Mini-AZƏRBAYCAN

Insanların fərqli olduqları haqda müxtəlif fikirlər eşitmişik. Həqiqətən də insanların fərqli olduqlarına çox inanır və hesab edirəm ki, fərqli insanlar fərqli reallıq və vərdişlərlə yaşaya bilərlər. Azərbaycana kənardan baxanda bir rəngli görünür, fərqlilik, fərqliliyin yaratdığı ictimai və məişət reallıqları hiss edilmir. Gənc yaşlarında müxtəlif arzu və istəklərimiz, tez-tez dəyişən mövqelərimiz və baxışlarımız olur. Arzularımızda və baxışlarımızda Azərbaycanı da müxtəlif formalarda təsəvvür edir, müxtəlif insanların arzularında olan Azərbaycan bir çox xüsusiyyətlərinə görə bir-birindən seçilir. Bu hal yaxşı haldır. Rəngli, demokratik, uğurlu Azərbaycan üçün hərə özünün beynində olan Azərbaycanı yaşamalı, digərlərinə təgdim etməli, müzakirələr etməlidir. Bu məgsədlə özümün mini-Azərbaycanım haqqında yazmaq qərarına gəldim.

Mənim Azərbaycanımda cəmiyyətin ən aktiv kəsimi gənclərdir. Gənclər coşqulu, yaradıcı, ədalətli (öz həqiqətlərinə uyğun) olur. Onlar ətrafdakı reallıqları dəyişir, ədalətsizliyə qarşı mübarizə aparır, yalan danışmır, satılmır və satmır. Gənclər prinsip və dəyərlərinə uyğun yaşayır. Həqiqətlərinə inanır və digərlərini də öz həqiqətlərinə inanmağa dəvət edir. Mənim Azərbaycanımda olan gənclər müasir, liberal, demokratik, tolerant olurlar. Onlar insanlara yaşlarına, cinsinə, irqinə, tutduğu vəzifəyə görə deyil vicdanlarına, düzgünlüyünə, ortaq dəyər və hisslərinə görə hörmət edirlər. Burda gənclər üçün ən vacib dəyər azadlıqdır. Mənim ölkəmdəki gənclər anlayırlar ki, təhsilin, iqtisadiyyatın, səhiyyənin, hökümətin güclü olması üçün fərdlər azad olmalıdılar.

Mənim Azərbaycanımda gənclər kütlə arasında populyar olan fakultərə, universitetlərə, işlərə deyil özlərinin zövq alacağı fakultələrə, universitetlərə, işlərə qəbul olurlar. Müəllimlərin, təhsil işcilərinin, məmurların, həkimlərin onların hüquqlarının pozmasına imkan vermir, etiraz edir, məgsədinə nail olur və digərlərinə müsbət nümunə olur. Burdakı gənclər “universitet müzakire yeri deyil” deyən müəllimlərə təpki göstərir, onları lağa qoyur və o cür müəllimləri dərs prosesindən kənarlaşdırmaq haqqında düşünür. Gənclər heç kimdən mərhəmət, kömək gözləmir, özləri problemləri müəyyənlişdirir, müzakirə edir, təşkilatlanır və problemlərini həll edirlər. Burda gənclər romantik olurlar, bu günlə deyil gələcəklə yaşayırlar. Arzularında olan gələcəyi mahnılarında, yazılarında, çəkdikləri videolarda, filmlərində, universitet auditoriyalarında, təşkilatlarında ortaya qoyur və müzakirə edirlər.

Mənim ölkəmdə gənclər ailədə azad böyüyür, şəxsi və ictimai həyatlarına hörmət edilir. Burda gənclər Ruslanın “Özünə müstəqil şəkildə həyat yoldaşı seçə bilməyən gənc, uğurlu hökümət qura bilməz” deyiminə istinad edib valideynlərinin diktəsi altında olan evliliyə etiraz edir. Özləri öz həyatlarını qurur, öz yalnışlıqlarını edir və öz talelərinin sahibi olurlar. Valideyn-uşaq münasibətləri hökm və tabeçilik prinsipləri üzərində deyil, məsləhət və hörmət prinsipi üzərində qurulur. Ailədə, universitetlərdə, təşkilatlarda, həyatımızın digər forma və məkanlarında azad münasibətlər sistemi olur, insanları bir-birlərinə dəyər və hissləri bağlayır.

