Savadlı və azad ruha malik olan cəmiyyəti manipulyasiya etmək çətindir

Təbib Hüseynov: Müasir dövrdə ən çox uğur qazanan cəmiyyətlər məhz o cəmiyyətlərdir ki, onlar çətinliklə üzləşəndə “xilaskar” lider axtarışına düşmürlər, bir araya gəlib demokratik müzakirə və konsensus quruculuğu ilə problemlərin həllinə çalışırlar

Bloqumuzun "5 sual - 5 cavab" rubrikası davam edir. Qeyd etdiyimiz kimi bu rubrikanın məqsədi Azərbaycan gəncliyinin müxtəlif simaları ilə bərabər cəmiyyətin indiki vəziyyəti və bu vəziyyətdən çıxış yollarını müzakirə etməkdir. İkinci qonağı Beynəlxalq Böhran Qrupunun (İnternational Crisis Group) Cənubi Qafqaz üzrə təhlilçisi Təbib Hüseynovdur.

- Özünüzü təqdim edin

Mən 29 may 1980-ci ildə Şuşa şəhərində anadan olmuşam. 1992-ci ildə Şuşanın işğalından sonra orta təhsilimi Bakıda davam etdirmiş və məktəbi bitirdikdən sonra 1997-ci ildə Dövlət İdarəçilik Akademiyasına (o zamanlar, Politologiya İnstitutu) beynəlxalq münasibətlər ixtisasına daxil olmuşam. 2002-ci ildə İdarəçilik Akademiyasını bitirdikdən sonra Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetinə daxil olmuş və 2003-cü ildə bu universiteti Beynəlxalq Münasibətlər və Avropaşünaslıq ixtisası və magist dərəcəsi ilə bitirmişəm.

Hazırda Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) adlı araşdırma mərkəzinin (think-tank) Azərbaycan və Cənubi Qafqaz üzrə təhlilçisiyəm. Əsas fəaliyyət istiqamətim Azərbaycanda və regionda baş verən prosesləri, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzuları araşdıraraq siyasi təhlil istiqamətli hesabatların və brifinqlərin hazırlanmasıdır. İndiki şəraitdə özüm siyasətdən uzaq durmağa çalışsam da, siyasi prosesləri, xüsusilə də beynəlxalq siyasəti izləmək və təhlil etməyi həmişə xoşlamışam. Bu baxımdan hesab edirəm ki, mən maraq dairəmlə peşəkar fəaliyyətimi uzlaşdırmaqla həyatımda kiçik uğur əldə etmişəm.

- Bir vətəndaş kimi cəmiyyətə necə fayda verirsiniz?

Deyirlər “öz həyatı boyunca hər bir kişi ağac əkməli, ev qurmalı və oğul böyütməlidir”. Mənim fikrimcə, bütün insanlara aid edilən bu köhnə deyim “yaxşı vətəndaş” necə olmalıdır sualına cavabı özündə tam əks etdirir: biz ətraf mühitimizə, dolayısı ilə bir-birimizə, qayğı ilə yanaşmalıyıq; biz həyatımız boyunca yaradıcı fəaliyyətlə məşğul olmalıyıq; və nəhayət, biz çalışmalıyıq ki, gələcək nəsillərimiz bizdən həm maddi, həm mənəvi cəhətdən daha üstün inkişaf pilləsində olsunlar.

Özüm haqqımda danışmaq o qədər asan olmasa da, mən hesab edirəm ki, mən həm öz peşəkar fəaliyyətimlə, həm də şəxsi həyatımla Vətənimə xidmət edir, onun rifahı və inkişafı üçün çalışıram. Peşəkar fəaliyyətim çərçivəsində mən çalışdığım təşkilatın hesabatlarının obyektiv və Azərbaycanın inkişafına yardım etməsi üçün əlimdən gələni etməyə çalışıram, tez-tez müxtəlif beynəlxalq tədbirlərdə iştirak edirəm, ara-sıra beynəlxalq mətbuatda Azərbaycanla bağlı yazılarım nəşr olunur.

Arada-bir müxtəlif mövzularda mühazirələr keçirirəm. Məsələn, bu yaxınlarda Diplomatik Akademiyada təhsil alan gənc diplomatlar üçün xalq diplomatiyasının əhəmiyyəti ilə bağlı seminar keçirmişdim. Seminar zamanı iştirakçılardan kimsə mənə cavab verdi ki, “siyasət çirkin işdir”. Mən bütün gücümlə həmkarımı inandırmağa çalışdım ki, siyasət çirkin iş olmaya da bilər, hər şey insanın öz əlindədir və yeni nəslin nümayəndəsi olaraq, o öz gələcək işinə “çirkin iş” kimi baxmamalıdır. Bilmirəm nə dərəcədə onu inandıra bildim, ancaq rəhmətlik Həsən bəy Zərdabi demişkən, heç olmaz ki, doğru söz yerdə qalsın.

- Cəmiyyətimiz haqqında nə düşünürsünüz?

Azərbaycanı və azərbaycanlıları qəlbimlə sevsəm də, cəmiyyətimizdə xoşuma gəlməyən çoxlu xüsusiyyətlər vardır: ikiüzlülük, yaltaqlıq, rüşvətxorluq, cahillik...siyahını uzatmaq olar.

Cəmiyyətimizdə geniş yayılmış bir neçə “müdrik sözlər” vardır ki, düşünürəm ki, onlara yenidən baxmağa ehtiyac vardır. Məsələn, hərdən eşidirik, “başını aşağı sal, heç kiminlə işin olmasın” və ya görürsən kimsə özünə bəraət qazandırmaq üçün deyir, “hamı necə, mən də elə”. Bu “müdrik sözlər” bizə mütilik aşılayır və eqoizmə sürükləyir. Onlar bir-birimizə qayğı göstərməkdən, müstəqil düşüncədən və təşəbbüskarlıqdan bizi çəkindirir. Bir misal çəkim: təsəvvür edin ki, kimsə yerə zibil atır. Ona nə üçün yerə zibil atdığını soruşduqda isə, cavab verir ki, “onsuz da ətraf zibillə doludur, bir mənim yerə zibil atmağımla nə dəyişir ki?”. Həmin adam anlamır ki, ətraf məhz ona görə zibilliklə doludur ki, hamı başqasına baxaraq hərəkət edir. Hər kəs ilk öncə öz hərəkətinə cavabdeh olmalıdır və öz şəxsi nümunəsi ilə digərlərini düz yola gətirməlidir.

Bizim ictimai şüurumuzda tam inkişafını tapmayan daha bir amil ictimai institutların zəifliyi ilə bağlıdır. Təsadüfi deyildir ki, biz kollektiv idman növlərində (məsələn futbolda) fərdi idman növlərinə (məsələn güləşə) nisbətən daha az nəticə göstəririk. Bizdə çox vaxt ictimai təşkilatlar, – dövlət qurumları, siyasi partiyalar, QHT-lər – bir nəfərin nəzarəti altında olur. Rəhbər deyil, təşkilat rəhbərdən asılı vəziyyətə düşür. Təşkilat daxilində demokratik mühit və demokratik yolla rəhbərin dəyişilməsi ənənəsi zəif inkişaf edib. Bu vəziyyətə bəraət qazandırmaq üçün birdən ata-babalarımızdan misal gətirirlər: “iki qoçun başı bir qazanda qaynamaz”. Bəli, bu sözlər bir “qoçu” rəhbər və qalanı “qoyunlardan” ibarət bir sürüyə aid edilə bilər, ancaq düşünmürəm ki, bu sözlər müasir şəraitdə effektiv fəaliyyət göstərən ictimai institutlara şamil edilsin. Müasir dövrdə ən çox uğur qazanan cəmiyyətlər məhz o cəmiyyətlərdir ki, onlar çətinliklə üzləşəndə “xilaskar” lider axtarışına düşmürlər, bir araya gəlib demokratik müzakirə və konsensus quruculuğu ilə problemlərin həllinə çalışırlar.

Doğrudur, bizim mənfi cəhətlərimiz çoxdur və öz üzərimizdə çox işləməliyik. Ancaq müsbət cəhətlərimizi də unutmamalıyıq. Mənim üçün bizim insanlar qədər ürəyiaçıq, istiqanlı və təbiətən xeyirxah ikinci xalq yoxdur. Çox vacibdir ki, cəmiyyətimizi yaxşı tərəfə dəyişdirməyə çalışarkən bizlər mənfi tərəflərimizlə yanaşı müsbət tərəflərimizi də qeyd edək.

- Müsbət dəyişikliklər istiqamətində gənclərin rolu nədən ibarət olduğunu hesab edirsiniz?

Məncə, bu gün Azərbaycan gəncinin özünə, ailəsinə və ölkəsinə göstərə biləcəyi ən böyük xidmət maariflənmədir. Gənclərimiz yaxşı təhsil almağa çalışmalıdırlar, tənqidi düşünməyi öyrənməlidirlər. Savadlı və azad ruha malik insanlardan ibarət olan cəmiyyəti manipulyasiya etmək daha çətindir və bəlkə də qeyri-mümkündür. Belə cəmiyyətdə şah qanun ola bilmir, qanun şah olur.

Gənclərin cəmiyyətdə müsbət rolunu artırmaq üçün onların dərsdən kənar vaxtlarında bir araya gəlməsi, aldıqları bilikləri bir-biriləri ilə paylaşması və birgə layihələr həyata keçirməsi çox vacibdir. Mən çox istərdim ki, gənclərimiz, inkişaf etmiş ölkələrdə olduğu kimi, ictimai layihələrdə könüllü olaraq daha çox iştirak etsinlər. Beləliklə onlar həm cəmiyyətə fayda vermiş olarlar, həm də gələcək karyeraları üçün iş təcrübəsi qazanmış olarlar. Əsas olan odur ki, gəncləri fəaliyyətə ruhlandıran amil yalnız maddi qazanc əldə etmək deyil, cəmiyyətə fayda vermək hissi olsun və işdir, bu iki istək arasında ziddiyyət yaransa, ictimai fayda vermək istəyi şəxsi qazanc əldə etmək istəyindən həmişə üstün olsun.

- Yaxın 10 il ərzində dövlətimiz üçün hansı prioritetlər müəyyən edərdiniz?

Qlobal anlamda, əlbətdə ki, əsas prioritetlər ərazi bütövlüyümüzün bərpası və qanunun aliliyinə söykənən demokratik dövlət yaratmaqdır. Ancaq bu ali məqsədlərə nail olmaq üçün daha spesifik sahələrdən başlamaq lazımdır.

Bu sahələrdən ən birincisi məncə təhsil sisteminin təkmilləşdirilməsidir. Təhsil sistemimiz korrupsiyadan və quru əzbərçilikdən yaxa qurtarmalıdır. Bütün fənlər üzrə bir dəftər ayırıb, bu dəftəri cibində qatlayıb ali təhsil müəssisəsinə gələn və müəllimin az qala hərif-hərif diktə etdiyi bir-iki səhifəlik “mühazirələri” alababat öyrənib ertəsi gün bu müəllimə danışan tələbədən gələcəkdə nə savadlı insan, nə də ölkəsi üçün faydalı vətəndaş olmaz. Təhsilin ali məqsədi nəyisə əzbərlətməkdənsə, tələbəni düşündürməyə sövq etmək olmalıdır. Düzgün qurulmuş təhsil sistemində sualın düzgün qoyuluşu düzgün cavab qədər vacibdir, çünki bir müdrik insanın dediyi kimi, insanın savadı onun cavablarından bilinirsə, müdrikliyi verdiyi suallardan bilinir.

Bundan əlavə, Azərbaycan dilində elmi və kütləvi ədəbiyyat qıtlığı vardır. Ədəbiyyatsız isə təhsil mümkün deyil. Keyfiyyətli kitabları biz hələ də rus və ya ingilis dilində əldə edə bilirik, bu dilləri bilməyən çoxluq isə, əsasən aşağı keyfiyyətli və köhnəlmiş ədəbiyyatla kifayətlənməli olur, nəticədə ya tamam oxumur, ya da şüuru köhnəlmiş ideyalar əsasında formalaşır. Azərbaycan dilində keyfiyyətli ədəbiyyat qıtlığı aradan qaldırılmalıdır və Azərbaycanın təhsil sistemi qabaqcıl dünya təcrübəsinə əsaslanaraq qurulmalıdır.

Yaxın on ildə həll edilməli digər vacib prioritet korrupsiyanın yığışdırılmasıdır. Korrupsiya mənəviyyatımızı çürüdən, bir-birimizə qarşı inamsızlıq yaradan və daxili birliyimizi pozan başlıca problemdir. Bu problemi yalnız yuxarıdan və yalnız hüquqi vasitələrlə həll etmək mümkün deyil. Korrupsiya bir çox hallarda öz hüquqlarını bilməməkdən əmələ gəlir. Odur ki, bu problemin həllində yenə də ictimai maariflənmənin rolunu vurğulamaq istəyirəm.

İqtisadiyyata gəldikdə, indi ölkə iqtisadiyyatının diversifikasiyasından və neftdən asılılığın azaldılmasından çox danışılır. Bunun üçün dövlət subsidiyalarının artırılması çıxış yolu kimi qeyd edilir. Məncə, bazar münasibətlərinə kobud müdaxilə edən rüşvətxorluğun və monopoliyaların aradan qaldırılması iqtisadiyyatımızın sağlam və dayanıqlı əsaslarla inkişaf etməsi üçün ən təsirli vasitə olardı. Azərbaycanın iqtisadi inkişafı üçün əslində çox şey lazım deyil, şükürlər olsun torpağımız bərəkətli, təbii resurslarımız bol, insanlarımız zəhmətsevərdir. Sadəcə olaraq insanlara mane olmamaq, onlara iş görməyə, öz potensiallarını tam üzə çıxarmağa imkan vermək lazımdır.

Ən ağrılı milli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli də məhz daxili birlik və daxili inkişafımızdan keçir. Bu münaqişəni bizim əvəzimizə heç kəs həll etməyəcəkdir və onun həll olunmamasının məsuliyyətini də üçüncü ölkələrin boynuna atmamalıyıq. Gələcəkdə Qarabağa təhlükəsiz və layiqli qayıdışımızı təmin etmək üçün biz ilk növbədə özümüz üçün təhlükəsiz və ləyaqətli, yüksək mədəni, iqtisadi və siyasi inkişafa nail olmuş bir cəmiyyət yaratmalıyıq.

Bundan öncəki qonaqların müsahibəsinə buradan baxa bilərsiniz.

4 comments:

Nijat said...

Maraqli musahibedi (sual-cavab). Ama bir sheyle raziilashmiram. Butun cemiyyetlerin her zaman xarizmatik lidere ehtiyaci olub-chetinliklerde yeni. Hetta bu gunde en demokratik hesab edilen idarechilik sistemlerinde liderin rolu her zaman hiss olunur-musbet ve ya menfi, sistemin funksiyasi ise onun hereketlerine mehdudiyyet qoymaqdi ki birden yolunu azib oz imkanlarini xalqin yox ozunun meqsedleri uchun istifade eder. Ama onsuzda ekser konstitusiyalarda bunada mueyyen guzeshtler edilir - prezidentli respublikalarda xususen - meselen fovqalade halda hakimiyyetin effektivlini artirmaq uchun icraedici (bizim sistemde prezident) hakimiyyetin selahiyyetleri artirilir ve sivil azadliqlar, o cumleden demokratik qanunvericilik (parlament) selahiyyetleri azaldilir. Hesab ediremki bu gun bir chox cemiyyetler var ki sistemden daha chox lidere ehtiyaci var, ve bir chox cemiyyetler var ki artiq o lider onlari mueyyen sistemi qurmaga dogru yonlendirir.

Anonymous said...

Maraqli musahibedi. Mende liderlik movzusuna oz fikrimi bildirmek isteyirem. Men eslinde Tebib Huseynovun dediyi ile razilasiram. Eger onun dediyi kimi olsa idi cox gozel olardi. Amma tessufle qeyd etmeliyem ki, bu hec vaxt bele olmur. Her bir mille ozune lider axtarir. Ve her bir liderde oz xalqindan ilk evvel ozune serf edenleri elde edir ve ya etmeye calisir. Ikincisi ise oz xalqini qurtarmaq ucun cox vaxt bir basqa xalqa tecavuz edir. En pisi ise bezen bele liderlerin ozunden heddinden cox axrxayin olmasi hemin xalqa felaket getirir.

Nijat said...

Misalla getire bilersenmi? Meselen Gandi, Mandela, meselen ele Resulzade dovlet bashcilari timsalinda, ve bir choxlari dovlet bashcisi olmasada, her hansi bir herekatin ve ya teshkilatin lideri kimi muxtelif cemiyyetlerin inkishafina tovheler veribler. Ve ele sistemi yaradanlarda onlarin ozleridir.

Adnan Hajizada said...

Tabib menim bratimdi.