Mart ayının 30-u İnşaat Universitetinin idman zalında OL! və Dalğa gəncləri arasında futzal üzrə dostluq oyunu keçirildi. Qeyd edək ki, bu təşkilatların komandaları arasında son oyun keçən ilin may ayında ADR-90 turnirində keçirilmişdir. O zaman turnirin üçüncü yer uğrunda matçında dalğaçılar 6:4 hesabı ilə qələbə qazanmışdılar. Həmin səbəbdən bu dostluq oyunu OLçular üçün bir növ revanş xarakteri daşıyırdı.
Oyunun birinci hissəsi tam olaraq OLçuların nəzarəti altında keçdi. Rəşadət Axundov, Ənvər Bagiyev, Urfan Əsədov hərəyə bir qol, Ruslan Əsədov isə iki qol vuraraq 5:0-lıq hesabla birinci hissənin yekunu vurdular. Qeyd etmək lazımdır ki, OLçuların qapıçısı Turqut Qəmbərin inamlı oyunu dalğaçılar fasiləyə məyus getməsinə səbəb oldu.
İkinci hissənin əvvəlində, OLçular daha iki qola imza atdılar. Rəşadət Axundov və Urfan Əsədov fərqləndilər. Hesab arasındakı böyük fərq OL gənclərinin oyundakı nizamı itirməsinə təsir etdi. Bunun nəticəsi olaraq dalğaçılar dalbadal üç qol vuraraq hesab arasındakı fərqi xeyli azaltmağa nail oldular. Dalğadan iki dəfə Araz Qasımov, bir dəfə isə Zaur Əliyev fərqləndilər. Matçın sonunda Ruslan Əsədovun qolu isə oyunda son nöqtəni qoydu. Beləliklə 8:3 hesabı ilə OL! komandası Dalğa komandası üzərində qələbə əldə etdi.
OL! və Dalğa arasında dostluq oyunu keçirildi
Tək əldən də səs çıxar
Z. Freyd yazırdı: "Əqlin səsi gur deyil, lakin inadkardır və o eşidilməyənəcən susmaz". Yazıçı və tarixçi Aleksandr İsayeviç Soljenitsının qanlı sovet gerçəkliyini ifşa edən asta, lakin bir an da səngiməyən səsinə bütün dünya beləcə qulaq kəsilmişdi.
Soljenitsın 1918-ci ildə Kislovodskda varlı kazak ailəsində doğulub. Rostov Universitetinin riyaziyyat fakültəsini bitirdikdən sonra orta məktəbdə riyaziyyat və astronomiya fənlərindən dərs deyib, eyni zamanda qiyabi olaraq Moskva Universitetinin ədəbiyyat kursunu başa vurub.
Müharibənin başlanması ilə Soljenitsın cəbhəyə yollanır, orada artilleriya kapitanı rütbəsinə çatır. 1945-ci ildə cəbhədən göndərdiyi məktubda Stalinin ünvanına tənqid söylədiyinə görə məhkəməsiz-filansız ömrünün 8 ilini həbsxanalarda, Sibirin islah-əmək düşərgələrində keçirməli olur. O zamanlar hökumət yalnız dissidentlərin özlərini deyil, həm də ailə üzvlərini təqib edirdi. Məhz bu səbəbdən öz canı üçün qorxan arvadı Soljenitsından üz döndərir.
Taleyin dönüklüyü, həbs düşərgəsinin dəhşətləri Soljenitsının iradəsini sındıra bilmir. Hələ düşərgədə olarkən öz ilk hekayələrini yazmağa başlayır və yazdıqlarını gözətçilərin əlinə düşməməsi üçün əzbərləyib yaddaşına köçürür. 1953-cü ildə Stalinin ölümündən sonra Soljenitsın düşərgədən azad olunmaqla bərabər müddətsiz sürgünə məhkum edilir. 1956-cı ildə onda xərçəng xəstəliyi aşkar edildiyi üçün sürgündən azad olunur. O, ölmək üçün azadlığa buraxılır (bu hadisələr onun "Xərçəng korpusu" adlı povestində bütün təfsilatı ilə təsvir olunub), lakin möcüzə baş verir - xəstəlik bir növ "geri çəkilir" və ona Ryazanda məskən salmağa icazə verilir; buradakı məktəbdə o, riyaziyyatdan dərs deyir, öz ilk hekayələrini yazıya almağa başlayır.
1960-cı ildə N. Xruşşovun antistalin kampaniyasından ruhlanan Soljenitsın Sibirdəki islah-əmək düşərgəsi həyatından bəhs edən və sonralar ona dünya şöhrəti gətirmiş "İvan Denisoviçin bir günü" povestini qələmə alır. Povest 1962-ci ildə, yalnız Xruşşovun özü məsələyə qarışdıqdan sonra çap edilir və dərhal da dünya miqyasında ədəbi-siyasi sensasiyaya səbəb olur.
Stalinizmlə mübarizə aparan Xruşşov təxminən 20 milyon sovet vətəndaşının məhvi ilə nəticələnmiş kommunist rejiminin cinayətlərini ictimaiyyətə çatdırmaq istəyən Soljenitsını dəstəkləməyə başlayır. Lakin artıq 1963-cü ildə Xruşşovun özü Soljenitsınin müasir sovet gerçəkliyindən danışan "ziyanlı" hekayələrinin çapına yasaq qoyur.
1964-cü ildə Xruşşov vəzifəsindən götürüləndən sonra Soljenitsın yenə "sovet xalqının düşməni" elan edilir. DTK onu və onun yaxın adamlarını izləməyə başlayır. Lakin Soljenitsın təslim olmur, onun qanlı Stalin terroru haqqındakı povest və hekayələri "samizdat" (yazı makinasında çap edilmiş əlyazmalar şəklində) vasitəsilə bütün ölkəyə yayılır və Kreml rəhbərliyi üçün ən dəhşətlisi odur ki, əcnəbi ölkələrdə dərc olunur.
Soljenitsın həqiqətindən hiddətə gəlmiş hakimiyyət dairələri bütün ölkədə Soljenitsınla bağlı təqib və böhtan kampaniyasına başlayır. 1969-cu ildə onu Yazıçılar İttifaqı üzvlüyündən çıxarır, bununla da yazıçını, demək olar ki, yaşayış vasitələrindən məhrum edir, ölkə ziyalılarını onu "damğalayan" məktubları imzalamağa vadar edir, hətta məktəblərdə də ona qarşı kin və lənətlə dolu təbliğat aparırlar. DTK agentləri Soljenitsının mənzilində axtarış aparır və onun əlyazmalarını müsadirə edir, telefon vasitəsilə onu ölümlə hədələyir, yazıçının az qala hər addımını izləyirlər. Lakin artıq gecdi! Soljenitsın bütün dünyada görkəmli yazıçı, dünyanın yarısını idarə edən qüdrətli sistemə təkcanına meydan oxuyan mərd, cəsur adam kimi tanınır və sevilir. 1970-ci ildə Soljenitsın ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür, lakin mükafatı almağa getməkdən imtina edir, bilir ki, getsə, onu bir daha öz ölkəsinə buraxmayacaqlar.
1973-cü ildə Soljenitsın qüdrətli DTK-nın "başını aldadaraq" öz başlıca əsərini - "QULAQ arxipelaqı" epopeyasını Qərbə ötürə bilir. Kommunist rejiminin 1924-1953-cü illərdə törətdiyi cinayətlərdən danışan bu çoxcildli, sənədli romanı Soljenitsın Xruşşov dövründə Sov. İKP və DTK arxivlərindən əldə etdiyi materiallar əsasında qələmə almışdı. Sovet rəhbərliyinin bu əsərlə bağlı xofu o qədər böyük idi ki, müvafiq orqanlar romanın Qərbdə çapının qarşısını almaq üçün dövlət səviyyəsində bənzəri olmayan səy və cəhdlər göstərirlər. Lakin onların səyi əbəs idi. 1973-cü ilin dekabrında romanın birinci hissəsi Parisdə çap edilir və o vaxta qədər Stalinin ölüm düşərgələrinə inanmaq istəməyən dünya ictimaiyyətini lərzəyə gətirir.
Bu roman Avropa kommunist hərəkatına ağır zərbə vurur - Avropanın sol təmayüllü ziyalıları kütləvi surətdə kommunist partiyalarından çıxdıqlarını elan etməyə başlayırlar. Bu, Avropada kommunizmin süqutunun başlanğıcı idi. Təlaşa düşmüş Sovet rəhbərliyi yazıçının fiziki məhvi haqqında ciddi düşünməyə başlayır, bu addımdan Kremli yalnız dünya ictimaiyyətinin ehtimal olunan qəzəbi saxlayır; nəhayət, "çıxış yolu" tapılır: yazıçını sovet vətəndaşlığından məhrum edib SSRİ-dən sürgün edirlər (1974). Soljenitsın ABŞ-da Vermont şəhərində məskən salır, sovet gerçəkliyindən bəhs edən roman və tarixi xronikaları üzərində işini davam etdirir.
1974-cü il fevralın 18-də "Vaşinqton post" qəzeti onun öz həmvətənlərinə müraciətini - "Yalansız yaşamaq" başlıqlı yazısını dərc edir. Bu müraciətnamə tez bir zamanda "samizdat"ın köməyilə bütün ölkəyə yayılır. İnsan vicdanının ən incə tellərinə toxunan bu müraciətnamə ölkədə əvvəlcə azsaylı dissident hərəkatının, az sonra isə insan ləyaqətinin təsdiq olunması uğrunda kütləvi hərəkatın, bir növ, manifesti olur.
Soljenitsın burada güclü şəxsiyyətlərə, yaxud öz məslək yoldaşlarına deyil, həmişəki kimi bütün xalqa da deyil, necə deyərlər, "orta" vətəndaşa müraciət edir. Onların hər biri ilə ürəkdən, bütün səmimiyyəti ilə danışır, sanki üzbəsurət öz həyat tarixçəsini onlara nəql edir və bu müraciət, bu çağırış ürəklərə yol tapır.
İstiqlaliyyət, demokratiya, tərəqqi, bütün bunlar hələ çox sonra - bizim hər birimizin beynində dərin kök salmış yalan çıxıb gedəndən sonra gələcəkdir. Yazıçı deyir ki, bizim ətrafımızda hər şeyi udub məhv edən rəzalət və köləliyə görə təkcə dövlət, cəmiyyət, iqtidar, yaxud müxalifət deyil, ilk növbədə bizim hər birimiz şəxsən məsuliyyət daşıyırıq. O deyir ki, mübarizəyə girmək, təkbaşına da olsa ilk addımı atmaq gərəkdir. Təklikdə çətin olan ilk addımı...
Soljenitsının resepti sadədən də sadədir - heç vaxt, hətta ən müqəddəs məqsədlər naminə belə yalan söyləmə, həqiqəti ört-basdır eləmə. Vicdansız cəmiyyətdə demokratiya mövcud ola bilməz. Cəhd elə, yalandan qurtul. O vaxt daha heç kəs səni alçaldıb əzə bilməz!
Hikmət Hacızadə
ALEKSANDR SOLJENİTSIN
Yalansız yaşamaq
(1974)
Bütün bunlarda heç də "onlar" günahkar deyil, hər şeydə biz özümüz günahkarıq!
Vaxt vardı cınqırımızı da çıxara bilmirdik. İndi artıq "samizdat" yazıb-oxuyuruq, institutların dəhlizlərinə yığışıb ürəyimizi boşaldırıq: "Gör nə oyundan çıxırlar, gör bizi hara sürükləyirlər?!". Xarabalıq və yoxsulluq içində yerə-göyə sığmayan lovğalıq, vəhşi rejimlərin harda gəldi möhkəmləndirilməsi, vətəndaş müharibələrinin qızışdırılması... Kefləri istəsə, bizi öz əlimizlə (öz vəsaitimizlə) bəsləyib böyütdüyümüz Mao Tszedunun üstünə də göndərə bilərlər və gedərik - çarəmiz nədir? Kimi istəsələr həbs eləyirlər, sağ-salamat adamları dəlixanaya salırlar. İstədikləri oyunu çıxarırlar, bizsə acizik, gücsüzük.
Axırımız çatıb, mənəvi ölüm artıq bizi yaxalayıb və fiziki ölüm də qapımızın ağzını kəsdirib: özümüzü də, övlad-uşağımızı da külə döndərməyə hazırdır, bizsə əvvəlki kimi hürkək-hürkək qımışır və dodaqaltı mızıldanırıq:
"Necə mane ola bilərik? Bizdə o zor hanı?".
Adamlığımızı o dərəcədə itirmişik ki, bütün prinsipləri, mənəviyyatımızı, ata-babalarımızın bütün elədiklərini, nəvələrimizin eləyə biləcəklərinin hamısını bir qarın çörəyə qurban veririk - təki köhnə nizam pozulmasın, vücudumuza xətər toxunmasın. Bizdə nə qətiyyət, nə qürur, nə də ürək yanğısı qalıb. Biz bütün bəşəriyyətin axırına çıxa biləcək atom ölümündən və üçüncü dünya müharibəsindən də qorxmuruq (bəlkə dəlmə-deşikdə yer tapıb gizlənə bildik?); biz yalnız cəsarətli vətəndaş addımı atmaqdan qorxuruq. Təki sürüdən ayrılmayaq, təkbaşına bir addım atmayaq - birdən bir parça çörəyimizi itirərik, qazdan, isti sudan, Moskva qeydiyyatından əlimiz çıxar.
Siyasi dərnəklərdə beynimizə möhkəm yeridiblər ki, ömür boyu sabit və rahat yaşamaq gərəkdir: mühitdən, sosial şəraitdən qaça bilməzsən, varlıq şüuru müəyyən eləyir, yəni bizlik bir iş yoxdur, biz heç nə eləyə bilmərik.
Ancaq biz hər şey eləyə bilərik! Yalandan özümüzə toxtaqlıq veririk. Bütün bunlarda heç də "onlar" günahkar deyil, hər şeydə biz özümüz günahkarıq! Deyə bilərsiniz ki, axı həqiqətən, çıxış yolu yoxdur! Ağzımızı tıxayıblar, nə bizə qulaq asan var, nə bizdən söz soruşan. Onları necə məcbur eləyək ki, bizə qulaq assınlar?
Onları öz fikrindən döndərmək, doğrudan da, mümkün deyil. Yaxşı olar ki, onları yenidən seçək! Ancaq bizim ölkədə heç vaxt heç kəs yenidən seçilmir!
Qərbdə adamlar tətillər, etiraz nümayişləri keçirirlər, ancaq biz o qədər başıqapazlı olmuşuq ki, belə şeylərdən qorxuruq: necə yəni işdən boyun qaçırasan, necə yəni küçələrə töküləsən?
Müsibətlərlə dolu son əsr rus tarixinin dönə-dönə sınaqdan çıxardığı fəlakətli (üstəlik, həqiqətən də bizə xidmət eləməyən) yollarla getmək lazım deyil! Bir vaxt əkilən o toxumun boy verib artdığı indiki dövrdə terrorla, qanlı üsyan və vətəndaş müharibəsi ilə ölkəni ədalətli və xoşbəxt eləmək istəyən o özündənrazı cavanların necə azdıqlarını, nə boyda səhvə yol verdiklərini hamı aydın görür. Yox, sağ olun, maarifçi atalar! İndi görürük ki, çirkin metodlar çirkin də nəticələr doğurur. Qoy əllərimiz qana bulaşmasın!
Bəlkə dairə qapanıb? Doğrudanmı çıxış yolu yoxdur? Bizə ancaq oturub gözləməkmi qalır? Birdən nəsə öz-özünə baş verdi?.. Lakin biz gecə-gündüz indiki yaşayışımızı tərifləyib daha da möhkəmləndirəcəyiksə, heç olmasa, onun ən yaralı yerindən (yalandan!) qaçmayacağıqsa, yalan heç vaxt öz-özünə bizdən əl çəkməyəcək.
Zorakılıq adamların dinc həyatına soxulanda lovğa-lovğa, qırmızı-qırmızı bayraq qaldırır: "Mən zorakılığam! Dağılın, çəkilin - əzərəm!". Ancaq zorakılıq tez qocalır, o, özünə uzun müddət güvənə bilmir, özünü yaşatmaqdan, yaxşı görünməkdən, gözə kül üfürməkdən ötrü əlüstü yalanı köməyə çağırır. Çünki zorakılıq yalandan başqa heç nəyin arxasında gizlənə bilmir, yalansa yalnız zorun hesabına yaşayır. Zorakılıq bizə qarşı çox vaxt açıq hücuma keçmir. O, bizdən yalnız yalana boyun əyməyi, hər gün ona şərik çıxmağı tələb edir - kölənin bütün sədaqəti də elə bundadır.
Azadlığa çıxmağın indiyəcən məhəl qoymadığımız ən adi, ən sadə açarı elə buradadır - şəxsən yalana qoşulmamaq! Qoy yalan dünyanı bürüsün, qoy yalan hamıya hakim kəsilsin, ancaq kiçicik bir şeydə möhkəm duraq - yalanın hakim kəsilməsində mənim əlim olmasın!
Və bu, süstlüyümüzü azacıq da olsa aradan qaldıra bilər. Bizdən ötrü ən asanı - yalanı yoxa çıxarmağın ən sadə yolu da elə budur! Çünki adamlar yalandan iyrənib üz döndərəndə o, sadəcə olaraq, aradan çıxır. Yalan mikrob kimi ancaq adamlarda yaşaya bilir. Ortaya çıxan həqiqəti car çəkməyə, düşündüyümüzü ucadan deməyə yetişməmişik - lazım deyil, qorxuludur. Heç olmasa düşünmədiyimizi danışmaqdan əl çəkək!
İçimizdə qat bağlamış mütiliyin fonunda yolumuz budur - ən rahat yol; Qandisayağı vətəndaş itaətsizliyinə (dilə gətirmək belə xatalıdır) baxanda ən asan yol.
Düşünüb-daşınmaq, yalana qətiyyən qahmar çıxmamaq! Yalanın sərhədini (onu hərə bir cür görür) anlayıb o iltihab xəttindən geri çəkilmək gərəkdir! Yalana don geyindirməsək, onda onun necə tez və əngəlsiz yıxıldığına heyrətlənəcəyik; çılpaq yalanı çılpaq şəkildə də görəcəyik.
Və nəhayət, itaətkarlığımızdan çıxış yolunu qoy hər kəs özü seçsin: ya bilə-bilə yalana nökərçilik eləsin (ah, şübhəsiz, öz kefindən ötrü yox, ailəsini dolandırmaqdan, balalarını yalana uyğunlaşdırmaqdan ötrü!), ya da müasirlərə, gələcək nəslə layiq adam olsun. Və həmin gündən o;
- daha bir kəlmə də yalan yazıb çap etdirməsin, yalana imza atmasın;
- yalan sözü nə camaat arasında, nə şəxsi söhbətlərdə, nə təbliğatçı, müəllim, tərbiyəçi, nə də teatr aktyoru kimi nə özündən desin, nə kağızdan oxusun;
- istər rəssamlığın, istər heykəltəraşlığın, istər fotonun, istərsə də musiqinin vasitəsilə heç bir uydurmaya həqiqət donu geyindirməsin;
- özünüsığorta üçün, öz müvəffəqiyyəti naminə "yuxarılar"dan şifahi və ya yazılı şəkildə yerinə düşməyən sitatlar gətirməsin;
- onu istəmədiyi nümayiş və mitinqə getməyə məcbur etməyə imkan verməsin; ürəyincə olmayan transparantı, şüarı əlinə alıb başı üzərinə qaldırmasın;
- könlüncə olmayan təklifin lehinə əl qaldırmasın, layiq bilmədiyi, yaxud şübhələndiyi adama (açıq və ya gizli) səs verməsin;
- saxtalığına əvvəlcədən əmin olduğu müzakirələrdən boyun qaçırsın;
- natiqin dilindən yalan, ideoloji cəfəngiyat, sürtük təbliğat, söhbət eşidən kimi yığıncağı, mühazirəni, tamaşanı, kinoseansı yarımçıq qoyub çıxsın;
- informasiyanı saxtalaşdıran, əsl faktları ört-basdır eləyən qəzet-jurnallara abunə yazılmasın, onları satışdan almasın.
Əlbəttə, biz yalandan uzaqlaşmağın vacib şərt və imkanlarının heç də hamısını sadalamadıq. Təmizlənməyə başlayan - baxışları aydınlaşıb durulan hər kəs başqa imkanları asanca seçə bilər.
Bəli, ilk vaxtlar çətin olacaq. Kimsə bir müddət işdən qovulacaq. Doğru-düzgün yaşamaq istəyən cavanların həyatı ilk vaxtlar lap qəlizləşəcək, axı onların oxuyub cavab aradıqları dərsliklər yalanla doludur - onları da ələyib-seçmək gərəkdir. Amma namuslu olmaq istəyən heç bir vaxt, hətta qorxusuz-hürküsüz texniki elmlərdə belə həqiqətə və ya yalana, mənəvi müstəqilliyə və ya mənəvi nökərçiliyə tərəf addım atarkən sadaladığım şərtləri pozmasa, özünü aldada bilməz.
Öz ruhunu qorumağa təpəri çatmayan adam qoy qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim və ya general olması ilə lovğalanmasın, qoy öz-özünə beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun.
Bütün müqavimət yollarının ən sadəsi olan bu yol bizim üçün asan keçməyəcək. Ancaq özünü yandırmaqdan və aclıq keçirməkdən də ağır olmayacaq: alov bədənini sarmayacaq, isti gözlərini qarsalamayacaq və ailən üçün heç olmasa qara çörək, içməli su tapılacaq. Bizim xəyanət etdiyimiz, aldatdığımız böyük Avropa xalqı - çexlər, slovaklar ləyaqətli ürək gəzdirən arxasız-köməksiz sinəni tank qabağına vermək örnəyini göstərmədimi?
Deyirsiniz, çətin yoldur? Çətin yoldur. Ancaq mümkün yolların ən asanıdır. Can üçün çətin olsa da, ruh üçün yeganə yoldur. Çətin yoldur, ancaq artıq bizdə adamlar var ki (hətta belə adamlar onlarcadır), neçə illərdir bu şərtlərə əməl eləyir, yolun çətinliyinə qatlaşır, həqiqətlə nəfəs alırlar.
Və beləliklə, bu yolla biz birinci getmirik, gedənlərə qoşuluruq! Sıralarımız nə qədər mehriban və sıx olsa, yolumuz o qədər asan və qısa olar. Biz minlərcə olsaq, heç birimizə heç nə eləyə bilməyəcəklər. On minlərcə olsaq, ölkəni tanınmaz dərəcədə dəyişə bilərik!
Qorxaqlıq eləsək, onda kiminsə bizə aman vermədiyindən gileylənməyək - özümüzə aman verməyən elə biz özümüzük! Bəlkə hələ dözək, gözləyək ki, vaxt gəlsin, bioloq qardaşlarımız bizim fikirlərimizi oxumaq və genlərimizi dəyişdirmək məsələsini tezləşdirsinlər?..
Əgər bunda da qorxaqlıq eləsək, onda biz rəzilik, yararsızıq və Puşkinin nifrətinə layiqik:
Azadlıq sürünün nəyinə gərək?
Nəsildən-nəsilə onun qisməti
Noxtadır, qamçıdır, bir də dəyənək.
Məqalənin rus versiyası
Məqalənin əslini:
http://www.kitabxana.org veb səhifəsində tapa bilərsiniz.
Azərbaycanda demokratiyanı necə xilas etməli?
FAR Centrin Gənclər Mərkəzinin koordinatoru, ümum gənclərin və OL!-un dostu olan Hikmət Hacızadənin Yeni Müsavat qəzeti ilə bölüşdüyü maraqlı fikirlərini sizə təqdim edirik:
Azərbaycanda demokratiyanı necə xilas etməli?
2008-ci ilin prezident seçkisi Azərbaycan demokratiyasına nəinki fayda verdi, əksinə, çox ciddi zərbələr vurdu. Cəmiyyətdə seçki yolu ilə dəyişikliklərin baş verə biləcəyinə dair olan inam tamamilə sarsıldı. Hakimiyyətin yaratdığı anormal siyasi şərait üzündən real müxalifətin seçkilərdə iştirak etməməsi demokratik dəyərlərin yayılması baxımından cəmiyyətin ziyanına işlədi. Faktiki olaraq, ölkədə ölü bir vəziyyət hökm sürür. İnsanlar tamamilə ümidsizləşib, ictimai fəallıq hiss olunmur.
Təbii ki, vəziyyətin bu şəkildə davam etməsi olduqca pis nəticələrə səbəb ola bilər. Bəs demokrkatik proseslərin canlanması, heç olmasa ictimai fəallığın yüksəlməsi üçün hansı işləri görmək lazımdır? Hansı addımlar Azərbaycan demokratiyasının xilasına səbəb olar?
Mövzu ətrafında söhbət etdiyimiz politoloq, Müsavat Məclisinin üzvü Hikmət Hacızadə bununla bağlı orijinal təkliflərlə çıxış etdi. O, “hamı öz işi ilə məşğul olmalıdır” deyə qeyd etdi: “İlk növbədə siz jurnalistlər, müstəqil mətbuat güclənməyə çalışmalıdır. Və gopla, yalanla insanları aldatmaq lazım deyil. Səmimi şəkildə insanlara vəziyyəti olduğu kimi çatdırmaq, situasiyanı anlatmaq gərəkdir. Siyasətçilər, demokratik fəallar öz sözlərini deməlidirlər. İctimaiyyət qarşısında çıxışlar etməli, insanlara real durumu anlatmalıdırlar. Həmçinin, beynəlxalq əlaqələri gücləndirmək, demokratik institutlarla sıx əməkdaşlıq etmək lazımdır. Bu işləri həyata keçirib çalışmalıyıq ki, cəmiyyətdə oyanış baş versin. Görək bu istəklər nə zaman reallaşacaq”.
H.Hacızadə bildirdi ki, müxalifət ənənəvi metodlarla deyil, öz işini başqa cür qurmalıdır: “Bizim siyasətçilər anlamalıdırlar ki, onlar siyasi qüvvə deyillər. Siyasətçilər başa düşməlidirlər ki, artıq mənəvi qüvvəyə çevriliblər. Bundan sonra siyasi qüvvə kimi yox, haradasa dissidentlər klubu kimi fəaliyyət göstərmək lazımdır. Bunun faydası ola bilər. Siyasi liderlər mənəvi bir qüvvəyə, büllura çevrilib işıq saçmalıdırlar. Başa düşmək lazımdır ki, artıq siyasət yoxdur, ona görə də hansısa manevrlər etmək, taktikalar qurmaq mənasızdır. Bəlkə dissident kimi səsimiz çıxanda insanlar bizim səsimizə oyandılar. Mən başqa yol görmürəm”.
Bəs siyasətçilər bu işləri hansı vasitələrlə həyata keçirməlidirlər? H.Hacızadə bildirdi ki, müxalifətin telekanallara çıxış imkanları olmasa da, “Azadlıq”, “Amerikanın səsi”, “BBC” radiostansiyalarından, bir neçə müstəqil qəzetdən yararlana bilərlər: “Bundan başqa kitablar, broşüralar yazıb paylamaq olar. Konfranslar keçirmək, müxtəlif məkanlarda vətəndaşlarla görüşmək mümkündür. Lap hətta insanları ayıltaq üçün liderlər bir dissidentə, mənəvi qüvvəyə çevrilib Qız Qalasının üstünə çıxıb oradan insanlara müraciət edə bilərlər. ”Dalğa"çılar kimi, gedib özümüzü Prezident Aparatının qarşısındakı dəmir barmaqlıqlardan düzəldilmiş hasara da bağlaya bilərik. Problem ondadır ki, bizim siyasətçilər hələ də özlərini siyasətçi sayırlar. Hansı ki, onlar özləri də real vəziyyətdən, ölkədə siyasət olmamasından xəbərdardırlar".
H.Hacızadə bildirdi ki, əgər demokratik fəallar, müxalifət heç bir iş görməsə, müqavimət təşkil olunmasa, insanlar arasında iş aparılmasa, hakimiyyət olan-qalan strukturları da məhv edəcək: “Hakimiyyət çalışacaq ki, müxalif düşüncəli insanları sındırsın, pulla ələ alsın, incitsin, təzyiqlərə məruz qoyub ölkədən didərgin salsın. Ona görə də kimin gücü varsa, möhkəm durmalıdır”.
Müxalifət partiyalarının birgə fəaliyyət göstərməsinin də faydalı ola biləcəyini deyən H.Hacızadə qeyd etdi ki, istənilən halda siyasi fəaliyyət göstərmək mənasız olacaq: “Birləşib mənəvi güc və dissident kimi fəaliyyət göstərmək effektli ola bilər. Artıq Azərbaycanda siyasi fəaliyyət göstərmək heç bir nəticə verməyəcək. Çünki siyasətin özü yoxdur”.
Labels: demokratiya, maraqli
Rusiyada "Gənclər ili" haqqında çəkilmiş sosial reklam
2009-cu il Rusiya Federasiyasının İdman, Turizm və Gənclər Siyasəti Nazirliyi tərəfindən "Gənclər ili" elan olunmuşdur.
Naməlumlar tərəfindən Rusiyada "Gənclər ili" haqqında çəkilmiş sosial reklamları sizə təqdim edirik. Roliklərdə əks olunmuş fikrlərin çoxusunu Azərbaycana da aid etmək olar.
Dövlət məmurlarına çəkilmiş video mesaj:
Cavanlara hədəflənmiş mesaj:
Gənclər ilinə həsr olunmuş veb portal:
http://www.godmol.ru/
OL!-u axtar
Mart ayının 21-i bir qrup hərəkat üzvü toplaşaraq “OL!-u axtar” aksiyası keçirmişlər. Aksiyanın məqsədi şəhərin müxtəlif yerlərində, dükan, şirkət, idarə adlarında, elanlarda “OL” sözünü tapıb onu fotoşəklini çəkmək idi. 1 saat davam edən aksiyada OLçular 100-ə yaxın “OL” sözü tapa bilmişlər. Sizlərə həmin aksiya zamanı tapılmış “OL” sözlərinin fotoşəkillərindən ibarət videonu təqdim edirik.
OL-un IV İdarə Heyəti seçildi
Mart ayının 18-indən 21-nə qədər OL! Azərbaycan Gənclər Hərəkatının İdarə Heyətinə seçkilər keçirilmişdir. Təşkilatdaxili qaydalara görə namizədliyi irəli sürülmüş şəxslər səs hüququ malik olan insanların yarıdan çoxunun səslərini toplaması kifayətdir ki, onlar İdarə Heyətinin üzvü təsdiq edilsinlər. Səsələrin sayılması prosesisini 3 nəfərdən ibarət seçki komissiyası tərəfindən həyata keçirirdi. OL! Seçki komisiyyasının üzvləri Ənvər Bagiyev, Olqa Breqvadze və Mina Hüseynova idilər. Onların açıqladığı məlumata görə, səs hüququna malik olan 22 nəfərdən 21-inin seçkilərdə iştirakı nəticəsində İdarə Heyətinə namizədlər aşağıdakı səsləri topladılar:
Namizədin adı və soyadı | Lehinə | Bitərəf | Əlehinə | Faiz |
Adnan Hacızadə | 19 səs | 2 səs | 0 səs | 90% |
Esmira Məmmədova | 15 səs | 3 səs | 3 səs | 71% |
Pərvanə Persiani | 18 səs | 2 səs | 1 səs | 86% |
Rəşadət Axundov | 15 səs | 2 səs | 4 səs | 71% |
Ruslan Əsədov | 17 səs | 3 səs | 1 səs | 81% |
Turqut Qəmbər | 15 səs | 2 səs | 4 səs | 71% |
Vüqar Salamlı | 18 səs | 1 səs | 2 səs | 86% |
Beləliklə seçkilərdə namizədlərin hər biri seçkidə iştirak edən insanların yarıdan çoxunun səsini toplayaraq İdarə Heyətinin üzvü seçildilər. Yeni İdarə Heyətinin növbəti 1 il ərzində təşkilata rəhbərlik edəcəkdir.
Nəzərinizə çatdıraq ki, bu hərəkatın sayca 4-cü İdarə Heyətidir. İndiyədək təşkilata rəhbərlik edən İdarə Heyətləri aşağıdakı kimi olmuşdur:
Fevral, 2006 – May, 2006
Təşkilat ümumi yığıncaq tərəfindən idarə olunub.
May, 2006 – Fevral, 2007
I İdarə Heyəti (9 nəfər): Adnan Hacızadə, Ayan Aşurlu, Gülşən Aslanova, Humay Quliyeva, Leyla Məmmədova, Nərgiz Kişiyeva, Rəşadət Axundov, Ruslan Əsədov, Vüqar Salamlı
Fevral, 2007 – Oktyabr, 2007
II İdarə Heyəti (7 nəfər): Adnan Hacızadə, Ayan Aşurlu, Gülşən Aslanova, Ruslan Əsədov, Sevda Cəfərzadə, Vüqar Salamlı, Ziya Fətəliyev
Oktyabr, 2007 – Oktyabr, 2008
III İdarə Heyəti (5 nəfər): Munir Məmmədov, Nigar Əliyeva, Vüqar Salamlı, Zaur Əliyev, Zaur Zamanov
Oktyabr, 2008 – Mart, 2009
Təşkilat ümumi yığıncaq tərəfindən idarə olunub.
Mart, 2009 – Fevral, 2010
IV İdarə Heyəti (7 nəfər): Adnan Hacızadə, Esmira Məmmədova, Pərvanə Persiani, Rəşadət Axundov, Ruslan Əsədov, Turqut Qəmbər, Vüqar Salamlı
Prezident Obamanın Novruz müraciəti
ABŞ prezidenti Barak Obamanın Novruz bayramı ilə əlaqədar 20 mart 2009-cu il tarixli çıxışı.
Linkdəsən? ...və ya "social network"lar haqqında nə bilirsən?
“Elə bil, “X-box”-dan “Atari”-yə keçmisən”. Bu sözləri yeni ofisinə köçəndən sonra Ağ Evinin yeni sözçüsü Bil Börtən demişdir. Öz nəslinin təmsilçilərinə yaxşı tanış olan kompüter oyunu analogiyasından istifadə edərək, prezident Obamanın komandasının üzvü yeni iş yerindəki “daş dövründən” qalmış avadanlıqla olan narazılığını belə ifadə etmişdir.
Yeni sözçü ilk növbədə Ağ Evin yararsız telefon xətləri, köhnəlmiş kompüter avadanlığı və proqramları, həmçinin kənar elektron poçt ünvanları və internetdəki ictimai şəbəkə (social networking) vebsaytlarına çıxışı qadağan edən təhlükəsizlik qaydalarından narazı idi.
Axı ictimai şəbəkə xidməti nə deməkdir? “Veb 2.0” törəməsi olan “Vikipedia” internet ensiklopediyasına əsasən, ictimai şəbəkə xidməti birgə marağı olan və birgə fəaliyətə qoşulan və ya qoşulmaq marağında olan insanları birləşdirən İnternet qrupları quran bir xidmətdir.
İctimai şəbəkə xidmətlərinin əksəriyyəti İnternetdə yerləşir və istifadəçilərə təmas yaratmaq üçün müxtəlif imkanlar təklif edir. Beləliklə, bu xidmət növü ünsiyyət və məlumat mübadiləsi üçün qısa müddətdə geniş populyarlıq qazanmış yeni yollar açır. Təkcə bu rəqəmlərə nəzər yetirin. Dünyada İnternet istifadəçilərinin təxmini sayı 1,5 milyarda çatırsa, onlardan 250 milyon insan MySpace, 175 milyon istifadəçi isə Facebook kimi ictimai şəbəkə xidmətlərinin avanqardı olan vebsaytların üzvləridir.
İctimai şəbəkələr insanları nisbətən ucuz qiymətə birləşdirir, bu isə əsasən fərdi sahibkarlar və kiçik şirkətlər üçün əlaqə bazalarını genişləndirmək üçün çox sərfəli ola bilər. Bu xidmətlər həm də məhsul və xidmət satan şirkətlər üçün müştərilərlə münasibətlərin idarəedilməsi aləti kimi, eyni zamanda reklam yerləşdirmək üçün platforma kimi də tez-tez istifadə olunur. Bir çox şirkətin dünya miqyasında fəaliyyət göstərdiyini nəzərə alaraq, bu şəbəkələr yer kürəsinin istənilən nöqtəsində qərar tutmuş insanları asanlıqla birləşdirməyə qadirdir.
İctimai şəbəkə vebsaytlarının bu çoxluğundan bir sayt öz peşəkarlığı və məqsədinə görə seçilir. Bu, “Linked In” vebsaytıdır, onun missiyası müxtəlıf sahələrin peşəkarlarını birləşdirməkdir və hal-hazırda bu xidmətin 35 milyon qeydiyyatdan keçmiş üzvü var, və istifadəçilərin sayına görə o bir çoxunun tanıdığı və 30 milyon üzvü olan “Odnoklassniki” vesaytından irəlidədir.
“Linked In” saytının məramı qeydiyyatdan keçmiş istifadəçilərə biznesdə tanıdığı və inandığı insanların və onlarla əlaqə üçün məlumatın siyahısını saxlanmasını təmin etməkdir. “Linked In” siyahıdakı insanları əlaqələr adlandırır. İstifadəçilər istədikləri insanı (fərq etməz bu insan şəbəkə daxilində ya kanarındadır) əlaqə olmağa dəvət edə bilərlər. Bu əlaqələr siyahısından müxtəlifcür istifadə oluna bilər:
- İstifadəçinin şəbəkəsi daxilində kiminsə tövsiyyə etdiyi insanlara, iş yerlərinə və biznes imkanlarına çıxış
- Şirkətlər vakansiyalar haqqında məlumat yerləşdirə bilər və potensial namizədlər axtara bilər
- Iş axtaranlar işə götürən menecerin tərcümei-halını oxuyaraq onları bir-birilə əlaqələndirə biləcək ümumi tanışları tapa bilər
“Linked In” xidmətinin yaradıcısı Reyd Hofmanın sözlərinə görə, vebsaytın özəlliklərindən biri “məhdudlaşdırılmış əhatə” prinsipidir. Bu yanaşmaya əsasən şəbəkə daxilində istənilən istifadəçi ilə ünsiyyətə girmək üçün ya əvvəlcədən mövcud əlaqə, ya da ümumi tanış olan bir kəsin müdaxiləsi zəruridir. Bu, istifadəçilər arasında qarşılıqlı inamın yaradılmasına qulluq edir.
Bəs Azərbaycanda “Linked In” necə istifadə olunur? Şəbəkənin üzvü olduğumdan mən “əlaqələrimin” arasında kiçik bir sorğu apardım. Köhnə tanışım, BP əməkdaşı Elçin Haqverdiyev hesab edir ki, “Linked In” ona mövcud əlaqələr vasitəsilə yeni insanlarla əlaqə qurmağa kömək edir. “Bakı kimi böyük şəhərdə əlaqələr nəinki vacib, hətta əvəzolunmazdır. İnsanları biri-birindən ayıran daimi tıxacları və uzun məsafələri dəf edən “Linked In” ünsiyyət şəbəkəsini artırır,” Elçin əlavə edir.
Mənim digər tanışım, Beynəlxalq Maliyyə Korporasiyasında çalışan Cavid Məmmədov bir ildən artıqdir ki “Linked İn”-in üzvüdür və hesab edir ki, bu şəbəkə xalis biznesdir. “Nəticə etibarilə, sən öz tərcümei-halını İnternetdə yerləşdirmək imkanı qazanırsan. Bu isə peşəkar şəbəkəni artırmaq üçün gözəl alətdir,” Cavid deyir. “Vebsaytın potensialı nəhəngdir, ondan nə qədər yararlanmaq isə istifadəçinin özündən asılıdır. Mənə gəldikdə, buna nə qədər çox “sərmayə” qoymuşam, o qədər çox “qazanc” əldə etmışəm”.
AAA-nın (ABŞ Məzunları asosiasiyasının) təşkil etdiyi “Yeni Media və Köhnə Medianın ölümü” leksiyasında da iştirak etdikdə lektor Emin Hüseynzadədən Linked İn haqqında soruşdum. Emin Hüseynzadə, KİV-in inkişafı ilə məşğul olan “The Transitions Online” təşkilatının Qafqaz regionu üzrə layihə direktoru, hesab edir ki, “LinkedIn” bir konsaltinq şəbəkəsidir ki, öz xidmətlərinə görə tədricən ödəniş almağa başlayacaq. “Bu vebsayt təkcə iş axtarışında deyil, həm də dünya səviyyəli peşəkarların rəy və məsləhətini əldə etmək üçün nadir bir resursdur”
Dünyanın 20 ən populyar ictimai şəbəkə xidmətləri
(Global Alexa Page vebsaytının hesablamalarına əsasən)
Ad | Fəaliyyət növü və əsas məqsəd | Üzvlərin sayı | |
1. | MySpace | Ümumi ünsiyyət | 253,000,000 |
2. | Ümumi ünsiyyət | 175,000,000 | |
3. | Windows Live Spaces | Bloqlar (əvvəllər MSN Spaces adlandırılıb) | 120,000,000 |
4. | Habbo | Əsasən yeniyetmələr üçün ünsiyyət | 117,000,000 |
5. | Friendster | Ümumi ünsiyyət. Cənub-şərq Asiya ölkələrində xüsusilə populyardır | 90,000,000 |
6. | hi5 | Ümumi ünsiyyət. Xüsusilə Anqola, Portuqaliya, Kipr, Rumıniya, Tailand, Mərkəzi Afrika və Latın Amerikasında populyardır | 80,000,000 |
7. | Tagged.com | Ümumi ünsiyyət | 70,000,000 |
8. | Orkut | Sahibi Google şirkətidir. Xüsusilə Braziliya, Paraqvay, Hindistan, Pakistan və Estoniyada populyardır | 67,000,000 |
9. | Flixster | Kinofilmlərə həsr olunub | 63,000,000 |
10. | Reunion.com | Qohum-əqrəbə əlaqə saxlamaq və köhnə dost-tanışı axtarıb tapmaq | 51,000,000 |
11. | Classmates.com | Məktəb, kollec, iş və qoşunlar | 50,000,000 |
12. | Bebo | Ümumi ünsiyyət | 40,000,000 |
13. | Netlog | Ümumi ünsiyyət. Xüsusilə Avropada və Kanadanın Kvebek əyalətində populyardır. Əvvəllər Facebox və Redbox adları ilə tanınıb | 36,000,000 |
14. | Ümumi ünsiyyət amma əsasən biznes ünsiyyəti | 35,000,000 | |
15. | Odnoklassniki.ru | Ümumi ünsiyyət. Xüsusilə Rusiyada və keçmiş Sovet respublikarında populyardır | 30,000,000 |
16. | V Kontakte | Rusiyanın ictimai şəbəkəsi | 27,500,000 |
17. | Xanga | Bloqlar | 27,000,000 |
18. | imeem | Musiqi, video, foto, bloqlar | 24,000,000 |
19. | Skyrock | Fransız dilli aləmin ictimai şəbəkəsi | 22,000,000 |
20. | Last.fm | Musiqi | 21,000,000 |
Veb 2.0 nədir?
“Veb 2.0” termini qlobal veb texnologiyaları və veb dizayndan istifadədə dəyişən meylləri təsvir edir. Bu meyllər vebdə yaradıcılığı və ünsiyyəti artırmaq və məlumat mübadiləsini, əməkdaşlığı və funksionallığı inkişaf etdirmək məqsədini daşıyır. “Veb 2.0” konsepsiyası ictimai şəbəkə vebsaytları, video mübadiləsi vebsaytları, viki saytları, bloqlar, və ictimai “bukmark” sistemləri daxil olmaqla veb mədəniyyətinin daşıyıcısı olan bir sıra icmaların və xidmətlərinin yaranmasına gətirib çıxarmışdır.
Adnan Hacızadə
OL-çuların oxuduqları, seyr etdikləri və dinlədikləri
Tərcihlərimiz (Mart, 2009)
Əvvəlki tərcihlərə burada baxa bilərsiniz.
2009-cu il Mart ayı üçün OL! Azərbaycan Gənclər Hərəkatının tərcihlərini fəalımız Mina Hüseynova təqdim edir:
Kitablar.
- "XXİ əsrin əvvələrində Azərbaycan: Münaqişə və potensial təhlükələr", Arif Yunusov
- "Olmağın da, ölməyin də öz vaxtı var", Erix Maria Remark. "Qərb cəbhəsində vəziyyət sabitdir" əsəri ilə məşhurlaşmış XX əsr Alman yazıçısı Erix Maria Remark özünün ən qüvvətli və demək olar ki, tanınmamış "Olmağın da, ölməyin də öz vaxtı var" əsərində "Rusiya cəbhəsində" vuruşan Alman əsgərinin gözləri ilə müharibənin acılarını və faşizmin süquta uğramasını təsvir edir.
- "Qum və duman evi", İİİ Andre Dubus. Kitab, İran mühacirlərinin və yerli Amerika ailəsinin daşınmaz əmlak üzərində yaranmış münaqişəsindən bəhs edir. Əsər faciyə ilə sona yetir.
- "Rəngli İpək", Somerset Moem. Əsər və sonradan onun əsasında çəkilmiş 2 film, baktereologist və onun həyat yoldaşının Hong-Kongda yerli camahata yardım göstərən vaxtı aralarında yaranan ailə problemləri, xəyanət və vəfasızlıq haqqında bəhs edir.
- "Amerika tragediyası", Teodor Dreizer. Mühafizəkar və dindar Kanzas ailəsində doğulmuş baş qəhrəman Klayd Qriffits sevgililəri və qanun ilə yaranan problemlərin nəticəsində doğma yurdunu tərk edir və uydurulmuş Nyu York ştatındakı Likurgus şəhərinə yollanır. Həmin şəhərdə onu yeni macəralar gözləyir. Əsər dəyərlər, din, edam olunma və abort kimi mühüm məsələlərin təhlilinə toxunur.
Filmlər.
- "Frost/Nikson", Ron Hovard (2008). Piter Morqanın eyni adlı pyesinə əsasən çəkilmiş bu film, Avstraliya tok-şouları kralının böyük pul məbləği əvəzində istefasından sonrakı Riçard Niksondan müsahibə götürməyi istəyi haqqındadır. 4 gün davab edən müsahibə zamanı, təcrübəli siyasətçi olan Riçard Nikson ona verilən sualları asanlıqla cavab verir. Fəqət, 4-cü gündə prezident danılmaz faktlarla üzləşəndə öz səhv və yalnışlıqlarını boynuna alır və Amerika xalqından üzr istəyir.
- "Qəddarlıq", Marina Lyubakova (2007). Moskva "xruşyovka"-larının birində yaşayan Vika qarşıdakı evin pəncərələrin birində eşq səhnəsinin şahidi olur. Həmin səhnənin ailədən kənar əlaqə olduğunu başa düşüb, öz qonşularını hədələyir və şantaj etməyə başlayır. Amma, qızın kim olduğu tezliklə aşkarlanır...
- "Mənqənə" (Тиски), Valeriy Todorkovskiy (2007). Gənc və istedadlı DJ Denis Orlov dostları tərəfindən təzyiq nəticəsində maşın oğurluğuna razılaşır. Maşının arxa oturacağında olan külli miqdarda narkotik maddər isə baş qəhrəmanı mafia və polis arasında gedən uzunmüddətli münaqişənin ortasına atır.
- "Həyat gözəldir" (La vita è bella), Roberto Benigni (1997). 90-cı illər İtalyan kinosunun parlaq nümunəsi olan bu film, yahudi olan ata və oğulun alman konslagerində sağ qalmaq iddiasından bəhs edir.
- "Qüdrətli Ürək", Maykl Vinterbottom (2007). Müxbirlər ailəsindən olan Dənni Pörlun Pakistanda dini qruplaşmalar tərəfindən girova götürülməsi və onun ailə və dostlarının bu cinayyətin günahkarlarını axtarması.
Musiqi.
- "Ariya", Nikolay Noskov
- "Shape of my heart", Sting
- "My way", Frənk Sinatra
- "Englishman in New York", Sting
- "Azad OL!", ŞirBənd.
Tərcihlərimizə əlavələr və məsləhətliriniz varsa bu posta şərh şəkilində yazın.
"OL!"-da Movie Night – "Qüdrətli ürək"

Film Maryan Pörlun eyni adlı memuarına əsasən çəkilib, senari real və çağdaş hadisələr üzərində qurulub. Tamaşaçı film və kitabdakı hadisələri Maryan Pörlun dilindən eşidir.
Müəllif və kinonun baş qəhrəmanı Maryan Pörl (Anjelina Joile) və onun əri Dənni Pörl (Dən Futerman) ABŞ-ın Əfqanistana hücumunu işıqlandırmaq üçün Pakistanda məskunlaşır. Müharibə zamanı onlar tez-tez İslamabad və Karaçi şəhərlərində və Pakistan-Əfqanistan sərhədi yaxınlığında reportajlarını edir. Maryan Pörl hamiləliyin axırıncı aylarında olduğundan müxbirlərin Pakistandakı evində daha çox vaxt keçirir. Dənni Pörl isə, sonuncu dəfə maraqlı intevyu tapmaq üçün Karaçidə yerli dini liderlərin biri ilə gizli şəkildə görüş təyin edir. Senariya əsasən, görüşdən əvvəl müxbir Al-Qayda ilə bağlantıları olan Omar Şeixin dəstəkləyənləri tərəfindən girov götürülür və filmin axırına qədər müxbirin olduğu məkan gizli saxlanır.
Dənni Pörl Yahudi əsilli olduğundan, Pakistan cəmiyyətində onun Massadın cəsusu olduğu şaiyə yayılır, və nəticə olaraq onu girov götürmüş şəxslər müxbiri vəhşicəsinə edam edir və edamın video kassetini müxbirin ailəsinə göndərir.
Müxbirin girov götürülməsi faktının istintaqını aparan Pakistan rəsmiləri Omar Şeixi həbs edir, edamı həyata keçirənlər həbs olunur və Quantanamo türməsinə göndərilir amma cinayətin əsl təşkilatçıları və sifarişçiləri pərdə arxasında qalır və məsuliyyətə cəlb olunmur.
Filmdə, əri girov götürülmüş hamilə qadının əzab və əziyyətə necə davam gətirməsi, onun mərdliyi, ərinə sədaqəti və son məqamə qədər mübariz ruhlu hissələri Joile tərəfindən yaradılmış obrazda mükəmmək əks olunub.
"Qüdrətli Ürək" filmində müharibənin və ekstremizmin dəhşətləri, günahsız insanların qurban verilməsi təhrikçilərin isə sudan quru çıxması məqamları öz əksini tapıb.
Movie Night'larda göstəriləcək kinolara aid təklifiniz varsa bu posta şərh kimi yazın. Gələcək Movi Nightlar haqqında OL!-un mail listində və “Facebook event”-lərindən məlumat ala bilərsiniz.
Linklər:
Vikipediya: http://en.wikipedia.org/wiki/A_Mighty_Heart_(film)
Rəsmi səhifə: http://www.amightyheartmovie.com/
İMDB səhifəsi: http://www.imdb.com/title/tt0829459/
Video: "Söyüşün Söz Azadlığında rolu" mühazirəsi
"Söyüşün Söz Azadlığında rolu" interaktiv mühazirəsindən hazırlanmış video:
“Söyüşün söz azadlığında rolu” mövzusunda interaktiv mühazirə
Martın 6-da OL! Azərbaycan Gənclər Hərəkatı özünün növbəti interaktiv mühazirəsini keçirdi. Mühazirə “Söyüşün söz azadlığında rolu” mövzusunda keçirildi. Diplomat Hotelde baş tutan mühazirənin qonaqları şairlər Rasim Qaraca və Səlim Babullaoğlu və eləcə də yazıçı publisist Əli Əkbər oldular. 2 saata yaxın davam edən mühazirədə 60-a yaxın tələbə, müxtəlif gənclər təşkilatlarını təmsil edən və həmçinin müstəqil gənclər iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan OL! Hərəkatının üzvü Ruslan Əsədov Qərbdə gənclərin ictimai həyatda insanlar arasında çox rahat şəkildə söyüşlərdən istifadə etdiyini söylədi və mühazirəçilərin buna münasibətini soruşdu. Şair Rasim Qaraca ictimai tədbirlərdə söyüşdən istifadəyə mənfi münasibətinin olduğunu desə də insanın özünü maksimum ifadə etməsinə tərəfdar olduğunu və bu zaman da söyüşlərdən istifadə etməsinə normal yanaşdığını söylədi. Öz yaradıcılığından misal göstərən Rasim bəy bir neçə il öncə dilimizdə olan müxtəlif arqo sözlərlə və söyüşlərlə zəngin olan atalar sözü və deyimləri ehtiva edən “Türkün məsəli” kitabını nəşr etdiyini və bu kitabın elmi məqsədlərlə istifadə edilə bilməsi ilə yanaşı dilimizdə olan bu atalar sözü və deyimləri yaşatmaq və ədəbiyyatda istifadə edilməsinin əsas məqsədi olduğunu söylədi: “Çünki bunların dilimizdən tədricən yoxa çıxması təhlükəsi var”. O həmçinin cəmiyyətin seksual inqilabı yaşamadan heç bir nəaliyyətə çata bilməyəcəyini əlavə etdi.Əli Əkbər söyüşün söz azadlığında rolunun onun üçün üçün heç bir məna kesb etmədiyini söylədi: “Tutaq ki, mən bu tədbirdə 5 saat çıxış edə bilərəm, söyüş istifadə etmərəm. Ancaq dostlar arsında bir məclisdə məsələn stoldan yıxılsam ya başım dəysə orda “Lənət olsun” yox hər hansı söyüş istifadə edərəm”. O əsasən söyüşün ədəbiyyatdakı rolundan danışmaq istədiyini vurğuladı. Bu mərhələnin Avropa, rus və türk ədəbiyyatında və incəsənətində artıq keçildiyini vurğulayan Əli Əkbər Azərbaycan ədəbiyyatında da özünün “Götenin röyası” eksperimenti ilə həmçinin Alataron jurnalı və AYO-nun bu streotipi sındırmağa başladığını söylədi.
Səlim Babulloğlu isə ədəbiyyatda ümumiyyətlə söyüşə yer olmadığı fikrini mühazirə iştirakçılarıın diqqətinə çatdırdı: “Dostlar, yaxın insanlar arasında söyüşə qarşı deyiləm. Lakin qadınların yanında da söyüş söymək qeyri-etik bir hərəkətdir”. Səlim bəy “əgər zülm görürsənsə söyüş söyə bilərsən” prinsipini müdafiə etdiyini desə də söyüşün pis vərdiş olduğunu qəbul etdiyini də qeyd etdi.Daha sonra mühazirəçilər leksiya iştirakçılarının suallarını cavablandırdılar. Gənclərdən birinin Azərbaycan cəmiyyətinin nəyə görə söyüşə bu qədər həssas olmasına baxmayaraq hüquqlarının pozulmasına, bu qədər əzab əziyyətə və alçaldımağa dözdüyünü soruşdu. Səlim Babullaoğlu belə ümumiləşdirməyə qarşı olduğununu, şəxsən özünün isə söyüşə qarşı həssas olmaqla yanaşı, hüquqlarının müdafiəsində də çox fəal olduğunu qeyd etdi və bütün sferalara və instansiyalarda həmişə özünü tam şəkildə müdafiə etdiyini bəyan etdi. Əli Əkbər suala cavabında əslində bu mühazirədə özünü belə sərbəst apara bildiyini, hər hansı məmur və ya polis işçisiylə qarşılaşdıqda isə özünü tamamən itirdiyini və müdafiə edə bilmədiyini söylədi: “Çünki mən onların dilindən anlamıram ona görə də acizəm”. Söyüşə gəldikdə isə istər “Götenin röyası” istərsə də son romanı olan “Artuş və Zaura” görə çox söyüş və hədə qorxu eşitdiyini lakin artıq bunlara fikir vermədiyini söylədi. Rasim Qaraca isə söyüşün cəmiyyətimizdə həssas bir məsələ olmaqla yanaşı bizim ən zəif yerlərimizdən biri olduğunu qəbul etdiyini bildirdi. O əslində söyüşün də digər sözlər kimi hərflərdən və hecalardan ibarət sözlər olduğunu və heç bir xüsusi məna kəsb etmədiyini qəbul etməyin vacib olduğunu bildirdi. Səlim Babullaoğlu isə əlavə etdi ki, həm də ölkədə qanunlar yaxşı işləməlidir ki, söyüş söyənlər və buna qarşı təpki göstərənlərə qarşı münasibətlər qanuna müvafiq tənzimlənə bilsin.
Bundan sonra təxminən 1 saata yaxın mühazirəçilər digər mühazirə iştirakçılarının da müxtəlif suallarını cavablandırdıqdan sonra mühazirə başa çatdı.
8 mart - qadın hüquqları uğrunda mübarizə günü
1977-ci ildə BMT Baş Məclisi tərəfindən qəbul edilmiş qətnaməyə əsasən 8 Mart “Qadın Hüquqları uğrunda Mübarizə Günü” olaraq dünyanın əksər ölkələrində rəsmi bayram günü kimi geniş qeyd olunmağa başlandı. Azərbaycan xanımı da hər il martın 8-də “Bu gün bizim gününüzdür” devizi altında bəzi əlavə üstünlüklərdən istifadə edə bilir, hədiyyələr və çoxlu təbrik ismarıcları alırlar. Cəmiyyətimizdə bu günün qeyd olunma tərzində bəyənmədiyim ən başlıca məqam 8 Martın daha çox romantik bir gün olaraq təqdim edilməsi, bu günün sadəcə bir xanım kaprizi kimi dəyərləndirilməsidir. Əslində qadınların dünyanın müxtəlif ölkələrində öz pozulmuş hüquqlarının bərpası uğrunda apardıqları mübarizələrin nəticəsi olaraq qeyd olunan bir günün bəsit bir sabun operasının romantik əhval-ruhiyyəsi ilə qeyd olunmasıyla heç cür razılaşa bilmirəm.
