Ah, İstanbul…

Qısa olmayan giriş: Düz 3 il əvvəl Türkiyəyə səfər edəndə tamam rəsmi işlər üçün gedirdim. Qadın millət vəkilləri Bakı-Tibilisi-Ceyhan boru kəmərinin sülh və sabitliyə qatqısı olduğunu düşünərək BTC-nin keçdiyi hər şəhər və kəndə getməyi qərara almışdılar. Mən də sənədli film hazırlamalı idim həmin səfərdən. Gürcüstanda olarkən siyasi davranışlardan bir qədər canım sıxıldı. Gürcü qadın millət vəkilləri ənənəvi davranışlarını sərgiləyirdilər. İki türk müsəlman ölkənin deputatları arasında sərgilənməli olan xas xüsusiyyətlərini: soyuq, quru və şovinist baxışlar. Sanki,- sizə ehtiyacımız yoxdur deyirdilər. ‘’BTC-yə sizin xahişinizlə Gürcüstandan keçməsinə icazə vermişik’’- demək istəyirdilər.

İki gün Gürcüstanda olduğumuz müddətdə canım o qədər sıxlımışdı ki, Türkiyəylə sərhəd qapısına çatanda fikirləşirdim ki, bu ölkədə də eyni münasibəti görsəm bir də siyasilərlə heç yerə səfərə getməyəcəm. Söhbət ondan gedir ki, əvəllər Gürcüstana etdiyim səfərlər zamanı daha çox gənclərlə dostlaşmışdım, bir birimizi sevmişdik. İş siyasi səfərə gələndə fərqli oldu. Amma yaxşı ki, bu fərqlilik Türkyə sərhədinə qədər davam etd. Sarpda bizi geniş insan kütləsi qarşılamağa gəlmişdi. Əsl türk həyəcanı hiss olunurdu: Bayraqlar, davullar, milli geyimli qızların rəqsi. Ürəyim açıldı… Artvin bölgəsi, Rize, Trabzon, Samsun, Giresun, Ankara, Adana və Ceyhana qədər getdik. Qara dəniz bölgəsinin mədəniyyəti, istiqanlı insanı, yeməkləri və qazandığımız dostluqlar… Bunlar xəyalımdan çıxmayacaq notlar idi. Bəlkədə elə Türkiyəyə marağımın artmasının yeganə səbəbi ilk işgüzar səfərim zamanı qazandığım dostluqlar idi.

3-cü dəfə İstanbulda…

Bu qış ilin ilk tətilinə çıxdım. Fevral ayında hansısa ölkəyə dincəlməyə getmək istəyimi başa düşməyənlər çox idi. “Qışda da istirahət olar” deyib, təəccüblənirdilər. Amma hər zaman fərqli olmağa çalışan birisi kimi qərara almışdım ki, bu dəfə dincəlmək üçün məhz qış fəsli olmalıdır. Yanılmadım. İstanbul yaydakı gözəlliyini qışda heç də gizlətməmişdi. Axı bu şəhərin ən başlıca gözəlliyi elə insanlarının çoxluğundadır. Həyat burada qaynayır. Hamı harasa tələsir. Həm də günün hansı saatı olmasına baxmayaraq.

İstanbulda bizi gənc dostlarımız qarşıladı. Burada ilk dəyişikliyi hava limanında hiss etdim. Siqaret çəkmək istəyən əcnəbilərə bildirildi ki, hökümətin qərarıyla daha ictimai yerlərdə siqaret çəkilmir. Cəzası var. Hamı açıq havaya çıxana qədər dözməlidir. 15 gün ərzində girdiyim bütün restoran, kafe, dükan və digər yerlərdə iri hərflərlə ‘’BURADA SİQARET ÇƏKİLMİR. CƏZASI 62 TÜRK LİRƏSİ’’ sözlərini görməyə alışmışdım. Ən xoşuma gedən isə insanların bu kağız elanlara necə sayğıyla yanaşmaları idi.

Qeyd edim ki, Türkiyə dini dəyərlərə yaxınlığı ilə seçilir. Amma orda olduğum 15 gün ərzində mən olduqca fərqli bir atmosfer hiss edirdim. Bu, dindarlıqla dünyəviliyin ustalıqla bir arada tutulması idi. Türkiyəlilər dindar olmağı bacardığı kimi, müasir dəyərlərə və demokratiyaya o qədər güclü sahib çıxmağı da bacarır. Dünyada yaşanan maliyyə krizi türkiyəliləri bir qədər sıxışdırıb. Amma buna baxmayaraq hökümət krizdən qurtulmaq üçün nələr etmir ki? Xırda və orta sahibkarlığın inkişafı üçün restoran və yeməkxanalar üçün əla tariflər müəyyənləşdirilib. Elə buna görə də artıq insanlar evlərində yemək bişirməyə zəhmət çəkmirlər. Çünki həmin zəhmətin məbləğinə yaxşı qiymətə qarnını yaxşıca doyura bilirsən. Bu isə həm də sahibkara pul qazandırır. Beləcə, hər kəs bir birini dolandırmış olur.

İnsanlar ictimai işlərdə çox aktivdirlər. Fələstin müharibəsinə necə diqqət ayırırlarsa, baş nazirlərinin Davosdakı atəşli nitqinə də ən azı dükanlarının qarşısını plakatlarla bəzəməklə qarşılıq verirlər. Bələdiyyə seçkiləri ərəfəsində hər tərəfdə təbliğat gedir. Hər kəsə bərabər imkanlar yaradılıb. Bütün partiyalar liderlərin sərt münasibətlərinə rəğmən olduqca həvəslə və inamla seçkiyə hazırlaşırlar. Çünki onlarda vaz keçmək deyilən bir prinsip yoxdur. İqtidardakı AK partiyada tanıdığım bir qadını ziyarət etməyə getmişdim. Orda diqqətimi çəkən çox maraqlı bir nüans oldu. Partiyanın qadın qollarında təmsil olunan xanımlar ictimai işlərdə çox həvəslə iştirak edirlər. Hər biri işdən sonra partiyalarına könüllü kömək edirlər. Qarşılığında heç bir mənfəət gözləmədən. Bununla gördüm ki, Türkiyədə könüllülük prinsipi insanların qanına işləyib.

Türk insanı…

3 şəhəri gəzdim: İstanbul, Ankara və Amasya. Hər birində bir müsbət məqamı müşahidə etdim. Türkiyədə əyalətdə yaşayan bir gəncin intellektual səviyyəsi, heç də şəhərli gəncdən geri qalmır. Orda taksi sürücüsü və ya bazarda ticarətlə məşğul olan birisi ilə, dövlət qurumunda işləyən məmurun fəqrini hiss etmək çox çətindir. Hamı ölkəsi haqda hər şeydən məlumatlıdır. Kənddə yaşayan da şəhərli qədər ölkəsinin hər bir dərd sərini bilir və can yandırır. Ən vacibi isə insanlar kənddə yaşamaqdan bezmirlər. Şəhərə axın burdakı qədər deyil. Şəhərə yolu düşən isə təhsil almaq və ya təyinatla işləmək üçün gəlir.

Ən nəhayət Gənclər…

Gedəcəyim bir ölkədə, şirkətdə və hətta evdə bir gənc həmkarım olmasa orda heç vaxt istədiyim qədər rahat olmaram. İstanbul nə qədər gözəl olur-olsun, istədiyim qədər gəzib dolaşsam da yenə yanımda gənc dostlarım olmasa bu səfərdən məmnun qalmaram. Həm də gənclər sektorunda çalışdığımdan bu dəfə restoranda qarson işləyən gəncdən, geyim dükanlarında çalışan “elemanlara” qədər hər kəslə söhbət edib, onların dünya görüşləri ilə maraqlandım. Məqsədim türk gəncliyinin iç dünyasını öyrənmək idi. Çox qəribədir, gənclər dünyanın bütün ölkələrində eynidir. Onları mədəniyyətlər, dinlər, dillər ayırmır. Gənclər eyni hədəfə baxır: AZADLIQ VƏ SÜLH. Azad düşüncə tərzini bütün gənclər tələb edir. Bəlkədə ortaq duyğumuz bu olduğundan harda bir gənclə tanış olduqsa, ayrılana qədər təbəssüm və sevgi dolu bir davranış sərgiləndi aramızda. Bu dəfə də İstanbuldan əliboş dönmədim. Yanlış anlamayın, aldığım geyimləri və hədiyyələri nəzərdə tutumuram. Mənim qazandığım ən böyük bəhrə məhz İNSANLAR idi. Türkiyənin gənc və mənim kimi düşünən İDEYA insanları. Facebook-da tez tez danışırıq. Fatih, Sinan, Göksal, Hakan, Fatih, Həsən, Said, Məhəmməd, Savaş… 15 günə bu qədər insanla necə tanış olmuşdum? Cavabı çox sadədir: BİZ, BİZİM KİMİ DÜŞÜNƏN HƏR KƏSLƏ, DÜŞÜNMƏYƏ BAŞLADIĞIMIZ İLK ANADAN TANIŞIQ…

Yusif Kərimli

3 comments:

Adnan Hajizada said...

axirinci shekil lap bulvara benzeyir.

Orkhan said...

Yusif, yazı çox gözəl çıxıb. Həqiqətən əla çıxıb! ;)

Anonymous said...

Deyesen OL! yavash-yavash turist teshkilatina chevrilir. FASE-nin yolu ile gedirsiz?