Bugün məhkəmədir. Emin və Adnanın məhkəməsi... 2 aydan çoxdur davam edən komediya sona yaxınlaşır. Günahsız 2 gəncə aktiv ictimai fəaliyyətlərinə görə böhtan ataraq həbsdə saxlayırlar. Bu 2 ay nə qədər ağrılı keçsə də, əsəb, vaxt və enerji itkisi olsa da həm də böyük DƏRS oldu. Zahir Əzəmətin “biz elə həmişə 5-6 nəfər olmuşuq” yazdığı və Adnanın da son Facebook status ismarıcı olan bu cümlə son zamanlarda mənə çox təsir edən cümlələrdən biri idi. Biz konkret 5-6 nəfər olmasaq da, heç 50-60 nəfərdən də çox deyilik və bu çətin günlərdə mən dostlarımı daha çox yaxından tanıdım və bu fədakar insanların özlərinə seçmiş olduqları bu yolda mütləq sona QƏLƏBƏ ilə çatacaqlarına əmin oldum. Bizi maddi maraq, gələcək karyera birləşdirmir. Bizim ortaq dəyərlərimiz və ideallarımız var. Və bu dəyərlər və ideallar çöldəkiləri bir-birinə nə qədər çox sıx bağlayan vasitədirsə , o qədər də Emin və Adnana güc-qüvvət verən yeganə mənbədir.
Ömürlərinin ən gözəl çağlarında ölkədəki çoxluq kimi düşünməyib düz getməyən nələrisə dəyişməyə can atan, həqiqəti yüksək səslə söyləməyə calışan, imkanları olduğu halda çox pul qazanmaq yolunu yox, həbs, döyülmə təhlükəsi olan bir yolu seçdilər. Həbs edildilər, ancaq doğru bildikləri yoldan sapmırlar. Çünki hər birimiz ədalət və həqiqətin bir gün zəfər çalacağına əminik. Bu yazdıqlarım kiməsə pafoslu görsənə bilər. Ancaq əlinizi vicdanınızın üstünə qoyub bir də ölkədəki reallıqlara baxın. İnsanların biganəliyini, kütləvi savadsızlıq və mövhümatın baş alıb getdiyi, zövqsüzlüyün göz deşdiyi, “Hami necə mən də elə” prinsipinin insanlar tərəfindən devizə çevrildiyi bir məmləkət və ən əsası ölkədə qurulan “anormal sistem”in insanların xislətini cılızlaşdırıb, onları bir-birinin qabağında başı aşağı edən “zəncir”lə həbsdə saxladığını görəcəksiniz.
Azərbaycanda vəziyyət artıq elə məqama çatıb ki, maskalanmaq artıq mümkün deyil. Ya həqiqəti söyləyib hakimiyyətin düşməninə çevriləcəksən, ya da vicdanını satıb anti-insani sistemin bir vintinə çevriləcəksən. Bu ölkədə artıq düşünən insanların qabağına 2 şərt qoyulur: Ya sev ya tərk et! Başqa cür hərəkət etsən, Elmarın, Eynullanın, Qənimətin, Eminin və Adnanın taleyi səni də gözləyir mesajı verilir. Vəziyyət heç vaxt olmadığı qədər çətindir. Maddi sıxıntılar içində boğulan insanlar, bir də işgəncə maşının altından keçməyə cürət etmir. Bundan daha da iştahlanan hakimiyyət bir tərəfdən daha azğın formada azacıq başını tərpədənin başını qoparmağa, o biri tərəfdən manqurtlaşdırdığı digər təbəqəni-çoxluğu çörək və tamaşa ilə daha da mənəviyyatsızlaşdırmağa böyük səylə davam edir. Öz insanına qara qəpik qədər qiymət verməyən, repressiyalarla 7-dən 70-ə hamını əzən, Qarabağla bağlı min-bir hoqqdan çıxıb, həqiqəti gizlədən hakimiyyət, İrəvanda idman oyunundakı qalibiyyəti “Əsrin qələbəsi”, daxili və xarici siyasətin uğuru kimi kütləyə yedirdir. Acınacaqlısı da odur ki, kütlə də bunu yeyir. Polisindən, JEK işçisindən tutmuş ta ən yüksək vəzifəli məmurlarına qədər hamı tərəfindən alçaldılan bu kütlə bu qələbə ilə 2 aylıq masturbasiya edir. Ancaq etiraf etməliyik ki, kütlə hər yerdə eynidir. Hər bir xalqın taleyini dəyişən 1-2 faizlik düşünən beyinlər olur. Ona görə də ümidsizliyə heç bir əsas yoxdur. 50-60 nəfərin minlərə milyonlara çevriləcəyi günlər heç də uzaqda deyil. Sadəcə gücümüzə inanmaq və getdiyimiz bu yolda səmimi olmaq, bu yolun ağrılı acılı olduğunu, həmişəkindən daha artıq fədakarlıq lazım olduğunu birdəfəlik başa düşmək lazımdır. Bizi tərk edənlər, bizə gülənlər, nifrət edənlər də olacaq. Ancaq gerçək olan budur ki, biz ƏDALƏT axtarışındayıq və buna müvəffəq olana qədər yolumuzdan dönməyəcəyik.
Əziz gənclər,
Bugün məhkəmədir. Hamımızın yerinə susmayıb özünü təhlükəyə atan 2 gənc dostumuzu yalnız buraxmayaq. Sabah saat 15:00 da bir nəfər kimi Səbael məhkəməsinin qabağına gəlib dostlarımıza ən azı mənəvi dəstək olaq, göstərək ki, biz haqsızlıqla barışmırıq və şər-böhtanı sakitcə sinirib həzm etmək biz gənclər üçün artıq arxada qalıb.
Sizlərin və bizlərin azadlığı naminə....
Rəşadət Axundov
Gəncik, gələcəyik!
Labels: AEdestek
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment