"Hər il elan olunan ənənəvi qrantlar heç zaman bizə maraqlı olmayıb"

Üzvümüz Adnanın Alma qəzetinə verdiyi müsahibə:

Artıq üçüncü sayımızdir ki, Azərbaycanda olan gənclər təşkilatlarının fəaliyyətlərini işıqlandıraraq, cəmiyyətə onlarla bağlı qaranlıq olan məsələlərə aydınlıq gətiririk. Bu dəfəki sayımızda son olaraq “OL” Gənclər hərəkatının Xarici İşlər üzrə Koordinatoru Adnan Hacızadədən götürdüyümüz müsahibəni dərc edirik. Bununla layihəyə hələlik son veririk.

- Adnan, “OL” nədir? Necə oldu ki, bu hərəkat yarandı?

- Biz ölkəmizdə yüksək intellektli, bacarıqlı, müstəqil fikirli, sağlam təfəkkürlü gənclərin çox olmasında maraqlıyıq. Gənclər öz dövlətinin və dövlətçiliyinin gələcəyi üçün məsuliyyət daşımalıdır. Biz bu məsuliyyəti dərk edərək, “OL” Azərbaycan Gənclər Hərəkatını təsis etdik. OL Hərəkatı milliyyətindən, dilindən, dinindən, cinsindən asılı olmayaraq Azərbaycanın hərtərəfli və sürətli tərəqqisi naminə çalışan gənclərin hərəkatıdır. “OL” Azərbaycan Gənclər Hərəkatı qeyri-siyasi, ictimai hərəkatdır. “OL” Hərəkatının əsas məqsədləri müstəqil, sərbəst, məsuliyyətli gəncliyin formalaşması, gənclərin mədəni, elmi və digər qeyri-maddi tələblərinin təmin edilməsi, onların maariflənməsi və peşəkar cəhətdən özlərini doğrultmasına yardımçı olmaqdır.

- Hərəkat necə maliyyələşir?

- OL-un layihələrinin heç bir sponsoru yoxdur. OL ancaq üzvlük haqqı və ianələr hesabına maddi bazasını təmin edir.

- Hansı uğurlu layihələriniz mövcuddur?

- “OL”-un bütün üzvləri hardasa işləyirlər və onların yardımları daima “OL”da hiss olunur. Bu bizi digər gənclər qurumlarından fərqləndirən başlıca amildir. Çünki digər qurumlar qrantlarla işləyirlər. Məhz bu səbəbdən biz öz müstəqilliyimizi saxlamağı bacarmışıq. Hər il elan olunan ənənəvi qrantlar heç zaman bizə maraqlı olmayıb. Biz elan olunmuş qrantların siyahılarını götürüb onlara uyğun layihələr tərtib etmirik. Bizim öz ideyamız, öz yolumuz var. Buna uyğun kimsə bizə kömək etmək istəsə, bunu məmnuniyyətlə qəbul edərik. Təbii ki, ancaq bizim prinsiplərimiz çərçivəsində. Bu qəbildən olan bircə layihəmiz mövcuddur. Bu da Amerikanın NED fondu tərəfindən maliyyələşdirilən demokratiyaya dair layihədir. Layihə çərçivəsində on min dollar pul ayrılmışdı. Biz həmin pulu bir il ərzində işlətməyi bacardıq. Böyük tədbirlər keçirdik. Bir il müddətinə mühazirələrimiz təşkil olundu. Burada 200-ə yaxın gənclər iştirak edərək, həm mühazirələri dinlədilər, həm də onlara maraqlı olan sualları verdilər. Bundan əlavə, bizim “Aqora” layihəmiz mövcud idi. Burada bir neçə gənclər təşkilatlarının rəhbərləri yığışaraq mühüm məsələləri bir yerdə müzakirə edirdilər. Burada müxtəlif mövzular olurdu. “Demokratiya nədir?”, “Azərbaycan cəmiyyəti demokratiyaya hazırdırmı? ” və s. Hal-hazırda isə “Gənc baxış” layihəmiz mövcuddur. Layihə çərçivəsində hər həftə sonu Azərbaycanın bir rayonuna səfər təşkil olunur və burada 9-cu sinifdən yuxarı olaraq ikinci kursa qədər olan tələbələrlə söhbətlər aparılır. İctimai fəaliyyət haqqında onların fikirləri öyrənilir.

- Hal-hazırda gənclər arasında daha populyar olan “İrəli” və “Dalğa” təşkilatları ilə münasibətləriniz necədir?

