hər şey insanın öz əlindədir və yeni nəslin nümayəndəsi olaraq, o öz gələcək işinə “çirkin iş” kimi baxmamalıdır. Bilmirəm nə dərəcədə onu inandıra bildim, ancaq rəhmətlik Həsən bəy Zərdabi demişkən, heç olmaz ki, doğru söz yerdə qalsın.

- Cəmiyyətimiz haqqında nə düşünürsünüz?

Azərbaycanı və azərbaycanlıları qəlbimlə sevsəm də, cəmiyyətimizdə xoşuma gəlməyən çoxlu xüsusiyyətlər vardır: ikiüzlülük, yaltaqlıq, rüşvətxorluq, cahillik...siyahını uzatmaq olar.

Cəmiyyətimizdə geniş yayılmış bir neçə “müdrik sözlər” vardır ki, düşünürəm ki, onlara yenidən baxmağa ehtiyac vardır. Məsələn, hərdən eşidirik, “başını aşağı sal, heç kiminlə işin olmasın” və ya görürsən kimsə özünə bəraət qazandırmaq üçün deyir, “hamı necə, mən də elə”. Bu “müdrik sözlər” bizə mütilik aşılayır və eqoizmə sürükləyir. Onlar bir-birimizə qayğı göstərməkdən, müstəqil düşüncədən və təşəbbüskarlıqdan bizi çəkindirir. Bir misal çəkim: təsəvvür edin ki, kimsə yerə zibil atır. Ona nə üçün yerə zibil atdığını soruşduqda isə, cavab verir ki, “onsuz da ətraf zibillə doludur, bir mənim yerə zibil atmağımla nə dəyişir ki?”. Həmin adam anlamır ki, ətraf məhz ona görə zibilliklə doludur ki, hamı başqasına baxaraq hərəkət edir. Hər kəs ilk öncə öz hərəkətinə cavabdeh olmalıdır və öz şəxsi nümunəsi ilə digərlərini düz yola gətirməlidir.

Bizim ictimai şüurumuzda tam inkişafını tapmayan daha bir amil ictimai institutların zəifliyi ilə bağlıdır. Təsadüfi deyildir ki, biz kollektiv idman növlərində (məsələn futbolda) fərdi idman növlərinə (məsələn güləşə) nisbətən daha az nəticə göstəririk. Bizdə çox vaxt ictimai təşkilatlar, – dövlət qurumları, siyasi partiyalar, QHT-lər – bir nəfərin nəzarəti altında olur. Rəhbər deyil, təşkilat rəhbərdən asılı vəziyyətə düşür. Təşkilat daxilində demokratik mühit və demokratik yolla rəhbərin dəyişilməsi ənənəsi zəif inkişaf edib. Bu vəziyyətə bəraət qazandırmaq üçün birdən ata-babalarımızdan misal gətirirlər: “iki qoçun başı bir qazanda qaynamaz”. Bəli, bu sözlər bir “qoçu” rəhbər və qalanı “qoyunlardan” ibarət bir sürüyə aid edilə bilər, ancaq düşünmürəm ki, bu sözlər müasir şəraitdə effektiv fəaliyyət göstərən ictimai institutlara şamil edilsin. Müasir dövrdə ən çox uğur qazanan cəmiyyətlər məhz o cəmiyyətlərdir ki, onlar çətinliklə üzləşəndə “xilaskar” lider axtarışına düşmürlər, bir araya gəlib demokratik müzakirə və konsensus quruculuğu ilə problemlərin həllinə çalışırlar.

Doğrudur, bizim mənfi cəhətlərimiz çoxdur və öz üzərimizdə çox işləməliyik. Ancaq müsbət cəhətlərimizi də unutmamalıyıq. Mənim üçün bizim insanlar qədər ürəyiaçıq, istiqanlı və təbiətən xeyirxah ikinci xalq yoxdur. Çox vacibdir ki, cəmiyyətimizi yaxşı tərəfə dəyişdirməyə çalışarkən bizlər mənfi tərəflərimizlə yanaşı müsbət tərəflərimizi də qeyd edək.

- Müsbət dəyişikliklər istiqamətində gənclərin rolu nədən ibarət olduğunu hesab edirsiniz?

Məncə, bu gün Azərbaycan gəncinin özünə, ailəsinə və ölkəsinə göstərə biləcəyi ən böyük xidmət maariflənmədir. Gənclərimiz yaxşı təhsil almağa çalışmalıdırlar, tənqidi düşünməyi öyrənməlidirlər. Savadlı və azad ruha malik insanlardan ibarət olan cəmiyyəti manipulyasiya etmək daha çətindir və bəlkə də qeyri-mümkündür. Belə cəmiyyətdə şah qanun ola bilmir, qanun şah olur.

Gənclərin cəmiyyətdə müsbət rolunu artırmaq üçün onların dərsdən kənar vaxtlarında bir araya gəlməsi, aldıqları bilikləri bir-biriləri ilə paylaşması və birgə layihələr həyata keçirməsi çox vacibdir. Mən çox istərdim ki, gənclərimiz, inkişaf etmiş ölkələrdə olduğu kimi, ictimai layihələrdə könüllü olaraq daha çox iştirak etsinlər. Beləliklə onlar həm cəmiyyətə fayda vermiş olarlar, həm də gələcək karyeraları üçün iş təcrübəsi qazanmış olarlar. Əsas olan odur ki, gəncləri fəaliyyətə ruhlandıran amil yalnız maddi qazanc əldə etmək deyil, cəmiyyətə fayda vermək hissi olsun və işdir, bu iki istək arasında ziddiyyət yaransa, ictimai fayda vermək istəyi şəxsi qazanc əldə etmək istəyindən həmişə üstün olsun.

- Yaxın 10 il ərzində dövlətimiz üçün hansı prioritetlər müəyyən edərdiniz?

Qlobal anlamda, əlbətdə ki, əsas prioritetlər ərazi bütövlüyümüzün bərpası və qanunun aliliyinə söykənən demokratik dövlət yaratmaqdır. Ancaq bu ali məqsədlərə nail olmaq üçün daha spesifik sahələrdən başlamaq lazımdır.

Bu sahələrdən ən birincisi məncə təhsil sisteminin təkmilləşdirilməsidir. Təhsil sistemimiz korrupsiyadan və quru əzbərçilikdən yaxa qurtarmalıdır. Bütün fənlər üzrə bir dəftər ayırıb, bu dəftəri cibində qatlayıb ali təhsil müəssisəsinə gələn və müəllimin az qala hərif-hərif diktə etdiyi bir-iki səhifəlik “mühazirələri” alababat öyrənib ertəsi gün bu müəllimə danışan tələbədən gələcəkdə nə savadlı insan, nə də ölkəsi üçün faydalı vətəndaş olmaz. Təhsilin ali məqsədi nəyisə əzbərlətməkdənsə, tələbəni düşündürməyə sövq etmək olmalıdır. Düzgün qurulmuş təhsil sistemində sualın düzgün qoyuluşu düzgün cavab qədər vacibdir, çünki bir müdrik insanın dediyi kimi, insanın savadı onun cavablarından bilinirsə, müdrikliyi verdiyi suallardan bilinir.

Bundan əlavə, Azərbaycan dilində elmi və kütləvi ədəbiyyat qıtlığı vardır. Ədəbiyyatsız isə təhsil mümkün deyil. Keyfiyyətli kitabları biz hələ də rus və ya ingilis dilində əldə edə bilirik, bu dilləri bilməyən çoxluq isə, əsasən aşağı keyfiyyətli və köhnəlmiş ədəbiyyatla kifayətlənməli olur, nəticədə ya tamam oxumur, ya da şüuru köhnəlmiş ideyalar əsasında formalaşır. Azərbaycan dilində keyfiyyətli ədəbiyyat qıtlığı aradan qaldırılmalıdır və Azərbaycanın təhsil sistemi qabaqcıl dünya təcrübəsinə əsaslanaraq qurulmalıdır.

Yaxın on ildə həll edilməli digər vacib prioritet korrupsiyanın yığışdırılmasıdır. Korrupsiya mənəviyyatımızı çürüdən, bir-birimizə qarşı inamsızlıq yaradan və daxili birliyimizi pozan başlıca problemdir. Bu problemi yalnız yuxarıdan və yalnız hüquqi vasitələrlə həll etmək mümkün deyil. Korrupsiya bir çox hallarda öz hüquqlarını bilməməkdən əmələ gəlir. Odur ki, bu problemin həllində yenə də ictimai maariflənmənin rolunu vurğulamaq istəyirəm.

İqtisadiyyata gəldikdə, indi ölkə iqtisadiyyatının diversifikasiyasından və neftdən asılılığın azaldılmasından çox danışılır. Bunun üçün dövlət subsidiyalarının artırılması çıxış yolu kimi qeyd edilir. Məncə, bazar münasibətlərinə kobud müdaxilə edən rüşvətxorluğun və monopoliyaların aradan qaldırılması iqtisadiyyatımızın sağlam və dayanıqlı əsaslarla inkişaf etməsi üçün ən təsirli vasitə olardı. Azərbaycanın iqtisadi inkişafı üçün əslində çox şey lazım deyil, şükürlər olsun torpağımız bərəkətli, təbii resurslarımız bol, insanlarımız zəhmətsevərdir. Sadəcə olaraq insanlara mane olmamaq, onlara iş görməyə, öz potensiallarını tam üzə çıxarmağa imkan vermək lazımdır.

