Showing posts with label parti. Show all posts
Showing posts with label parti. Show all posts

Bizim Məhəbbət Respublikamız

Fevralın 28-də OL! Azərbaycan Gənclər Hərəkatı 3 yaşı münasibətilə “Məhəbbət yoxsa Nifrət” adlı parti keçirdi. Partynin əsas şüarı “Siz nəyi seçəcəksiniz? Məhəbbət Respublikası yoxsa Nifrət Monarxiyası” idi.

Bizlər həmin gün Stop Clubda bu partini keçirməklə iki əsas ideyanı cəmiyyətin diqqətinə çatdırmağa çalışdıq: bunlar Respublika və Respublikaçılıq ideyasına sədaqət, məhəbbətin gücü və cəmiyyətin hər bir fərdinin sevgiyə ehtiyacı olduğu, hər bir probleminin həllində sevginin açar rolunu oynaya biləcəyini qabartmaq idi.

Biz həmin gün kiçik bir yerdə belə olsa özümüzün Məhəbbət Respublikamızı elan etdik. Məhəbbət Respublikasının Konstitusiyasını yazdıq və hər kəsi ideyamızın məğzi ilə tanış etdik:

Biz, Məhəbbət xalqı daha mükəmməl ittifaqın yaradılması, ədalətin bərqərar edilməsi, daxili tolerantlığın qorunması, birgə anlaşmanın təşkili, ümumi müdrikliyin səviyyəsinə yardım göstərilməsi, bizim və bizdən sonrakı nəsillərin azadlıq nemətləri ilə təmin edilməsi məqsədilə Məhəbbət Respublikasını təntənə ilə bəyan və təsis edirik.

Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün sevənlər bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına sevmək, sevilmək, azadlıq, səadətə canatma hüququ da daxildir; belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən Sevgi höküməti qurur; odur ki, hər hansı Nifrət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, yeni Məhəbbət quruluşu yaratmağa haqqı vardır.

Biz insanlara əsl məhəbbət, insanlar arasındakı hörmət və anlaşma, əsl azadlığa bir Məhəbbət Respublikasında çata biləcəyimiz mesajını verdik və onlara bu ideyaların gerçəkləşdirilməsi üçün stimul olacaq bir qığılcım verməyə çalışdıq.

Bu gün cəmiyyətimizdə də çatışmayan iki ünsür məhz bunlardır. Biz dövlət quruluşu olaraq rəsmən Respublikayıq. Ancaq addımbaşı bütün sferalarda respublika ideyasına, respublikaçılıq ənənələrinə zidd addımlar atıb, onun mahiyyətini dərk etmədən əhəmiyyətini heçə endiririk. Respublika quruluşunun dünyanın əksər inkişaf etmiş ölkələrində gətirdiyi xeyirləri görməzdən gəlirik və onun gətirdiyi azadlıq, bərabərlik, seçib-seçilmək hüququ, ümumi rifah kimi bütün bu müsbət təcrübələrdən bilərəkdən imtina edirik.

Biz isə respublikanın nə demək olduğunu, onun nemətlərini dərk edirik. Ona görə də çalışırıq ki, bütün cəmiyyət də bunu anlasın və ona toxunulmasına imkan verməsin və onu itirmək təhlükəsi ilə üz-üzə qaldığı anda Respublikanın yaşaması üçün var gücüylə çalışsın.

İkinci problem isə sevgi ilə bağlıdır. Bu gün cəmiyyətimizdə sanki bir sevgisizlik və aqressiya problemi var. İnsanların üzü gülmür, hər kəs insanlar arasında bir inamsızlıq və pessimizm müşahidə edir. Biz hesab edirik ki, belə mühitdə sevgi və inam olmadan bütün cəmiyyət məhv olmaq təhlükəsi ilə üz üzədir. Dünyanın ən şirin neməti sevgidir, o insanı nikbin olmağa, hər kəsə xeyirxah yanaşmağa, sabaha inamla baxmağa və daima içində gəzdirdiyi sevinci insanlarla paylaşmağa sövq edir. Əgər sevgi yoxdursa deməli nifrət qalibdir. Ona görə də biz məhz bu parti ilə respublika ideyası ilə yanaşı sevginin də parlaq sabahımız üçün əsas faktorlardan biri olduğunu göstərdik.

