Adnan və Emin dostlarının Prezidentə səsləniş

Cənab Prezident,

2003-cü və 2008-ci illərdə Siz bayrağın önündə diz çöküb, hər bir Azərbaycan vətəndaşının Konstitusion hüquqlarını qoruyacağınıza, ölkəmizin inkişafı üçün əlinizdən gələni edəcəyinizə söz verdiniz. Bu gün ölkənin iki vətəndaşının haqlarını qorumağa ehtiyac var və bu elə vətəndaşlardır ki, ölkənin gələcək inkişafı məhz bu cür gənclərdən asılıdır.

2005-ci ildə Siz beş min Azərbaycan gəncinin xaricdə təhsil alması ilə bağlı fərman imzaladınız. Bu fərman “Gələcək özü gəlməyəcək” adı ilə neftdən gələn gəlirlərin təhsilə yönəldilməsi kampaniyasını başlayan gənclərin arzuları ilə səsləşirdi. Həmin kampaniyanın önündə hamının Emin Milli kimi tanıdığı Emin Abdullayev dayanırdı. İndi Emin Abdullayev və gənclər arasında maarifləndirmə işi ilə tanınan Adnan Hacızadə həbsdədirlər. Onları qondarma xuliqanlıq ittihamı ilə həbs ediblər.

Nə üçün biz bu ittihamı qondarma hesab edirik?

Hüquqi məsələlər bir yana, mövqeyimizin mənəvi əsaslarını diqqətinizə çatdırmaq istəyirik.

Emin Milli və Adnan Hacızadə hamının, o cümlədən, Sizin də Azərbaycanda irəlidə görmək istədiyiniz gənclərdirlər. İstər Azərbaycanda, istərsə də tanınmış Qərb universitetlərində təhsil alarkən həm Emin, həm də Adnan ölkənin inkişafı üçün rol oynayacaq gənclər kimi tanınıblar.

Bu gün, Emin və Adnanın təhsil aldığı universitetlər, çalışdığı təşkilatlar, müxtəlif ictimai təşəbbüslərdə iştirak etdikləri zaman qazandığı dostlar onların həbsi barədə xəbərləri sual dolu nəzərlərlə izləyirlər. Həmin suallar bizdə də yaranır.

İki idman cüssəli adamın həyatında heç bir zaman dalaşmamış, xuliqanlıq etməmiş gənclər tərəfindən döyülməsinə kim inanar?

Biz buna inanmırıq. İyulun 8-də Emin, Adnan və onların 5 dostu Lebanese restoranında ölkədəki ictimai siyasi vəziyyəti müzakirə edərkən, qonşu masada oturmuş və restorana yemək məqsədilə girmədikləri bəlli olan iki nəfərin hücumuna məruz qalıblar. Bu hadisədən sonra Eminin üzündə və ayağında, Adnanın alnında, burnunda zədələr var idi. Sual yarana bilər ki, sayca çox olan gənclər niyə onlara hücum edən iki nəfərə müqavimət göstərməyiblər. Emin, Adnan və digər beş gənc fiziki müqavimətdənsə, qanunun onları qoruyacağına ümid edib, polisə müraciət etdilər.

Heyhat! Polis idarəsində çox düşünməyib, hadisəni onların əleyhinə çeviriblər. Zərərçəkmişlər şübhəli şəxs qismində saxlanılıb, gerçək hücumçular isə azadlığa buraxılıblar. Hüquq mühafizə orqanının bunu niyə etdiyini anlamaqda çətinlik çəkirik.
Polis iddia edir ki, hücumçular ağır zədə alıblar.

Həmin axşam dostlarımızın zədələndiyini bildiyimizdən və polis idarəsinin qarşısında onlara tibbi yardımın göstərilməsini gözlədiyimiz zaman əsl hücumçular – Babək Hüseynov və Vüsal Məmmədovun (DİN nümayəndələri onların Füzuli və Ağdamdan məcburi köçkün olduqlarını mediaya dönə-dönə xatırladırlar) tamamilə salamat olduğunu gözümüzlə görmüşük. Jurnalistlər həmin adamların guya stasionar müalicədə olduğu xəstəxananın jurnallarını ələk-vələk ediblər, bu barədə heç bir qeyd tapmayıblar.

Hadisənin şahidi olan dörd gəncin polis idarəsinin qarşısında gözlədiyinə, hətta ifadə vermək üçün müraciət etməsinə baxmayaraq, onların ifadəsi alınmayıb.

Daxili İşlər Nazirliyi bir tərəfdən işin adi məişət xuliqanlığı olduğunu qeyd edir, digər tərəfdən, gənclərlə bağlı ən ağır qərarlar qəbul olunur, məhkəmə qapalı keçirilir, gənclərin valideynləri ilə görüşlərinə belə icazə verilmir.

Güman edirik ki, polisin işində göstərdiyi qeyri-peşəkarlıq və qərəz Sizi də narahat etməlidir.

Biz həm də inanırıq ki, Emin və Adnanın əsasən gənclərdən ibarət olan dostlarına polisin verdiyi mesaj dövlətçilik üçün çox təhlükəlidir.

Azərbaycan gənci ən işıqlı, ən mütərəqqi, ən tolerant və savadlı nümayəndələrini polisin və hansısa qoluzorluların hədəfində görəndə nə düşünməlidir?

Cənab Prezident, bu gün Azərbaycan gəncliyi Sizin bu qanunsuzluğa son qoyacağınıza inanır. Biz həm də ona inanırıq ki, bu hadisənin timsalında hüquq-mühafizə orqanlarında baş verənləri Sizin nəzərinizə çatdırmağımızı anlayışla qarşılayacaqsınız. Çünki problemlərin həlli onların etirafından keçir.

Emin Millinin yaradıcılarından biri olduğu AN şəbəkəsində və Adnan Hacızadənin qurucusu olduğu “OL” İctimai birliyində Sizə səs verən gənclər də var, verməyənlər də. Sıralarımızda olan gənclərin bəziləri Sizin siyasətinizi dəstəkləyir, bəziləri yox. Amma siz, bu gənclərin hamısının prezidentisiniz. Bizi dinləyin!

Emin və Adnanın dostları

1 comment:

vətən aşiqi said...

İnanmıram ki, bu müraciətin bir təsiri olsun. Biz daha başqa Azərbaycanda yaşayırıq. Heydər Əliyev vaxtında bundan daha azad idik, onun vaxtında belə hadisələr baş vermirdi, hər halda, belə müraciətlər cavabsız qalmırdı. Nə isə... Allah köməkləri olsun!