“Hüquq mühafizə orqanlarının birgə məlumatı ilə tanış olmuşam və bu reaksiyadan çox təəccüblənmişəm”. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti əməkdaşı Dmitri Teraxovski Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı bu gün yaydığı birgə məlumatı “Media forum” a şərh edərkən belə deyib.
O, ABŞ səfirliyinin gənclərlə bağlı bəyanatının Azərbaycanın daxili işlərinə qarışmaq kimi dəyərləndirilməsini anlamadığını deyib: “Mənə maraqlı gəldi ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi nə üçün bu bəyanatları Azərbaycanın daxili işlərinə qarışmaq kimi dəyərləndirir. Bizim bəyanatımız internet saytımızda ingilis və Azərbaycan dillərində yayımlanıb. Azərbaycan hökumətindən xahiş etmişik ki, gənclərin mühakiməsi beynəlxalq hüquq normalarına və insan haqları prinsinplərinə uyğun aparılsın, bu vətəndaşların hüquqlarına hörmətlə yanaşılsın. Söhbət ABŞ-da təhsil almış, savadlı, intellektual gənclərin həbsindən gedir. Biz bu gənclərlə işləmişik. Bəyanatımızda Azərbaycanın daxili işlərinə və istintaqın gedişinə müdaxilə kimi dəyərləndirilə biləcək heç nə yoxdur. Hüquq mühafizə orqanları niyə belə raksiya veriblər – anlamıram”.
DİN və prokurorluğun mətbuat xidmətlərinin birgə bəyanatında Azərbaycanda fəaliyyət göstərən səfirliklər ölkənin daxili işlərinə qarışmaqda ittiham olunub və onlardan istintaqın gedişinə müdaxilə sayılan bəyanatlara son qoymaq tələb edilib.
Emin Milli və Adnan Hacızadənin həbsindən sonra bir sıra səfirliklər və beynəlxalq təşkilatlar bəyanatlar yayıblar. ABŞ səfirliyinin iyulun 11-də yaydığı bəyanatda bildirilir ki, Emin Milli və Adnan Hacızadə basqına məruz qalıb, saxlanılıb və istintaqa cəlb ediliblər: “Onlara hücum edənlər sərbəst buraxılıb. Biz həmçinin polisin vəkilləri onların yanına buraxmamasından və gənclərə adekvat tibbi yardım göstərilməməsindən narahatıq.
Bu məsələlər Azərbaycan hakimiyyəti və hüquq mühafizə orqanları qarşısında qaldırılıb. Biz bu istiqamətdə işi davam etdirəcəyik. Azərbaycan hakimiyyətini Adnan Hacızadə və Emin Millini zəruri hüquqi, tibbi yardımla təmin etməyə, öz vətəndaşlarının hüquqlarına hörmətə çağırırıq.Amerika Birləşmiş Ştatlarının hökuməti öz öhdəliyinə sadiq qalaraq söz və toplaşmaq azadlığını dəstəkləmək üçün Azərbaycan hökuməti və xalqı ilə birgə işləyir”.
http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090714030936863
ABŞ səfirliyi Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına reaksiya verdi
Labels: AEbeynelxalq
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment