“Tələbənin nə hüququ var?” mövzusunda interaktiv mühazirə

May ayının 1-i OL! Azərbaycan Gənclər Hərəkatı növbəti interaktiv mühazirəsini həyata keçirdi. Mövzu gənclərimiz üçün həmişə aktual olan “Tələbənin nə hüququ var?” idi. İnteraktiv mühazirənin spikerləri təhsil üzrə ekspertlər Rüfət Əliyev, Etibar Əliyev və hüquq üzrə ekspert Erkin Qədirli idilər.

Çıxış üçün birinci söz Rüfət Əliyevə verildi. O bildirdi ki, bu mövzuda konkret fikir söyləməkdən öncə biz gərək hüquq və vəzifə anlayışlarını dərk etməliyik: “Mənim fikrimcə vəzifə hüququ yaradır. Vəzifəni yerinə yetirəndə insanlar başa düşür ki, onların hüququ nədir. Mən hüquqıları ona görə tələb edirəm ki, mənim yaşamaq vəzifəm var”. Rüfət müəllim əlavə etdi ki, tələbə öz hüquqlarını anlamaq üçün mütləq öz vəzifələrini bilməlidir. Onun fikrincə, vəzifəsini bilən tələbə öz hüququnun nə olduğunu anlayacaq və onu tələb edəcəkdir.

Mühazirədə ikinci olaraq Etibar Əliyev söz aldı. Onun sözlərinə görə tələbə hüquqlarını təhsil hüquqlarından ayrı tutmaq olmaz. “Dövlətimiz təhsil alan insanların hüquqlarını birinci sinifdən aspiranturaya qədər pozur” deyən spiker bunun qarşısını almaq üçün hər bir tələbənin, hər bir gəncin Bolonya bəyamnaməsinin şərtləri haqqında məlumatlı olması, həmin bəyamnamədə tələbələr üçün müəyyən edilmiş hüquqlar haqqında bilməli və onları həyata keçirməyə çalışmalı olduğumuzu bildirdi: “Hüquqlara yönəlmiş yol ancaq maariflənmədən keçir”.

Mühazirədə son söz Erkin Qədirliyə verildi. Erkin bəy gənclərə “tələbə” sözünün mənasına diqqət yetirməyə çağıdı: “Bu söz “tələb” sözündən əmələ gəlib. Tələbə ilk olaraq tələb etməyi bacarmalıdır”. Hüquqların verilmədiyini, hüquqların qazanıldığını deyən spiker bu sözləri əlavə etdi: “Heç kim (rektor, dekan) sizə xüsusi hörmət bəsləməyəcək və xüsusi hüquqlar vermiyəcək. Siz onları tələb etməlisiniz, qazanmalısınız, onlar uğrundə mübarizə etməlisiniz. Siz bir tələbə kimi nə qədər mübarisə aparsanız, o qədər də hüquqlarınız olacaqdır. Tələb sizdən gəlməlidir, heç bir universitet sizə xüsusi qayğı göstərmiyəcək.”

Spikerlərin çıxışından sonra tədbirin interaktiv hissəsi başladı və qonaqları mühazirə iştirakçılarının suallarını cavablandırdılar. Qeyd edək ki, interaktiv mühazirədə 80 gənc iştirak edirdi.

1 comment:

Anonymous said...

Ela chixish idi.
Erkin hemishe her bir probleme yeni bucaqdan baxa bilir.