Ən ağrılı milli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli də məhz daxili birlik və daxili inkişafımızdan keçir. Bu münaqişəni bizim əvəzimizə heç kəs həll etməyəcəkdir və onun həll olunmamasının məsuliyyətini də üçüncü ölkələrin boynuna atmamalıyıq. Gələcəkdə Qarabağa təhlükəsiz və layiqli qayıdışımızı təmin etmək üçün biz ilk növbədə özümüz üçün təhlükəsiz və ləyaqətli, yüksək mədəni, iqtisadi və siyasi inkişafa nail olmuş bir cəmiyyət yaratmalıyıq.

Bundan öncəki qonaqların müsahibəsinə buradan baxa bilərsiniz.

Hər şey təhsildən, əlifba ilə bərabər başlayır

Arzu Qeybullayeva: Analoqu olmayan iqtisadi artım haqqında danışmaqdansa, analoqu olmayan rüşvət səviyyəsini və bərbad təhsil sistemini aradan qaldırmaq haqqında düşünmək lazımdır

Hörmətli dostlar. Bu gündən etibarən OLun bloqunda "5 sual - 5 cavab" rubrikası başlayacaqdır. Bu rubrikada biz, Azərbaycan gəncliyinin müxtəlif simaları ilə bərabər cəmiyyətin indiki vəziyyəti və bu vəziyyətdən çıxış yollarını müzakirə edəcəyik. Rubrikamızın birinci qonağı European Stability Initiative-in Azərbaycan üzrə təhlilçisi, bloqqer Arzu Qeybullayevadır.

- Özünüzü təqdim edin

Mən 1983-cü ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Bakı Türk Anadolu Litseyində almışam. Məktəbi bitirdikdən sonra Ankaranın Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində ali təhsilə yiyələnmişəm. 2005-ci ildə universiteti bitirdikdən sonra İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyaset üzrə magistraturada oxumuşam. 2007-ci ildən bu yana, European Stability Initiative (Avropa Sabitlik Təşəbbüsü) adında Berlin əsaslı təşkilatda işləyirəm. Vəzifəm isə Azərbaycan üzrə təhlilçi, daha doğrusu, Azərbaycanın gender siyasetinin təhlilçisi, həmçinin də ölkə siyasətinin və iqtisadiyyatının təhlili üzrə müxtəlif analizlər hazırlamaqdan ibarətdir. İşimdəm ayrı olaraq, Flying Carpets and Broken Pipelines adlı bloqumda müxtəlif mövzular haqqında yazılar yazıb, digər insanlarla fikirlərimi paylaşıram. Qorxmadan öz fikirlərimi açıq şəkildə ifadə edə bilmək mənim səciyyəvi xüsusiyyətlərimdən biridir.

- Bir vətəndaş kimi cəmiyyətə necə fayda verirsiniz?

Bir vətəndaş olaraq ölkəmin və yaşadığım icmanın yaxşılaşması və möhkəmlənməsi üçün çalışıram. Məncə bu hər bir vətəndaşın borcudur. Bunları etmək üçün də mövcud olan problemlər haqqında öz səsimi eşitdirməyə çalışıram. Bunu bloqum, ya da yazdığım məqalələr vasitəsilə edirəm.

Ümid edirəm ki, hal-hazırda üzərində çalışdığım gender bərabərliyi proyekti, eləcə də bloqun özü ölkəmə faydalı olacaqdır. Təəssüf ki, Azərbaycanda hələ əksər insan qadın-kişi bərabərliyinin nə olduğunu bilmir və qadınların cəmiyyətimizdəki rolu daha çox ev işləri, ailəyə qayğı xüsusiyyətləri ilə bəlirlənir ki, bu tamamilə səhf bir düşüncədir. Ona görə də, bu proyektimizin uzun müddətli bir dəyişiklik prosesinə dönəcəyini arzu edirəm və əhəmiyyətli olacağına inanıram.

Bundan əlavə Azərbaycanda işləməyə başladığım müddət ərzində bir neçə tərslik də olub ki, bu da öz növbəsində işimdə çətinliklər yaradıb. Ən çox da dövlət strukturlarında çalışan inslanların dürüstsüzlüyü, iş istəksizliyi və bunlara bənzər problemlerdir.

