İsa Qəmbər gənclərin həbsi ilə bağli versiyalara münasibət bildirir

“Hakimiyyət dairələrinin gənclərin həbsi ilə bağlı canfəşanlığı bir qədər fərqli canfəşanlıqdır. İki günün içində prokurorluq və Daxili İşlər Nazirliyinin iki açıqlama ilə çıxış etməsi, yalan versiyanı ictimai rəyə yerləşdirmək cəhdi diqqəti cəlb edir”. Müsavat Partiyasının başqanı İsa Qəmbər gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsi ətrafında yaranmış durumu “Media forum”a şərh edərkən belə deyib.

İ.Qəmbər məsələnin mahiyyətinin aydın olduğunu söyləyib: “Hakimiyyət gənclər hərəkatlarına zərbə vurmaqla gəncləri ictimai fəaliyyətdən, internet fəaliyyətindən çəkindirmək, susdurmaq istəyir. Bizim hakimiyyət adət edib ki, bu tipli məsələlərdə yalan versiyaları ortaya atır və siyasi müxalifətdən, bir sıra hüquq müdafiəçilərindən, jurnalistlərdən başqa heç kim həqiqəti söyləmir.

Bu dəfə isə cəmiyyətin etirazları kifayət qədər mütəşəkkil oldu, müxtəlif kəsimlərin narazılığı açıq şəkildə ortaya qoyuldu və beynəlxalq birlik kifayət qədər mütəşəkkil reaksiya nümayiş etdirdi. Çox qısa zamanda müxtəlif dövlətlər rəsmi açıqlamalar verdilər, beynəlxalq təşkilatlardan, beynəlxalq səviyyəli insan haqları quruluşlarından reaksiyalar gəldi və bu açıqlamalar kifayət qədər şəffaf oldu. Beynəlxalq birlik açıq deməsə də, dolayısı yolla hakimiyyətə işarə elədi ki, biz bu dəfə özümüzü sizin yalanlarınıza inanmış kimi göstərmək niyyətində deyilik.

Görünür, hakimiyyət də bundan çaşıb. Çünki adət ediblər ki, beynəlxalq birlik ya susur, ya da neytral açıqlamalar verir. Ancaq bu dəfə beynəlxalq birlik hadisələrin mahiyyətini başa düşdüyünü açıq şəkildə ifadə elədi. Hakimiyyət bundan narahatdır və ona görə də qabaqdangəlmişlik edir”.

Müsavat başqanı hakimiyyətin davranışının məntiqsiz olduğunu deyib: “Beynəlxalq təşkilatlara bu məsələyə qarışmayın demək absurddur. Əvvəla, insan haqları heç bir ölkənin daxili işi ola bilməz. İkincisi, Azərbaycan özü könüllü surətdə beynəlxalq təşkilatlara daxil olarkən öhdəliklər götürüb. Beynəlxlaq birlik də bu gün həmin öhdəliklərin yerinə yetirilməsini tələb edir. Ona görə də hakimiyyətin bu canfəşanlığı nəticə verməyəcək”.

İsa Qəmbər gənclərin həbsinin motivləri ilə bağlı “Yeni Müsavat” qəzetində bu gün dərc olunmuş yazıya da münasibət bildirib: “Sözün doğrusu, o məqalədə irəli sürülən versiya mənə inandırıcı görünmədi. Əvvəla maraqlıdır ki, Azərbaycan mediası, ən azı müxalifət mediası və müstəqil media bir qayda olaraq Qərbi Azərbaycan hakimiyyətinə tərəfdar olmaqda, hadisələrə biganə yanaşmaqda, rejimi dəstəkləməkdə ittiham edir. İndi nə oldu, birdən-birə Amerika hakimiyyəti dəyişmək planını gerçəkləşdirməyə başladı? Bu versiyanın birdən-birə ortalığa çıxması təəccüblüdür.

Mənə elə gəlir ki, sadəcə, hakimiyyətin içindən kimlərsə bu versiyanı mətbuata ötürməklə gənclərin həbsinə psixoloji izahat vermək istəyirlər. Cəmiyyəti psixoloji cəhətdən buna razılaşdırmaq istəyirlər ki, siz qarışmayın, məsələ böyük məsələdir, daha da böyüyə bilər. Fikir verirsinizsə, hüquq mühafizə orqanlarının açıqlamalarında da gülünc fikirlər səslənir ki, hadisə zamanı orada olmuş 4 gənclə bağlı araşdırma aparılacaq, bəlkə gələcəkdə onlar da işə cəlb ediləcək və sairə. Bu cür hədə-qorxu gəlirlər ki, hadisənin bilavasitə şahidləri ya sussunlar, ya da hakimiyyətə lazım olan sözləri desinlər.

Həmin qaydada mediaya ötürülən bu versiya da cəmiyyəti psixoloji cəhətdən hakimiyyətin addımı ilə barışdırmağa və bu məsələyə çox qarışmamağa, “bu məsələ böyüyəcək” əhval-ruhiyyəsini yaratmağa yönəlmiş informasiya sızıntısıdır. Şəxsən mənim üçün bu versiya qətiyyən inandırıcı deyil”.

Müsavat başqanı bu tipli yazıların müxalifət və müstəqil sayılan qəzetlərdə ortaya çıxmasının da xoş hadisə olmadığını qeyd edib.“Yeni Müsavat” qəzetinin iyulun 14-də işıq üzü görən sayında gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbs olunmasının səbəbləri ilə bağlı yazı dərc edilib. Yazıda bildirilir ki, ABŞ Azərbaycanda inqilab yolu ilə iqtidar dəyişikliyi etməyə hazırlaşırmış, həmin dəyişiklik planında gənclərdən də istifadə olunması nəzərdə tutulubmuş və hakimiyyət bundan xəbərdar olduğu üçün E.Milli ilə A.Hacızadənin həbsinə qərar verilib.

http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090714065041786

No comments: