Atası deyir ki, Adnan Hacizadədən heç bir xəbər yoxdur

İyulun 13-ü OL Azərbaycan Gənclər Hərəkatının təsisçilərindən Adnan Hacızadənin doğum günüdür. Gənc fəal 26 yaşını həbsxanada - Bakı İstintaq Təcridxanasında qarşılayır.

A.Hacızadənin atası, politoloq Hikmət Hacızadə bu gün “Media forum” saytına açıqlama verib. O deyib ki, iyulun 12-də oğluna yemək ötürə biliblər: “Ancaq görüşməyə imkan verilmədi. Onun hansı şəraitdə, neçə adamlıq kamerada saxlandığını öyrənə bilmədik. Bu haqda heç bir məlumatımız yoxdur”.

1983-cü ildə Bakıda anadan olmuş A.Hacızadə ABŞ-ın Riçmond Universitetini bitirib. “BP-Azərbaycan” şirkətində işləyir. İyulun 8-də polis onu digər gənclər fəalı - AN Sosial Şəbəkəsinin yaradıcısı Emin Milli ilə birgə saxlayıb. Buna həmin gün axşam Bakıdakı “Livan” restoranında baş verən dava səbəb olub. Yeddi gənclə birlikdə yemək yeyən E.Milli və A.Hacızadə ilə qonşu masada olan Vüsal Məmmədov və Babək Hüseynov arasında düşən davaya görə Cinayət Məcəlləsinin 221.2.1 maddəsi (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) üzrə cinayət işi başlanıb. E.Milli və A.Hacızadə şübhəli şəxs qismində saxlanılıblar. İyulun 10-da Səbail Rayon Məhkəməsi A.Hacızadə və E.Milli barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090713110413745

1 comment:

Unknown said...

ADNAN AD GUNUN MUBAREK! SEBIRLI OL!