Oktyabrın 1-də AN Şəbəkəsinin Fransa təmsilçisi Elnur Məcidli və Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə, Avropa Şurasının insan hüquqları üzrə baş komissarı Tomas Hammerberq ilə görüş keçirib.
Tomas Hammerberqin Avropa Şurasının mərkəzi binasında yerləşən ofisində baş tutan görüşdə Azərbaycandakı insan haqlarıyla bağlı problemlərin mövcudluğu müzakirə olunub.
Qarşılıqlı müzakirə şəklində keçən toplantıda başda bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsi olmaqla, siyasi məhbuslar məsələsi və ölkədə demokratiyanın inkişafına maneçilik törədən amillərə toxunulub.
30 dəqiqəyə yaxın davam edən görüşdə Çingiz Qənizadə ölkədəki demokratik vəziyyətin ürəkaçan olmadığını qeyd edərək baş komissarın dəstəyinin vacibliyini vurğulayıb. Azərbaycandakı insan haqlarıyla bağlı problemlərə toxunan Qənizadə, Avropa Şurasının mövcud vəziyyətə müdaxiləsini istəyib.
Elnur Məcidli, görüşdə AN şəbəkəsini təmsil etdiyini bildirərək AN şəbəkəsinin yaradıcılarından biri olan Emin Milli və OL Gənclər Hərəkatının fəalı Adnan Hacızadənin həbsinin qeyri-qanuni olduğunu və hər iki bloqqerin azadlığa buraxılması üçün Avropa Şurasının dəstəyinin əhəmiyyətini qeyd edib.
Tomas Hammerberq, söhbət əsnasında Azərbaycandakı hazırkı vəziyyətlə bağlı məlumatı olduğunu və bloqqerlər Emin Milli və Adnan Hacızadənin həbsinin ciddi narahatlıq doğurduğunu bildirib.
Azərbaycanla bağlı əsas diqqət etdikləri məsələnin gənc bloqqerlərin həbsi olduğunu bildirən baş komissar , məhkəmə prosesini diqqətlə izlədiklərini söyləyib.
Azərbaycanda milli azlıqlarla bağlı problemlərin olduğunu söyləyən Hammerberq, Talış Mədəniyyət Mərkəzinin rəhbəri Novruzəli Məmmədov həbsxanada vəfat etməsinə şübhəli yanaşdığını bildirib.
Çingiz Qənizadə isə Azərbaycanda milli azlıqlar problemi olmadığını, Novruzəli Məmmədovun və digər məhbusların milli azlıq olduğuna görə yox, siyasi fəaliyyətinə görə həbs edildiyini vurğulayıb.
Baş komissarın Azərbaycanda insan haqlarıyla bağlı əsas hansı məsələnin diqqət mərkəzində olması gərəkdiyi sualına Çingiz Qənizadə siyasi məhbusların mövcudluğu olaraq cavab verib.
18 Mart referendumu ilə Azərbaycanın demokratik prinsiplərdən bir az da uzaqlaşdığını ifadə edən Elnur Məcidli, ölkədə söz və ifadə azadlığının qarşısında ciddi əngəllər olduğunu və hər iki bloqqerin də öz fikirlərinə görə həbs olunduqlarını bir daha qeyd edib.
Görüşdə eyni zamanda həbsdə olan jurnalistlərin azadlığa buraxılması məsələsinə də toxunulub.
Tomas Hamerberq, 2010-cu ilin ilk aylarında Azərbaycana səfər etməyi planlaşdırdığnı və səfəri zamanı qeyd olunan problemlərə toxunacağını və rəsmi görüşlərlə yanaşı, insan hüquqları və demokratiya sahəsində çalışan QHT-lərlə də görüş keçirməyi istədiyini söyləyib.
Görüş, qarşılıqlı sual-cavabdan sonra başa çatıb.
Tomas Hammerberq: Bloqqerlərin həbsi bizi ciddi şəkildə narahat edir
Labels: AEdestek
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment