Universiteti bəyənmirsənsə, öz universitetini yarat

Aprelin 10-u “OL!”-un kinozalında Stiv Pinkin "Qəbul olduq!" (2006) filmi nümayiş olundu.

Accepted 2006-cı ildə çəkilmiş gənclər komediyasıdır. Filmin ssenarisi orta məktəbin sonuncu sinfində təhsil alan abituriyentlərin ətrafında cərəyan edir. Bir qrup gənc, müraciət etdiyi bütün kollec və universitetlərdən rədd cavabı alandan sonra, valideynləri və dostları qabağında biyabır olmamaq üçün özlərinin “ali təhsil müəssisəni” yaradır və onun adını South Harmon Institute of Technology (S.H.I.T.) seçirlər. Universitetin reallığını sübut etmək üçün, oranın veb-səhifəsini yaradırlar və valideynlərinə göstərirlər. Amma bu veb-səhifə, yüzlərlə digər universitetlərə qəbul olmamış abituriyent tərəfindən bəyənilir və onlar hamısı S.H.I.T. universitetinə “qəbul olur”.

Accepted filmi ilk baxışdan “yüngül” komediya kimi təqdim olunsa belə, filmin ssenaristləri üstüörtülü şəkildə ABŞ və ümumiyyətlə dünya ali təhsil sisteminin (və universitetlərin reytinq sisteminin) sətrarası və səth-altı tənqidini verir. Filmin qəhrəmanları öz universitetlərini qurandan sonra, girişdəki böyük divarı ağ boyayır və üzərinə “dərslərin cədvəli” olan lövhəciyi asır. Sonra isə “tələbələrin” hamısı bu divarda öyrənmək istədiklərini yazır. Kimisi “fotoqrafiya ilə məşğul olmaq istəyirəm” yazır, kimisi “rok ifaçılıq etmək istəyirəm” yazır kimisi isə kulinariyanı öyrənmək istəyir. Burada biz, cəmiyyət və valideynləri tərəfindən “təcrid” olunmuş gənclərin həyatlarını məhz özləri istədikləri kimi yaşamağa can atmaqlarını görürük.

Universitetin legitim olub-olmamağımı aydınlaşdırmaq üçün universitetin “bünövrəsini” qoyanlar Təhsil komissiyası qarşısında çıxış etməli olur. İclas zamanı komissiyanın üzvləri anlayır ki, S.H.I.T. universitetində nə müəllim, nə tibb məntəqəsi, nə idman zalı nədəki proqram var. Amma, baş qəhrəmanın alovlu nitqindən sonra onlar fikrini dəyişir. O, üzünü komissiyanın üzvlərinə tərəf tutub deyir: Siz də cavan olmuşsunuz! Mən əminəm ki, heç biriniz məktəbi qurtaranda bu darıxdırıcı Təhsil komissiyasında işləmək istəmirdiniz. Bəlkə rəssam olmaq istəyirdiniz? Bəlkə idmançı? Bəlkə musiqiçi? Mən bilmirəm siz hansı səbəblərdən öz ideya və ümidlərinizdən əllərini üzdünüz, amma heç olmazsa bizim ümidlərimizi qırmayın!”. Çıxışın, nəticəsində Təhsil şöbəsi universitetə “alternativ təhsil” kimi 1 il fəaliyyət sürməyə imkan yaradır. İclasdan sonra komissiyanın sədri etiraf edir ki, cavan olanda trombon ifaçısı olmaq istəyirmiş.

Film bizim üçün bir neçə aspektdən maraqlıdır. Birincisi, Amerikalıların sadəlövhlüyünü nəzərə alsaq başa düşəcəyik ki, onlar ağıllarına belə gətirə bilməzlər ki, bir binası və əlində bir-az pulu olan insan hamını aldadıb bir universitet yarada bilər və orada insanları sırf pul cəlb eləmək məqsədi ilə çağırar. Azərbaycanda bir çox universitetlərin məhz bu formula ilə işləməsini görürük.

İkincisi, alternativ təhsil nədir? Və ya, təhsil necə olmalıdır? Nəyə görə biz hər zaman cəmiyyətin və ya valideynlərimizin bizə seçdiyi təhsil müəssisəsi və ya karyera yolu ilə gedirik? Niyə istədiyimiz həyat yolunu seçməkdən qorxuruq? Nədən qorxuruq? İctimai qınaqdan? Yoxsa, ailəmizi dolandırmaqda çətinliklərdən?

Üçüncüsü, təhsil müəssisəsi nədir? Təhsil müəssisəsi öyrənmək və öyrətmək istəyən insanların birliyidir. Pul qazanmaq və ya pul ilə diplom satın almaq istəyən insanların birliyi yox. Sarbon universitetindən, təhsil proqramları ilə razı olmadıqlarına görə, bir qrup qovulmuş ingilis dilli tələbə, evlərinə döndükdə Oxford universitetini yaradır. Soradan, həmin səbəbdən Oxford universitetindən qovulmuş tələbələr isə Kembric universitetini yaradır. İndiki halda bizə məlum olan bir sıra təhsil terminləri (Lisey, Akademiya, School), əslində yunan dilində divar, yol və ya bağ deməkdir ki, ilk dərsləri həmin məkanlarda keçirilmişdir.

Bu film, gəncləri həyatlarında və təhsillərində azad seçimə çağırır. Baxılmağını məsləhət görürük. DVD nüsxəsini bizdən əldə edə bilərsiniz. Movie Night'larda göstəriləcək kinolara aid təklifiniz varsa bu posta şərh kimi yazın. Gələcək Movie Nightlar haqqında OL!-un mail listində, “Facebook event”-lərindən və bloqdan məlumat ala bilərsiniz.

Linklər:

2 comments:

ICE_ROCKER said...

Duzu bu kinozal ideasi chooox xoshma geldi. Amma chooox boyuk tessufume sebe olan bir meseleni gorum burda. Sizler filmleri teqdim edirsiniz amma yazilarda kobud bir sefe yol verirsiniz. Yeqin ki yazini yazananin ozude bilmir ki Kino ne di film nedi.Ve bu sebeden di ki yazida gah film gahda kino sozu ishledilir.Burda yalnish olan odu ki sizler kinozalda filme baxirsiniz kinoya yox! Kinoya istesenizde baxa bilmezsiniz chunki o kino mehfumu gozle gorunen bir shey deyil. Qisacasi- Kino senetin adidir, film ise bu senetin mehsulunun adidir. yeni siz bu senetin mehsluluna baxirsiniz, muzakire edirsiniz ve s.Xaish ederdim ki bu meseleni diqqetden qacirmayasiniz ve gelecek yazilarda nezere alasiniz.
Birde teklif ederdim ki gelen defeki kinozalda Andrey tarkoviskinin - Andrey Rublev filmine baxasiniz. Bu film mende var isteseniz numyish ucun getirede bilerem. qeyd edim bu film rus xalqinin necur oldugunu hansi tarixi prosselerden kecridini cilpaqcasina gosterir. Vaxti ile SSRI-de bu film qadagan olunmushdur.
zaqruzka@gmail.com --bu meni shexi e-mail adresimdir.

Anonymous said...

saol brat!