Bu ölkənin gəncləri üçün vicdanın, dostluğun, qardaşlığın sərhəddi olmur. Gənc vicdansızlıq etdikdən sonra hərəkəti üzərində fikirləşir, peşiman olur, situasiyadan asılı olaraq üzr istəyir və mənəvi gərginlik keçirir. Mənim bu gözəl ölkəmdə gənc rüşvət vermir, məsuliyyətli olur, biganə olmur, aktiv olur. Burdakı gənclər özlərinin tək bioloji varlıq deyil, eyni zamanda ictimai varlıq olduqlarını dərk edirlər. Onlar anlayırlar ki, hər şey onlardan asılıdır, bu ölkəni dağıdan da onlar olacaq quran da.

Mənim ölkəmdə gənclər 28 May – Müsəlman şərqində ilk Demokratik Respublikanın yaradılması gününü daha coşqulu qeyd edir, bu bayramı ənənəyə çevirir, ailələrində və dostları arasında bu bayramı daha əyləncəli qeyd edirlər. Burdakı gənclər bizlərin qədimdən gələn bəzi adətlərimizi inkar edir, bəzilərini saxlayır və ən əsası, mənim gəncim yeni adətlər, ənənələr, reallıqlar yaradır!

Mənim fantastik ölkəmdə gənclər dostum Uğurun yaradacağı “Fərqli OL”, “Yaradanlar”, “Fikir”, “Coşqulu Gənclər”, “Azad insan”, “Azad dəyər” adlı kafe, restoran, barlarda əylənir, dərslərini edir, kitablar oxuyur, müzakirələr edir, musiqiyə qulaq asır, həyatlarından zövq alırlar. Burda jazz və blues həvəskarları üçün barlar olur, müxtəlif festivallar təşkil olunur. Mənim ölkəmdə futbol gənclərin həyat tərzinə çevrilir, öz komandalarını dəstəkləmək üçün oyunlara gedir, fan klublara üzv olur və gözəl futbol coşqusu yaşayırlar.

Azad gənclər,

Bu mənim Mini-Azərbaycanımın bir tərəfidir. Sizin mini-Azərbaycanınız necədir? Hamınızı arzularınızda olan Azərbaycan haqqında yazmağa dəvət edirəm!

Ruslan Əsədov

5 comments:

Ellina said...

Yaxshi ki, senin real Azerbaycanindan yazmamisan.
Butun bunlarin hamisi senin Fantastik Azerbaycanindadir helelik...Inanmaq isteyirem ki, onu-real Azerbaycanini da bele gorushlerle yaratmaq ruhunu yashayacaqsan ve yashayacagiq bir gun...Amma kim bilir ne vaxt...

Hormetle,
Ellina

Nijat said...

Mende de Azerbaycanim ele seninki kimidi Ruslan, birce ferq var. Mende ilde 3-4 defe Beerfestival kechirir gencler.

Zarif said...

Senin Azerbaycaninda Reqsane var?

Ayla Guliyeva said...

Ruslan, I'm so in love with your dream-Azerbaijan!!!
Chox numunevi shexssen, sene baxanda heveslenirem, daha chox oxumaq,informasiya almaq arzusu yaranir! Senin mini-Azerbaycanina qoshuluram. Hemchinin muasir cavanlari deyerlere ve enenelere qiymet vermeye chagiriram. Gundelik planlariniza yaxinlarinizi, ana-ata, NENE-BABANIZI daxil edin. Onlari yada salmayi unutmayin. Ishlediyiniz muesseye bacardiginiz qeder temennasiz, eyni zamanda maraqlarimiz daxilinde xeyir verin.
Allaha inanin! Elediklerimizin gec-tez behrelerini goreceyik.
Ayla

Anonymous said...

Mənim azərbaycanımda oğlumun təhsili ilə özümün həyat mübarizəmin uzlaşdirması, həm özümün inkişafım həm də oğlumun inkişaf mübarizəsi var. bunun ortaq məxrəc axtarışı gedir. oğlumun sizin kimi gənc olmasını çox arzulayıram, keçmiş ad gününüz mübarək.