“Bloqqerlərin həbs ilə bağlı hökumət qarşısında məsələ qaldırdım”

Ülviyyə Əsədzadə

“Mən bloqqerlərin həbs olunması ilə bağlı Azərbaycan hökuməti qarşısında məsələ qaldırdım. Həmçinin Azərbaycan rəsmiləri o sıradan prezident Əliyevlə görüşümdə ATƏT-in media azadlığı üzrə nümayəndəsinin bəyanatlarına istinad etdim”.

Bu sözləri Azərbaycanda səfərdə olan ATƏT-in baş katibi səfir Mark Perrin de Brişambo deyib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti “Röyters” agentliyinə müsahibəsində bloqqerlərin həbsini pisləyib və deyib ki, Azərbaycanda söz azadlığı ölür.

“Azadlıq” radiosunun prezident İlham Əliyevin deyilənlərə reaksiyası ilə bağlı sualına cavabında Mark Perren de Brişambo bildirib ki, təəssüf ki, prezidentlə görüşün detallarını açıqlaya bilməyəcək:

“Bununla belə düşünürəm ki, Azərbaycan hökuməti ATƏT qarşısında götürdüyü öhdəliklərə hörmətlə yanaşacaq”.

E.Milli və A.Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişəyə görə həbs olunub və xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bir sıra beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamı əsassız hesab edirlər.

http://www.azadliq.org/content/article/1779280.html

No comments: