Tək əldən də səs çıxar

Z. Freyd yazırdı: "Əqlin səsi gur deyil, lakin inadkardır və o eşidilməyənəcən susmaz". Yazıçı və tarixçi Aleksandr İsayeviç Soljenitsının qanlı sovet gerçəkliyini ifşa edən asta, lakin bir an da səngiməyən səsinə bütün dünya beləcə qulaq kəsilmişdi.

Soljenitsın 1918-ci ildə Kislovodskda varlı kazak ailəsində doğulub. Rostov Universitetinin riyaziyyat fakültəsini bitirdikdən sonra orta məktəbdə riyaziyyat və astronomiya fənlərindən dərs deyib, eyni zamanda qiyabi olaraq Moskva Universitetinin ədəbiyyat kursunu başa vurub.

Müharibənin başlanması ilə Soljenitsın cəbhəyə yollanır, orada artilleriya kapitanı rütbəsinə çatır. 1945-ci ildə cəbhədən göndərdiyi məktubda Stalinin ünvanına tənqid söylədiyinə görə məhkəməsiz-filansız ömrünün 8 ilini həbsxanalarda, Sibirin islah-əmək düşərgələrində keçirməli olur. O zamanlar hökumət yalnız dissidentlərin özlərini deyil, həm də ailə üzvlərini təqib edirdi. Məhz bu səbəbdən öz canı üçün qorxan arvadı Soljenitsından üz döndərir.

Taleyin dönüklüyü, həbs düşərgəsinin dəhşətləri Soljenitsının iradəsini sındıra bilmir. Hələ düşərgədə olarkən öz ilk hekayələrini yazmağa başlayır və yazdıqlarını gözətçilərin əlinə düşməməsi üçün əzbərləyib yaddaşına köçürür. 1953-cü ildə Stalinin ölümündən sonra Soljenitsın düşərgədən azad olunmaqla bərabər müddətsiz sürgünə məhkum edilir. 1956-cı ildə onda xərçəng xəstəliyi aşkar edildiyi üçün sürgündən azad olunur. O, ölmək üçün azadlığa buraxılır (bu hadisələr onun "Xərçəng korpusu" adlı povestində bütün təfsilatı ilə təsvir olunub), lakin möcüzə baş verir - xəstəlik bir növ "geri çəkilir" və ona Ryazanda məskən salmağa icazə verilir; buradakı məktəbdə o, riyaziyyatdan dərs deyir, öz ilk hekayələrini yazıya almağa başlayır.

1960-cı ildə N. Xruşşovun antistalin kampaniyasından ruhlanan Soljenitsın Sibirdəki islah-əmək düşərgəsi həyatından bəhs edən və sonralar ona dünya şöhrəti gətirmiş "İvan Denisoviçin bir günü" povestini qələmə alır. Povest 1962-ci ildə, yalnız Xruşşovun özü məsələyə qarışdıqdan sonra çap edilir və dərhal da dünya miqyasında ədəbi-siyasi sensasiyaya səbəb olur.

Stalinizmlə mübarizə aparan Xruşşov təxminən 20 milyon sovet vətəndaşının məhvi ilə nəticələnmiş kommunist rejiminin cinayətlərini ictimaiyyətə çatdırmaq istəyən Soljenitsını dəstəkləməyə başlayır. Lakin artıq 1963-cü ildə Xruşşovun özü Soljenitsınin müasir sovet gerçəkliyindən danışan "ziyanlı" hekayələrinin çapına yasaq qoyur.

1964-cü ildə Xruşşov vəzifəsindən götürüləndən sonra Soljenitsın yenə "sovet xalqının düşməni" elan edilir. DTK onu və onun yaxın adamlarını izləməyə başlayır. Lakin Soljenitsın təslim olmur, onun qanlı Stalin terroru haqqındakı povest və hekayələri "samizdat" (yazı makinasında çap edilmiş əlyazmalar şəklində) vasitəsilə bütün ölkəyə yayılır və Kreml rəhbərliyi üçün ən dəhşətlisi odur ki, əcnəbi ölkələrdə dərc olunur.

Soljenitsın həqiqətindən hiddətə gəlmiş hakimiyyət dairələri bütün ölkədə Soljenitsınla bağlı təqib və böhtan kampaniyasına başlayır. 1969-cu ildə onu Yazıçılar İttifaqı üzvlüyündən çıxarır, bununla da yazıçını, demək olar ki, yaşayış vasitələrindən məhrum edir, ölkə ziyalılarını onu "damğalayan" məktubları imzalamağa vadar edir, hətta məktəblərdə də ona qarşı kin və lənətlə dolu təbliğat aparırlar. DTK agentləri Soljenitsının mənzilində axtarış aparır və onun əlyazmalarını müsadirə edir, telefon vasitəsilə onu ölümlə hədələyir, yazıçının az qala hər addımını izləyirlər. Lakin artıq gecdi! Soljenitsın bütün dünyada görkəmli yazıçı, dünyanın yarısını idarə edən qüdrətli sistemə təkcanına meydan oxuyan mərd, cəsur adam kimi tanınır və sevilir. 1970-ci ildə Soljenitsın ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür, lakin mükafatı almağa getməkdən imtina edir, bilir ki, getsə, onu bir daha öz ölkəsinə buraxmayacaqlar.

1973-cü ildə Soljenitsın qüdrətli DTK-nın "başını aldadaraq" öz başlıca əsərini - "QULAQ arxipelaqı" epopeyasını Qərbə ötürə bilir. Kommunist rejiminin 1924-1953-cü illərdə törətdiyi cinayətlərdən danışan bu çoxcildli, sənədli romanı Soljenitsın Xruşşov dövründə Sov. İKP və DTK arxivlərindən əldə etdiyi materiallar əsasında qələmə almışdı. Sovet rəhbərliyinin bu əsərlə bağlı xofu o qədər böyük idi ki, müvafiq orqanlar romanın Qərbdə çapının qarşısını almaq üçün dövlət səviyyəsində bənzəri olmayan səy və cəhdlər göstərirlər. Lakin onların səyi əbəs idi. 1973-cü ilin dekabrında romanın birinci hissəsi Parisdə çap edilir və o vaxta qədər Stalinin ölüm düşərgələrinə inanmaq istəməyən dünya ictimaiyyətini lərzəyə gətirir.

Bu roman Avropa kommunist hərəkatına ağır zərbə vurur - Avropanın sol təmayüllü ziyalıları kütləvi surətdə kommunist partiyalarından çıxdıqlarını elan etməyə başlayırlar. Bu, Avropada kommunizmin süqutunun başlanğıcı idi. Təlaşa düşmüş Sovet rəhbərliyi yazıçının fiziki məhvi haqqında ciddi düşünməyə başlayır, bu addımdan Kremli yalnız dünya ictimaiyyətinin ehtimal olunan qəzəbi saxlayır; nəhayət, "çıxış yolu" tapılır: yazıçını sovet vətəndaşlığından məhrum edib SSRİ-dən sürgün edirlər (1974). Soljenitsın ABŞ-da Vermont şəhərində məskən salır, sovet gerçəkliyindən bəhs edən roman və tarixi xronikaları üzərində işini davam etdirir.

1974-cü il fevralın 18-də "Vaşinqton post" qəzeti onun öz həmvətənlərinə müraciətini - "Yalansız yaşamaq" başlıqlı yazısını dərc edir. Bu müraciətnamə tez bir zamanda "samizdat"ın köməyilə bütün ölkəyə yayılır. İnsan vicdanının ən incə tellərinə toxunan bu müraciətnamə ölkədə əvvəlcə azsaylı dissident hərəkatının, az sonra isə insan ləyaqətinin təsdiq olunması uğrunda kütləvi hərəkatın, bir növ, manifesti olur.

Soljenitsın burada güclü şəxsiyyətlərə, yaxud öz məslək yoldaşlarına deyil, həmişəki kimi bütün xalqa da deyil, necə deyərlər, "orta" vətəndaşa müraciət edir. Onların hər biri ilə ürəkdən, bütün səmimiyyəti ilə danışır, sanki üzbəsurət öz həyat tarixçəsini onlara nəql edir və bu müraciət, bu çağırış ürəklərə yol tapır.

İstiqlaliyyət, demokratiya, tərəqqi, bütün bunlar hələ çox sonra - bizim hər birimizin beynində dərin kök salmış yalan çıxıb gedəndən sonra gələcəkdir. Yazıçı deyir ki, bizim ətrafımızda hər şeyi udub məhv edən rəzalət və köləliyə görə təkcə dövlət, cəmiyyət, iqtidar, yaxud müxalifət deyil, ilk növbədə bizim hər birimiz şəxsən məsuliyyət daşıyırıq. O deyir ki, mübarizəyə girmək, təkbaşına da olsa ilk addımı atmaq gərəkdir. Təklikdə çətin olan ilk addımı...

Soljenitsının resepti sadədən də sadədir - heç vaxt, hətta ən müqəddəs məqsədlər naminə belə yalan söyləmə, həqiqəti ört-basdır eləmə. Vicdansız cəmiyyətdə demokratiya mövcud ola bilməz. Cəhd elə, yalandan qurtul. O vaxt daha heç kəs səni alçaldıb əzə bilməz!

Hikmət Hacızadə



ALEKSANDR SOLJENİTSIN
Yalansız yaşamaq
(1974)

Bütün bunlarda heç də "onlar" günahkar deyil, hər şeydə biz özümüz günahkarıq!

Vaxt vardı cınqırımızı da çıxara bilmirdik. İndi artıq "samizdat" yazıb-oxuyuruq, institutların dəhlizlərinə yığışıb ürəyimizi boşaldırıq: "Gör nə oyundan çıxırlar, gör bizi hara sürükləyirlər?!". Xarabalıq və yoxsulluq içində yerə-göyə sığmayan lovğalıq, vəhşi rejimlərin harda gəldi möhkəmləndirilməsi, vətəndaş müharibələrinin qızışdırılması... Kefləri istəsə, bizi öz əlimizlə (öz vəsaitimizlə) bəsləyib böyütdüyümüz Mao Tszedunun üstünə də göndərə bilərlər və gedərik - çarəmiz nədir? Kimi istəsələr həbs eləyirlər, sağ-salamat adamları dəlixanaya salırlar. İstədikləri oyunu çıxarırlar, bizsə acizik, gücsüzük.

Axırımız çatıb, mənəvi ölüm artıq bizi yaxalayıb və fiziki ölüm də qapımızın ağzını kəsdirib: özümüzü də, övlad-uşağımızı da külə döndərməyə hazırdır, bizsə əvvəlki kimi hürkək-hürkək qımışır və dodaqaltı mızıldanırıq:

"Necə mane ola bilərik? Bizdə o zor hanı?".

Adamlığımızı o dərəcədə itirmişik ki, bütün prinsipləri, mənəviyyatımızı, ata-babalarımızın bütün elədiklərini, nəvələrimizin eləyə biləcəklərinin hamısını bir qarın çörəyə qurban veririk - təki köhnə nizam pozulmasın, vücudumuza xətər toxunmasın. Bizdə nə qətiyyət, nə qürur, nə də ürək yanğısı qalıb. Biz bütün bəşəriyyətin axırına çıxa biləcək atom ölümündən və üçüncü dünya müharibəsindən də qorxmuruq (bəlkə dəlmə-deşikdə yer tapıb gizlənə bildik?); biz yalnız cəsarətli vətəndaş addımı atmaqdan qorxuruq. Təki sürüdən ayrılmayaq, təkbaşına bir addım atmayaq - birdən bir parça çörəyimizi itirərik, qazdan, isti sudan, Moskva qeydiyyatından əlimiz çıxar.

Siyasi dərnəklərdə beynimizə möhkəm yeridiblər ki, ömür boyu sabit və rahat yaşamaq gərəkdir: mühitdən, sosial şəraitdən qaça bilməzsən, varlıq şüuru müəyyən eləyir, yəni bizlik bir iş yoxdur, biz heç nə eləyə bilmərik.

Ancaq biz hər şey eləyə bilərik! Yalandan özümüzə toxtaqlıq veririk. Bütün bunlarda heç də "onlar" günahkar deyil, hər şeydə biz özümüz günahkarıq! Deyə bilərsiniz ki, axı həqiqətən, çıxış yolu yoxdur! Ağzımızı tıxayıblar, nə bizə qulaq asan var, nə bizdən söz soruşan. Onları necə məcbur eləyək ki, bizə qulaq assınlar?

Onları öz fikrindən döndərmək, doğrudan da, mümkün deyil. Yaxşı olar ki, onları yenidən seçək! Ancaq bizim ölkədə heç vaxt heç kəs yenidən seçilmir!

Qərbdə adamlar tətillər, etiraz nümayişləri keçirirlər, ancaq biz o qədər başıqapazlı olmuşuq ki, belə şeylərdən qorxuruq: necə yəni işdən boyun qaçırasan, necə yəni küçələrə töküləsən?

Müsibətlərlə dolu son əsr rus tarixinin dönə-dönə sınaqdan çıxardığı fəlakətli (üstəlik, həqiqətən də bizə xidmət eləməyən) yollarla getmək lazım deyil! Bir vaxt əkilən o toxumun boy verib artdığı indiki dövrdə terrorla, qanlı üsyan və vətəndaş müharibəsi ilə ölkəni ədalətli və xoşbəxt eləmək istəyən o özündənrazı cavanların necə azdıqlarını, nə boyda səhvə yol verdiklərini hamı aydın görür. Yox, sağ olun, maarifçi atalar! İndi görürük ki, çirkin metodlar çirkin də nəticələr doğurur. Qoy əllərimiz qana bulaşmasın!

Bəlkə dairə qapanıb? Doğrudanmı çıxış yolu yoxdur? Bizə ancaq oturub gözləməkmi qalır? Birdən nəsə öz-özünə baş verdi?.. Lakin biz gecə-gündüz indiki yaşayışımızı tərifləyib daha da möhkəmləndirəcəyiksə, heç olmasa, onun ən yaralı yerindən (yalandan!) qaçmayacağıqsa, yalan heç vaxt öz-özünə bizdən əl çəkməyəcək.

Zorakılıq adamların dinc həyatına soxulanda lovğa-lovğa, qırmızı-qırmızı bayraq qaldırır: "Mən zorakılığam! Dağılın, çəkilin - əzərəm!". Ancaq zorakılıq tez qocalır, o, özünə uzun müddət güvənə bilmir, özünü yaşatmaqdan, yaxşı görünməkdən, gözə kül üfürməkdən ötrü əlüstü yalanı köməyə çağırır. Çünki zorakılıq yalandan başqa heç nəyin arxasında gizlənə bilmir, yalansa yalnız zorun hesabına yaşayır. Zorakılıq bizə qarşı çox vaxt açıq hücuma keçmir. O, bizdən yalnız yalana boyun əyməyi, hər gün ona şərik çıxmağı tələb edir - kölənin bütün sədaqəti də elə bundadır.

Azadlığa çıxmağın indiyəcən məhəl qoymadığımız ən adi, ən sadə açarı elə buradadır - şəxsən yalana qoşulmamaq! Qoy yalan dünyanı bürüsün, qoy yalan hamıya hakim kəsilsin, ancaq kiçicik bir şeydə möhkəm duraq - yalanın hakim kəsilməsində mənim əlim olmasın!

Və bu, süstlüyümüzü azacıq da olsa aradan qaldıra bilər. Bizdən ötrü ən asanı - yalanı yoxa çıxarmağın ən sadə yolu da elə budur! Çünki adamlar yalandan iyrənib üz döndərəndə o, sadəcə olaraq, aradan çıxır. Yalan mikrob kimi ancaq adamlarda yaşaya bilir. Ortaya çıxan həqiqəti car çəkməyə, düşündüyümüzü ucadan deməyə yetişməmişik - lazım deyil, qorxuludur. Heç olmasa düşünmədiyimizi danışmaqdan əl çəkək!

İçimizdə qat bağlamış mütiliyin fonunda yolumuz budur - ən rahat yol; Qandisayağı vətəndaş itaətsizliyinə (dilə gətirmək belə xatalıdır) baxanda ən asan yol.

Düşünüb-daşınmaq, yalana qətiyyən qahmar çıxmamaq! Yalanın sərhədini (onu hərə bir cür görür) anlayıb o iltihab xəttindən geri çəkilmək gərəkdir! Yalana don geyindirməsək, onda onun necə tez və əngəlsiz yıxıldığına heyrətlənəcəyik; çılpaq yalanı çılpaq şəkildə də görəcəyik.

Və nəhayət, itaətkarlığımızdan çıxış yolunu qoy hər kəs özü seçsin: ya bilə-bilə yalana nökərçilik eləsin (ah, şübhəsiz, öz kefindən ötrü yox, ailəsini dolandırmaqdan, balalarını yalana uyğunlaşdırmaqdan ötrü!), ya da müasirlərə, gələcək nəslə layiq adam olsun. Və həmin gündən o;

- daha bir kəlmə də yalan yazıb çap etdirməsin, yalana imza atmasın;

- yalan sözü nə camaat arasında, nə şəxsi söhbətlərdə, nə təbliğatçı, müəllim, tərbiyəçi, nə də teatr aktyoru kimi nə özündən desin, nə kağızdan oxusun;

- istər rəssamlığın, istər heykəltəraşlığın, istər fotonun, istərsə də musiqinin vasitəsilə heç bir uydurmaya həqiqət donu geyindirməsin;

- özünüsığorta üçün, öz müvəffəqiyyəti naminə "yuxarılar"dan şifahi və ya yazılı şəkildə yerinə düşməyən sitatlar gətirməsin;

- onu istəmədiyi nümayiş və mitinqə getməyə məcbur etməyə imkan verməsin; ürəyincə olmayan transparantı, şüarı əlinə alıb başı üzərinə qaldırmasın;

- könlüncə olmayan təklifin lehinə əl qaldırmasın, layiq bilmədiyi, yaxud şübhələndiyi adama (açıq və ya gizli) səs verməsin;

- saxtalığına əvvəlcədən əmin olduğu müzakirələrdən boyun qaçırsın;

- natiqin dilindən yalan, ideoloji cəfəngiyat, sürtük təbliğat, söhbət eşidən kimi yığıncağı, mühazirəni, tamaşanı, kinoseansı yarımçıq qoyub çıxsın;

- informasiyanı saxtalaşdıran, əsl faktları ört-basdır eləyən qəzet-jurnallara abunə yazılmasın, onları satışdan almasın.


Əlbəttə, biz yalandan uzaqlaşmağın vacib şərt və imkanlarının heç də hamısını sadalamadıq. Təmizlənməyə başlayan - baxışları aydınlaşıb durulan hər kəs başqa imkanları asanca seçə bilər.

Bəli, ilk vaxtlar çətin olacaq. Kimsə bir müddət işdən qovulacaq. Doğru-düzgün yaşamaq istəyən cavanların həyatı ilk vaxtlar lap qəlizləşəcək, axı onların oxuyub cavab aradıqları dərsliklər yalanla doludur - onları da ələyib-seçmək gərəkdir. Amma namuslu olmaq istəyən heç bir vaxt, hətta qorxusuz-hürküsüz texniki elmlərdə belə həqiqətə və ya yalana, mənəvi müstəqilliyə və ya mənəvi nökərçiliyə tərəf addım atarkən sadaladığım şərtləri pozmasa, özünü aldada bilməz.

Öz ruhunu qorumağa təpəri çatmayan adam qoy qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim və ya general olması ilə lovğalanmasın, qoy öz-özünə beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun.

Bütün müqavimət yollarının ən sadəsi olan bu yol bizim üçün asan keçməyəcək. Ancaq özünü yandırmaqdan və aclıq keçirməkdən də ağır olmayacaq: alov bədənini sarmayacaq, isti gözlərini qarsalamayacaq və ailən üçün heç olmasa qara çörək, içməli su tapılacaq. Bizim xəyanət etdiyimiz, aldatdığımız böyük Avropa xalqı - çexlər, slovaklar ləyaqətli ürək gəzdirən arxasız-köməksiz sinəni tank qabağına vermək örnəyini göstərmədimi?

Deyirsiniz, çətin yoldur? Çətin yoldur. Ancaq mümkün yolların ən asanıdır. Can üçün çətin olsa da, ruh üçün yeganə yoldur. Çətin yoldur, ancaq artıq bizdə adamlar var ki (hətta belə adamlar onlarcadır), neçə illərdir bu şərtlərə əməl eləyir, yolun çətinliyinə qatlaşır, həqiqətlə nəfəs alırlar.

Və beləliklə, bu yolla biz birinci getmirik, gedənlərə qoşuluruq! Sıralarımız nə qədər mehriban və sıx olsa, yolumuz o qədər asan və qısa olar. Biz minlərcə olsaq, heç birimizə heç nə eləyə bilməyəcəklər. On minlərcə olsaq, ölkəni tanınmaz dərəcədə dəyişə bilərik!

Qorxaqlıq eləsək, onda kiminsə bizə aman vermədiyindən gileylənməyək - özümüzə aman verməyən elə biz özümüzük! Bəlkə hələ dözək, gözləyək ki, vaxt gəlsin, bioloq qardaşlarımız bizim fikirlərimizi oxumaq və genlərimizi dəyişdirmək məsələsini tezləşdirsinlər?..

Əgər bunda da qorxaqlıq eləsək, onda biz rəzilik, yararsızıq və Puşkinin nifrətinə layiqik:

Azadlıq sürünün nəyinə gərək?
Nəsildən-nəsilə onun qisməti
Noxtadır, qamçıdır, bir də dəyənək.


Məqalənin rus versiyası

Məqalənin əslini:
http://www.kitabxana.org veb səhifəsində tapa bilərsiniz.

2 comments:

Esmira said...

1974cu ilin yazısı hələ də aktuallığını itirmir. Bu demək deyil ki, biz hələ də yalan dolu həyat yaşayırıq? Yalana YOX deyə bilməmişik hələ də.

Vaxtımız gəlib çatdı (c) :)

Adnan Hajizada said...

Yalan danishana soyush goymaq lazimdir.