- Cəmiyyətimiz haqqında nə düşünürsünüz?

Bizim cəmiyyətimizdə bir neçe problem mövcuddur. Ən başda olanı, tənbəllik, insanların əmək sərf etmədən hər şeyi əldə etmək istəmələridir. Amma daha təhlükəli olan xüsusiyyət isə, pul yolu ilə hər şeyi həll etmək istəməkləridir. Bilmirəm, bəlkə də insanlarımızın səbrsizliyindəndir, amma, onu bilirəm ki, nə vaxt Azərbaycana gəlsəm, bizim beynəlxalq hava limanımızda insanları təyyarədən daha yerə enmədən ayağa durub, telefonla “gəlmişəm, indi çıxıram” demələri, tələm-tələsik təyyarədən çıxmaq istəkləri ilə qarşılaşmışam, ən maraqlısı da, pasport yoxlamasından keçmək üçün, sıra gözləmədən, növbədə duran digər insanların (əcnəbilər və eləcə də digər azərbaycanlı vətəndaşların) qabağını kəsərək işlərini həll etməsi məni təəcübləndirir. Görəsən hara tələsirlər?

Amma bir yandan da təəsüflənməmək lazımdır. Axı bu insanlar daha fərglisini görməyib. Amma nə yazıq ki, onların uşaqları da bu cür böyüyür və bütün bu hərəkətlər təkrar edilir. Ona görə, mənə elə gəlir ki, bunları dəyişdirmək üçün, hər şeyə sıfırdan başlamaq lazımdır ki, bu da ən çox diqqət və iş tələb edən məqama gəlib cıxardır – ölkəmizin təhsil sistemi. Hər şey təhsildən, əlifba ilə bərabər başlayır. Birinci sinfə gedən uşağın, dürüstlüyün, bərabərliyin nə olduğunu da öyrətmək lazımdır. Çünki gənc yaşda bunların nə olduğunu öyrənmək çox vacibdir. Axı uşaqlar gələcəkdir və gələcəyin də parlaq olması bu məqamlardan asılıdır.

- Müsbət dəyişikliklər istiqamətində gənclərin rolu nədən ibarət olduğunu hesab edirsiniz?

Məncə ilk növbədə aktiv olmaq lazımdır. Doğrudan da nəyisə dəyişdirmək arzusu olmalıdır. Qısacası, istək və iradə olmalıdır. Televizorun qabağında oturub, döyüş kinolarına baxmaqdansa, bir kitab oxuyub, və ya bir proyektə qoşulmaq həm gənclərimiz üçün, həm də gələcəkdə cəmiyyətimiz üçün də daha faydalı olar. İnternet klublarda oturub, saatlarla oyun oynayan bizim gənc nəsil doğrudan da nə qədər dəyərli olan vaxtlarını itirdiklərini hələlik başa düşmürlər, amma gec olmadan da özlərini dəyişdirməlidirlər.

Məsələn, Amerikada və Avropada, uşaqlar gənc yaşdan işləməyə başlayırlar. Restoranda, barda, kafedə, hansısa maqazində özlərinə bir iş tapıb, həm vaxtlarını dəyərləndirirlər, həm də ki, pul qazanırlar. Azərbaycanda isə ehtiyac olmadan, valideynlər icaze verməz ki, uşaq getsin haradasa işləsin.

Amma mənim dediklərim sadəcə iş tapıb, çalışıb, pul qazanmaq deyil. Mühüm olan, doğrudan da istəyib nəsə etməkdir. Həyətin içində ağac əkməkdən, uşaqlar evinə ziyarətlərdən, ibtidai sinif tələbələrinə yardım etmək, gənclər hərəkatlarına qoşulmaq. Bunların hamısı bir işdir.

- Yaxın 10 il ərzində dövlətimiz üçün hansı prioritetlər müəyyən edərdiniz?

2006-dan bu yana, nə vaxt Azərbaycanın iqtisadiyyatı haqqında söhbət açılsa, dünyada analoqu olmayan iqtisadi artım, analoqu olmayan siyasət, analoqu olmayan tikinti və s. deyilir. Düzdür, Azərbaycanın həqiqətən 2006-ci ildə 34.5% iqtisadi artımı olub. Amma, bunu da üstündən üç il keçməsinə baxmayaraq hər yerdə, hər dəfə təkrarlamaq, və yaxud doğrudan da hər şeyin bu qədər möhkəm və gözəl olmasını söyləmək yerinə təhsil sistemimizin nə qədər bərbad bir halda olduğundan danışsınlar. Rüşvətin üz götürdüyü, biliyin yox olma dərəcəsinə gəldiyi, tələbələrin “pul verib, diplomumu alaram” düşüncələri doğrudan da analoqsuzdur. Amma bundan söz edilmir. Kəndlərdə tikilən təzə məktəblərin isitmə avadanlıqların olmaması, tikildikdən 3-4 il sonra dağılmağa başlamasından söz edilmir.

Eyni zamanda bizim təhsil sistemimiz hələ də Sovet vaxtından qalmış əzbər üzərinə oluşan bir sistemdir. Bunların dəyişdirilməsi lazımdır. İnteraktiv təhsilə keçmək tələb olunur. Amma bunlara çatmadan da, rüşvətin aradan qaldırılması, müəllim maaşların artırılması, şəraitin yaradılması lazımdır.

Təbii ki, təhsil sisteminin inkişafı da, az öncə qeyd etdiyim, analoqu olmayan iqtisadiyyatımızla da birə-bir bağlıdır. İlk növbədə, alternativ sektorların inkişaf etdirilməsi lazımdır. Hal-hazırda Azərbaycanın 40%-ə yaxın əhalisi kənd təsərrufatı ilə məşğuldur. Amma bizdə torpağı olan insan işsiz sayılmır. Hə, nə olsun ki, onun torpağını becərməyə vəsaiti yoxdur, torpağı var ki, ona görə də işsiz deyil. Kənd əhalisi ilə söhbət edəndə isə hamısı şikayətlənir – “banklardan kredit ala bilmirik”, “dövlətdən yardım ala bilmirik”, “torpağımızı becərə bilmirik”. Ona görə də, kənd təsərrüfatı illik ancaq ortalama 10%-lik bir artım göstərir. Neft və qaz sektoru isə bunun yeddi qatını. Necə Azərbaycanın xidmət sektoru inkişaf etdirilirsə, digər sektorların da inkişaf etdirilməsi lazımdır – beləcə işsizlik probleminə baxmış olarıq. Yoxsa son dord ildə “600.000 iş yeri açmışıq” deməklə olmur nə yazıq ki, bu işlər.

Düzdür bunların hamısı siyasətdir. Azərbaycanın məncə demək olar ki, daxili siyasəti yoxdur – müxalifət gücsüz, qeyri-hökumət təşkilatları caşqın, xalq isə ancaq bu gününü düşünür. Mən istərdim ki, gələcəkdə Azərbaycan doğrudan da demokratik bir ölkə olsun, amma, bu 10 il müddətində çətin olar. Xarici siyasətə gəlincə, Azərbaycanın möhkəm mövqeyə sahib olması, möhkəm siyasətə sahib olması deməkdir. Azərbaycanda neft və qaz olduğu müddətdə, ölkənin rolu vacib olacaq, amma, neft və qaz bitənə kimi, Azərbaycanın gələcəyi əgər planlı bir şəkildə müəyyən edilməsə, o zaman bir az çətin olacaq. Özü də ki son günlərdə baş verən hadisələr- Obamanın Türkiyəyə səfəri, Türkiyənin Ermenistan ilə siyasəti, Azərbaycan prezidentinin BMT-nin Alyans Sammitinə getməməsi, Gürcüstanda etirazların olması – Azərbaycanı və ümumiyyətlə Qafqaz bölgəsini ətkilədi. Azərbaycan höküməti isə bir az özünü uşaq kimi apardı. Obama, Abdullah Gül, Ərdoğan, Hillari Klinton, hamisı bizim ölkə başçımıza zəng edib, onun Istanbula gəlməsini xahiş etdilər, amma o, gəlmədi, üstəlik Türkiyəyə qazı kəsəcəyini, Rusiya ilə təzə qaz anlaşması imzaladı. Beləcə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin zəifləməsinə səbəb oldu, eyni zamanda da Nabucco proyektinə ciddi zərər vurdu. Mənce, bu çox da düşüncəli bir xarici siyaset deyil.

Qısacası, mən Azərbaycanı gələcəkdə demokratik, insan hüquqlara ciddi yanaşılan, azad, şəffaf, möhkəm, bir ölkə olaraq görmək istəyirəm. İnsanların şikayətlənmədiyi, yalanın olmadığı, sərbəst düşüncəli insanların eşidildiyi bir ölkə olmasını istərdim. Bunu nə vaxt gormək biz (gənclərə) nəsib olacaq bilmirəm, amma, ümid edirəm ki, bunların hamısı doğrudan da olacaq.