ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin bəyənatı

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin üzvləri 8 iyul 2009-cu ildə təşkilatın üzvü Adnan Hacızadənin həbs olunmasından narahatlığını bildirir. Hal-hazırda Adnan Hacızadəyə qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 maddəsi (bir qrup şəxs tərəfindən xuliqanlıq) üzrə ittiham irəli sürülmüşdür.

ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, ABŞ-da müxtəlif təhsil mübadilə proqramları xətti ilə təhsil almış azərbaycanlı məzunları birləşdirən ictimai birlikdir. 2003-cü ildən etibarən fəaliyyət göstərən təşkilatın əsas məqsədi məzunların yaradıcı potensialının gerçəkləşdirilməsinə dəstək göstərmək və onların bilik və bacarıqlarını respublikamızın inkişafına yönəltməkdən ibarətdir.

Adnan Hacızadə ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi FLEX (1999-2000) proqramının və ABŞ-ın Riçmond Universitetinin məzunudur. O, təşkilatımızın üzvləri arasında özünün peşəkarlığı və səmimi münasibəti ilə yadda qalmışdır. Adnan təşkilatımızın üzvü kimi treyninqlərdə, xeyriyyə və ətraf mühitin qorunması ilə bağlı layihələr və ölkəmizin inkişafına yönəlmiş bir sıra başqa təşəbbüslərdə iştirak etmişdir. Adnan daim özünü yüksək dərəcədə savadlı və nəzakətli bir Azərbaycan gənci kimi göstərmişdir.

Biz bu hadisənin istintaqının Azərbaycan Respublikasının qanunvericiliyinin bütün tələblərinə uyğun aparılacağına və məhkəmənin ədalətli qərar verəcəyinə inamımızı ifadə edirik.

Bu bəyanat ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai birliyinin üzvlərinin ümumi səsverməsi nəticəsində qəbul edilmiş qərar əsasında hazırlanmışdır.

http://www.aaa.org.az/newsitem.html?id=4002

No comments: