OL! üzvünün mediaforum saytında müsahibəsi

www.mediaforum.az xəbər portalı OL! Azərbaycan Gənclər Hərəkatının üzvü Turqut Qəmbərlə internet forumu keçirmişdir. Həmin forumda səslənən sual və cavabları sizlərə təqdim edirik.

T.Qəmbər 1989-cu il mayın 21-də Bakıda, Azərbaycan milli azadlıq hərəkatının liderlərindən olan İsa Qəmbərin ailəsində doğulub. Orta təhsilini Bakı Avropa Liseyində alıb. Bakı Dövlət Universiteti beynəlxalq munasibətlər fakültəsinin tələbəsidir. 2006-cı ildən “OL!” Azərbaycan Gənclər Hərəkatının üzvüdür.

Gilan: Turqut bəy, sizcə, Azərbaycanda gənclər hərəkatının üzvü olmayan gənc küçəyə çıxıb təkbaşına nəyəsə etiraz etsə, cəmiyyət ona hansı adı verəcək?

Cavab: Dəlidən, avaradan bir ad qoşacaqlar. Amma buna fikir vermək lazım deyil. İstənilən cəmiyyətdə etiraz edən, dəyişiklik həyata keçirən 3-4 faizlik proqressiv kəsim olur, qalan 96-97 faiz onlara müəyyən vaxtadək etinasızlıqla yanaşır. Dəyişiklik mümkün görünəndə etinasız, biganə kütlə proqressiv kəsimə qoşulmağa başlayır. Biz hələ cəmiyyəti dəyişikliyin real olmasına inadıra bilməmişik. Ona görə biganə kütlə hazırda istənilən etiraza etinasızlıqla yanaşır.

Esmira Məmmədova: Turqut bəy, sevgiyə inanırsınız?

Cavab: Bəli, Esmira xanım, inanıram.

Lamiyə, tələbə: Gənclər arasında kimi gələcəyin lideri olaraq görürsünüz? Bu gün gənclər necə eləməlidirlər ki, ətrafdakılara daha pozitiv əhval bəxş eləsinlər, həmçinin onların bu pozitivliyi özlərinin daha aktiv olmasına, cəmiyyət üçün daha xeyirli olmasına gətirib çıxarsın? Ümumiyyətlə, bu gün – Azərbaycan reallığında “cəmiyyət üçün daha xeyirli” dedikdə daha çox nə nəzərdə tutulmalıdır?

Sizcə, Azərbaycan hardan hara gedir?


Cavab: Bu gün gənclər sektorunda fəaliyyət göstərən onlarla şəxsin gələcəkdə ən yüksək səviyyələrdə qərar vermə prosesində iştirak edəcək qədər potensialı var. Bunu tam səmimiyyətlə deyirəm. Gənclər ətrafdakılara nümunə olmalıdır. Onlar öz enerjiləri, aktivliyi, pozitivliyi ilə cəmiyyəti sağaltmalıdırlar. Biz öz demokratik, azad, liberal, stereotiplərdən kənar həyat tərzimizi insanlara təbliğ etməli, aşılamalıyıq. Cəmiyyəti daha azad edən, daşlaşmış doqma və stereotiplərə qalib gəlməyə kömək edən, ona pozitiv enerji verən hər bir hadisə, fəaliyyət xeyirdir.

İkinci sualınıza gəlincə, Azərbaycan Belarusdan Türkmənistana gedir.

Arslan: Turqut, səninlə tanış olmasam da, xəbərim var ki, Milli Xokkey Liqası pərəstişkarısan. “Pittsburq”un “Detroyt ”a biabırçı 0:5 hesablı məğlubiyyətindən sonra bu seriyanın son nəticəsini sən necə görürsən? Öncədən təşəkkür.

Cavab: Arslan, siz bu sualı verəndə seriya hələ bitməmişdi. Mən cavablandırdığım anda isə artıq hər şey məlumdur, “Pittsburq” 4:3 qalib gəldi. 0:5-lik məğlubiyyətdən sonra da mən əmin idim ki, azarkeşlik etdiyim “Pittsburq” özünə gəlib ümumi qələbə qazanacaq. Belə də oldu. Ümumiyyətlə, fürsətdən istifadə edib Azərbaycanda xokkeyə belə az maraq olduğu ilə bağlı təəssüfümü bildirim.

Çinarə: Ailədə, bir siyasətçi kişinin yetişməsində evin xanımının hansı rolu ola bilər? Sizin ailə nümunəsində bu barədə nə deyə bilərsiniz?

Atanızın siyasi arenadakı hansı səhvini ona bağışlamırsınız? Yaxud hansı səhvi etsəydi, bağışlamazdınız?

Elə güman etmirsiniz ki, uzun illər müxalifətdə qalmaq, hakimiyyətə gələ bilməmək bir siyasət adamı üçün qəbahətdir? Bu səbəbdən həmin adamların, misal üçün, Əli Kərimlinin, Lalə Şövkətin, atanızın – İsa Qəmbərin və digərlərinin siyasətdən getməsi daha düzgün olardı?

Cavab: Yəqin burada yeni bir şey deməyəcəm. Evin xanımı təkcə siyasətçi kişiyə deyil, istənilən digər vəzifə sahibinə dayaq durmalı və bu proses qarşılıqlı olmalıdır. Kişi qadına, qadın kişiyə arxa olmalıdır. Konkret bizim ailədən söhbət gedirsə, anamın 2003-cü ilin ağır vaxtında atama necə dayaq olduğunu, möhkəm durduğunu yadıma salanda qürurlanıram.

Atamın siyasi arenada hər hansı bağışlanılmaz səhvi yoxdur. Adı hər hansı rüşvət skandalında keçsə idi, yaxud loru dillə desək, “satılsaydı”, mənə çox pis təsir edərdi.

Sonuncu sualınıza gəlincə, seçkinin heç bir real nəticəsi olmayan ölkədə hakimiyyətə gəlmək bir qədər müşkül məsələdir. Hər dəfə seçkiləri udasan, sənə desinlər ki, uduzmusan, sonra buna etiraz edəndə repressiya aparatının gücünü göstərsinlər sənə. Yəni müxalifət nə edə bilər ki, belə şəraitdə? Seçkiləri udur, lakin hakimiyyətin güc strukturlarına cavab verəcək qüvvəsi yoxdur. Bu vəziyyətdə adını çəkdiyiniz liderlərin mübarizəni davam etdirməsi böyük hünər tələb edir. Bu mübarizəni onlardan yaxşı aparmağı bacaran varsa, buyursun, gəlsin.

Ramin, 32 yaş, Azərbaycan: Turqut, salam. Naxçıvanda olmusanmı? Deyə bilərsənmi axırıncı dəfə nə vaxt olmusan? Sizin təşkilat Naxçıvanda da işləməyə cəhd edibmi? Orda hansı müstəqil gənclər təşkilatı var? Əvvəlcədən təşəkkürlər və müvəffəqiyyətlər.

Cavab: Xeyr, Naxçıvanda indiyə kimi olmamışam. Bildiyim qədər Naxçıvanda heç bir müstəqil gənclər təşkilatı fəaliyyət göstərmir. Təəssüf ki, ölkə üzrə qeyri-azad mühit Naxçıvanda daha kəskin xarakter alıb. Ona görə Naxçıvanda hakimiyyətin sanksiyalaşdırmadığı və hakimiyyətin təşəbbüskar olmadığı fəaliyyət qeyri-mümkündür.

Müəllim, Bakı: Atanızla siyasi mövzuda mübahisələriniz düşürmü? Bir seçici kimi İsa Qəmbərin siyasi fəaliyyətində nələr xoşunuza gəlir, nələr yox?

Cavab: Müzakirələr də olur, mübahisələr də. Bir seçici kimi mövcüd reallığı da, İsa Qəmbərin resurslarını da görürəm və müqayisə müstəvisində onun fəaliyyətini bəyənirəm.

Günel, tələbə: Hansı növ musiqini sevirsiniz, xüsusi izlədiyiniz qrup və ya müğənni varmı? Mütəmadi olaraq kitab oxuyursunuzmu? Hansı kitabları sevirsiniz? Dəbə münasibətiniz necədir?

Cavab: Daha çox roka qulaq asıram. Konkret fanatı olduğum qrup, ya da müğənni yoxdur, amma son vaxtlar daha çox “Pink Floyd”, DDT, “Okean Elzi”, “Splin”, “Bitlz”a qulaq asıram. Son vaxtlar yaranmış “Shirband” rep qrupunu çox dinləyirəm. Mütəmadi olaraq kitab oxuyuram. Bir qədər XX əsr klassikasına üstünlük verirəm. Dəb tendensiyalarını izləmirəm, mənim özümün dəb meyarlarım var.

Babək: Siz prezident olsaydınız, ilk növbədə hansı qərarları verərdiniz?

Azərbaycan təhsil sisteminin əsas qüsuru, sizcə, hansıdır? Təhsil naziri olsaydınız, bu qüsurları aradan qaldırmaq üçün nə edərdiniz?

Cavab: Prezident olsaydım, ilk növbədə korrupsiya ilə mübarizə sahəsində, eləcə də vətəndaşların azadlıqlarını məhdudlaşdıran qanunların ləğvi barədə qərarlar qəbul edərdim.

İkinci suala gəlincə, əsas qüsur təhsil sistemində olan korrupsiya, dərslərin maraqsız keçilməsi, azad tələbə təşkilatlarının mövcud olmamasıdır. Birinci və üçüncü məsələ təxminən aydın olduğu üçün, ikinci məsələ üzərində dayanmaq istəyirəm.

Bu gün Azərbaycan məktəb və universitetlərində əksər müəllimlər diskussiyalar, fikir mübadilələri üçün şərait yaratmırlar. Tələbələrin öz fikirlərini deməsi alqışlanmır. Müəllimlər iki səhifəni əzbər danışan tələbələrə üstünlük verirlər, nəinki öz fikirlərini çatdırmaq istəyənlərə. Tələbələrə şərait yaradılmalıdır ki, müstəqil axtarış və analiz etməyi öyrənsinlər. İndiki sistem tələbələri tələbəlikdən sonrakı həyata hazır etmir. Hazır olanlar özlərini müstəqil şəkildə yetişdirirlər, sistem onlara nə qədər mane olsa da. Bir sözlə, Azərbaycanda əksər sahələrdə olduğu kimi, təhsildə də inqilabı dəyişikliklərə ehtiyac var.

Teymur, tələbə, Bakı: Təmsil olunduğunuz “Ol” təşkilatının fəaliyyəti nədən ibarətdir?

Cavab: “OL” Azərbaycan Gənclər Hərəkatı qeyri-siyasi, ictimai hərəkatdır. Əsas məqsədləri müstəqil, sərbəst, məsuliyyətli gəncliyin formalaşması, gənclərin mədəni, elmi və digər qeyri-maddi tələblərinin təmin edilməsi, onların maariflənməsi və peşəkar cəhətdən özlərini doğrultmasına yardımçı olmaqdır. Bu məqsədləri həyata keçirmək üçün “OL” Hərəkatı gəncləri cəmiyyətin həyatında və onun problemlərinin həllində daha yaxından iştirak etməyə çağırır. Gənclərin ictimai proseslərdə fəal iştirakı həm də vətəndaş cəmiyyətinin formalaşması üçün əsas şərtlərdən biridir.

Bu məqsədləri həyata keçirmək üçün mühazirə, seminar, aksiyalar keçiririk.

Fəaliyyətimizlə daha geniş tanış olmaq üçün www.ol-az.org ünvanına daxil olun.

Xıdır Əliyev, tələbə, Bakı: Azərbaycanın fəal gənclərinin demokratiya uğrunda mübarizədə birləşdirilməsi üçün hansı təklifləriniz var? Bu mübarizə, sizcə, lazımi səviyyədədirmi?

Demokratiya uğrunda mübarizədə atanızın yolunu davam etdirmək istərdinizmi?

Müsavat Partiyasında vəzifə tutmaq istərdinizmi?

Sizcə, Azərbaycanın ən güclü müxalifət partiyası hansıdır?


Cavab: Məncə, Azərbaycanda demokratiya uğrunda mübarizə aparan gənclər fəaliyyətlərini əsasən koordinasiya edirlər. Ancaq bu, əsas məsələ deyil. Əsas demokratiya uğrunda mübarizə aparmağa, azadlığı, liberalizmi öz həyat tərzinə çevirməyə hazır olan gənclərin sayının artması, sıralarımızın genişlənməsidir. Siyasi partiyalarda, ictimai sektorda fəaliyyət göstərən gənclərin əllərində olan resursları nəzərə alsaq, fəaliyyətimizi ümumən qənaətbəxş hesab etmək olar. Amma potensialımızı tam reallaşdıra bilmirik. Mövcud reallıqlar bir kənara, burada bizim öz günahımız da var.

O biri suallara gəlincə, hələ ki, bacardığım qədər mübarizə aparıram. Bilmirəm, bunu atamın yolunu davam etdirmək kimi qiymətləndirmək olar, ya yox. Müsavat Partiyasını ən güclü partiya sayıram, amma bu təşkilatda vəzifə tutmaq fikrim yoxdur.

“Media forum”

Müsahibənin əsli burada.

4 comments:

Ruslan Əsədov said...

Turgut yasha! "Tələbələrə şərait yaradılmalıdır ki, müstəqil axtarış və analiz etməyi öyrənsinlər"

Parvana Persiani said...

Aferin Tutu!

Esmira Mammadova said...

öpürəm!

Anonymous said...

Мян Тургута ЙОХ дейирям!
Эн бёюк-Балыг Хафиз!!!