Əsl Sevginin olduğu Respublika - bu bizim yorulmadan uğrunda çalışdığımız, çatmaq istədiyimiz hədəfdir. İnaırıq ki, içində insanlığa sevgi hissləri dolu və respublika ideyasına sadiq biz gənclər bu hədəfimizə çox tezliklə nail olacağıq!

Rəşadət Axundov

Video: Love vs Hate party

Sizlərə 28 fevral, 2009-cu ildə keçirilmiş "Love vs Hate" partisindən hazırlanmış videomaterialı təqdim edirik.

Video: Məhəbbət Respublikası yoxsa Nifrət Monarxiyası?

Harada yaşamaq istərdiniz? Məhəbbət Respublikasında yoxsa, Nifrət Monarxiyasında? Bu sualla OL! Hərəkatı gənclərə müraciət etdi. Bu müraciətin videomaterialını sizlərə təqdim edirik.

Shirband OL-a yeni mahnı yazdı

Fevral ayının 28-i OL! 3 yaşını qeyd etdiyimiz partidə xoş bir hədiyyə ilə rastlaşdıq. Tədbir zamanı Shirband qrupunun reperi çıxış edərək, OL-a mahnı həsr etdiyini bildirdi və ardınca bu mahnını canlı olaraq hamının qarşısında ifa etdi. Bu link vasitəsilə Shirband'in "OL Azad" mahnısını dinləyə bilərsiniz.

OL! 3 yaşını qeyd etdi

OL! Azərbaycan Gənclər Hərəkatı 3 yaşını qeyd etdi. Bu münasibətlə təşkil olunan ad günü partisinə gənclər təşkilatlarının nümayəndələri və dostlarımız qatıldı. “Məhəbbət, yoxsa nifrət?” şüarı altında keçirilən partidə 150-yə yaxın gənc iştirak edirdi.

Onlar girişdə qurulmuş, “Məhəbbəti” və “Nifrəti” əks etdirən şəkilə baxaraq, bu iki simvoldan birinə səs verdilər. Məqsəd gənclərin hansı hissə daha yaxın olduğunu öyrənmək idi. Parti zamanı müxtəlij janrlarda musiqi sədaları altında rəqs edən gənclər eyni zamanda “OZAN” Rok qrupunun canlı rok musiqilərindən zövq aldılar.

“Məhəbbət və ya Nifrət” səsverməsinin nəticələri də bu zaman elan edildi. Məlum oldu ki, iştirak edən gənclərin 63 faizi “Məhəbbət” kartını seçib. Qutudan çıxan qara və qırmızı rəngli kartları sayan könüllülər 48 nəfərin “Nifrət”ə, 80 nəfərin isə “Məhəbbət”ə səs verdiyini müəyyənləşdirdi. Məhəbbətin qələbə çalma xəbərini gənclər xüsusi coşğu ilə qarşıladılar.

Partidə çıxış edən dostlarımız, Dağla Gənclər Hərəkatından Elşən Poladlı və AN Şəbəkəsinin nümayəndəsi Rəşad Elli OL! Hərəkatına arzularını bildirdilər. Bununla bərabər gənclər arasında tanınmış Şirbənd hip-hop qrupu hədiyyə olaraq OL-a həsr edilmiş mahnını ifa etdi.

Aşağıdakı linklər vasitəsilə partidən olan digər şəkilləri görə bilərsiniz.

OL! Party 1

OL! Party 2

Video: 3 yaşlı OL!

Sizlərə OL! Azərbaycan Gənclər Hərəkatının 3 illiyinə həsr olunmuş parti üçün hazırlanan video materialı təqdim edirik:

Respublika Uğrunda!!!

Yanvar ayının 10-da Old Mill Restoranında OL! Azərbaycan Gənclər Hərəkatının və AN! Şəbəkəsinin təşkilatçılığı ilə “Respublika Uğrunda” partisi keçirilmişdir.

Partidə müxtəlif gənclər təşkilatlarının üzvləri ilə yanaşı ictimaiyyət nümayəndələrindən də 100-ə qədər adam iştirak etmişdir.

Axşam saat 7-də başlanan parti Ozan rock qrupunun canlı ifasi ilə daha da rənglənmişdir.

Partinin gedişində “Respublikaçı Alternativ” (ReAl) İcimai Birliyinin Təşəbbüs Qrupunun üzvü Erkin Qədirli, Azadlıq Radiosundan Xadicə İsmayılova, Azad Düşüncə Assosiasiyasından Rəşad Şirin, DİP Gənclər Təşkilatının sədri Ramin Hacılı çıxış etmiş, indiki vəziyyətdə və ölkədə gedən proseslərin fonunda gənclərin “Respublika” ideyasının ətrafında bu cür ideyalarla bir araya gəlməsinin və bu ideyaların təbliğinin belə vasitələrlə gücləndirilməsinin əhəmiyyətini qeyd etmiş və ortaq dəyərlər uğrunda gələcəkdə daha ardıcıl və konkret mövqe ortaya qoymaqla mübarizə aparmağın və heç bir zaman Azərbaycan gəncliyinin Respublikadan imtina etməyəcəyini hər kəsə nümayiş etdirməsinin vacibliyini vurğulamışlar.

Tədbirin təşkilatçılarından olan OL Hərəkatının üzvü Ruslan Əsədov isə partinin məqsədini bu cür ifadə etmişdir: “Biz dəyərlərinə inanır və hesab edir ki, gənclər inandıqları dəyərləri müxtəlif yollarla, fərqli tədbirlər vasitəsilə qeyd etməli və yaymalıdır. Məhz bu səbəbdən biz partini "Respublika Uğrunda" adlandırdıq.








Fotolar: İlqar Mirzə

"OL!" Novruz bayramını özünəməxsus şəkildə qeyd etdi

Xalqımızın ən sevimli bayramı olan Novruz “OL!” Azərbaycan Gənclər Hərəkatı tərəfindən xüsusi şəkildə qeyd olundu. Hərəkat üzvlərinin təşəbbüsü ilə keçirilən “Milli Party” hamı üçün yadda qalan oldu.

Martın 21-də Jazz Club-da baş tutan “Milli Party”də 100-ə yaxın gənc işrtirak etdi. Milli musiqinin sədaları altında gənclər həm rəqs etdilər, həm də əyləndilər. Tədbirin ən diqqətçəkici cəhəti burada milli adətlərimizin ən yüksək səviyyədə öz əksini tapması oldu. Belə ki, “Milli Party”yə qatılan bütün oğlan və qızlar məhz milli geyimdə idilər.


Tədbir başlamazdan öncə gənclərə milli bayramlarımızın məhz bu şəkildə keçirilməsi və bunun həqiqi milli dəyərlərimizin qorunması üçün ən gözəl vasitə olduğu bildirildi. Xalq musiqilərimizin gənc müğənnilər tərəfindən ifa olunması isə gecəyə xüsusi rəng qatdı.


Qonaqlar bayram axşamında gənclərin milli geyimdə, milli bayramı “Milli Party” adı altında qeyd etmələrini yüksək qiymətləndirdilər. 5 saata yaxın davam edən tədbir gənclərin Yallı getməsi ilə başa çatdı.






Qeyd: Daha çox şəkil görmək üçün aşağıdakı linklərə basın:
http://www.facebook.com/album.php?aid=21169&id=8565431475
http://www.facebook.com/album.php?aid=21182&id=8565431475

OL! 2 yaşını qeyd etdi!

"OL!" Azərbaycan Gənclər Hərəkatının 2 yaşı tamam oldu. Bu münasibətlə fevralın 24-də 'Savanna Club''da ad günü partisi təşkil edildi.
Partidə "OL!"çularla yanaşı Məzunlar Şəbəkəsi üzvləri, Dalğa, Stimul, ALGA kimi aktiv gənclər təşkilatlarının nümayəndələri iştirak etdilər. Tədbirdə "OL!"un fəaliyyətini və prinsiplərini əks etdirən qısa filmin təqdimatı da oldu.
Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin direktoru Jake Jones, Dalğa Gənclər Hərəkatından Elşən Poladlı, Stimul Gənclər Şəbəkəsindən Elçin Güləliyev, Məzunlar Şəbəkəsindən Emin Milli və gənclərin dostu, tanınmış hüquqşünas Erkin Qədirli tədbirdə çıxış edərək OL Hərəkatına təbriklərini söylədilər və uğurlar arzuladılar.
Əsl birlik havasının hökmran olduğu partidə sözün əsl mənasında aktivlik var idi və gənclər rəqs edərək atmosferdən həzz aldılar.
Partinin ikinci hissəsi isə "Meridian" rok qrupuna həvalə olundu. Gecənin kulminasiyası isə gənclərin birlikdə əfsanəvi Pink Floyd qrupunun "Another brick in the wall" mahnısını oxuması oldu.
Tədbir gecə 11:30-a kimi davam etdi.
















Foto: İlqar Mirzə

Müstəqillik Günü münasibətilə parti

"OL!" Azərbaycan Gənclər Hərəkatı 28 May Respublika Günü münasibətilə party keçirmişdir. Party-də 70-dən artıq gənc iştirak etmişdir. Onların arasında "OL!"-un üzvləri ilə yanaşı, qeyri-üzvlər də olmuşdur. Tədbirdə Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin 28 may, 1953-cü ildə Amerikanın Səsi radiosundakı çıxışı səsləndirilmişdir. Bundan başqa, party-də müxtəlif oyun və müsabiqələr keçirilmiş, hədiyyələr, bayrağımızın rənglərini üzərində əks etdirən üçrəngli lentlər, şüarlar paylanmışdır.

OL-un 1 yaşı

"OL!" Azərbaycan Gənclər Hərəkatı yaranmasının bir ilinin tamam olması münasibətilə ad günü partisi keçirmişdir. Bu partidə "OL!" AGH-nın üzvləri və üzv olmayan 70-ə yaxın gənc iştirak etmişdir. Tədbirdə "OL!"-un prinsipləri, bir illik fəaliyyəti və gələcək planlarından bəhs edən təqdimat edilmişdir. Partidə davamlı rəqslərlə yanaşı, müxtəlif oyunlar, müsabiqələr də baş tutmuşdur. Ad günü partisində iştirak edənlərə "OL!"-un manifestini əks etdirən bukletlər, həmçinin bahalaşmaya qarşı "Göy Lent" aksiyasının davamı olaraq göy lentlər paylanmışdır.

Yeni İl Şənliyi

"OL!" Azərbaycan Gənclər Hərəkatı Yeni İl Şənliyi təşkil etmişdir. Şənlik "Chill-Out" Klubunda keçirilmişdir. Şənlikdə "OL!"un üzvləri ilə yanaşı, digər gənclər təşkilatlarının nümayəndələri də iştirak etmişlər. 2006-cı ilin yekunlarına əsasən "İlin "OL!"çu Xanımı" və "İlin "OL!"çu Bəyi" nominasiyaları üzrə diplomlar təqdim olundu. Gülşən Aslanova İlin "OL!"çu Xanımı, Ruslan Əsədov isə İlin "OL!"çu Bəyi adına layiq görülərək diplomla təltif olundular. Şənlik maraqlı və əyləncəli oyunlarla, həmçinin rəqslərlə davam etdi.