Fevralın 28-də OL! Azərbaycan Gənclər Hərəkatı 3 yaşı münasibətilə “Məhəbbət yoxsa Nifrət” adlı parti keçirdi. Partynin əsas şüarı “Siz nəyi seçəcəksiniz? Məhəbbət Respublikası yoxsa Nifrət Monarxiyası” idi.
Bizlər həmin gün Stop Clubda bu partini keçirməklə iki əsas ideyanı cəmiyyətin diqqətinə çatdırmağa çalışdıq: bunlar Respublika və Respublikaçılıq ideyasına sədaqət, məhəbbətin gücü və cəmiyyətin hər bir fərdinin sevgiyə ehtiyacı olduğu, hər bir probleminin həllində sevginin açar rolunu oynaya biləcəyini qabartmaq idi.
Biz həmin gün kiçik bir yerdə belə olsa özümüzün Məhəbbət Respublikamızı elan etdik. Məhəbbət Respublikasının Konstitusiyasını yazdıq və hər kəsi ideyamızın məğzi ilə tanış etdik:
Biz, Məhəbbət xalqı daha mükəmməl ittifaqın yaradılması, ədalətin bərqərar edilməsi, daxili tolerantlığın qorunması, birgə anlaşmanın təşkili, ümumi müdrikliyin səviyyəsinə yardım göstərilməsi, bizim və bizdən sonrakı nəsillərin azadlıq nemətləri ilə təmin edilməsi məqsədilə Məhəbbət Respublikasını təntənə ilə bəyan və təsis edirik.
Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün sevənlər bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına sevmək, sevilmək, azadlıq, səadətə canatma hüququ da daxildir; belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən Sevgi höküməti qurur; odur ki, hər hansı Nifrət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, yeni Məhəbbət quruluşu yaratmağa haqqı vardır.
Biz insanlara əsl məhəbbət, insanlar arasındakı hörmət və anlaşma, əsl azadlığa bir Məhəbbət Respublikasında çata biləcəyimiz mesajını verdik və onlara bu ideyaların gerçəkləşdirilməsi üçün stimul olacaq bir qığılcım verməyə çalışdıq.
Bu gün cəmiyyətimizdə də çatışmayan iki ünsür məhz bunlardır. Biz dövlət quruluşu olaraq rəsmən Respublikayıq. Ancaq addımbaşı bütün sferalarda respublika ideyasına, respublikaçılıq ənənələrinə zidd addımlar atıb, onun mahiyyətini dərk etmədən əhəmiyyətini heçə endiririk. Respublika quruluşunun dünyanın əksər inkişaf etmiş ölkələrində gətirdiyi xeyirləri görməzdən gəlirik və onun gətirdiyi azadlıq, bərabərlik, seçib-seçilmək hüququ, ümumi rifah kimi bütün bu müsbət təcrübələrdən bilərəkdən imtina edirik.
Biz isə respublikanın nə demək olduğunu, onun nemətlərini dərk edirik. Ona görə də çalışırıq ki, bütün cəmiyyət də bunu anlasın və ona toxunulmasına imkan verməsin və onu itirmək təhlükəsi ilə üz-üzə qaldığı anda Respublikanın yaşaması üçün var gücüylə çalışsın.
İkinci problem isə sevgi ilə bağlıdır. Bu gün cəmiyyətimizdə sanki bir sevgisizlik və aqressiya problemi var. İnsanların üzü gülmür, hər kəs insanlar arasında bir inamsızlıq və pessimizm müşahidə edir. Biz hesab edirik ki, belə mühitdə sevgi və inam olmadan bütün cəmiyyət məhv olmaq təhlükəsi ilə üz üzədir. Dünyanın ən şirin neməti sevgidir, o insanı nikbin olmağa, hər kəsə xeyirxah yanaşmağa, sabaha inamla baxmağa və daima içində gəzdirdiyi sevinci insanlarla paylaşmağa sövq edir. Əgər sevgi yoxdursa deməli nifrət qalibdir. Ona görə də biz məhz bu parti ilə respublika ideyası ilə yanaşı sevginin də parlaq sabahımız üçün əsas faktorlardan biri olduğunu göstərdik.
Əsl Sevginin olduğu Respublika - bu bizim yorulmadan uğrunda çalışdığımız, çatmaq istədiyimiz hədəfdir. İnaırıq ki, içində insanlığa sevgi hissləri dolu və respublika ideyasına sadiq biz gənclər bu hədəfimizə çox tezliklə nail olacağıq!
Rəşadət Axundov
Bizim Məhəbbət Respublikamız
Labels: movqe, parti, respublika
Video: Love vs Hate party
Sizlərə 28 fevral, 2009-cu ildə keçirilmiş "Love vs Hate" partisindən hazırlanmış videomaterialı təqdim edirik.
Labels: parti, respublika, video
Video: Məhəbbət Respublikası yoxsa Nifrət Monarxiyası?
Harada yaşamaq istərdiniz? Məhəbbət Respublikasında yoxsa, Nifrət Monarxiyasında? Bu sualla OL! Hərəkatı gənclərə müraciət etdi. Bu müraciətin videomaterialını sizlərə təqdim edirik.
Labels: parti, respublika, video
Azadlıq Radiosunda Respublika ilə bağlı veriliş
Labels: metbuat, respublika
Respublika Uğrunda!!!
Yanvar ayının 10-da Old Mill Restoranında OL! Azərbaycan Gənclər Hərəkatının və AN! Şəbəkəsinin təşkilatçılığı ilə “Respublika Uğrunda” partisi keçirilmişdir.
Partidə müxtəlif gənclər təşkilatlarının üzvləri ilə yanaşı ictimaiyyət nümayəndələrindən də 100-ə qədər adam iştirak etmişdir.
Axşam saat 7-də başlanan parti Ozan rock qrupunun canlı ifasi ilə daha da rənglənmişdir.
Partinin gedişində “Respublikaçı Alternativ” (ReAl) İcimai Birliyinin Təşəbbüs Qrupunun üzvü Erkin Qədirli, Azadlıq Radiosundan Xadicə İsmayılova, Azad Düşüncə Assosiasiyasından Rəşad Şirin, DİP Gənclər Təşkilatının sədri Ramin Hacılı çıxış etmiş, indiki vəziyyətdə və ölkədə gedən proseslərin fonunda gənclərin “Respublika” ideyasının ətrafında bu cür ideyalarla bir araya gəlməsinin və bu ideyaların təbliğinin belə vasitələrlə gücləndirilməsinin əhəmiyyətini qeyd etmiş və ortaq dəyərlər uğrunda gələcəkdə daha ardıcıl və konkret mövqe ortaya qoymaqla mübarizə aparmağın və heç bir zaman Azərbaycan gəncliyinin Respublikadan imtina etməyəcəyini hər kəsə nümayiş etdirməsinin vacibliyini vurğulamışlar.
Tədbirin təşkilatçılarından olan OL Hərəkatının üzvü Ruslan Əsədov isə partinin məqsədini bu cür ifadə etmişdir: “Biz dəyərlərinə inanır və hesab edir ki, gənclər inandıqları dəyərləri müxtəlif yollarla, fərqli tədbirlər vasitəsilə qeyd etməli və yaymalıdır. Məhz bu səbəbdən biz partini "Respublika Uğrunda" adlandırdıq.
Labels: parti, reliz, respublika
Monarxiyanın növbəti qələbəsi
Dünən Texniki Universitetin futzal meydançasında BDU tələbələri tərəfindən təşkil olunmuş “Respublika” və “Monarxiya” komandaları arasında futbol matçı keçirildi.
Oyun çox sərt və maraqlı idman mübarizəsi şəraitində keçdi. Qarşılıqlı əks-hücümlar, gözəl driblinqlər, azarkeşlərin emossiyaları oyunu daha da rəngləndirirdi. Futbolçular sanki ölkədə respublika və monarxiya ənənələrinin hansının qalib gəlməsi uğrunda mübarizə aparır və meydanın hər qarışında güzəştsiz oyun sərgiləyirdilər.
Bu maraqlı oyun 7:6 hesabı ilə “Monarxiya” komandasının qələbəsi ilə başa çatdı. Monarxistlərin daha çevik, qətiyyətli, kəskin və sərt mübarizəsi özünü oyunun nəticəsində də əks etdirdi. Respublikaçıların isə məhz ölkəmizdəki respublika tərəfdarları kimi aralarında lazımi anlayışın olmaması, son məqamda qətiyyətsizlikləri məğlubiyyətdə açar rolunu oynadı.
Azarkeşlər isə ayrıca bir söhbətin mövzusudur. Tribunada respuspublikaçı və monarxist tərəfdarlar bütün oyun boyunca öz sevimli komandalarını çılğınlıqla dəstəkləyir, yaradıcı şüarlarlа oyuna əlavə intriqa gətirirdilər. Respublikaçı azarkeşlər əsasən “Respublika”, “Yayaya-şaşaşa Respublika çox yaşa” və “Monarxiyaya YOX, Respublikaya HƏ” şüarlarından istifadə edir, Monarxistlər isə əsasən “Monarxiya- Şah sağolsun” və “Xalq heç kimdi-Şah sağolsun” cavabları ilə rəqiblərinə layiqli müqavimət göstərirdilər.
Respublikaçı azarkeşlər zalda çoxluq təşkil etsə də sonda onlar Monarxiyanın ölkəmizdə daha bir qələbəsinə şahid olmağa məcbur oldular və suyu süzülə süzülə zalı tərk etdilər. Monarxistlərin kapitanı isə sonda verdiyi bəyanatla onların bu işdə necə qətiyyətli və özlərinə arxayın hərəkət etdikərini bir daha sübut etdi: “Biz istənilən rəqiblə - millətçilərlə, radikallarla, demokratlarla yarışmaqdan qorxmuruq, çünki, əminik ki, sonda həmişə monarxiya qalib gələcək”

Labels: aksiya, reliz, respublika
Monarxiya - Respublika futbol matçı
Ən yeni Azərbaycan tarixinin bu keşməkeşli dönəmində, Bakı Dövlət Universitetinin tələbələri rəmzi məna daşıyan futbol oyunu keçirtdilər.
Nəticə: MONARXİYA 7 : 6 RESPUBLİKA
Video reportaj:
Labels: aksiya, respublika, video
“Respublika və Respublikaçılıq” mövzusunda mühazirə
OL! Azərbaycan Gənclər Hərəkatı və Far Centre tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli ilə “Respublika və Respublikaçılıq” mövzusunda interaktiv mühazirə keçirmişlər. Mühazirədə ilk olaraq Qulamhüseyn müəllim Respublika anlayışı haqqında bir dövlət idarəetmə forması kimi danışmış, müasir dövrdə mövcud olan respublika növləri barədə söhbət açmışdır. Daha sonra respublikaçılığa mədəni və mənəvi dəyərlər sistemi kimi nəzər yetirmiş və bu barədə öz fikirlərini bölüşmüşdür. Sonra isə mühazirə iştirakçıları mövzu ətrafında fəal müzakirə aparmış, öz suallarını mühazirəçiyə ünvanlamışlar.
Labels: muhazire, respublika