Azərbaycan qadınının dilində bir deyim var: “Kaş kişi doğulaydım, bax ondaaa…” Mənə həmişə qəribə gələn bu “bax onda…” hissəsidir. Bioloji-fiziki fərqləri kənara qoysaq, qadın və kişi arasındakı kəskin fərqin nədən ibarət olduğunu tapmaqda çətinlik çəkirəm. Görəsən insan kişi doğularaq nə kimi üstünlük əldə edir? Məgər kişilər kişi olduqları üçün qadınlardan daha ağıllı, mənəvi cəhətdən daha güclü, gözəl, daha sağlam və enerjili olurlarmı? Məgər hansısa kişinin qazandığı uğur, əldə etdikləri onun şəxsiyyətini təsdiq edən sənədində “cinsi” bölməsinin qarşısında yazılan “kişi” sözüyləmi bağlıdır? Məqsədim eqoistcəsinə feminist mövqeyindən çıxış edərək heç də kişiləri aşağılamaq, onları qara fonda təsvir etməkdən ibarət deyil. Sadəcə xanımlarımızı özlərinin ətrafında yaratdıqları “zəif qadın” adlı kompleks dairəsindən xilas olmağa səsləməyə çalışıram.Həmişə belə düşüncədə olmuşam ki, həyatda bacarıqsız insan yoxdur. Bütün insanlar istedadlı, bacarıqlı və enerjilidir. Sadəcə, bu fərqli bacarıq və enerjini tətbiq edə biləcəyimiz sahəni düzgün seçib, istəyə doğru inamla və iradəli şəkildə addımlamaq lazımdır. Yəni həyatı NƏ kimi yaşamalı sualının cavabını özümüz üçün şüuraltı şəkildə əslində uşaqlıqdan müəyyənləşdiririk. Bu zaman hansı cinsin nümayəndəsi olmağın heç bir əhəmiyyəti yoxdur. Çünki yazıçılıq, rəssamlıq, musiqiçi, mühəndis, iqtisadçı və s. istedadı inkişaf etdirib professional uğur qazanmaqla yanaşı, eyni zamanda cəmiyyətin maariflənməsinə, daha işıqlı bir nəslin yetişməsinə bu sahələr vasitəsilə öz töhfəni vermək üçün qadın və yaxud kişi olmaq əsla şərt deyildir.
Ən başlıcası ətrafımıza süni şəkildə çəkilmiş mentalitet, dini qadağa, abır-həya kimi dairəvi hasarı yıxmağa olan istəkdir. Yetər ki. Bu istək olsun.Yetər ki, öz gücünə inanasan. Bundan sonra addımlayacağın yol qarşına çıxa biləcək çətinliklər səni sadəcə hər dəfə daha güclü edəcək. Bu zaman nə qədər özünəməxsus, nə qədər gözəl və enerjili, nə qədər lazımlı və güclü olduğunu bir daha dərk edə bilərsən. Çünki daha çox savadlanmaq, daha çoxu görməyə, öyrənməyə can atmaq kimi keyfiyyətlər xanımlığa özəllik qazandırmaqla yanaşı, həm də cəmiyyətimizin inkişafı üçün bu gün ehtiyacında olduqlarımız sırasındadır. Yalnız savadlı, əminlik hissi güclü olan xanım bu sözün bütün mənalarında SAĞLAM ÖVLAD yetişdirə bilər. Düşüncəsini qara çadraya bürüyüb gizlədən, həmişə şərtsiz tabe olmaq və mütləq qorxu instinkti əslində hər bir insanın özü özünün ətrafinda yaratdığı mənfi bir çərçivədir. Mənsə, Azərbaycan xanımını belə çərçivələri qıran, düşüncələrdəki çadraları kənara atan, mütilikdən xilas olmaq üçün mübarizə aparan biri kimi görmək istəyirəm. Onu yeniliklərə doğru inamla addımlayan, özü qərar verməyi bacaran, düşdüyü çətin vəziyyətdən çıxış yolunu ağlamaqda deyil, düşünməkdə görən, öz hüquqlarını bilən, özünü və ətrafını dəyişməyi bacaran biri kimi görmək istəyirəm. İstəyirəm ki, yaşadığım cəmiyyətdə gənc qızlar banal arzulardan qurtulsun, onların istəkləri də, geyimləri də, seçimləri də bir birindən fərqlənsin, özünəməxsusluqlarından utanmasınlar, yetkinlik yaşına çatmamış ailə həyatı qurmağa can ataraq bunun həyatlarında yeni, daha maraqlı bir səhifə olacağı kimi dar çərçivəli fikirdən azad olsunlar. Bunun resepti isə istəyiniz, cəsarətiniz və iradənizdir, əziz xanımlar!
Fiziki və mənəvi sərhədləri aşmadıqca, dünya görüşümüzü, təhsilimizi gücləndirmədikcə, maneələrlə mübarizədən mümkün qədər yan qaçaraq haqsızlığa, zorakılığa tabe olduqca cəhalətin dumanı daha da qalınlaşaraq bir nəsildən o birinə ötürülən mütilik ruhunu gücləndirəcək. Haqsızlığa boyun əymək, qorxunun hökm sürdüyü bir cəmiyyət isə işıqlı qata çıxa bilmir, o həmişə qaranlıq qatda qalır. Belə cəmiyyətdə inkişaf ən yaxşı halda maddiyyatla ölçüyə gələ bilər. Bu üzdən də xanımlarımızın boynuna düşən məsuliyyət - cəmiyyəti istiqamətləndirmək vəzifəsi qaçılmazdır. Təbii ki, xoşbəxtliyə can atmaq, sevmək, ətrafdakılar tərəfindən sevilmək kimi doğal hüquqlarımız da var. Lakin yalnız mətbəxdə deyil, işlədiyimiz, təhsil aldığımız sahələrdə də yeniliklər etmək, təşəbbüskar olmaq, özünü ətrafını müdafiə etmək, dəyişmək və dəyişdirməyə çalışaraq aktivlik göstərmək, müstıqil düçünmək, fikir formalaşdırmaq və bu fikri ifadə etmək də hər birimizin hüququdur.
Bu hüquqlardan yetərincə istifadə edərək, hər bir cəmiyyətin inkişafı üçün azad və güclü qadın rolunu nə qədər böyük olduğunu əməllərinizlə göstərərək 8 Martın – “Beynəlxalq Qadınlar Günü”nün qürurunu yalnız romantikayla deyil, cəmiyyətdə tutduğunuz ləyaqətli mövqeyinizlə möhkəm və müstəqil dayanmaqla duymağınızı arzulayıram sizə, əziz həmcinslərim!
Gününüz mübarək OLsun!
Pərvanə Persiani
Video: "Söyüşün Söz Azadlığında rolu"
"Söyüşün Söz Azadlığında rolu" mövzusunda keçiriləcək interaktiv mühazirə öncəsi OLçular tərəfindən mövzu ilə bağlı hazırlanmış videonu təqdim edirik.
Bizim Məhəbbət Respublikamız
Fevralın 28-də OL! Azərbaycan Gənclər Hərəkatı 3 yaşı münasibətilə “Məhəbbət yoxsa Nifrət” adlı parti keçirdi. Partynin əsas şüarı “Siz nəyi seçəcəksiniz? Məhəbbət Respublikası yoxsa Nifrət Monarxiyası” idi.
Bizlər həmin gün Stop Clubda bu partini keçirməklə iki əsas ideyanı cəmiyyətin diqqətinə çatdırmağa çalışdıq: bunlar Respublika və Respublikaçılıq ideyasına sədaqət, məhəbbətin gücü və cəmiyyətin hər bir fərdinin sevgiyə ehtiyacı olduğu, hər bir probleminin həllində sevginin açar rolunu oynaya biləcəyini qabartmaq idi.
Biz həmin gün kiçik bir yerdə belə olsa özümüzün Məhəbbət Respublikamızı elan etdik. Məhəbbət Respublikasının Konstitusiyasını yazdıq və hər kəsi ideyamızın məğzi ilə tanış etdik:
Biz, Məhəbbət xalqı daha mükəmməl ittifaqın yaradılması, ədalətin bərqərar edilməsi, daxili tolerantlığın qorunması, birgə anlaşmanın təşkili, ümumi müdrikliyin səviyyəsinə yardım göstərilməsi, bizim və bizdən sonrakı nəsillərin azadlıq nemətləri ilə təmin edilməsi məqsədilə Məhəbbət Respublikasını təntənə ilə bəyan və təsis edirik.
Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün sevənlər bərabərhüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən toxunulmaz hüquqlar bəxş edibdir, onların sırasına sevmək, sevilmək, azadlıq, səadətə canatma hüququ da daxildir; belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən Sevgi höküməti qurur; odur ki, hər hansı Nifrət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, yeni Məhəbbət quruluşu yaratmağa haqqı vardır.
Biz insanlara əsl məhəbbət, insanlar arasındakı hörmət və anlaşma, əsl azadlığa bir Məhəbbət Respublikasında çata biləcəyimiz mesajını verdik və onlara bu ideyaların gerçəkləşdirilməsi üçün stimul olacaq bir qığılcım verməyə çalışdıq.
Bu gün cəmiyyətimizdə də çatışmayan iki ünsür məhz bunlardır. Biz dövlət quruluşu olaraq rəsmən Respublikayıq. Ancaq addımbaşı bütün sferalarda respublika ideyasına, respublikaçılıq ənənələrinə zidd addımlar atıb, onun mahiyyətini dərk etmədən əhəmiyyətini heçə endiririk. Respublika quruluşunun dünyanın əksər inkişaf etmiş ölkələrində gətirdiyi xeyirləri görməzdən gəlirik və onun gətirdiyi azadlıq, bərabərlik, seçib-seçilmək hüququ, ümumi rifah kimi bütün bu müsbət təcrübələrdən bilərəkdən imtina edirik.
Biz isə respublikanın nə demək olduğunu, onun nemətlərini dərk edirik. Ona görə də çalışırıq ki, bütün cəmiyyət də bunu anlasın və ona toxunulmasına imkan verməsin və onu itirmək təhlükəsi ilə üz-üzə qaldığı anda Respublikanın yaşaması üçün var gücüylə çalışsın.
İkinci problem isə sevgi ilə bağlıdır. Bu gün cəmiyyətimizdə sanki bir sevgisizlik və aqressiya problemi var. İnsanların üzü gülmür, hər kəs insanlar arasında bir inamsızlıq və pessimizm müşahidə edir. Biz hesab edirik ki, belə mühitdə sevgi və inam olmadan bütün cəmiyyət məhv olmaq təhlükəsi ilə üz üzədir. Dünyanın ən şirin neməti sevgidir, o insanı nikbin olmağa, hər kəsə xeyirxah yanaşmağa, sabaha inamla baxmağa və daima içində gəzdirdiyi sevinci insanlarla paylaşmağa sövq edir. Əgər sevgi yoxdursa deməli nifrət qalibdir. Ona görə də biz məhz bu parti ilə respublika ideyası ilə yanaşı sevginin də parlaq sabahımız üçün əsas faktorlardan biri olduğunu göstərdik.
Əsl Sevginin olduğu Respublika - bu bizim yorulmadan uğrunda çalışdığımız, çatmaq istədiyimiz hədəfdir. İnaırıq ki, içində insanlığa sevgi hissləri dolu və respublika ideyasına sadiq biz gənclər bu hədəfimizə çox tezliklə nail olacağıq!
Rəşadət Axundov
Labels: movqe, parti, respublika
Video: Love vs Hate party
Sizlərə 28 fevral, 2009-cu ildə keçirilmiş "Love vs Hate" partisindən hazırlanmış videomaterialı təqdim edirik.
Labels: parti, respublika, video
Video: Məhəbbət Respublikası yoxsa Nifrət Monarxiyası?
Harada yaşamaq istərdiniz? Məhəbbət Respublikasında yoxsa, Nifrət Monarxiyasında? Bu sualla OL! Hərəkatı gənclərə müraciət etdi. Bu müraciətin videomaterialını sizlərə təqdim edirik.
Labels: parti, respublika, video
Shirband OL-a yeni mahnı yazdı
Fevral ayının 28-i OL! 3 yaşını qeyd etdiyimiz partidə xoş bir hədiyyə ilə rastlaşdıq. Tədbir zamanı Shirband qrupunun reperi çıxış edərək, OL-a mahnı həsr etdiyini bildirdi və ardınca bu mahnını canlı olaraq hamının qarşısında ifa etdi. Bu link vasitəsilə Shirband'in "OL Azad" mahnısını dinləyə bilərsiniz.
OL! 3 yaşını qeyd etdi
OL! Azərbaycan Gənclər Hərəkatı 3 yaşını qeyd etdi. Bu münasibətlə təşkil olunan ad günü partisinə gənclər təşkilatlarının nümayəndələri və dostlarımız qatıldı. “Məhəbbət, yoxsa nifrət?” şüarı altında keçirilən partidə 150-yə yaxın gənc iştirak edirdi.
Onlar girişdə qurulmuş, “Məhəbbəti” və “Nifrəti” əks etdirən şəkilə baxaraq, bu iki simvoldan birinə səs verdilər. Məqsəd gənclərin hansı hissə daha yaxın olduğunu öyrənmək idi. Parti zamanı müxtəlij janrlarda musiqi sədaları altında rəqs edən gənclər eyni zamanda “OZAN” Rok qrupunun canlı rok musiqilərindən zövq aldılar.
“Məhəbbət və ya Nifrət” səsverməsinin nəticələri də bu zaman elan edildi. Məlum oldu ki, iştirak edən gənclərin 63 faizi “Məhəbbət” kartını seçib. Qutudan çıxan qara və qırmızı rəngli kartları sayan könüllülər 48 nəfərin “Nifrət”ə, 80 nəfərin isə “Məhəbbət”ə səs verdiyini müəyyənləşdirdi. Məhəbbətin qələbə çalma xəbərini gənclər xüsusi coşğu ilə qarşıladılar.
Partidə çıxış edən dostlarımız, Dağla Gənclər Hərəkatından Elşən Poladlı və AN Şəbəkəsinin nümayəndəsi Rəşad Elli OL! Hərəkatına arzularını bildirdilər. Bununla bərabər gənclər arasında tanınmış Şirbənd hip-hop qrupu hədiyyə olaraq OL-a həsr edilmiş mahnını ifa etdi.
Aşağıdakı linklər vasitəsilə partidən olan digər şəkilləri görə bilərsiniz.
Biz niyə yuxu görürük?
Biri var idi, biri yox idi (nağıl deyəndə ancaq bu cümlə ağlıma gəlir). Dünya xəritəsinə baxanda lupasız tapmaq qeyri-mümkün olan bir ölkə var idi. Bu torpaqlarda yaşayan xalqlar özlərini azərbaycanlılar adlandırırdılar. Amma azərbaycanlı olmaq nədir, azərbaycanlı ruhu nədir, bir xalq olaraq nə istəyirlər bilmirdilər. Padşah və onun ətrafı da bu bilgisizlikdən sevinib, kütləni öz arxasınca amorf ideyalar uğrunda uçuruma aparırdı. Xalq adlanan kütlə onlara böyük miqyasda paylanan tamaşadan dadıb üstündən də desertə çörək yeyib, heç nə barədə düşünmədən uçuruma doğru böyük cərgə ilə “Bivəfa” mahnısını oxuyub, yaxşı padşah uğrunda məhvə gedirdilər. Düzdü ön cərgələrdə gedənlər və padşaha daha sadiq olduğunu daha yaxşı “nümayiş” etdirənlərə adi çörək deyil, kişmişli bulka verirdilər. Bu xalq sadəlövh olduğu qədər də, kəndli hiyləgərliyi kimi bir keyfiyyətin daşıyıcısı idi. Onunla bir cərgədə məhvə gedən qonşusunun sonuncu çörək tikəsini alıb ona “atmaq” fəxr, igidlik sayılırdı. Başqaları bu insana yarşmayan hərəkəti görüb göz yumurdular. Çünki özləri də ən balaca fürsətdə eyni addımı atardılar. Ona görə heç kimi qınamırdılar. Biz o dövrdə sözün əsl mənasında Keçəl Həmzənin və Cırtdanın nəticələri idik. Amma bütün bunlara baxmayaraq, bu cərgədə getməkdən imtina etmiş insanlar da var idi. Onlar az idi. Amma çiyinlərinə titanların daşıya bilməyəcəyi işləri götürmüşdülər. Hərdən alınırdı, hərdən yox. Amma onların olması belə insana qəribə güvənlik və gələcəyə ümidlə baxmağa stimul verirdi. Bu fərqlilərin çoxu gənclər idi. Onlar çox zaman ayrı ayrı qruplarda birləşirdilər. “Dalğa” haqqında sizə çox danışmışam. Dalğanın ən yaxın dostu olan “OL”çular haqqında danışmaq istəyirəm. Bizim insanların savadsızlığı və yeni alternativlərə inamsızlığı ilə mübarizəmizdə onlar daha aktiv idilər. Sözün düzünü desəm, birinci onların mübarizəsi mənə mənasız, boş yerə vaxt və enerji sərfi kimi görünürdü. Ayda bir dəfə seminarların təşkili, yaxud da öz bloqlarının rekonstruksiyası mənə- radikal addımlarla hər şeyi bir anda dəyişmək istəyən adam üçün təbii ki, qəribə idi (bir anda nənələrinin onlara nağıl danışmayacağını anlayan nəvələrimin üzündən bir söz oxudum : DARIXIRAM). Ancaq yenə də qulaq asırdılar. Şərabdan içib siqaretimi yandırdım. Nəvələrim eksentrik nənələrini sevdiklərindən onlar üçün hələlik maraqsız olan bu söhbətlərə qulaq asırdılar.
Nə isə, qayıdaq “OL”a. Sonra isə eynəklərimi taxıb onları daha yaxından öyrənməyə başladım. Bir anda Turqut, Persik, Rəşadət və Adnan doğma insanlarıma çevrildilər. Onlar olmasaydılar, özümü bir nəfərlik dustaqxanada hiss edərdim. Onları tanıdıqca özümü də tanıdım. Başa düşdüm ki, həqiqətən də insanlıq və insanlar var. Bir də, kimsə sənin kimi düşünmürsə, bu o demek deyil ki, onlar problemi səndən pis qavrayır, ya da bu eybəcər, amma her şeydən əziz vətəni səndən az sevir. Sadəcə o sən deyil. Amma onlarla yol getmək çox gözəldir. Bu uçuruma gedən kütləni yolundan eləməyə, hər insan – fərd uğrunda mübarizədə səninlədir. Həyatımda iz qoyan ən unudulmaz insanları mən bu kütləyə əks gedəndə tapdım. Həyatın dibinə düşdüm, amma orda tək deyildim. Ən ümidsiz anlarımda yanımda olan insanlar var idi. Adlarını yuxarıda sadaladığım dostlarım da orda idilər. Uzun zaman İlkinin dediyi bir fikir ağlımdan çıxmırdı, o bizi insan haqqları uğrunda mübarizə apararkən haqqlara daha çox fikir verməkdə günahlandırırdı. İnsanlar uğrunda mübarizə aparmaq lazımdır. Çünki insanlıq olmayan yerdə haqqlar da heç kimə lazım deyil. Kütlə hər yerdə simasızdər - bizdə də, Amerikada da. Sadəcə o kutlədə kişmişli bulka yeyənlər hamını idarə edən 10 faiz, onlar insanlıq naminə vuruşub lazım gələndə qaxaca dönmüş çörək də yeməlidirlər. Amma insanlığa və ideallara xəyanət etməli deyillər. Bu 10 faiz içində mən Erkin Qədirlini, Rəşad Ellini, Aytən Qəhrəmanovanı, Xədicə İsmayılovanı, Ülvi İsmayılı, Ramin Hacılını, Turqut Qəmbəri, Adnan Hacızadəni görmək istəyirdim. Və gördüm də. Onların sayəsində siz indi o uçuruma getməyən, AZTV-nədir bilməyən, həyatında əlinə "Xalq qəzeti" tutmayan bir nəsilsiniz. Mən isə, hippi təbiətli, hər zaman özünü və ədaləti axtaran insanam….
Bu yerdə göydən üç qızrmızı alma düşdü. Üçünü də OL-çulara hədiyyə edirəm.
Video: 3 yaşlı OL!
Sizlərə OL! Azərbaycan Gənclər Hərəkatının 3 illiyinə həsr olunmuş parti üçün hazırlanan video materialı təqdim edirik: