“Young Vision” layihəsi IREX, ACCELS və OL! Hərəkatının dəstəyi ilə Amerika təhsilli tələbələr tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi gənclərin regionlarda yaşayan şagird və tələbələrlə tanış olması, onların problemləri ilə maraqlanmaq, onlarda təhsilə, xüsusilə də xaricdə təhsilə marağının artırılması, gənclərin demokratik dəyərlər barədə maarifləndirilməsi və ictimai həyatda aktiv iştirak etməyə həvəsləndirməkdir. Ayda 2 dəfə əvvəlcədən müəyyənləşdirilmiş qruplar regionlara səfər edir, oradakı şagird və tələbələrlə görüşür, interaktiv şəkildə onlarla müzakirələr aparılır və nələrə ehtiyacları olduqları öyrənilir. Belə görüşlərin təşkilində regionlarda fəaliyyət göstərən (və buna rəğmən bəzi regionlarda əhali tərəfindən müxtəlif zorakılıqlara məruz qalan) “Peace Corps” nümayəndələrinin rolunu xüsusi qeyd etmək lazımdır.
Bu dəfəki səfərimiz Xaçmazadır. İki saatlıq yoldan sonra nəhayət ki, gəlib mənzil başına çatdıq. Düzdü öncə bir az təəccübləndik, belə ki, nədənsə Peace Corps könüllüləri bu dəfəki görüş üçün həmişəkindən fərqli məkan seçmişdilər. Məkanın adı “Sevimli Soba” idi, yəqin söhbətin haradan getdiyi məlum oldu. Bu isə o demək idi ki, bu dəfəki görüşümüz həmişəkindən daha interaktiv olacaqdı. Beləliklə başladıq gözləməyə. Birazdan bizə bir neçə məktəb şagirdi (9-cu və 11-ci siniflər) yaxınlaşdı. Onların hamısının xanım olması diqqətimizdən yayınmadı, deməli xanımlar arasında təhsilə xüsusilə də xaricdə təhsilə maraq daha üstündür. Başladıq sohbətə, burada məlum oldu ki, bu zonanın insanları təhsilə xüsusi qiymət verir, xüsusilə də, rus dilli Azərbaycan əhalisi arasında bu tendensiya daha üstündür. Uşaqlar öz məktəb problemlərindən danışdılar, məktəbdə öz həmyaşıdları arasında olan oğlan-qız münasibətlərinə aydınlıq gətirdilər. Söhbət zamanı o da üzə çıxdı ki, ölkədə mövcud olan korrupsiya problemi 9-cu sinif şagirdlərindən də yan ötməyib, halalca qazandıqları məktəb olimpiadasının təltifnaməsini almaq üçün məktəb direktoru onlardan 200 AZN məbləğində pul tələb edir, bu uşaqlar da vermirlər ki, vermirlər. Elə düz də edirlər.
Bir azdan söhbətə “Peace Corps” könülləri də qoşuldular. Onlardan isə daha acınacaqlı tarixçələr eşitdik. Könüllülər arasında da xanımlar üstünlük təşkil edirdi, dediklərinə görə yaşadıqları icmalarda xanımlara qarşı münasibət birmənalı deyil, bir dəfə hətta birini avtobusda bağlayıb zorlamağa da çalışmışlar, amma qız nə yaxşı ki, diribaş olub, qışqır-bağır saldıqdan sonra çöldən gələn bir avtobus sürücüsü qapını açıb xanımı çölə buxarıb. Bu yazıqlar da belə dərdlidilər.
“Young Vision” layihəsi çərçivəsində digər səfərimiz Şirvan şəhərinə oldu, digər bölgələrdən fərqli olaraq, burada vəziyyət ürəkaçan idi, ən azından məktəb direktoru Əlizadə müəllimin bizə göstərdiyi köməklikdən, FLEX programı haqda geniş informasiyaya malik olması, şagirdlərə imtahanlarda iştirak etməyə yardımçı olmasından onun necə mütərəqqi bir insan olduğu qənaətinə gəlmək olardı. Buradakı şagirdlərlə söhbətimiz zamanı uşaqlara təhsilin insan həyatında rolu, ictimai həyatda iştirakın vacibliyi, xanımların təhsilli olmasının əhəmiyyətindən danışdıq.
Nə isə ki, Xaçmazda işlərimizi bitirdikdən sonra gəldik Nabrana - Lotos adlanan istirahət məkanına. Burada bizi düz 40 nəfər məzun gözləyirdi. Məlumat üçün qeyd edim ki, IREX və Amerika Dövlət Departamenti hər il Nabranda Məzunların İməcilik gününü keçirir, məzunlar 2 gün ərzində dəniz qırağını və meşə ərazilərini təmizləyirlər. Bununla həm fiziki həm də sosial iş görmüş olurlar.
Bu dəfəki iməciliyimiz çox maraqlı oldu, o baxımdan ki, biz bir güllə ilə bir neçə dovşan vurduq, yəni öncə Xaçmazda şagirdlərlə görüş, sonra Nabran İməciliyi və sonda ADR-ə həsr olunmuş çəkilişlər.
Nabranda olarkən bir neçə fakt gözümdən yayınmadı, ilk öncə kanalizasiya sularının Xəzərə axıdılması, daha sonra yerli sakinlərin bizim iməciliyə necə maraqla baxmaları, hətta bir neçə dəfə bizdən orda nə etdiyimizi soruşmaları, nə üçün etdiyimizlə maraqlanmaları, hansı dövlət, qeyri dövlət təşkilatından gəldiyimizi öyrənmək istəmələri burada könüllülük anlayışının hələ olmadığından xəbər verirdi.
Səfərimizin ən sonuncu işi isə ADR-in 91 yaşı münasibətilə ilə apardığımız çəkilişlər oldu. Xanımlar üzərində ADR yazılan köynəkləri geyinib bir nece dəqiqəlik ADR-ə həsr olunmuş cümlələr dedilər. Burda da bir neçə nüans diqqətimi çəkdi, belə ki, çəkiliş zamanı xanımların üstünlük təşkil etmələri, bəylərimizin nədənsə yaxalarını qırağa çəkmələri bir daha cəmiyyətimizdə xanımların artan rolundan xəbər verirdi. Sevindirici haldır, deyilmi?
Aida Səmədli
“Gənc Baxış” layihəsi haqqında təəsuratlar
Labels: teesuratlar, young vision
Subscribe to:
Post Comments (Atom)
1 comment:
Beylerimizin yaxalarini kenara cekmeleri hec de sevindirici hal deyil :)
Post a Comment