Showing posts with label young vision. Show all posts
Showing posts with label young vision. Show all posts

“Gənc Baxış” layihəsi haqqında təəsuratlar

“Young Vision” layihəsi IREX, ACCELS və OL! Hərəkatının dəstəyi ilə Amerika təhsilli tələbələr tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi gənclərin regionlarda yaşayan şagird və tələbələrlə tanış olması, onların problemləri ilə maraqlanmaq, onlarda təhsilə, xüsusilə də xaricdə təhsilə marağının artırılması, gənclərin demokratik dəyərlər barədə maarifləndirilməsi və ictimai həyatda aktiv iştirak etməyə həvəsləndirməkdir. Ayda 2 dəfə əvvəlcədən müəyyənləşdirilmiş qruplar regionlara səfər edir, oradakı şagird və tələbələrlə görüşür, interaktiv şəkildə onlarla müzakirələr aparılır və nələrə ehtiyacları olduqları öyrənilir. Belə görüşlərin təşkilində regionlarda fəaliyyət göstərən (və buna rəğmən bəzi regionlarda əhali tərəfindən müxtəlif zorakılıqlara məruz qalan) “Peace Corps” nümayəndələrinin rolunu xüsusi qeyd etmək lazımdır.

Bu dəfəki səfərimiz Xaçmazadır. İki saatlıq yoldan sonra nəhayət ki, gəlib mənzil başına çatdıq. Düzdü öncə bir az təəccübləndik, belə ki, nədənsə Peace Corps könüllüləri bu dəfəki görüş üçün həmişəkindən fərqli məkan seçmişdilər. Məkanın adı “Sevimli Soba” idi, yəqin söhbətin haradan getdiyi məlum oldu. Bu isə o demək idi ki, bu dəfəki görüşümüz həmişəkindən daha interaktiv olacaqdı. Beləliklə başladıq gözləməyə. Birazdan bizə bir neçə məktəb şagirdi (9-cu və 11-ci siniflər) yaxınlaşdı. Onların hamısının xanım olması diqqətimizdən yayınmadı, deməli xanımlar arasında təhsilə xüsusilə də xaricdə təhsilə maraq daha üstündür. Başladıq sohbətə, burada məlum oldu ki, bu zonanın insanları təhsilə xüsusi qiymət verir, xüsusilə də, rus dilli Azərbaycan əhalisi arasında bu tendensiya daha üstündür. Uşaqlar öz məktəb problemlərindən danışdılar, məktəbdə öz həmyaşıdları arasında olan oğlan-qız münasibətlərinə aydınlıq gətirdilər. Söhbət zamanı o da üzə çıxdı ki, ölkədə mövcud olan korrupsiya problemi 9-cu sinif şagirdlərindən də yan ötməyib, halalca qazandıqları məktəb olimpiadasının təltifnaməsini almaq üçün məktəb direktoru onlardan 200 AZN məbləğində pul tələb edir, bu uşaqlar da vermirlər ki, vermirlər. Elə düz də edirlər.

Bir azdan söhbətə “Peace Corps” könülləri də qoşuldular. Onlardan isə daha acınacaqlı tarixçələr eşitdik. Könüllülər arasında da xanımlar üstünlük təşkil edirdi, dediklərinə görə yaşadıqları icmalarda xanımlara qarşı münasibət birmənalı deyil, bir dəfə hətta birini avtobusda bağlayıb zorlamağa da çalışmışlar, amma qız nə yaxşı ki, diribaş olub, qışqır-bağır saldıqdan sonra çöldən gələn bir avtobus sürücüsü qapını açıb xanımı çölə buxarıb. Bu yazıqlar da belə dərdlidilər.

“Young Vision” layihəsi çərçivəsində digər səfərimiz Şirvan şəhərinə oldu, digər bölgələrdən fərqli olaraq, burada vəziyyət ürəkaçan idi, ən azından məktəb direktoru Əlizadə müəllimin bizə göstərdiyi köməklikdən, FLEX programı haqda geniş informasiyaya malik olması, şagirdlərə imtahanlarda iştirak etməyə yardımçı olmasından onun necə mütərəqqi bir insan olduğu qənaətinə gəlmək olardı. Buradakı şagirdlərlə söhbətimiz zamanı uşaqlara təhsilin insan həyatında rolu, ictimai həyatda iştirakın vacibliyi, xanımların təhsilli olmasının əhəmiyyətindən danışdıq.

Nə isə ki, Xaçmazda işlərimizi bitirdikdən sonra gəldik Nabrana - Lotos adlanan istirahət məkanına. Burada bizi düz 40 nəfər məzun gözləyirdi. Məlumat üçün qeyd edim ki, IREX və Amerika Dövlət Departamenti hər il Nabranda Məzunların İməcilik gününü keçirir, məzunlar 2 gün ərzində dəniz qırağını və meşə ərazilərini təmizləyirlər. Bununla həm fiziki həm də sosial iş görmüş olurlar.

Bu dəfəki iməciliyimiz çox maraqlı oldu, o baxımdan ki, biz bir güllə ilə bir neçə dovşan vurduq, yəni öncə Xaçmazda şagirdlərlə görüş, sonra Nabran İməciliyi və sonda ADR-ə həsr olunmuş çəkilişlər.

Nabranda olarkən bir neçə fakt gözümdən yayınmadı, ilk öncə kanalizasiya sularının Xəzərə axıdılması, daha sonra yerli sakinlərin bizim iməciliyə necə maraqla baxmaları, hətta bir neçə dəfə bizdən orda nə etdiyimizi soruşmaları, nə üçün etdiyimizlə maraqlanmaları, hansı dövlət, qeyri dövlət təşkilatından gəldiyimizi öyrənmək istəmələri burada könüllülük anlayışının hələ olmadığından xəbər verirdi.

Səfərimizin ən sonuncu işi isə ADR-in 91 yaşı münasibətilə ilə apardığımız çəkilişlər oldu. Xanımlar üzərində ADR yazılan köynəkləri geyinib bir nece dəqiqəlik ADR-ə həsr olunmuş cümlələr dedilər. Burda da bir neçə nüans diqqətimi çəkdi, belə ki, çəkiliş zamanı xanımların üstünlük təşkil etmələri, bəylərimizin nədənsə yaxalarını qırağa çəkmələri bir daha cəmiyyətimizdə xanımların artan rolundan xəbər verirdi. Sevindirici haldır, deyilmi?

Aida Səmədli

“Gənc Baxış” layihəsi çərçivəsində Şirvanda görüş keçirildi

May ayının 27-i OL! Azərbaycan Gənclər Hərəkatı, American Councils və IREX “Gənc Baxış” (Young Vision) layihəsi çərçivəsində Şirvan şəhərində gənclərlər görüş təşkil etmişlər. “Gənc Baxış” layihəsi çərçivəsində keçirilən mühazirələrin məqsədi - xaricdə təhsil mühiti; demokratiyanın təhsilə təsiri; vətəndaş cəmiyyətinin formalaşmasında təhsilin rolu; yerli və xarici ölkələrin təhsil sistemləri arasındakı fərqlər və s. barədə gənclərlə fikir mübadiləsi aparmaq və xarici təhsil ilə bağlı gəncləri ətraflı məlumatlandırmaq, və ən əsası gənclərin öz üzərilərində işləməyə həvəsləndirməkdir.

Şirvan şəhərindəki görüş şəhər mərkəzindəki orta məktəbdə baş verdi. Mühazirəyə maraq böyük olduğundan tədbirdə 30 nəfərə yaxın gənc iştirak etdi. Şirvan görüşündə spiker qismində OL! Azərbaycan Gənclər Hərəkatının üzvü Ruslan Əsədov, UGRAD proqramı məzunları Ayaz Əliyev və Aidə Səmədli, Bakı Dövlət Universitetinin tələbəsi Elxan Əhmədov iştirak etmişlər.

“Gənc Baxış” layihəsi çərçivəsində Xaçmazda görüş keçirildi

May ayının 23-ü OL! Azərbaycan Gənclər Hərəkatı, American Councils və IREX “Gənc Baxış” (Young Vision) layihəsi çərçivəsində Xaçmazda gənclərlə görüş təşkil etmişlər. “Gənc Baxış” layihəsi çərçivəsində keçirilən mühazirələrin məqsədi - xaricdə təhsil mühiti; demokratiyanın təhsilə təsiri; vətəndaş cəmiyyətinin formalaşmasında təhsilin rolu; yerli və xarici ölkələrin təhsil sistemləri arasındakı fərqlər və s. barədə gənclərlə fikir mübadiləsi aparmaq və xarici təhsil ilə bağlı gəncləri ətraflı məlumatlandırmaq, və ən əsası gənclərin öz üzərilərində işləməyə həvəsləndirməkdir.

Xaçmaz şəhərindəki interaktiv mühazirə Sevimli Soba adlı kafedə keçirildi. Görüşdə 12 yerli gənc və 4 nəfər sülh korpusu fəalı iştirak etmişdir. Bu görüş vasitəsilə yerli gənclər və Gənc Baxışcılar arasında daha sıx və səmimi ünsiyyət yarandı.

Qeyd edək ki, Xaçmaz rayonunda keçirilən görüşdə, OL! fəalları Ruslan Əsədov, Nicat Qarayev, Səbinə Ağayeva və Olqa Breqvadze iştirak etmişlər.

“Gənc Baxış” layihəsi çərçivəsində Gəncədə, Şəmkirdə və Tovuzda görüşlər keçirildi

May ayının 2-si və 3-ü OL! Azərbaycan Gənclər Hərəkatı, American Councils və IREX “Gənc Baxış” (Young Vision) layihəsi çərçivəsində Gəncədə, Şəmkirdə və Tovuzun Qaraxanlı kəndində gənclərlə görüş təşkil etmişlər. “Gənc Baxış” layihəsi çərçivəsində keçirilən mühazirələrin məqsədi - xaricdə təhsil mühiti; demokratiyanın təhsilə təsiri; vətəndaş cəmiyyətinin formalaşmasında təhsilin rolu; yerli və xarici ölkələrin təhsil sistemləri arasındakı fərqlər və s. barədə gənclərlə fikir mübadiləsi aparmaq və xarici təhsil ilə bağlı gəncləri ətraflı məlumatlandırmaq, və ən əsası gənclərin öz üzərilərində işləməyə həvəsləndirməkdir.

Gəncə şəhərindəki interaktiv mühazirə Gəncə Təhsil və İnformasiya Mərkəzində təşkil edildi və tədbirdə yerli universitet tələbələri və 11-ci sinif şagirdləri iştirak edirdilər. Tələbələr arasından “Gənc Baxış”ın Gəncə qrupunun yaradılması təşəbbüsü irəli sürüldü. Şəmkir rayonunda keçirilən interaktiv mühazirədə əvvəlki mühazirələrdən fərqli olaraq valideynlər və müəllimlər də mühazirənin sual-cavab hissəsində aktiv iştirak etdilər. Tovuz rayonunun Qaraxanlı kəndində təşkil olunan mühazirə ən fərqli mühazirə idi. Fərqlilik auditoriyanın mühazirənin sual-cavab hissəsində aktiv iştirakı, şagird və tələbələrin yüksək bilik səviyyəsi şəklində özünü göstərdi.

Qeyd edək ki, Gəncə, Şəmkir və Tovuz rayonlarında keçirilən görüşlərdə, OL! fəalları Ruslan Əsədov, Esmira Məmmədova və Olqa Breqvadze spiker qismində iştirak etmişlər.

OL! Hərəkatı region gəncləri üçün xaricdə təhsil haqqında mühazirələr keçirmişdir

OL! Azərbaycan Gənclər Hərəkatı və American Councils “Gənc Baxış” layihəsi çərçivəsində 23 aprel və 26 aprel tarixlərində müvafiq olaraq Bərdə və Şəmkir rayonlarında yerli QHT fəalları, 11-ci sinif şagirdləri, gənc müəllimlər, tələbə və digər gənclər üçün “Xaricdə Təhsil” mövzusunda interaktiv mühazirə təşkil emişlər.

“Gənc Baxış” layihəsi çərçivəsində keçirilən mühazirələrin məqsədi - xaricdə təhsil mühiti; demokratiyanın təhsilə təsiri; vətəndaş cəmiyyətinin formalaşmasında təhsilin rolu; yerli və xarici ölkələrin təhsil sistemləri arasındakı fərqlər və s. barədə gənclərlə fikir mübadiləsi aparmaq və xarici təhsil ilə bağlı gəncləri ətraflı məlumatlandırmaq, və ən əsası gənclərin öz üzərilərində işləməyə həvəsləndirməkdir.

Layihə çərçivəsində keçirilən ilk iki interaktiv mühazirədə spiker kimi OL! Hərəkatının İdarə Heyəti üzvü Ruslan Əsədov iştirak etmişdir.

Sevindirici haldır ki, regionlarda keçirilən interaktiv mühazirələrdə oğlanlarla bərabər qızlar da həvəslə iştirak etmişlər. Mühazirələrin təşkil edilməsində American Councils, Sülh Korpusu könüllüləri və Oxfam yardımçı olmuşlar.