- Mən "İrəli"nin işini çox müsbət qiymətləndirirəm. "İrəli" sübut etdi ki, gənclər təşkilatında pul olsa, fəaliyyətinə dövlət tərəfindən heç bir maneə törədilməsə, həqiqətən də gənclərlə yüksək səviyyədə işləmək mümkündür. Mən "İrəli"də səmimilik görürəm. Burada olanlar karyera qurmaq istəyənlərdir. Onlar öyrənmək və dövlətin müəyyən orqanlarında iş tapmaq istəyirlər və buna da nail olurlar. Dalğa ilə münasibətlərimiz də normaldır.

- Hərəkatınızın neçə üzvü var?

- 7 nəfərdən ibarət idarə heyətimiz, 35 nəfərdən ibarət fəallar qrupumuz var. Üzvlərimizin sayı isə 200-ə yaxındır.

- Adnan, “OL” niyə mətbuatda az görünür?

- Biz mətbuatla sıx işləməni elə də çox istəmirik, çünki bir neçə dəfə olub ki, bizim verdiyimiz müsahibələr təhriflərlə dərc olunub. Buna görə də çalışırıq ki, məlumatlarımızı öz yollarımızla- internet, youtube, blog vasitəsi ilə yayaq. Qəzetlərdən “Alma”ya, “Yeni Müsavat”a müsahibə veririk.

- Sizcə Azərbaycan gənci necə olmalıdır?

- Azərbaycan gənci azad olmalıdır. Gənclik ən azından öz gələcəyini qurmalı, hətta öz sevdiyi insanı özü seçməlidir. Gənclik rüşvət verməməlidir. Çalışqan olmalıdır.

- Cəmiyyətdə “OL”-un Azərbaycan Demokratik Cümhuriyyəti (ADR) ilə bağlı keçirdiyi tədbirlər böyük səs saldı. Bu tədbirlərin təşkilatçılarından biri kimi fikirləriniz maraqlı olardı.

- Azərbaycan Demokratik Cümhuriyyətinin 90 illiyində biz Tiflisə səfər təşkil etmişdik. Orada ADR-in ilk dəfə elan olunduğu binanı axtarıb tapmışdıq və gənclər burada oturub ADR-in irsi, orada verilən ideyalar haqqında müzakirələr aparmışdılar. Ümumiyyətlə, ADR haqqında saysız layihələrimiz olub. Sonuncusu bu il ADR-in 91 illiyi münasibəti ilə 28 may tarixində müxtəlif gənclər təşkilatlarının üzvlərindən ibarət 100-ə yaxın gənclə birlikdə keçirdiyimiz tədbirdir. Bu tarixdə eyni zamanda dünyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı gənclərin fəal iştirakı ilə “ADR - Bizi Birləşdirir” aksiyası keçirildi. Aksiyada iştirak etmiş insanlara öncədən verilən məlumata görə, onlar yaşadıqları şəhərlərdə ADR-i tərənnüm edən yaradıcılıq göstərməli idilər. Buna misal olaraq, plakatlar, fotolar, şəkillər və s. aid idi. Aksiya İstanbul, Los Anceles, Nyu-York, Vaşinqton və London şəhərləri daxil olmaqla, dünyanın 15 şəhərində keçirildi. Eyni zamanda gənclər bu aksiyanı Bakıda, Sumqayıtda M.Ə.Rəsulzadənin doğulduğu Novxanı kəndində və Azərbaycanın bir neçə rayonunda da keçirməyə müvəffəq oldular. Hətta bu dinc aksiya zamanı 15 gənc hüquq mühafizə orqanları tərəfindən Bakı şəhərinin müxtəlif rayonlarında saxlanıldı, lakin 1 saat sonra buraxıldılar.

- “OL” Qarabağ probleminin həllini necə görür?

- Bu problemin həlli ilk əvvəl həm Azərbaycan, həm də Ermənistan gəncliyinin demokratikləşməsindən keçir. Müharibə bu problemi həll etməyəcək. Açıq-aşkar görürəm ki, nə Azərbaycan, nə də Ermənistan cəmiyyəti müharibəni istəmir. Əgər hər bir dövlətdə demokratik şəkildə seçilmiş hakimiyyət olsa, onlar bilavasitə xalq qarşısında cavab verməli olacaqlar və xalqın istədiyini edəcəklər. Buna baxmayaraq, düşünürəm ki, müharibəyə daim hazır olmaq lazımdır. Lakin həll yolunu belə görürəm.

- Sizdən qabaq digər təşkilatlara verdiyimiz son sualı sizə də veririk.“OL”çu ailədə necədir?

- “OL”çular hamısı universitetlərdə əlaçıdırlar. “Ol”çu evdə kitab oxuyur, dərs oxuyur, idmanla məşğul olur. Valideynlər onların sözündən kənara çıxmanı xoşlamadığı üçün, bəzən bir çox şeyləri valideynlərindən xəbərsiz edir.

Mətnin əsli burada.

1 comment:

Anonymous said...

Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
whatsapp nömrəsi + 1- (989-394-3740)